27 Aprel 2024

Şənbə, 04:23

YENİ TÜRKİYƏNİN ASTANASINDA

Türkiyədə və onun ətrafında baş verənlər Ankaranın Avropa və dünya siyasətindəki gələcək roluna və yerinə ciddi təsir göstərə bilər

Müəllif:

15.03.2017

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) təşəbbüsü ilə keçiriləcək Konstitusiya dəyişiklikləri referendumu ilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib. Ümumxalq səsverməsi aprelə təyin olunub. Lakin artıq onun ətrafında istər daxili, istərsə də xarici siyasi həyatda kifayət qədər ciddi hadisələr yaşanır. Bu hadisələr Türkiyənin Avropa və dünya siyasətindəki gələcək roluna və yerinə ciddi təsir göstərə bilər.

 

Ərdoğanın əlavə və düzəlişləri

Konstitusiya paketində 18 dəyişiklik əlavə edilir. Onların əsas məğzi hazırda, əsasən, təmsilçilik funksiyası daşıyan prezident institutunun ciddi şəkildə gücləndirilməsi ilə bağlıdır. Dövlət başçısı - Prezident - həm də icraedici hakimiyyətin başçısı olacaq. Bununla əlaqədar, 2019-cu ildə Baş nazir postunun ləğv ediləcəyi də gözlənilir.

Yeniliklərə əsasən, prezidentə sərəncamlar imzalamaq, fövqəladə vəziyyət elan etmək, dövlət büdcəsini formalaşdırmaq və onu parlamentə təqdim etmək, nəhayət, son dərəcə önəmlisi - parlamenti buraxmaq səlahiyyətləri verilməlidir. Bundan başqa, prezidentə dövlət və hökumət başçısı olduğu müddətdə partiya üzvlüyündən imtina etməmək hüququnun tanınması da nəzərdə tutulub. Bununla da Türkiyə Prezidenti, ƏİP-in yaradıcısı və faktiki lideri Rəcəb Tayyib Ərdoğan yenidən partiyasına başçılıq etməyə başlaya biləcək. Qeyd edək ki, o, bu postdan 2014-cü ildə dövlətə başçılıq etməyə başlayan zaman imtina etməli olub.

Ümumilikdə, söhbət Türkiyənin Parlament Respublikasından Prezident Respublikasına çevrilməsindən gedir. Prezidentin səlahiyyət müddəti indiki Konstitusiyada olduğu kimi, 5 il qalacaq və bir nəfərə bu posta ardarda yalnız 2 dəfə seçilmək imkanı tanınacaq. Bu, hazırkı dövlət başçısına 2019-cu ildə bu ali vəzifə uğrunda mübarizəyə qoşulmaq, sonrakı seçkidə isə yenidən namizəd olmaq imkanı verəcək. Çünki yeni Konstitusiyanın 11-ci maddəsinə görə, parlament prezident seçkisi sisteminə dəyişiklik edərsə, ikinci səlahiyyət müddətini çəkməkdə olan mövcud dövlət başçısı yeni müddətə prezident seçilə bilər.

Beləliklə, söhbət Türkiyədə cümhuriyyətin yaradıcısı Mustafa Kamal Atatürkün dövründən bu yana Əsas qanuna ən miqyaslı dəyişiklikdən gedir. Bu, hakim ƏİP-in mövqeyi ilə bağlıdır. Partiya prezident hakimiyyətinin güclənməsinə bütünlükdə dövlət mexanizminin idarə olunmasının gücləndirilməsi üçün əsas amil kimi baxır. Baş nazir Binəli Yıldırımın Konstitusiya dəyişikliklərinini lehinə apardığı təbliğata rəsmən başlar-başlamaz, səsləndirdiyi fikir də təsadüf deyil: «Biz terror təhlükəsinin kökünü kəsə, iqtisadiyyatı daha etibarlı edə biləcək qüdrətli Türkiyə yolunda ilk addımları atırıq». 

Konstitusiya islahatları zərurəti nədən bu qədər aktualdır? Türkiyə iqtisadi baxımdan heç də ən yaxşı dövrünü yaşamır, ən başlıcası isə terrorçuluqla görünməmiş mübarizə onu praktiki olaraq, iki cəbhədə müharibəyə cəlb edib: PKK-ya və “İD”yə qarşı.

Bundan başqa, ölkə bu yaxınlarda - ötən ilin iyulunda dövlət çevrilişinə cəhdlə qarşılaşıb. Ankara buna görə ABŞ-da yaşayan müsəlman vaiz Fətullah Gülənin başçılıq etdiyi «paralel dövlət»i günahlandırır. Məhz terrorçular və qiyamçılarla mübarizə şəraitində olması hökuməti ölkədə fövqəladə vəziyyəti saxlamağa vadar edir.

Hökumətdə əmindirlər ki, «referendum istənilən şəraitdə baş tutacaq» və onun fövqəladə vəziyyət şəraitində keçirilməsi «narahatlıq yaratmır». Müxalifət isə fövqəladə vəziyyət şəraitində səsvermənin nəticələrinin xalqın iradəsini tam ifadə etməyəcəyindən narahatdır.

Sosioloji sorğular israrla Türkiyəni Prezident respublikasına çevirmək istəyən Ərdoğanın getdiyi risqin dərəcəsini tam ortaya qoymur. Ölkənin iki aparıcı sosioloji sorğu xidməti - «Gur's A&G Research» və «Metropoll» keçirdikləri sorğularda bir-birinə zidd nəticələr əldə edib. Əgər «Gur's A&G Research» təşkilatının apardığı sorğu seçicilərin 52%-nin Konstitusiya dəyişikliklərinə «hə» dediyini göstərirsə, «Metropoll» 51%-in bunun əleyhinə çıxdığını bildirir. Ekspertlərin fikrincə, bu məsələdə həlledici rolu 2015-ci ildə keçirilmiş parlament seçkisində 12% səs yığmış və faktiki olaraq, hakim İƏP ilə koalisiyaya getmiş Millətçi Hərəkat Partiyasının (MHP) tərəfdarları oynayacaq. Sosiaoloji araşdırmalar isə MHP tərəfdarlarının, ən azı, yarısının Konstitusiya islahatlarına qarşı olduğunu göstərir.

Bütün bunlarla yanaşı, Türkiyədə Konstitusiya dəyişikliyinin əleyhinə olanlar, sadəcə, ölkə vətəndaşlarının bir hissəsi deyil. Referenduma hazırlıq prosesi ölkə rəhbərliyinə xarici siyasi təzyiqlərlə də müşayiət olunur. Bu, Ankaranın müasir qlobal və regional geosiyasətdəki rolu ilə çıx bağlıdır. Yeri gəlmişkən, məhz bu amil Türkiyə ilə Qərb arasında getdikcə yadlaşmaya yol açır.

 

Tarixi müttəfiqlər arasında dərin fikir ayrılıqları

ƏİP-in Konstitusiya təşəbbüsləri “Köhnə Dünya”nın müxtəlif institutları, ilk növbədə bütünlükdə Avropa İttifaqı və Avropa Şurası tərəfindən tənqid olunur. Avropa hesab edir ki, bu, Türkiyədə Prezident səlahiyyətlərinin həddindən artıq güclənməsinə səbəb olacaq və o, bununla razı olmadığını hər imkanda nümayiş etdirir. Bu, Venesiya Komissiyasının Türkiyədə Konstitusiya dəyişikliklərinə dair məruzəsində də qeyd olunur. Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ isə bu sənədin «referendumun təşkili prosesinə təsir göstərmək, insanları «əleyhinə» səs verməyə çağırmaq» məqsədi güddüyünü düşünür.

Son zamanlar ayrı-ayrı avropalı siyasətçilərin bəyanatlarında etik normaları pozan kəskin ifadələrin yer alması da Türkiyə-Avropa münasibətlərindəki gərginliyin göstəricisi sayıla bilər.

Lakin Türkiyə-Avropa böhranı, ən çox, Ankara-Berlin münasibətlərinə mənfi təsir göstərir. Onların münasibəçti hələ türkəsilli alman jurnalisti Deniz Yücelin İstanbulda saxlanılmasından sonra gərginləşməyə başlamışdı. Qeyd edək ki, Yücel bundan əvvəl «Die Welt» qəzetində Türkiyənin Energetika naziri, Prezident Ərdoğanın kürəkəni Berat Albayrakla bağlı kompromat materiallar dərc etmişdi. Rəsmi Ankara hesab edir ki, Yücel materialları Almaniya kəşfiyyatından alıb. Almaniya kansleri Angela Merkel Türkiyə rəhbərliyindən mətbuat azadlığı prinsiplərinə əməl olunmasını, Yücelin sərbəst buraxılmasını tələb edib.

Amma Türkiyə-Almaniya münasibətlərində daha ciddi çatı Berlinin Ankara tərəfindən terrorçu sayılan kürd xadimləri üçün sığınacağa çevrilməyə başlaması yaradıb. Bundan başqa, Türkiyə hökumətinin iddiasına görə, Almaniya Suriyanın PKK terror təşkilatının himayəsi altında fəaliyyət göstərən kürd təşkilatları ilə əlaqələri də genişləndirir.

Nəhayət, ƏİP hökuməti üçün daha bir son dərəcə ağrılı məqam - bu ilin yanvarında, təxminən, 40 türk zabiti vətəndə üzləşə biləcəkləri mümkün təqiblərlə əlaqədar, Almaniyadan siyasi sığınacaq istəyib. Berlin onların istəyini rədd etməyib.

Bu da son deyil. Almaniyanın son günlərdə atdığı bir neçə addım Ankarada Berlinin Türkiyənin daxili işlərinə qarışmağa çalışdığına, referendumun Ərdoğanın arzuladığı nəticəni verməsini əngəlləməyə, sonradan isə Türkiyəni Avropa arenasından təcrid etməyə cəhd göstərdiyinə şübhə yeri qoymayıb;

məsələn, Almaniya hökuməti Türkiyəni AFR ərazisində casusluq fəaliyyətini genişləndirməkdə belə, günahlandırıb. Bu, Berlinin Almaniyada yaşayan 3,5 milyon türklə bağlı narahatlığından irəli gəlir. Almanlar düşünür ki, Türkiyədə keçiriləcək referendumla əlaqədar, Almaniyanın türk icması arasında gərginlik artır. Bu icmanın səsinin Türkiyədə daxili siyasi qüvvələr nisbətinə cidid təsir göstərmədiyi düşünülür. Lakin bu, Ankara üçün vacibdir: Almaniyada yaşayan türklər (Türkiyə və ya Almanyia vətəndaşı olmasından asılı olmayaraq) Türkiyəni Aİ məkanında özlərinin əsas dayağı kimi görməlidir. Almaniya hökuməti isə bu amili nəzərə almadan (əslində, böyük ehtimalla, nəzərə alaraq), rəsmi Ankaranın Almaniyaya yollanmış bəzi rəsmilərinin burada Konstitusiya dəyişikliyilə bağlı təbliğat çıxışları etməsinə imkan verməyib; məsələn, Hamburq rəhbərliyi şəhərdə Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlunun iştirakı ilə keçirilməsi nəzərdə tutulmuş tədbiri ləğv edib. Almanlar bunu «yanğın təhlükəsizliyinin təminindəki çətinlik”lərlə əsaslandırıb. Qaqqenau şəhərində isə (Baden-Vyurtemberq torpağı) Türkiyənin Ədliyyə naziri Bekir Bozdağın çıxışına imkan verilməyib. Buna cavab olaraq, Bozdağ alman həmkarı Xayko Maas ilə Karlsrue şəhərində baş tutmalı olan görüşdən imtina edib.

Almaniya hökumətinin əməllərinə ən sərt reaksiya isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. O, türkiyəli siyasətçilərin AFR ərazisində çıxışlarına qadağa qoyulmasını nasistlərin siyasəti ilə müqayisə edib. Amma Ərdoğanın bu bəyanatı da cavabsız qalmayıb. Almaniya kansleri onu «yersiz», «heç bir əsası olmayan» bəyanat adlandıraraq, Berlinlə-Ankara arasında «mətbuat azadlığı çərçivəsinin qiymətləndirilməsində dərin fikir ayrılıqlarının olduğunu» xatırladıb. Avropa liderlərinin bu qədər tez-tez gündəmə gətirdikləri bu «dərin fikir ayrılıqları» onlar arasında məsafənin açıldığının göstəricisidir. Bu açıqlamalar göstərir ki, Avropada «yad element» kimi qəbul olunan Türkiyə öz siyasi, iqtisadi və hərbi gücünü artırmalı, eyni zamanda, inteqrasiyanın başqa formalarını axtarmalıdır.

Türkiyə Prezidentinin Rusiyaya bu günlərdə etdiyi növbəti səfəri sonuncu məsələnin real olduğunu göstərib. Yeri gəlmişkən, Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel türkiyəli həmkarı Mövlut Çavuşoğlu (bundan əvvəl Çavuşoğlu Berlindən türklərə «insan haqlarına dair mühazirə» oxumağa son qoyulmasını tələb etmişdi) ilə bu yaxınlarda keçirilən görüşündə ağzından söz qaçırmışdı. O demişdi ki, Aİ-nin Türkiyədə yaşanan siyasi hadisələrə, xüsusilə Konstitusiya dəyişikliyinə dair referenduma təmkinlə yanaşması Ankaranın Moskva ilə yaxınlaşa biləcəyinə dair narahatlıqdan irəli gəlir. O, hətta Qərbdə Türkiyənin Şərqə üz çevirməsinə imkan verilməməsi ilə bağlı «ümumi maraq”ın olduğunu da etiraf etmişdi.

Bu mənada, bir məqamı da qeyd etmək yerinə düşər: elə Almaniyanın özündə bir sıra nüfuzlu siyasətçilər Aİ-ni və Merkel hökumətini Türkiyəyə yanaşmada səhv etməkdə təqsirləndirir; məsələn, Almaniyanın sabiq XİN başçısı Yoşka Fişer hesab edir ki, «Merkel Türkiyəyə münasibətdə böyük yanlışlığa yol verməklə, onu Rusiyaya tərəf itələyir». Fişer Avropaya «Avropanın və Yaxın Şərqin küncündə Türkiyəni tək qoymamağı» və ona «Almaniyanın tarixi müttəfiqi statusunu qaytarmağı» tövsiyə edib.

 

Hollandiya siyasətinin «Türkiyə kartı»

Türkiyəni qəbul etməmək məsələsində Hollandiya hökuməti daha irəli gedib. Əvvəlcə krallıq bu ölkədə yaşayan Türkiyə vətəndaşları ilə görüşmək niyyətində olan Mövlut Çavuşoğlunun təyyarəsini qəbul etməyib. Daha sonra Rotterdam polisi Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilini Türkiyənin Baş Konsulluğuna buraxmayıb. Naziri «arzuolunmaz əcnəbi» elan edən hollandlar onu Almaniyaya yönləndiriblər.

Bundan başqa, polis Rotterdamdakı Baş Konsulluq qarşısında nümayiş keçirən, Hollandiya hökumətinin Türkiyə hökumətinin üzvlərinə münasibətinə etirazını bildirən türklərə güc tətbiq edib.

Nazir Kayanın özü İstanbula döndükdən sonra, Hollandiya hökumətinin əməllərini «qanunsuz, antidemokratik və insanlığa sığmayan» əməl kimi qiymətləndirib. «Özünü azadlıq və demokratiya ölkəsi sayan Hollandiyada biz dəhşətli gecəyə şahid olduq. Müvəqqəti işlər vəkilimiz həbs olundu, şəxsi mühafizəçilərim və məsləhətçilərim olan 5 nəfər saxlanıldı», - deyə nazir qeyd edib.

Prezident Ərdoğan isə cavab addımları atılacağını deyir. «İş o yerə çatıb ki, baş konsulu Türkiyənin diplomatik missiyasından buraxmırlar. Bütün bunlar Qərbdə nasizmin yenidən dirçəldiyini göstərir. Hollandiya hökuməti bu addımlarını necə izah edə bilər? Türkiyə bunu cavabsız qoymayacaq. Hollandiya hökuməti sonda diplomatik normalara əməl etməyi öyrənəcək», - deyə o, bildirib.

Çavuşoğlu isə Hollandiya hökumətindən baş verənlərə görə rəsmən üzr istənilməsini tələb edib. Bununla yanaşı, o, Ankaranın mütləq cavab addımları atacağını söyləyib.

Hollandiyanın Baş naziri Mark Ryutte isə üzr istəmək fikrində deyil. Bununla yanaşı, o, iki ölkə arasında gərginliyin aradan qaldırılmasına çalışacağını bildirib.

Hollandiya hökumətinin davranışını anlamaq həqiqətən də çətindir. Üstəlik, “Köhnə Dünya”da demokratiya, insan haqları haqqında danışmağı sevirlər ki, bunun da əsas cəhətlərindən biri sərbəst toplaşmaq azadlığıdır. Belə olan təqdirdə, Türkiyə rəsmilərinin türk diaspor nümayəndələri ilə görüşmək istəyi Amsterdamı niyə narahat edib? Cavab çox sadədir: Hollandiya parlament seçkisinə hazırlaşır və Rötte bu addımı ilə mümkün qədər çox səs qazanmağa, ölkənin əsas avroskeptiki, ultrasağçı «Azadlıq” partiyasının lideri Gert Vildersi hakimiyyətə buraxmamaq məqsədi güdür. Partiya bu məqsədlərinə nail olmaq üçün «Türkiyə kartı»ndan istifadə etmək qərarına gəlib.

Bütün bunların fonunda Fransa daha təmkinli davranıb. O, Çavuşoğlunun türk icması ilə görüşünə heç bir əngəl yaratmayıb. Bundan başqa, Fransa XİN Avropanın bir sıra ölkələrində Türkiyənin Xarici İşlər nazirinin türk icması ilə görüşünün qadağan olunması üçün heç bir əsasın olmadığını bildirib, tərəfləri gərginliyi aradan qaldırmağa çağırıb.

Beləliklə, hadisələrin gedişi göstərir ki, Türkiyədə keçiriləcək referendum - ölkənin Prezident Respublikasına çevrilməsində həlledici addım yalnız daxili siyasi yox, Ankaranın dünyadakı strateji rolu ilə birbaşa əlaqəli məsələdir.



MƏSLƏHƏT GÖR:

384