26 Aprel 2024

Cümə, 22:28

ŞAİRQƏLBLİ RİYAZİYATÇI

Fərəməz Maqsudov Azərbaycanın nəinki elmi, həmçinin ictimai-siyasi həyatında da fəal iştirak edib

Müəllif:

01.04.2017

Bu alim üçün insanlarla ünsiyyət onun elmi fəaliyyətinin vacib hissəsi idi. Onu daim məsləhətinə ehtiyac duyan, çətin işdə yardım istəyən insanlar əhatə edirdi. Bu insanlar tərəddüd etdikdə məhz onun rəyini əsas götürürdü. Onunla ünsiyyətdən sonra, həmin insanların beyni təmizlənir, işləmək istəyi güclənir, bacarıqları artırdı.

Bu alim Azərbaycan elminin görkəmli nümayəndəsi kimi tanınan akademik Fərəməz Maqsudov idi.

 

Ruhlandıran

1930-cu ilin 20 martında Naxçıvan şəhərində fəhlə ailəsində dünyaya göz açıb. Orta məktəbdə oxuduğu illərdən elmə həvəsi, çalışqanlığı ilə fərqlənib. Uşaqlıq və gənclik illərində yalnız riyaziyyat, fizika kimi dəqiq elmlərə deyil, həm də tarixə, ədəbiyyata, poeziyaya böyük maraq göstərib. Ancaq sənət seçimi edərkən dəqiq elmlərə istiqamətlənib.

O, 1948-ci ildə Naxçıvan şəhər orta məktəbini bitirərək, arzularının ardınca paytaxta gəlib. Burada Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. 1954-cü ildə universitetin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Elə o vaxt da Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna gəlib. O, əmək fəaliyyətinə başladığı dövrdən Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçilənədək Riyaziyyat və Mexanika İnstitutunda işləyib. Əvvəlcə institutun aspirantura şöbəsinə sənədlərini verib. 1954-ci ildə aspiranturaya qəbul olunub və 1957-ci ildə təhsilini başa vuraraq, institutun riyaziyyat bölməsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilib. 1959-cu ilin mayında Fərəməz Maqsudov namizədlik dissertasiyasını müdafiə edib. Bir il sonra Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunub. 1964-cü ildə institutun direktorunun elmi işlər üzrə müavini, 1974-cü ildə direktoru vəzifəsinə təyin edilib. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib.

Riyaziyyatın və mexanikanın bir sıra sahələrində aldığı nəticələr sayəsində beynəlxalq aləmdə tanınıb.

1983-cü ildə Fərəməz Maqsudovun rəhbərliyi altında mexaniklərin bir qrupunun nəhəng energetika sistemlərinin dözümlülüyünün tədqiqi üçün işləyib-hazırladıqları metod həmin dövrün ən yüksək mükafatlarından biri olan SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülüb.

Akademik Fərəməz Maqsudovun adı elm sahəsində bir sıra yenilklərin müəllifi kimi çəkilir. O, 5 müəlliflik şəhadətnaməsi və 2 patent alıb. 300-dən çox elmi əsərin, 11 monoqrafiya və dərsliyin müəllifidir.

Özünü bacarıqlı təşkilatçı kimi tanıdıb. Respublikada yüksək ixtisaslı riyaziyyatçı kadrların hazırlanmasına uzun müddət rəhbərlik etmək, gənc, istedadlı tədqiqatçıların elmə gəlməsini daim diqqətdə saxlamaq asan olmayıb. Akademik Fərəməz Maqsudovun elmi rəhbərliyi ilə 100-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə edilib. O, 1986-cı ildə yüksək ixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Xalqlar dostluğu" ordeni ilə təltif olunub. Fərəməz Maqsudovun tələbələrinin əksəriyyəti respubli­ka ali məktəblərində və elmi-tədqiqat institutlarında, MDB ölkələrində, eləcə də Türkiyə, İran, Almaniya, ABŞ və başqa xarici ölkələrdə çalışır.

 

Alim, siyasətçi, “91”

Fərəməz Maqsudov bütün elmi adlara, yüksək titullara və mükafatlara layıq görülüb. 1990-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1994-cü ildə Hacı Zeynalabdin Tağıyev adına mükafatın laureatı olub. 2000-ci ildə "İstiqlal" ordeni ilə təltif edilib. 1997-ci ildə Azərbaycan-Amerika Mədəniyyət, Elm və İqtisadiyyat Mərkəzinin həmsədri, İslam Akademiyasının həqiqi üzvü seçilib. Eyni zamanda, 1994-2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri vəzifəsində çalışıb. 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının prezidenti olub.

Ömrünün ahıl çağları Azərbaycanın ictimai-siyasi həyatının ziddiyyətli olduğu qədər də məsuliyyətli illərinə düşdü. Belə bir vaxtda Fərəməz Maqsudov öz fəaliyyətini elmlə, böyük bir elmi müəssisəyə rəhbərlik etməklə çərçivəyə sala bilməzdi. XX əsrin son onilliyində, xalqımızı müstəqillik uğrunda mübarizəyə qalxdığı mürəkkəb tarixi dövrdə ziyalılarımızın bir çoxu kimi, o da elmi-təşkilati, pedaqoji istiqamətləri əhatə edən işlərini yerinə yetirməklə kifayətlənmədi. Respublikamızın ictimai həyatında böyük rol oynayan akademik Fərəməz Maqsudov siyasətə meyl etdi. Siyasi hadisələrin fəal iştirakçılardan biri oldu. Yeni Azərbaycan Partiyasının yaranması və formalaşmasında böyük xidmətlər göstərdi.

Ermənilər tərəfindən dağıntılara məruz qalan sərhədyanı rayonlara, kəndlərə kömək etmək və insanların yurd-yuvalarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalısı 1990-cı ildə Fərəməz Maqsudovun rəhbərliyi ilə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdılar. Fərəməz Maqsudov cəmiyyətin sədri oldu.

1992-ci ilin payızında 91 nəfər ziyalı Ümummilli Lider, o dövr Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət etdi, onu yenicə müstəqillik qazanan gənc Azərbaycan Respublikasının suverenliyini qorumaq ücün fəal mübarizəyə səslədilər. Adları “91-lər” kimi xatırlanan həmin ziyalılardan biri də Fərəməz Maqsudov idi. Ömrünün son illərində onun səsi deputatı olduğu Milli Məclisin kürsüsündən də eşidilməyə başladı.

Dünyasəviyyəli riyaziyyatçı

Fərəməz Maqsudov Elmlər Akademiyasına rəhbərlik etməyə də mürəkkəb bir dövrdə başladı. Müstəqil ölkəni siyasi, iqtisadi problemlər öz məngənəsinə salmışdı. Həmin illərdə Azərbaycanın elmi müəssisələri, elmi işçləri də çətin şəraitdə yaşayır, fəaliyyət göstərirdilər. Vəziyyətdən çıxış yolları axtarmaq əvəzinə, 1990-cı illərinin əvvəllərində bəziləri Azərbaycanın elm məbədi sayılan akademiyanı bağlamaq fikrini irəli sürdülər. Fərəməz Maqsudov akademiyanın prezidenti kimi məsul vəzifəyə belə vaxtda seçildi. Akademiyada bir sıra islahatlara başlanıldı. Azərbaycan Respublikası o zamankı prezidenti Heydər Əliyevin fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verildi. Fərəməz Maqsudov AMEA-nın İnstitutlarının müstəqil dövlətlər birliyinin əsas elmi mərkəzləri və xarici ölkələrdə elmi əlaqələrinin möhkəmləndirilməsi və inkişafına böyük əmək sərf etdi.

Sayılıb-seçilirdi. Onunla hesablaşırdılar. Azərbaycan elminə, xüsusilə dəqiq elmlərə böyük töhfələr vermiş görkəmli alim, ictimai xadim, Vətənin dar günündə ziyalı mövqeyini ortaya qoyan, hadisələrin mərkəzində olan akademik Fərəməz Maqsudov idi o. Heydər Əliyev onun haqqında demişdi: “Fərəməz Maqsudov şərəfli həyat yolu keçmiş, Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmiş, ölkəmizin həyatında, onun bütün sahələrində, ictimai-siyasi həyatında fəal iştirak etmiş Azərbaycanın dəyərli insanlarından biridir. Azərbaycanda böyük riyaziyyatçılar məktəbi yaranmışdır. Bu məktəbin ən görkəmli nümayəndələrindən və Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərdən biri Fərəməz Maqsudov olmuşdur. Fərəməz Maqsudov ona həvalə edilən bütün yerlərdə vicdanla çalışmış, öz əməyi, biliyi, istedadı ilə, yalnız və yalnız özünə məxsus olan xüsusiyyətləri ilə elmdə yüksəlmiş, elmimizi inkişaf etdirmişdir”.

Şairqəlbli

Fərəməz Maqsudov yaddaşlarda, həm də poeziyanı çox sevən və gözəl bilən ziyalı kimi qaldı. İti hafizəsi olan akademik şeiri bir-iki dəfə oxuduqdan sonra əzbər deyirdi. Keçmişindən ayrıla bilməyən, xatirələrinə bağlı adam idi. Azərbaycanın bütün bölgələrini, hər elini, obasını sevirdi. Ancaq doğulub boya-başa çatdığı Naxçıvanın adı gələndə, elə bil, ona dünyanı bağışlayırdılar.

Amansız xəstəlik Fərəməz Maqsudovu şöhrətinin zirvəsində tapdı. 2000-ci ildə akademik Fərəməz Maqsudov vəfat etdi. O, Fəxri Xiyabanda torpağa tapşırıldı.

2001-ci ildə dəhşətli bir xəbər yayıldı. Fərəməz Maqsudovun evinə silahlı basqın olmuşdu. Həyat yoldaşı Yevgeniya və qızı Elmira qətlə yetirildi, böyük qızı Tamilla isə yaralandı. 

O, həyatın sərt üzünü çox görüb, sınaqlarından keçə-keçə yaşadı öz ömrünü. Adına, şöhrətinə çoxları həsəd apardı. Sözü üzə, həm də sərt şəkildə deməsi ilə, əqidəsinə, düşüncəsinə sadiqliyi ilə özünə düşmənlər qazandı. Ancaq inanırdı ki, dostları daha çoxdur. Yetişdirdiyi alimlərin, zəhmətlərini çəkdiyi, müdafiə etdiyi insanların, əqidə dostlarının adını yaşadacaqlarına inamaq haqqı var idi akademik Fərəməz Maqsudovun. Ondan sonra öləziyən ocağına baxan kədərli ruha döndü. Televiziyalarımız, mətbuatımız da bu şöhrətli insanı unutdular sanki. Tənha məzarı üstünə gedən yolda izlər də görünməz oldu...



MƏSLƏHƏT GÖR:

520