27 Aprel 2024

Şənbə, 06:04

İSLAMİADANIN SU SƏYAHƏTİ

Azərbaycanın göl və çaylarından su, İslam Oyunlarının simvolu kimi, 3 min kilometrdən çox məsafəni qət edəcək

Müəllif:

15.04.2017

Bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam Dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam Dünyasının nəbzi Azərbaycanda döyünəcək. Məhz buna görə də 2017-ci ilin əsas idman hadisəsi İslam Həmrəyliyi Oyunlarıdır.

Bakının İslam Həmrəyliyi Oyunlarına hazırlığı əsas mərhələyə qədəm qoyub.  Daş Salnamə Muzeyində, artıq “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın belə mötəbər yarışa ev sahibliyi edəcəyini böyük hadisə adlandırdı: “IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq. 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır”.

Prezident İ.Əliyev Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olan bir dövlət olduğunu bildirib. “Bizim mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir. Qədim tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır və ta qədim dövrlərdən bu diyarda yaşayıb, qurub-yaradıb. Azərbaycan qədim müsəlman diyarıdır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir. Bu məscid bir neçə il bundan əvvəl əsaslı bərpa edilmiş və qapılarını Azərbaycan xalqının üzünə açmışdır. Əminəm ki, qonaqlar Bakının və digər bölgələrimizin tarixi yerləri ilə tanış olacaqlar. Oyunların keçirilməsində könüllülərin rolu xüsusi əhəmiyyət daşıyır. Şadam ki, bu Oyunların keçirilməsində 8 mindən çox könüllü iştirak edəcək. Onlarsız bu Oyunları keçirmək qeyri-mümkündür”, İ.Əliyev bildirib.

Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur: “Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun”.

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki su hər bir canlı üçün həyat mənbəyidir. Paklıq və birlik rəmzi olan suyun İslamda böyük mənəvi dəyəri var və o, Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti ilə seçilir.

Bakıdan olan uşaq iki nüfuzlu idmançının - taekvando üzrə Dünya Çempionatının ikiqat mükafatçısı Rəşad Əhmədov və Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnikin müşayiəti ilə Xəzər dənizinin sahillərindən birlik rəmzi olan suyu bütün Azərbaycana paylamaq üçün toplayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi.

Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq.

Prezident İlham Əliyevin göndərdiyi Xəzərin suyu ilə yanaşı, götürüləcək digər sular sonradan axşam festivalında təqdim olunacaq. Azərbaycan musiqisi və rəqsləri, möhtəşəm su effektləri və əlvan atəşfəşanlığı ilə zəngin olan bu tədbirdə hər kəs iştirak edə biləcək.

Beləliklə, səyahət başladı. “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.

Yarışın əsas atributlarından olan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüdə yer alacaq idmançılara təqdim olunacaq medallar Oyunlara 35 gün qaldığı vaxtda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) tərəfindən nümayiş olunub.

Azərbaycan xalça naxışlarında rast gəlinən və İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanan loqo qızıl, gümüş və bürünc medalların mərkəzində yer alıb. Ölkəmizin zəngin tarixini özündə xarakterizə edən bu elementlər “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini - sülh, birlik, hörmət və mükəmməlliyi özündə cəmləşdirib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.

Diametri 80 millimetr, qalınlığı 9 millimetr olan medallar “Azərsuvenir” MMC tərəfindən AİHOƏK-in dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında suyatullanma, üzgüçülük, su polosu, “3x3” basketbol, boks, voleybol, zorxana, taekvondo, karate, uşu, atletika/paratletika, bədii və idman gimnastikası, güləş, həndbol, cüdo/paracüdo, tennis, stolüstü tennis, futbol, atıcılıq və ağır atletika üzrə yarışlar keçiriləcək. İlk olaraq futbola start veriləcək. İlk oyun açılışdan 3 gün əvvəl - mayın 8-də baş tutacaq.



MƏSLƏHƏT GÖR:

423