26 Aprel 2024

Cümə, 22:57

İSLAHAT İNKUBATORU

Azərbaycan biznes-mühit və investisiyalar üçün cəlbediciliyi yaxşılaşdırır

Müəllif:

15.04.2017

«Bu gün Azərbaycanda biznes mühitinin yaxşılaşmasına yönəlmiş çox ciddi addımlar atılır. Deyə bilərəm ki, sahibkarlar bu işə böyük ruh yüksəkliyi ilə qoşulurlar»- İlham Əliyev, Azərbaycan Prezidenti.

 

Dünya iqtisadiyyatında baş vermiş böhranın və enerjidaşıyıcılarının qiymətinin kəskin düşməsinin Azərbaycana mənfi təsirinin qarşısının alınması üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı iqtisadi islahatlar aparılır. Bu çərçivədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın inhisarlardan xilas edilməsi, biznes-mühitin yaxşılaşdırılması, daxili bazarın və yerli istehsalçıların maraqlarının qorunması, sərmayələrin və ixracatının təşviqi və s. üzrə kompleks tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur.

O cümlədən, artıq müəyyən addımlar atılıb. Bunların sırasında lisenziyaların sayının azalmasını, sahibkarlıq fəaliyyətinin yoxlanmasının dayandırılmasını, gömrük prosedurlarının sadələşdirilməsi əsasında sərmayəçilərin müxtəlif güzəştlərə çıxış əldə etdiyi investisiya sənədlərinin verilməsini, azad ticarət zonalarının, sənaye və aqrar parklarının, eləcə də zonalarının yaradılmasını, sahibkarların güzəştli kreditləşməsinin genişləndirilməsini və s.-i göstərmək olar.

Bütün bu tədbirlər, həm də beynəlxalq təşkilatların hesabat və reytinqlərində öz əksini tapır. O cümlədən, Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) illik «Doing Business 2017: hamı üçün bərabər imkanlar» araşdırmasına görə, Azərbaycan dünyanın 190 ölkəsi arasında iş mühitinin əlverişliliyi reytinqinə görə 65-ci yerdə qərarlaşıb. 2016-cı ilin ortalarına olan vəziyyətə görə hazırlanmış hesabata əsasən, son 3 ildə Azərbaycan 3 uğurlu islahatlarını həyata keçirib. Bunlar elektrik təchizatı sisteminə qoşulma, vergi və beynəlxalq ticarətin aparılması sahələridir.

Bu tədbirlər biznesi gerçəkləşdirmək şəraitinin sadələşdirilməsinə imkan yaradıb, bu da nəticə olaraq, ölkənin investisiya cəlbediciliyini artırıb. Azərbaycan aşağı göstəricilərə görə, yüksək reytinq mövqelərinə malikdir: müəssisələrin qeydiyyatı - 5-ci, mülkiyyətin qeydiyyatı - 22, sərmayəçilərin müdafiəsi - 32, vergi tutulması - 40, müqavilələrin yerinə yetirilməsinin təmini - 44-cü yer.

Bəllidir ki, iri sərmayəçilər bu və ya başqa ölkəyə vəsait yatıran zaman «Doing Business» reytinqini nəzər alırlar ki, bu, Azərbaycanın indiki inkişaf mərhələsində çox vacibdir. Beynəlxalq reytinqlərdə yüksək yerlərdə qərarlaşmaq ölkə iqtisadiyyatına xarici sərmayələrin axınına imkan yaradır. İslahatların davam etdirildiyi nəzərə alınarsa, «Doing Business» hesabatında Azərbaycanın mövqelərinin yetərincə yaxşılaşacağını gözləmək olar.

İqtisadiyyatın inkişafı üzrə konkret tədbir və islahatların istiqamətlərini sistemləşdirən daha irimiqyaslı addım kimi, «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri»nin işlənməsini göstərmək olar. Bu sənədin hazırlanmasında məşhur «McKinsey» şirkətinin iştirakı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisləri önəmli rol oynayıblar. Sənəd 3 inkişaf dövrünü - 2020-ci ilə kimi, 2020-2025-ci illər arasını və 2025-ci ildən sonrakı dövrləri əhatə edir.

“Yol xəritələri”ndə hökumət qarşısında duran əsas vəzifə kimi, maliyyə sisteminin dayanıqlılığının qorunması və Dövlət Neft Fondunun transfertlərindən asılılığının azaldılması müəyyən edilib. Həmçinin, dövlət aktivlərinin irimiqyaslı özəlləşdirilməsi nəzərdə tutulub. Bunun üçün «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» yeni qanun layihəsinin qəbul edilməsi nəzərdə tutulur. İqtisadiyyatın prioritetlərindən biri də ölkənin kənd təsərrüfatının inkişafı olacaq. Aqrar Sığorta Fondunun və ölkənin hər bir iqtisadi rayonunda xüsusi aqrar inkubatorların yaradılması da nəzərdə tutulur.

“Yol xəritəsi”, həmçinin metallurgiya və maşınqayırmanın inkişafının dəstəklənməsini nəzərdə tutur ki, bu da kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələrin, qazma avadanlığının, qara metallurgiya məhsullarının idxalını azaltmağa imkan yaradacaq. Bu baxımdan, artıq Sumqayıtda italyan şirkətlərinin cəlbi ilə 5 zavoddan ibarət çağdaş metallurgiya kompleksinin yaradılması üzrə işlər aparılır. Kompleksin yaradılması üçün sərmayə həcmi 1,2 milyard avronu keçir.

Azərbaycanın gələcəyində turizm də çox önəmli yer tutacaq. "Strateji yol xəritələri"nə uyğun olaraq, sağlamlıq, qış, ekoloji və başqa turizm növlərinin inkişafına sərmayə yatırılması təşviq edilir. Bir sıra ölkələrlə viza rejiminin sadələşdirilməsi, «Eurovision», birinci Avropa Oyunları, «Formula 1» yarışları irimiqyaslı idman və mədəniyyət tədbirlərinin keçirilməsi fonunda, Azərbaycanın turizm imkanlarının təbliği xarici turistlərin Azərbaycana marağını xeyli artırıb. Vəziyyət beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. O cümlədən, Dünya Turizm və Səyahətlər Şurasının (WTTC) proqnozuna görə, 2027-ci ildə ölkəyə gələn turistlərin sayı 4,3 milyona qalxacaq, keçənilki göstərici isə 2,8 milyon nəfər olmuşdu. Turistlərin ölkədə xərclədiyi pullar isə 20 il ərzində iki dəfə artaraq, 9,2 mlrd. manata çatacaq.

Azərbaycan üçün nəqliyyat sektorunun inkişafı böyük önəm daşıyır. Avropa ilə Asiya arasında Azərbaycan ərazisindən keçməklə, strateji dəmir yolu əlaqəsi yaradılması yüklərin hərəkətini 30 gündən 15 günə qədər azaldacaq. Daha bir önəmli layihə Şimal-Cənub Dəmir Yolu dəhlizidir. Dəhliz yüklərin Rusiyadan və Şimali Avropa ölkələrindən dəmir yolu vasitəsilə Hindistana və İran körfəzinə maneəsiz daşınmasına imkan yaradacaq.

Azərbaycan hər iki strateji layihənin fəal iştirakçısı və sərmayəçisidir. Azərbaycanda tikilən və Xəzərdə ən iri olacaq beynəlxalq dəniz ticarət limanı nəqliyyat infrastrukturuna növbəti töhfədir. Belə ki, 2017-ci ilin mart ayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə dəfə olaraq, Qazaxıstanın Kurık limanından göndərilmiş yükü qəbul etdi. İndiyə kimi Qazaxıstandan Azrbaycana tranzit yük nəqli Aktau limanı vasitəsilə gerçəkləşdirilirdi. Amma Aktau limanının məhdud yükötürmə imkanları, həmçinin əlverişsiz coğrafi şərait (küləyin birbaşa təsiri) aparılan əməliyyatların rentabelliyinə birbaşa mənfi təsir göstərirdi. Bu baxımdan, Kurık bərə kompleksinin işə salınması Azərbaycan üçün böyük önəm daşıyır; həm də Bakıdan Kurıka yol 18 saat təşkil edir, Aktauya isə 22 saat idi. Kurık bərə kompleksinin rolu gələcəkdə önəmli səviyyədə artacaq, çünki hazırda burada “Ro-Ro” və “Ro-Pax” tipli gəmilər üçün daha bir körpünün tikintisi gerçəkləşdirilir.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tariflərin optimallaşdırılması, sərhəd-gömrük prosedurlarının keçilməsinin asanlaşdırılması ilə bağlı tədbirlər görməlidir ki, bu, tranzit ötürmələrinin həcmini artırmağa dəstək verməlidir. Şura, artıq yüksəktonnajlı “TIR” avtomobilləri ilə Qazaxıstan və Türkmənistan limanlarına tranzit yükdaşımaları üzrə tariflərin, təxminən, 40% aşağı salınması ilə bağlı qərar qəbul edib.

Dövlət tərəfindən biznesin dəstəklənməsi üzrə vacib addımlardan biri, parlament tərəfindən ölkənin Vergi Məcəlləsinə irimiqyaslı dəyişikliklər və əlavələr zərfinin qəbul edilməsdiir. Bu düzəlişlərin əsas məqsədi, biznesin inkişafı üçün əlverişli şəraitin yaradılması, sahibkarlıq subyektləri ilə vergi orqanları arasında qarşılıqlı etibar səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların artırılması, pul dövriyyəsinin tənzimlənməsi, müxtəlif fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlbi, ixracın stimullaşdırılması və şəffaf uçot sisteminin yaradılmasıdır.

Məcəlləyə 201 düzəliş edilib - 115 yeni maddə əlavə edilib, 83 maddə dəyişdirilib və 3 maddə ləğv edilib. Sərmayələrin təşviqi məqsədilə Vergi Məcəlləsinə sahibkarlar üçün fiskal güzəştlər nəzərdə tutan dəyişikliklər edilib. O cümlədən, sərmayəçi kimi çıxış edən hüquqi şəxslərə və fərdi sahibkarlara sərmayələrin təşviqi sertifikatı veriləcək. Bu sənədin sahibi 7 il ərzində gəlir vergisi üzrə 50%-lik güzəşt əldə edəcək, həmin müddətə əmlak və torpaq vergisindən tam azad ediləcək. "Gömrük tarifləri haqqında" qanuna düzəlişlər, həmçinin sahibkarları prioritet sahələrdə biznesin inkişafı üçün investisiya məqsədilə gətirdikləri avadanlıqlar üçün 7 il müddətinə gömrük rüsumlarından azad edir.

Dövlət tərəfindən aqrar-sənaye kompleksinin dəstəklənməsi üzrə də tədbirlər gerçəkləşdirilir. Bəllidir ki, fermerlər 2001-ci ildən bütün vergi növlərindən azad olunublar, yalnız torpaq vergisi istisnadır. İndiyə kimi Azərbaycanın kənd təsərrüfatı sektoru üçün ayrılmış vergi güzəştlərinin məcmu məbləği 3 mlrd. manat təşkil edib. Buna əlavə olaraq, 2016-cı ilin yanvarından taxıl idxalı və satışı ilə məşğul olan, o cümlədən un istehsal edən və satan müəssisələr əlavə dəyər vergisindən (ƏDV) azad ediliblər. Yalnız bu sahə üçün vergi güzəştlərinin məbləği ildə 50 mln. manat təşkil edir. Bu vergi güzəştləri fermerləri qənaət etdikləri vəsaitləri istehsal məqsədləri ilə istifadə etməyə imkan verir.

Aqrar-sənaye kompleksi (ASK) sektorunun bütünlüklə rentabelliyinin yaxşılaşması və onun ayrı-ayrı istiqamətlərinin inkişafı üçün 1997-ci ildən kənd təsərrüfatı istehsalçıları üçün verilən subsidiyalar da böyük önəm kəsb edir. Keçən müddət ərzində subsidiyaların sayı və məbləği daim artırılıb və fermerləri effektiv işləməyə stimullaşdırıb. Belə ki, kənd təsərrüfatı texnikasının, suvarma sistemlərinin, yanacağın, gübrələrin və toxumun alınması zamanı fermerlərə güzəşt edilir, həmçinin taxıl, pambıq, tütün, barama və s. istehsalçılarına subsidiyalar ayrılır. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) hesablamalarına görə, təkcə texnika alınmasına verilən 40%-lik güzəşt hesabına, kənd təsərrüfatı məhsullarının istehsalçıları 60 mln. manatdan çox vəsaitə qənaət ediblər. Heyvandarlıqda məşğul olan fermerlərin fəaliyyəti də subsidiyalaşdırılır: süni mayalanma yolu ilə doğulmuş hər bir buzov üçün hökumət 100 manat ödəyəcək.

Amma qeyri-neft sektorunun inkişaf strategiyası yalnız daxili tələbatın təmin edilməsi ilə məhdudlaşmır, həm də yerli məhsulun ixracının həcminin və çeşidlərinin artımı ilə bağlıdır. Prezident İlham Əliyevin bu istiqamətdə olan sərəncamlarında xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların tədqiqi və marketinq fəaliyyəti, «Made in Azerbaijan» brendinin xarici bazarlarda tanıdılması, yerli şirkətlərin xarici ölkələrdə sertifikat və patent alması nəzərdə tutulur. Özəl sektorun ixracyönümlü məhsul istehsalına stimullaşdırılması üçün, həm də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahı üzrə ixrac olunan məhsula dövlət büdcəsindən gömrük dəyərinin 3%-i məbləğində ödəniş edilməsi mexanizmi müəyyən edilib.

Kiçik və orta sahibkarlığın (KOS) və ailə təsərrüfatlarının inkişafı üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə ABAD mərkəzlərinin yaradılması da böyük önəm daşıyır. Bu mərkəzlər vasitəsilə ailə təsərrüfatlarının, “KOS”ların dəstəklənməsi üzrə layihələr gerçəkləşdiriləcək, bu layihələrin maliyyələşdirilməsi üçün fond yaradılacaq, biznes-planların hazırlanması, məhsulun marketinqi, dizaynı və brendinqi üzrə yardım göstəriləcək, məhsulların "bir pəncərə" prinsipi üzrə sertifikatlaşdırılması, istehsal edilən məhsulun satışı və nəql edilməsi təşkil ediləcək və s.

 Amma özəl sektorun dəstəklənməsi üzrə bütün bu tədbirlər, həm də makroiqtisadi sabitliyin təmin edilməsi üzrə addımlara ehtiyac yaradır. Bu məqsədlə Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Maliyyə Sabitliyi Şurası yaradılıb. Şura struktur və sosial islahatlar da daxil olmaqla, iqtisadiyyatın sabitləşdirilməsi və iqtisadi artım modelinə keçid üzrə tədbirlər planı üzərində iş aparır.  

Maliyyə bazarlarında vəziyyətin sabitləşdirilməsi, ortamüddətli fiskal çərçivələrin hazırlanması işində Azərbaycana Dünya Bankı (DB) da yardım edir. Beynəlxalq maliyyə institutu ölkəyə 5 əsas tövsiyə təklif edir. Bunların birincisi, monetar siyasət və valyutanın çevik məzənnəyə keçidi ilə bağlıdır (artıq buna nail olunub). İkinci tövsiyə maliyyə, o cümlədən bank sektorunun sabitləşməsi ilə bağlıdır. Növbəti tövsiyə neft və qeyri-neft gəlirləri arasında balans nəzərə alınmaqla, dayanıqlı büdcə planlaşdırılması ilə bağlıdır. Həmçinin gəlirlərin şəffaf və ədalətli paylanması tövsiyə edilir ki, milli gəlirin azalmasının əsas yükü əhalinin aztəminatlı hissəsinin çiyninə düşməsin. Nəhayət, hökumətə iş yerlərinin yaradılması, rəqabətlə bağlı vəziyyətin yaxşılaşdırılması üçün islahatların aparılması, biznesin maliyyəyə çıxışının təmin edilməsi tövsiyə edilir. Bu zaman DB Azərbaycan hökumətinə tövsiyə edir ki, ölkədə makroiqtisadi sabitliyin təmin edilməsinə yönəlmiş islahatların aparılması zamanı əhalinin aztəminatlı hissəsinə qarşı daha diqqətli olsun.

Beləliklə, dünya iqtisadiyyatında davam edən mənfi proseslərin təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Bu, şaxələndirmənin, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, həmçinin çağdaş tələblərə uyğun çevik islahatlar hesabına təmin edilir.



MƏSLƏHƏT GÖR:

508