26 Aprel 2024

Cümə, 19:32

MUSİQİ DİPLOMATI

Aleksandriya - Sevinc SULTANZADƏ: «Azərbaycanla-ABŞ arasında musiqi - mədəniyyət diplomatiyası körpüsünün gücləndirilməsi üçün incəsənətdə geniş ünsiyyət vacibdir»

Müəllif:

01.05.2017

Aleksandriya SULTANZADƏ azərbaycanmənşəli amerikalıdır, 25 ildir ki, ABŞ-da yaşayır. Opera ifaçısı söyləyir: «Mənim elmi işim Azərbaycan xanəndələrinin səsinin tədqiqinə həsr edilib».

Aleksandriya - Sevinc yalnız opera ifaçısı, tədqiqatçı alim deyil, həm də musiqi - mədəniyyət diplomatiyasının təmsilçisidir. Sevinc xanım öz işini davam etdirmək üçün Vətənə - Bakıya gəlib. «R+»un müxbiri ilə görüşündə iki adının olması səbəbindən və ABŞ-a necə getməsindən danışıb.

- Mən dünyaya gələndə adımı Sevinc qoyublar. Babam Həsən antik tarixlə çox maraqlanırmış və ailə içində məni əzizləyərək, Aleksandriya adlandırıblar. Babamın ölümündən sonra, onun xatirəsinə peşə karyeramda bu adı istifadə etməyə başladım. Orta məktəb illərindən taleyimi musiqi ilə bağlamaq istəyirdim, buna görə 23 saylı orta məktəbi bitirdikdən sonra, Azərbaycan Konservatoriyasında Xuraman Qasımovanın studiyasının klassik vokal üzrə hazırlıq kurslarına daxil oldum.

Studiyada bir qədər oxuduqdan sonra, Virciniya Birlik Universitetində təhsilə dəvət aldım, orada bakalavr oldum. Təhsil zamanı Romada beynəlxalq opera müsabiqəsinə qatıldım və pul mükafatı ilə təltif olundum. Bu, ABŞ-da təhsilimi davam etdirməyə imkan yaratdı.

Bundan başqa, Nyu-Yorkda Culiard məktəbində opera vokalı üzrə və Prinstondakı Rayder universitetinin Vestminster xor kollecində oxumuşam. Orada mənim təhsilim üç istiqamətdə getdi. 2013-cü ildə uğurla müdafiə edərək musiqi magistri dərəcəsini almışam. 2014-cü ildə London beynəlxalq musiqişünaslıq konfransında mənə Azərbaycan xanəndələri mövzusunda doktorluq dissertasiyası müdafiə etmək tövsiyə etdilər, çünki dünyada bu cür elmi işlə heç kim məşğul olmayıb.

- Məşhur ulu babanız “Kor Əhəd”, yəni Əhəd Fərzəli oğlu Əliyev barədə danışın.

- O, nüfuzlu muğam virtuozu, Azərbaycan harmoniyasının yaradıcılarından biri olub. Onu tez-tez bəstəkar Müslüm Maqomayevlə, həmçinin Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Əhməd Bakıxanov və Zülfi Adıgözəlovla birlikdə çıxış etmək üçün radioya çağırırmışlar. Filarmoniyada sazçalan qızlar ansamblının yaradıcılarından biri olub. Sazda və tarda çalmağı bacarıb. Gözləri görmədiyindən, muğam mikrotonu ifa etmək üçün klassik qarmon üçün əlavə dillər yaradıb.

Bir dəfə Bakıda Üzeyir Hacıbəyovun ev-muzeyində «Arşın mal alan» operettasından Gülçöhrənin ariyasını ifa edirdim. Yanımda oturmuş nənəm danışırdı ki, qız olan zaman atası “Kor Əhəd”lə birlikdə Üzeyir Hacıbəyovgilə çay qonaqlığına məhz bu evə dəvət olunubmuş. Burada dərin bir rəmzilik var, məni indi bu operettadan ariya ifa edirəm, məşhur “Kor Əhəd” də dahi bəstəkarın dəvəti ilə operettada toyun sonunda «Tərəkəmə» ifa edirdi.  

Moskvada dekada günlərində də Üzeyir Hacıbəyov ondan operettada qarmonla «Tərəkəmə» çalmağı xahiş edib. İllər keçdi və babamın qəbri itdi. Mən çox istərdim ki, onun xatirəsinə büst qoyulsun və adı əbədiləşdirilsin. Bu, mənim nənəmin, yəni “Kor Əhəd”in qızının böyük arzusu idi.

- ABŞ-da hansı yaddaqalan günləriniz olub?

- 2012-ci il oktybarın 18-də Nyu-Yorkun mərkəzində Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş mərasimdə Azərbaycan və ABŞ himnlərini ifa etdim. Rəsmi hissədən sonra isə Ceffri Uerbokun (tarda) müşayiəti ilə «Sarı gəlin» mahnısını oxudum. Mərasimdə Azərbaycanın və ABŞ-ın çox sayda yüksəkçinli məmurları iştirak edirdilər. Mən Azərbaycan Bayrağının qaldırıldığı çox sayda belə görüşdə iştirak etmişəm. Azərbaycanın, Avropanın, ABŞ-ın və Kanadanın çox sayda prestijli zalında, o cümlədən Vaşinqtondakı Con Kennedi Mərkəzində orkestrlə birlikdə solist kimi çıxış etmişəm.

- Elmi fəaliyyətdə əsas hədəfiniz nədir?

- Muğam incəsənətinin qorunması, bütün vokalçıların səs imkanlarının inkişafı və təkmilləşməsi. Ən əsası isə, Azərbaycanla-ABŞ arasında musiqi - mədəniyyət diplomatiyası körpüsünün gücləndirilməsi üçün incəsənətdə geniş ünsiyyət vacibdir. Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin sayəsində bir neçə siniflə, o cümlədən, tanınmış xanəndə Aygün Bayramova ilə tanış oldum.

- Hansı konsertlər yadınızda qalıb?

- Əlbəttə ki, tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti Tofiq Bakıxanovun konsertləri və yubileyləri. Biz uzun illərdir, ünsiyyətdəyik, bizim ailələr dostluq edib. Çalışıram ki, onun Bakıdakı konsertlərinə gəlim. Bir də əfsanəvi azərbaycanlı pianoçu Çingiz Sadıqovun ABŞ və Kanadadakı çıxışları, başqa xatırladığım çox şeylər də var.

- Sənətinizdə uğur və qələbələr arzulayırıq, siz tarixi Vətəniniz üçün böyük işlər görürsünüz.

- Mən Azərbaycanın birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətin və muğamın qorunmasında gördüyü irimiqyaslı işdən ilham alıram. Hər bir vətəndaş öz ölkəsinin çiçəklənməsi üçün iş görməlidir. Ümid edirəm, mənim dissertasiyam Mehriban xanımın gördüyü böyük işin bir zərrəsi olacaq. Buna görə ona çox təşəkkür edirəm!



MƏSLƏHƏT GÖR:

383