26 Aprel 2024

Cümə, 18:04

EV QƏLƏBƏSİ

“Tour d’Azerbaidjan-2017” veloyarışının qalibi elə ev sahibinin nümayəndəsi oldu

Müəllif:

15.05.2017

Azərbaycan növbəti dəfə Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan “Tour d’Azerbaidjan-2017” veloturuna ev sahibliyi etdi. Maraqlı mübarizə şəraitində keçən yürüş təmsilçimizin uğurlu çıxışı ilə yadda qaldı.

İlk yarış günündə iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında finiş xəttini keçiblər. 150 km məsafəni hamıdan tez İsrailin pro-kontinental "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim keçib - 3 saat, 4 dəqiqə, 11 saniyə. Latviyanın kontinental "Rietumu Banka-Riga" komandasının təmsilçisi Emils Liepins və İtaliyanın pro-kontinental "Nippo Vini-Fantini" klubunun velosipedçisi Pyer Paolo de Neqri mərhələ qalibi ilə eyni vaxt göstəricisinə imza atsalar da, fotofinişə, əsasən, 2-3-cü yerləri tutublar. Azərbaycanın kontinental "Synergy Baku" komandasının üzvlərinin hamısı marşrutu ümumi pelotonda başa vurublar.

Mərhələnin ən yaxşı dağ velosipedçisi Ukraynanın kontinental "Kolss" komandasının üzvü Vitaliy Buts olub və o qırmızırəngli "AZAL" köynəyinə layiq görülüb. ABŞ-ın Pro-kontinental "Novo Nordisk" klubunun təmsilçisi Mehdi Benhamuda isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyirəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.

Veloturun 186,5 km-lik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb. Məsafəni 4 saat, 47 dəqiqə, 49 saniyəyə başa vuran velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın "Kolss" komandasının üzvü Oleksandr Polivodanı 38 saniyə qabaqlamaqla solo-finiş edib. İsrailin "İsrael Cycling Academy" komandasının üzvü Dennis van Vinden isə liderdən 42 saniyə geri qalmaqla 3-cü yeri tutub.

Mərhələ qalibiyyəti Kiril Pozdnyakovu, həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o, mavirəngli "Synergy" köynəyinə yiyələnib. Bundan başqa, velosipedçimiz aralıq sprintlərində hamıdan çox xal toplamaqla, ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşılrəngli "SOCAR" köynəyinə sahib çıxıb.

Üçüncü mərhələdə 177 km-lik Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutundan sonra, Azərbaycanın elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderliyini qoruyub. Mərhələ qalibi isə bizə yaxşı tanış olan, "Synergy Baku"nun keçmiş üzvü, hazırda Avstriyanın "Amplatz BMC" komandasının şərəfini qoruyan sloveniyalı Matey Müqerli olub - o, məsafəni 4 saat, 20 dəqiqə, 32 saniyəyə başa vurub. Xatırladaq ki, Matey Müqerli ötən il "Synergy Baku"nun heyətində də bu mərhələnin qalibi olmuşdu. İsrailin "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim və Ukraynanın "Kolss" komandasının təmsilçisi Vitali Buts qaliblə eyni vaxt göstəricinə imza atmaqla, finiş xəttini, müvafiq olaraq, 2-3-cü keçiblər.

"Synergy Baku"nun üzvlərinə gəlincə, Kiril Pozdnyakov və Yosip Rumaç finişi ümumi pelotonda keçməklə, fotofinişdə, əsasən, 14 və 15-ci olublar. Məhz bu nəticə Kiril Pozdnyakova ümumi təsnifatda liderliyi qorumağa şərait yaradıb və o, mavirəngli "Synergy" köynəyini özündə saxlayıb.

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 4-cü yarış günü 164 km-lik məsafəni birləşdirdi. İdmançılar Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürməklə, İsmayıllı-Ağsu-Şamaxı marşrutu üzrə hərəkət ediblər və Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəsi qarşısında finiş xəttini keçiblər. 

Əvvəlki illərdən fərqli olaraq, marşruta Ağsu dolaylarının da əlavə edilməsi mübarizəyə əlavə rəng qatıb. Veloturun ən çətin dağ mərhələsinin qalibi isə ABŞ-ın "İlluminate" komandasının təmsilçisi Edvin Avila olub - 4 saat, 2 dəqiqə, 1 saniyə. Rusiyanın "Gazprom-Rusvelo" və İtaliyanın "Wilier Triestina" klublarının nümayəndələri İldar Arslanov və Aleks Turrin finişi qalibdən, müvafiq olaraq, 2 və 5 saniyə sonra keçməklə 2-3-cü yerləri tutublar.

Yarışın sonuncu mərhələsinin start və finiş nöqtəsi Azadlıq meydanında olub. Bu dəfə iştirakılar Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 km məsafə qət ediblər. Veloturun son mərhələsinin qalibi "İsrael Cycling Academy" komandasının üzvü Krist Neylands olub - o, məsafəni 3 saat, 53 dəqiqə, 56 saniyəyə başa vurmaqla, solo-finiş edib. Türkiyənin "Torku Şekerspor" və ABŞ-ın "İlluminate" klublarının velosipedçiləri Ahmet Örken və Edvin Avila qalibdən 21 saniyə geri qalmaqla, 2-3-cü yeri tutublar.

Yarışın lider köynəklərinin sahibləri dəyişilməz qalıb - Azərbaycanın elit yığma komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatın qalibi üçün nəzərdə tutulan "Synergy" köynəyini özündə saxlamaqla, “Tour d’Azerbaidjan-2017”nin qalibi olub. Bundan başqa, təmsilçimiz dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızırəngli "AZAL" köynəyinə də yiyələnib. Bütün bunların yekunu olaraq, Kiril ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan xüsusi köynəklə də təltif edilib. 

Yarışın qalibi Kiril Pozdnyakov təəssüratlarını jurnalistlərlə bölüşüb: “Qalib gəldiyim üçün şadam. Bu qələbə mənim üçün çox önəmlidir, çünki məhz Azərbaycanda qalib gəldim. Uğur yalnız bir nəfərin adına yazılmır. Bu, bütün komanda üzvlərinin səyi nəticəsində reallaşır. Sözsüz, İsmayıllıda böyük fərqlə qalib gəlməyim imkan verdi ki, növbəti mərhələlərdə daha rahat çıxış edim. Çünki vaxta görə rəqiblərimi çox qabaqlayırdım və yekunda çempion oldum. Yaxın gələcəkdə Sloveniya və Slovakiyada turlara qatılacağıq. Yaxşı komandamız var. Fiziki hazırlığım da qaydasındadır. Həmin yarışlarda da uğur qazanacağımıza inanıram”.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov yarışın yekun nəticələrindən razı qaldığını bildirib. Onun sözlərinə görə, gələn il velotura daha bir mərhələ əlavə oluna bilər: “İlk dəfə “Azərbaycan turu”nda bu qədər dəyişkən hava ilə üzləşdik. Yağış da yağdı, dolu da. Amma təbiət hadisəsi tura rəng qatdı. Əsas odur ki, komandalar həvəslə bu yarışda çıxış etdi. Düşünürəm, dolaylar velosipedçilərin də xoşuna gəldi. Azərbaycanı dünyaya tanıtmaq mənasında daha bir addım atdıq. “Azərbaycan turu”na daha bir mərhələnin artırılması müzakirə olunur. İdmançılar Pirquludan qayıdandan sonra, dincəlməyə getdi. Biz isə qonaqlarla Xızı dağlarına yollandıq. Həmin marşrut qonaqlarımızın çox xoşuna gəldi. Bu yollar yarış üçün çox əlverişlidir. Kəskin enişlər və yoxuşlar, sərt döngələr var. Gələn il çox maraqlı yarışın baş tutacağını düşünürəm. Bu nəticəni gözləyirdim. Komandamız gəncləşib və bu üzdən müəyyən çətinliklərlə üzləşmişik. Ancaq şadam ki, Pozdnyakov ümidlərimizi doğrultdu. Bu, hələ başlanğıcdır. Bu heyətlə daha böyük uğurlara imza atacağıq. Buna qədər iki dəfə komanda şəklində qalib gəlmişdik. Mənim üçün hər bir uğur şirindir. 6 pro-kontinental komandanın iştirak etdiyi yarışda, təcrübəli rəqiblərlə mübarizədə Kirilin 1-ci yeri tutması böyük uğurdur”.

Avropa Velosipedçilər Birliyinin (AVB) vitse-prezidenti, qurumun şosse velosipedi növü üzrə komitəsinin rəhbəri Aleksandr Qusyatnikov qonaq qismində iştirak etdiyi yarışın təşkilatçılığını yüksək qiymətləndirib. O vurğulayıb ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) rəhbərliyi ilə bu idman növünün daha da inkişafı ilə bağlı daim müzakirələr aparır: “Biz yalnız “Tour d’Azerbaidjan” yarışı zamanı deyil, həm də digər vaxtlarda müzakirələr aparırıq. Azərbaycanda son illər velosiped idmanı sürətlə inkişaf edir və ölkənizdə bu istiqamətdə böyük işlər görülür. Nüfuzlu “Tour d’Azerbaidjan” yarışının mükəmməl təşkili də bunun sübutudur. İsmayıllıda velosiped zavodu istifadəyə verilib. Artıq Azərbaycan velosipedləri kənardan almayacaq, çünki öz daxili istehsalı var”.

Qeyd edək ki, velotura əlavə olunacaq 6-cı mərhələdəki yürüş Xızı dağlarının yaxınlığındakı istiqamətdə baş tutacaq.



MƏSLƏHƏT GÖR:

373