26 Aprel 2024

Cümə, 22:19

ACAR XAÇAPURİSİ

Batumi - Gürcüstanın turizm cənnəti, şərabçılıq mərkəzi və kurort bölgəsi

Müəllif:

15.05.2017

Yəqin ki, artıq Batumiyə səfərlə heç kəsi təəccübləndirmək olmaz. Batumi bulvarındakı «Əli və Nino» heykəli, «Şeytan çarxı», «Əlifba qülləsi» və s. çoxuna tanışdır.

Ən əsası, elə bu bulvardaca çimmək mümkündür, lakin Batumi, sadəcə, dəniz demək deyil, xüsusilə də dənizlə təəccüblənməsi mümkün olmayan Azərbaycan sakinləri üçün. Burada 10-20 kilometr məsafə qət etməklə, tamamilə fərqli dünyaya düşürsünüz - dağlar, çaylar, şəlalələr, antik və orta əsrlərə aid qalalar dünyasına. Odur ki, Acarıstan Muxtar Respublikasının paytaxtı yay mövsümündə əbəs yerə 800 minədək turistin istirahət məkanına çevrilmir. Halbuki, şəhər əhalisinin sayı bundan 2 dəfə azdır.

Azərbaycan əhalisi də son illərdə Acarıstan və ümumiyyətlə, Gürcüstan üçün sevilən turistə çevrilib.

2016-cı ilin statistikasına görə, Gürcüstana baş çəkmiş 6,3 milyon turistin 1,5 milyonu Azərbaycan vətəndaşı olub. Onların da əhəmiyyətli hissəsi məhz Acarıstana yolanıb.

 

Batumi bulvarı

Səkkiz kilometr uzunluğunda sahilyanı park 1881-ci ildə salınıb. Bu gün bulvar turistlərin sevimli gəzinti yerinə çevrilib. Yayda burada turist əlindən, sözün əsl mənasında, tərpənmək olmur. Batumi bulvarında şəkil çəkdirənlərin ən sevimli məkanlarından biri Qurban Səidin qəhrəmanlarının şərəfinə ucaldılmış «Əli və Nino» abidəsidir. Qadın və kişi formasında olan bu iki fiqur 24 sutka ərzində hərəkət edir, bir-birinə yaxınlaşır və uzaqlaşır. Elə burada da yerli limandan zövq almaq olar. Doğrudur, burada yaxtalar Dubay və ya Monakodakı qədər dəbdəbəli deyil, lakin onların da öz «pirat»ları var.

Elə heykəlin yaxınlığında yerləşən «Şeytan çarxı»ndan, həmçinin «Əlifba qülləsi»ndən bulvara gözəl mənzərə açılır. Bu qüllədə gürcü əlifbasının DNT formasında 33 hərfi əks olunub.

Bulvarın ən qədim obyektlərindən biri də hələ 1863-cü ildə, Osmanlı İmperiyası dövründə tikilmiş mayakdır. Mayak bu gün də pis hava şəraitində Batumi limanına daxil olan gəmilərə yol göstərir. Lakin indi, onun işığı infraqırmızıdır.

Çaça qalası da yaxınlıqdadır. Əvvəllər bu qaladan tündspirtli içki süzülürmüş. Lakin spirtli içkini pulsuz əldə etmək istəyənlərin sayının gündən-günə artması ilə bu «xeyriyyəçilik»i dayandırmaq qərarına gəliblər - alkoqolizmi təbliğ etməmək üçün.

Bulvarın daha bir görməli yeri Batumi Nikah Sarayı və musiqili fəvvarə kompleksidir. Yeri gəlmişkən, istənilən cütlük burada nikaha girə bilər. Fəvvarənin gecə saatlarında parlayan gözəl işıqları bir çox turisti cəlb edir. Müxtəlif alətlərdə ifa edən uşaq fiqurları cərgəsi isə parka xüsusi kalorit qazandırır. Parkın düz ortasındakı əzəmətli sütunlar bulvarın qapısının rəmzidir. Bu sütunlar da, memarlığı ilə hamını valeh edən Yay Teatrı da 1930-cu ildə tikilib.

Ümumilikdə, bütün bulvar ərazisində kiçik heykəllər var və onlar Batumiyə xüsusi kalorit verir.

 

Tolerant şəhər

Bulvarın içərisinə doğru bir qədər hərəkət etdikdə, istər nisbətən köhnə binaları, istərsə də müasir dövrdə inşa olunmuş, artıq Pyassa meydanı kimi, şəhərin vizit vərəqəsinə çevrilmiş gözəl tikililəri görmək mümkündür. Venesiya üslubunda olan bu meydan 2009-cu ildən Batuminin bəzəyinə çevrilib; burada, demək olar ki, hər gün açıq səma altında canlı konsertlər olur. Bu, ətrafda şam edən turistlərin könlünü daha da açır.

Meydanın yaxınlığında Batuminin mərkəzi məscidi yer alır. O, 1863-cü ildə, Osmanlı İmperiyası dönəmində tikilib. Elə burada yenə də həmin dövrdə yunanların xahişi ilə ucaldılmış Müqəddəs Nikolay kilsəsində pravoslavlar ibadət edirlər. Batumi Kafedral Kilsəsi ilk baxışdan, Gürcü Pravoslav Kilsəsinin memarlığına heç cür uymur. Əksinə, o daha çox katolik kilsələrini xatırladır. Əslində, Müqəddəs Məryəm Ana Kilsəsi həqiqətən də 1902-ci ildə katolik icması tərəfindən tikilib. Orada elmi-tədqiqat institutlarından birinin yerləşdirildiyi Sovetlər dönəmindən sonra isə o, Gürcü Pravoslav Kilsəsinə verilib.

 

Delfin Batuminin rəmzi kimi...

Batumiyə getdinsə, delfinaridə gözəl şounu mütləq izləməlisən. Delfinlər Batuminin rəmzi sayılır və onlar tez-tez sahildə çimən insanlara yaxınlaşır. Girişin kifayət qədər ucuz - 15 lari (7,5 dollar) olduğu delfinaridə insan bu ağıllı canlıların yaratdığı inanılmaz bayram atmosferinə düşür. Şou başlayanadək isə dənizlə birləşən Nurigel gölünün sahilindəki ağacların kölgəsində dayanmaq olar. Burada siz qarmaqla balıq tutanları müşahidə edə, yaxud Batumi zooparkına baş çəkə bilərsiniz.

Batumililər etiraf edirlər ki, Acarıstan, kurort şəhər kimi, şöhrətini müstəqillik illərində, hətta daha çox bu əsrin əvvəlindən qazanmağa başlayıb. Sovet İttifaqı dönəmində Gürcüstanda Qara dəniz kurortu kimi ilk yerdə Suxumi gəlirdi. Batumi isə sadəcə, böyük liman şəhərlərindən biri idi. Üstəlik, onun Türkiyə ilə sərhədə yaxın olması şəhərin insanların üzünə tam açılmasına mane olurdu. İndi isə dincəlmək istəyənlər, çətin ki, separatçı Suxumini seçsin. Üstəlik, Batumi sürətlə yenilənib və 1990-cı illərin əvvəllərindəki yarıdağınıq Suxumini çoxdan geridə qoyub.

 

Neft Bakısını dünya ilə birləşdirən liman

Batumi kurort statusuna rəğmən, Gürcüstanın Potidən sonra ikinci böyük limanıdır. Hələ XX əsrin əvvəllərində Rusiya İmperiyasının ilk boru xəttini məhz Bakı ilə Batumi birləşdirib. Həmin boru xətti ilə əvvəlcə ağ neft, sonradan isə xam neft nəql olunub. Məhz Bakı nefti sayəsində Batumidə neft emalı zavodu inşa olunub. İndi onu söküblər.

Lakin Batumi limanının Azərbaycan üçün əhəmiyyəti bu gün də aktuallığını qoruyub-saxlayır. Məsələ ondadır ki, Batuminin dəmir yolu ilə ildə 3 milyon ton Azərbaycan nefti, üstəlik, Bakı vasitəsilə tranzit olaraq Qazaxıstan nefti daşınır. Görünür, limanın yerləşdiyi küçə (bu, Batuminin mərkəzi küçələrindən biridir) təsadüfən Bakı küçəsi adlanmır.

Bununla yanaşı, Batumi heç də yalnız çimərlik istirahəti ilə məhdudlaşmır. Acarıstan paytaxtının ətrafında fəal ekoturizm həvəskarları üçün maraqlı çox şey var. Eyni şeyi yalnız antik dövrə aid tarixi abidələrə həvəs göstərənlər üçün də demək olar.

 

Antik şəhər

Qara dəniz sahilindəki Batus (dərin) şəhəri hələ eramızdan əvvəl IV əsrdə Aristotel tərəfindən xatırlanıb. Batumi bu gün də Qara dəniz sahillərinin ən dərinsulu limanlarından biri olaraq qalır. Şəhərin özündə antik abidələr yoxdur. Lakin ondan cəmi bir neçə kilometr aralıda orta əsrlərə aid Batumi qalasının qalıqlarını görmək mümkündür. Onun tarixi XII əsrə gedib çıxır.

Antik dövrlə təmas üçün isə Batuminin 20 kilometrliyində yerləşən Qonio qəsəbəsinə yollanmaq, oradakı Qonio-Apsaross qalasına baş çəkmək olar. Eramızdan əvvəl I əsrə aid Roma qalası haqqında ilk xatırlatma Strabona aiddir. Burada Roma ordusunun 3-5 kaqortası olub. Sonradan qala Bizans, Kolxida və gürcü kilsəsinin, Osmanlı və Rusiya imperiyalarının hakimiyyəti altına keçib. Hər bir halda, ondan birbaşa təyinatı üzrə istifadə olunub, qalanın divarları yenilənib və bu onun hazırkı günədək yaxşı formada qalmasına kömək edib. Praktik olaraq, qala divarlarının bu günə gəlib-çıxmış şəkli, əsasən, Osmanlı İmperiyası dövrünə aiddir. Qalanın içərisində isə Roma hamamının hissələrini və 2 000 il yaşı olan su kəmərini görmək mümkündür. Apsoros adı arqonavtlar və qızıl qoyun dərisi haqqında miflə bağlıdır. Əfsanəyə görə, Kolxida çarı Eet qızı Medeyanın köməyi ilə qızıl qoyun dərisini oğurlamış arqonavtları yaxalamaq üçün oğlu Apsorosu yollayıb. Lakin arqonavtların başçısı Yason Apsorosu öldürüb.

Təbii ki, Batumi bu qədər məşhur əfsanədən istifadə etməyə bilməzdi. Nəticədə, qızıl qoyun dərisi ilə Medeyanın heykəli şəhərin mərkəzi meydanlarından birini bəzəyir.

Apsaross qalası ilə bağlı daha bir əfsanə var - bəzi tarixi mənbələrə görə, İyudanın İsa Məsihə xəyanətindən sonra, 12 həvariyundan birinə çevrilmiş Matfiy burada dəfn olunub. Məlumata görə, Matfiy Gürcüstanda xristianlığı təbliğ edib və Qonino yaxınlığında şəhid olub. Onu bu qalada dəfn ediblər və hazırda orada həmin qəbiri görmək mümkündür. Lakin bu versiyanın nə dərəcədə dəqiq olduğunu söyləmək çətindir. Çünki digər bir məlumata görə, Matfiy İudeyada qətlə yetirilib, onun cəsədi isə sonralar Almaniyaya aparılıb.

 

Kobuleti

Yeri gəlmişkən, Acarıstanda dincəlməyi planlayan zaman Batumi ilə kifayətlənməmək də olar. İstirahət zamanı şəhər şəraitindən tam uzaqlaşmaq istəyirsinizsə, bir neçə kilometr şimalda kiçik kurort şəhərciyi - Kabuleti yerləşir. O, gözəl çimərlikləri ilə məşğurdur. Postsovet məkanının ən uzun küçələrindən biri, sahil boyunca 13 kilometr uzanan küçə məhz buradadır. Kabuletidə böyük otellərlə yanaşı, mənzillərin əksəriyyəti də kirayə verilib. Ondan bir qədər sonra - Acarıstan-Gürcüstan sərhədində isə dünyaşöhrətli ulduzları özünə cəlb edən möhtəşəm Black See Arena yer alır. Artıq mayın 20-də bu arenada əfsanəvi «Aerosmith» rok qrupunun konserti olacaq. Bunadək isə «Scorpions», Kristina Aqilera, Vanessa Mey və bir çox digər ulduzlar orada konsert proqramı ilə çıxış ediblər.

Konsertin başlanmasını isə arenanın yaxınlığındakı parkda gözləmək olar. Bu parkı tanınmış gürcü və dünya bəstəkarlarının, ifaçılarının heykəlləri bəzəyir. Parkın qeyri-adiliyi ondadır ki, sensorlara malik heykəllərə yaxınlaşan zaman həmin bəstəkarın və ya ifaçının əsərini eşidə bilirsiniz.

 

Bitmək bilməyən meşələr və çaylar

Təbiətisevənlər üçün ilk növbədə, Batuminin Botanika bağına baş çəkmələri məsləhətdir. O, şəhər mərkəzindən 15 dəqiqəlik məsafədədir. 110 hektarlıq ərazidə salınmış bağın yüksəkliyindən Batuminin valehedici mənzərəsini görə bilərsiniz. Yaxınlıqda isə məşhur Yaşıl burun çimərliyi. Bu çimərlikdə ağaclar, praktik olaraq, dənizdən başlayır.

Botanika bağı 1880-ci ildə salınıb və 1912-ci ildə insanların üzünə açılıb. Burada, təxminən, 5 min növdə bitki növü və forması var. Bu onu dünyanın ən böyük bağlarından birinə çevirir. Botanika bağını gəzərkən, Şimali və Cənubi Amerikaya, Yaponiyaya, Avstraliyaya və s. məxsus ağac və bitkiləri görə bilərsiniz. Ümumilikdə, bağ 9 bölməni özündə birləşdirən 21 zonadan ibarətdir. Havanın təmizliyi, güllərin ətri insanın başını gicəlləndirir. Siqaret hərisi belə, burada evkaliptlərin, şam ağaclarının, sərflərin, palıdların, palmaların və s. kölgəsində gəzişən zaman siqaret çəkməyi unudacaq.

Bağın yüksək hissəsində ayrıca, bütün gürcülərin katolikos-patriarxı II İlyanın «Günəşli gecə» xiyabanı salınıb. Patriarx bağa gələn zaman yaxınlıqdakı evdə qalır.

Nəhayət, görünür, güclü külək nəticəsində aşmış, lakin bir neçə ağaca həyat vermiş tülpan ağacının yanından etinasız keçmək mümkün deyil - bu ağaclar əsas kökdən üfüqi şəkildə qalxır.

Batumidən Çoroxi çayı boyunca şərqə getdikdə isə 30 kilometr sonra, Maxuntseti şəlaləsinin səsi eşidilməyə başlayır. Xalq rəvayətinə görə, sonsuzadək tamaşa etməyin mümkün olduğu 3 şeydən biri su axınıdır (digərləri alovun yanması və insan əməyidir). Su 30 metr hündürlükdən tökülürsə (bəzi məlumatlara görə isə 50 metrdən), bu mənzərədən göz çəkmək mümkün deyil. Hava çox isti olduqda, şəlalənin suyunda çimmək də olar. Ondan cəmi bir neçə metr aralıda isə XII-XIII əsrlərə aid tağşəkilli körpünü görəcəksiniz. Xalq arasında onu "Çariça Tamara" körpüsü adlandırırlar. Qeyd edək ki, gürcü dövləti tarixinin ən yaxşı dövrlərindən biri - «gürcü tarixinin qızıl əsri» bu gürcü çariçasının adı ilə bağlıdır (1166-1213). Daş və əhəngdaşından tikilmiş bu körpü, ən azı, 900 ildir ki, insanları Açaristsxali çayının bir sahilindən digər sahilinə daşıyır. Yerli sakinlər deyir ki, bu körpüdən keçərkən arzu tutmaq lazımdır və həmin niyyət tezliklə həyata keçir.

 

Şərab və pendir bolluğu

Maxuntsetiyə gedən yolda iki çay - Çoroxi ilə Açaristsxalinin qovuşduğu yerdə ayaq saxlamaq lazımdır. Burada Açaristsxalinin bulanıq suyu Çoroxinin təmiz suyuna qarışaraq, Qara dənizə tərəf yol alır.

Maxuntseti şəlaləsindən qayıdarkən isə şərab həvəskarları Acarıstan Şərab evində bu içkinin dadına baxa bilər. Gürcüstan ta qədimdən şərabçılığı ilə tanınır və o, qədim üzümçülük mərkəzlərindən biridir. Arxeoloji tapıntılar Gürcüstanda şərabçılığın hələ eramızdan əvvəl II-III əsrlərdə yarandığını göstərir. Bu, Gürcüstanı ən qədim şərab mənbələrindən birinə çevirir. Burada Kaxetiya və Alazan vadisində istehsal olunan şərablar daha populyar olsa da, Acarıstan da öz xüsusiətirli şərabları ilə öyünə bilər. Onların arasında üzümün «Çxaveri» növündən çəkilən çəhrayı şərab xüsusi yer tutur. Bu üzüm elə Acarıstanda yetişdirilir. Qeyd etmək lazımdır ki, bu, Gürcüstan ölçülərinə görə, kifayət qədər bahalı şərabdır - butulkası 50 lari (təxminən, 20 dollar). Yeri gəlmişkən, burada Hillari Klinton ABŞ-ın dövlət katibi olan zaman çəhrayı şərabın dadına baxmışdı.

Söz şərabdan düşmüşkən, gürcü süfrəsindən də danışaq. Gürcüstanda masaya verilən yeməklər regionlara görə dəyişsə də, pendir və şərab dəyişməzdir. Gürcü süfrəsini bu iki ərzaqsız təsəvvür etmək mümkün deyil. Şərab kimi, pendir də regiona görə fərqlənir - Acarıstanda xüsusi acar saçaq pendiri hazırlanır. Onun dadı kifayət qədər yumşaq, lakin duzludur. Yeri gəlmişkən, acarların ən populyar yeməklərindən olan boranonun hazırlanmasında məhz bu pendirdən istifadə edilir. Dənizin yaxınlığını, ətrafdan saysız-hesabsız çay axdığını nəzərə alsaq, Acarıstanda balıq çox sevilir. Burada masaya müxtəlif balıq yeməkləri verilir. Xəmir xörəkləri - açma, sinyori, İmeretiya xaçapurisi də xüsusi şöhrətə malikdir. Bütün bu yeməklərin dadına eyni vaxtda baxmaq olarsa, acar xaçapurisinin xüsusi yeri var. Bu xaçapuri o qədər doyumludur ki, onu ya səhər, ya da naharda yeyirlər. Formasına görə qayığa oxşayan xəmirin düz ortasında yumurta sarısı vurulur. Bu, Acarıstanın rəmzidir - dərin tarixə malik günəşli dəniz bölgəsi.



MƏSLƏHƏT GÖR:

458