26 Aprel 2024

Cümə, 13:52

YAXŞI KİNONUN ASTANASINDA

Yusif ŞEYXOV: «Kəmiyyətin keyfiyyətə keçməsi üçün zamana ehtiyac var»

Müəllif:

15.05.2017

Kino bəşəriyyətin həyatına elə möhkəm daxil olub, mədəniyyətin bir hissəsinə elə çevrilib ki, bu gün kimsə kinoteatra gedəndə, çətin ki, amerikalı Edisonu və ya dünyaya kinematoqraf möcüzəsini bəxş etmiş parisli Lümyer qardaşlarını xatırlayır. İlk pullu kinotamaşa 28 dekabr 1895-ci ildə olub və həmin gün kinematoqrafın bir incəsənət kimi yarandığı gün sayılır.

Kinoşünas Aydın Kazımzadənin aşkarladığı fakta görə, artıq 3 il sonra - 8 yanvar 1898-ci ildən Bakıda fransız filmləri göstərilməyə başlanıb. Həmin il 21 iyundan isə Bakının həyatı barədə filmlər nümayiş etdirildi. Həmin filmləri fransızmənşəli bakılı fotoqraf-kinooperator A.M.Mişon çəkib. Avqustun 2-də o, bakılılara üç kinoxronikdan və bir sənədli filmdən ibarət müəllif proqramı təqdim edib. Həmin gün Milli Kino Günü sayılır, Mişonun çəkdiyi bəzi filmlər isə Parisdəki arxivdən alınıb və Azərbaycan Dövlət Kinofilmlər Fondunda saxlanılır.

Hazırda bu incəsənət növünə dünyanın bir çox ölkəsində böyk tələb var və güclü inkişaf etmiş sənayeyə çevrilmiş kino iqtisadiyyatın bir hissəsinə çevrilib. Bunun üçün 100 ildən bir az çox vaxt lazım gəlib. Bəs biz 20-25 illik müstəqillik dövründə nəyə nail olmuşuq? Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovla bu barədə söhbət edirik.

- Zəhmət olmasa, deyin görək, bu gün kinoprokat məsələsində işlər nə yerdədir?

- Bəli, dövlət prokatı yoxdur. O, artıq 20 ildir ki, yoxdur. Mərkəzləşmiş dövlət təchizatı sistemi ləğv edildi, prokat da yoxa çıxdı. İndi buna distribüsiya deyirlər. Hər yerdə olduğu kimi bizdə də bununla özəl şirkətlər məşğul olur.

- Bunun nəticəsi nədən ibarətdir?

- Keçmişdə dövlət kino istehsalını maliyyələşdirirdi. Bura filmlərin tirajlaşdırılması da, kinofiksassiya da daxil idi. Bu isə geniş kinoteatrlar, mədəniyyət evləri, klub şəbəkəsi və s. demək idi. Bazar iqtisadiyyatı öz düzəlişlərini etdi və bu gün bizim kinematoqraf, belə demək mümkündürsə, Avropa və ABŞ tərəfindən tutulmuş məkanda öz yolunu axtarır. Onların kinosu yaxşı inkişaf etmiş sənayedir. Biz hələ bunun astanasındayıq.

- Amma çoxları deyir ki, teatrdan fərqli olaraq, kinoda müəyyən sıçrayış müşahidə edilir. Bunu bum kimi dəyərləndirmək olarmı?

- Hə. Çox film çəkilir. «Azərbaycanfilm» də çəkir, çoxsaylı prodüser şirkətləri də. Bazar iqtisadiyyatı şəraitində və prodüser kinosunun yaranmasından sonra, ideyanın ssenaridən ekrana qədər getməsi prosesi yetərincə sadələşib.

- Daha çox necə filmlər çəkilir: dövlət sifarişi olanlar, yoxsa prodüser filmləri?

- Prodüser kinosu daha çoxdur. Çox vaxt onlar aşağıbüdcəli olurlar, amma reklamları çağdaşdır, təqdimatlarında kreativ yanaşma sərgilənir.

- Amma təcrübədə prodüser kinosu daha çox bədii cəhətdən zəif görünr. Biz tez-tez rejissor bacarıqsızlığının şahidi oluruq, bunu komedia janrı ilə maskalamağa çalışırlar. Bu, kəmiyyətin keyfiyyəti öldürdüyü haldır. Çıxış nədədir?

- Çıxış? Mən düşünürəm ki, kəmiyyətin keyfiyyətə keçməsi üçün zamana ehtiyac var. Çox film çəkməkləri isə yaxşıdır: təcrübə və təbii seçim lazımi nəticələrə gətirə bilər.

- Bəs peşəkar kino tənqidi?

- O, demək olar ki, yoxdur. Kino elitarlıqdan çıxdıqdan sonra, ciddi peşəkarlar tənqidlə məşğul olmağı dayandırdılar. Yalnız son zamanlarda yeni adlar yaranmağa başlayıb. Amma bu, tamamilə ayrı söhbətdir.

- Bəs dövlət kinosu?

- Yeni adlar, yeni formalar, yeni ideyalar, maraqlı layihələr axtarışındadır...

- Məsələn?

- Postsovet dövründə peşə varisliyi prosesində qırılma yaşanıb. İndi bizim üçün əsas məsələ, yaxşı peşəkar kino çəkməyi bacaran gənc peşəkarların aşkarlanmasıdır.

- Bunlar xüsusi layihələrdir?

- Belə də demək mümkündür; məsələn, 2015-ci ilin layihəsi «Qırxıncı paraleldə» almanaxıdır. Rusiya Dövlət Kinematoqrafiya Universitetini bitirmiş gənclər - Amil Məmibəyli, Ayşad Səfərəliyev, həmçinin Emin Əfəndiyev və Zamin Məmmədov dörd novella çəkdilər. Maraqlı layihə idi. Buna qədər daha bir gənclər almanaxı - «Şəhər motivləri» olmuşdu.

- Kinematoqraflar İttifaqının maraq dairəsində olan rejissorların arasında ortayaşlı adamlar varmı?

- Əlbəttə, var. Siz, yəqin ki, rejissor Elçin Musaoğlunun «Nabat», Asif Rüstəmovun «Axınla üzüaşağı», Şamil Əliyevin «Çölçü», Mirbala Səlimovun «Qırmızı bağ» filmlərini görmüsünüz. Mirsadıq Ağazadə «Evinizdə sülh olsun», İlqar Nəcəf isə «Nar bağı» filmlərinin çəkilişini başa çatdırır, Rüfət Həsənov işçi adı «İki nəfər üçün moll» olan film üzərində işi başa çatdırır.

- Rejissorlar hansı janrlara üstünlük verirlər?

- Əgər vəziyyətə faiz nisbəti ilə baxılarsa, üstün tərəf yoxdur. Hər kəs ona maraqlı olan tərəfi seçir. Bizim planlarımızda vətənpərvərlik mövzusu dəyişilməzdir.

- Komediya janrını seçənlər varmı?

- Ülviyyə Könül və Rüfət Həsənov öz filmlərini lirik komediya janrında çəkiblər.

- İzləyicilər daha çox hansı janra meyil edirlər?

- Əlbəttə, komediya janrına. Əgər insan ailəsi ilə birlikdə kinoteatra gedirsə, o, fəlsəfi dərinliklərə girmək yox, orada istirahət etmək istəyir.

- Bu, statistikadır?

- Təəssüf ki…

- Niyə insanlar ailələri və dostları ilə birliklə kinoya az getməyə başladılar?

- Kinoteatrlara kollektiv getmək mədəniyyəti itirilib. Ola bilər ki, bu, hazırda İnternet və televiziyanın verdiyi imkanlarla bağlıdır.

- Bu gün zalın doluluq problemini həll etmək mümkündürmü?

- Əgər məktəb partasından başlayaraq, biz uşaqlarımıza yaxşı bədii film zövqü və filmə incəsənət hadisəsi kimi baxmaq qabiliyyəti aşılaya bilsək, yəqin ki, mümkündür. Hazırda Milli Məclisdə kinematoqrafiya haqqında yeni qanuna baxırlar. Ümid edirəm ki, qanunda çağdaş milli kino istehsalının problemləri ilə bağlı məqamlar nəzərə alınacaq və əks etdiriləcək. O cümlədən Milli Kinonun populyarlaşdırılması məsələsi də. Biz hamımız bunu gözləyirik.

- Söhbəti bitirməzdən öncə, gəlin, yekunlaşdıraq: bu gün dövlət və prodüser kinosu yorulmadan axtarışdadır - həm öz yolunun, həm də izləyicisinin axtarışında. Bəs sabah necə olacaq?

- Yeni perspektivlər və yeni axtarışlar. Kino Azərbaycanda yeni mərhələdədir, dirçəliş yolunu keçir. Bu, bəllidir ki, ən çətin dövrdür: itkilər, məyusluqlar və həm də qələbələr dövrü!

- Prodüser kinosunda da belədir?

- Əlbəttə; misal üçün, prodüser mərkəzlərindən «Bakı Media Mərkəzi» maraqlı işlər görür…

- Hə! Mən bu mərkəzin «Hamı üçün bir günəş» filmini görmüşəm. Gözəl operator işi, təqdirəlayiq ssenarisi var!

- Bax, görürsünüzmü?! Deməli, bizim, sadəcə, zamana ehtiyacımız var. Zamansa, bəllidir ki, həm ən ədalətli müəllim, həm də ədalətli hakimdir. Əsas məsələ irəli getməkdir: axtarmaq, təcrübə aparmaq.

- Özünüzə və Azərbaycanın çağdaş kinosunu yaradan hər bir kəsə nə arzulardınız?

- Bol-bol yaxşı və maraqlı filmlər arzulayıram: həm dövlət sifarişi ilə, həm də prodüser filmləri. Eləcə də Azərbaycan kinosunu çox vacib incəsənət sayan layiqli, diqqətli və tələbkar izləyicilər arzulayıram…



MƏSLƏHƏT GÖR:

376