8 May 2024

Çərşənbə, 05:36

YAVAŞ, AMMA İNAMLI...

Neft qiymətlərinin dəyişməsi fonunda, Azərbaycan iqtisadiyyatı sabitliyni qoruyur

Müəllif:

15.05.2017

Güclü valyuta titrəmələrindən sonra, Azərbaycanda bərqərar olmuş maliyyə sabitliyi bu ilin birinici rübünün yekunları üzrə daha aydın görünür. Manatın məzənnəsi sabitləşib, strateji valyuta ehtiyatları artmağa başlayıb, xarici ticarətdə müsbət saldo müşahidə edilir. Ancaq neftin qiymətinin barrel üzrə $50-dan aşağı düşməsi kimi təhlükəli meyil son iki ildə çox mürəkkəb inkişaf dövrü yaşamış milli iqtisadiyyatın gələcəyi baxımından narahatlıq yaradır.

 

Qızıl-valyuta ehtiyatlarının artımı

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları cari ilin birinci rübünün yekunlarına görə, $60 mln. artaraq, $33,207 mlrd.-a çatıb. Özü də investisiya çantasının 2/3-si qısamüddətli aktivlərə yerləşdirilib. Bu, ondan xəbər verir ki, hətta dünya neft bazarında vəziyyət pisləşsə belə, ARDNF ölkənin maliyyə bazarlarını əlavə vəsaitlərlə təmin etməyə hazırdır. Nəzərə almaq lazımdır ki, birinci rübün yekunlarına görə, Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları $4,432 mlrd. təşkil edib, ölkənin qızıl-valyuta ehtiyatları $518 mln. artaraq, $37,639 mlrd. təşkil edib.

Burada maraqlı bir məqamı da unutmaq olmaz: ARDNF başçısı Şahmar Mövsümovun sözlərinə görə, birinci rübdə fond ölkədə iqtisadi sabitliyin təmini üçün AMB-yə 2,3 mlrd. manat transfert gerçəkləşdirib. Yada salaq ki, 2017-ci ildə fondun büdcəsində bu məqsədlər üçün 7,5 mlrd. manat ayrılması nəzərdə tutulub. Şahmar Mövsümovun sözlərinə görə, hesablamalar göstərir ki, bu məbləğ tam həcmdə tələb olunmayacaq. «Ancaq son rəqəmin neçə olacağını indidən deyə bilmərəm», - deyə fond rəhbəri bildirib. Yəni sabitlik əlamətləri göz qabağındadır.

Qeyd edək ki, birinci rübün sonuna olan məlumata görə, xarici ticarətdə də $1 mlrd.-dan çox müsbət saldo müşahidə edilib. AMB rəhbərliyi öz növbəsində bildirib ki, əgər dünya iqtisadiyyatında qeyri-ordinar durum olmayacaqsa, cari ilin sonuna görə ölkənin tədiyyə balansı müsbət olacaq.

 

Gözlənilən təhlükə

Bununla yanaşı, Azərbaycan iqtisadiyyatı üçün real təhlükə dünya bazarlarında neftin qiymətinin kəskin azalması ola bilər. Bu sahədə durumun nə qədər dəyişkən olduğunu Şimal dənizi neftinin barrelinin qiymətinin 2016-cı il noyabrın 30-dan sonra ilk dəfə olaraq, 2017-ci il mayın 5-də $47-dan aşağı düşməsi göstərir, amma bir həftədən sonra qiymət yenidən $50-dan yuxarı qalxdı.

Bu titrəmələr gözlənilən idi - indiki ABŞ Prezidenti Donald Tramp seçkiqabağı Amerika karbohidrogen istehsalçılarına verdiyi vədlərini yerinə yetirir. Tramp neft hasilatına Barak Obama tərəfindən qoyulmuş qadağanı aradan qaldırdı və 28 aprel 2017-ci il tarixdə fərman imzalayaraq, Atlantik, Sakit və Şimal buzlu okean sahələrindən, həmçinin Meksika körfəzində neft hasilatına icazə verdi. Trampın mart ayında sosial şəbəkədə neftin barrelinin qiymətinin $25-dan yuxarı olmaması barədə verdiyi açıqlama nəzərə alınarsa, neftin qiymətinin düşməsi daha da ciddi ola bilər.

ABŞ rəhbərliyinin neft hasilatının artırılması ilə bağlı apardığı aqressiv siyasət, əlbəttə, OPEC ölkələrində və neft ixracatçısı olan digər iri ölkələrdə böyük narahatlıq doğurur. Yada salaq ki, OPEC ölkələri və kartelə daxil olmayan 11 ölkə 1 yanvar 2017-ci il tarixdən neft hasilatını sutkada 1,8 mln. barrel azaltmaq barədə razılığa gəliblər. Atılan addım neft bazarında «qara qızıl»ın, artıq təklifini azaltmaq ehtiyacından doğub. Əldə edilən sazişlər nəticəsində, artıq 2017-ci ilin yanvarında neftin barrelinin qiyməti $57-ı keçib.

Ancaq neftin qiymətinin bahalaşması ABŞ-da şist neftinin hasilatını da candandırıb. Aydındır ki, OPEC-in aparıcı istehsalçısı Səudiyyə Ərəbistanının neft bazarındakı payı hazırda azalmaqdadır, amma ABŞ şist neftinin hasilatını bərpa etməklə gündəlik hasilatı 9,3 mln. barrelə qaldıra bilib. Hazırda neft ixracatçısı olan ölkələr ümid edirlər ki, ərəb şeyxləri dözüm göstərəcək və şist yataqlarında neft hasilatı ilə məşğul olan şirkətləri müflis etmək üçün növbəti dəfə bazarları «doldurmaq» niyyətinə düşməyəcəklər.

Bu məsələdə müəyyən qərara sazişi imzalamış ölkələrin energetika nazirlərinin mayın 25-də Vyanada keçiriləcək görüşündə gəlinə bilər. Görüşdə hasilatın azaldılması barədə sazişin ilin sonuna qədər uzadılması müzakirə olunacaq.

 

Neft-qaz sektorunun resursları tükənir

BTC FOB Ceyhan neft qarışığının orta qiymətinin cari ilin birinci rübündə barrel üzrə $55 səviyyəsində olmasına baxmayaraq, sözügedən dövrdə milli iqtisadiyyatda ümumi daxili məhsulun (ÜDM) növbəti azalması qeydə alınıb. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, birinci rübün sonuna ÜDM 15,3 mlrd. manat təşkil edib ki, bu da 2016-cı ilin uyğun dövrü ilə müqayisədə 0,9% azdır.

Bununla belə, əgər qeyri-neft sektorunda 2,4% artım qeydə alınıbsa, neft sektorunda 6,8% azalma müşahidə edilib. Amma bu, ilk öncə, neft hasilatının azalması, o cümlədən OPEC çərçivəsində əldə edilən ilə anlaşmanın icrası ilə izah edilir. Qeyd edək ki, cari il Azərbaycan hökuməti ÜDM-in 1% artacağını proqnozlaşdırır. Uyğun olaraq, cari ildə qeyri-neft sektoru sahələrinin hesabına ÜDM-in inkişaf templərinin gələcək artımını gözləməyə dəyər.

Bununla yanaşı, beynəlxalq maliyyə institutları öz proqnozlarında daha ehtiyyatlıdırlar və bunun da məntiqi izahı var. Çünki Azərbaycan iqtisadiyyatında baş verənlərə bütünlükdə region üzrə proqnozlar və hadisələr kontekstində baxılır.

Beynəlxalq Valyuta Fondu (BVF) "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya (QMA)" icmalında qeyd edir ki, son zamanlarda regionda durumun yaxşılaşmasına baxmayaraq, xarici şərtlər, gözlənildiyi kimi, ortamüddətli perspektivdə nisbətən zəif olaraq qalacaq.

"Həmçinin, keçmiş xarici şoklar nəticəsində, QMA regionu daha zəifləmişdi - dövlət borcları artmışdı, maliyyə sektoru zəifləmişdi. Bu baxımdan, 2018-2022-ci illər üzrə QMA-da orta artım templəri 4,3% səviyyəsində proqnozlaşdırılır ki, bu, regionun 2000-2014-cü illərdə nümayiş etdirdiyi 8,1%-dən xeyli aşağıdır", - deyə fond vurğulayır.

BVF sanır ki, Azərbaycanda iqtisadi fəallıq, proqnozlaşdırıldığı kimi, yavaş bərpa olunacaq. OPEC və OPEC-ə daxil olmayan ölkələrlə sazişə uyğun olaraq, neft hasilatının daha aşağı həcmdə olması iqtisadi fəallığa məhdudlaşdırıcı təsir göstərəcək. Bu, həmçinin maliyyə asılılığı amillərinin saxlanmasının və büdcə konsolidasiyasının gözlənilən təsirləri altında baş verəcək.

Dünya Bankı (DB) isə hələ ki, 2017-ci il üçün Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,4% azalacağını, amma 2018-ci il üçün 0,6% artım olacağını proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) isə Azərbaycan iqtisadiyyatının 2017-ci ildə 0,5% geriləyəcəyini düşünür və 2018-ci il üçün 2% artım proqnozlaşdırır. AYİB qeyd edir ki, neftin qiymətinin barrel üzrə $50-55 ətrafında sabitləşməsi fonunda birinci rübdə Azərbaycanın milli valyutası möhkəmlənib və ölkə yetərli qədər valyuta rezervlərinə malikdir.

Beynəlxalq maliyyə institutlarının narahatlığına qarşı bu faktı gətirmək olar ki, ölkə büdcəsinin formalaşmasında qeyri-neft sektorunun rolu nəzərəçarpacaq səviyyədə artır. Maliyyə Nazirliyinin göstəricilərinə görə, 2017-ci ilin birinci rübündə ölkə büdcəsinin gəlirləri 3,591 mlrd. manat təşkil edib ki, bu da proqnozdan 3,4% yüksəkdir, xərclər isə 3,912 mlrd. manat olub ki, bu da proqnozdan 4,5% azdır. Büdcənin gəlir hissəsinin əsas maliyyə daxilolmaları Vergilər Nazirliyinin xətti ilə təmin edilib və 1,42 mlrd. manat təşkil edib ki, bu da proqnozun 103,8%-nə bərabərdir. Özü də vergi işçilərinin topladığı vəsaitlərin 67,2%-i və ya 954,5 mln. manatı qeyri-neft sektorunun payına düşüb.

Bildirmək gərəkdir ki, neftin qiymətinin sabitləşməsi bir sıra deputatların Milli Məclisdə çıxış edərək, büdcənin gəlir və xərclərinin artırılması üçün proqnozlara yenidən baxılması təklifi ilə çıxış etməsinə səbəb olub. Yada salaq ki, ölkə büdcəsi neftin qiymətinin barrel üçün 40 dollara bərabər olması əsasında hesablanıb. Amma neft bazarında baş verən son hadisələr bu qiymətin daha məntiqli olduğunu göstərir. Özü də neft-qaz sektorunda neft hasilatının azalması meyli özünü bariz göstərir. Birinci rübdə neftin qiymətinin artmasına baxmayaraq, bu sektordan ölkə büdcəsinə daxilolmaların azalması meyli qeydə alınır.

Qeyri-neft sektorundan daxilolmaların sabit artımına və uyğun olaraq, qeyri-neft ixracının böyüməsinə nail olmaq üçün manatın əsassız möhkəmləndirilməsinə yol vermək olmaz. Neftin qiymətinin düşməsi Rusiya və Qazaxıstanın milli valyutalarının zəifləməsinə gətirə bilər ki, manatın «üzən» məzənnəsinin formalaşdırılması zamanı bu amili nəzərə almaq məqsədəuyğun ola bilər. Çünki Azərbaycan məhsulları, hələ ki, ənənəvi Rusiya və MDB ölkələri bazarlarında uğurla satılır.

Bir sözlə, maliyyə alətləri vasitəsilə və qeyri-neft ixracatının artırılması ilə Azərbaycan iqtisadiyyatı üzrə proqnoz göstəricilərini yaxın gələcəkdə müsbət dinamikaya dəyişdirmək mümkündür.


MƏSLƏHƏT GÖR:

370