26 Aprel 2024

Cümə, 13:16

YELİSEY SARAYININ MOTSARTI

Emmanuel Makron Fransa tarixinin ən gənc prezidenti olmaqla yanaşı, bu posta seçkiyə müstəqil şəkildə qatılaraq seçilmiş ilk şəxsdir

Müəllif:

15.05.2017

Fransada keçirilmiş son Prezident seçkisinin nəticələri, nəinki 1959-cu ildə Beşinci respublikanın yaradıldığı zaman qoyulmuş ənənənin pozulması, həm də ölkənin siyasi landşaftının köklü şəkildə dəyişməsinin detonatoru sayıla bilər. 50 ildən artıq idi ki, seçki nəticəsində bu dövlətin başına 2 əsas siyasi partiya - Sosialistlər və Respublikaçılar (Hollçuların partiyası adını bir neçə dəfə dəyişib) partiyalarından birinin namizədi keçirdi. Bu dəfə «Milli Cəbhə»nin lideri Marin Le Pen ilə «İrəli» hərəkatının yaradıcısı Emmanuel Makronun seçkinin ikinci turuna keçmələri ilə, bu ənənəyə son qoyulub.

 

Motsart

Deyirlər ki, Fransa mətbuatı son 5-6 ayda Makron haqqında bütün digər prezidentliyə namizədlərlə bağlı ümumi yazılandan dəfələrlə çox yazıb. Bu, əlbəttə ki, həm də yalnız 2016-cı ilin yazında siyasi təşkilat yaradaraq, prezident seçkisinin favoritinə çevrilə bilmiş gənc siyasətçiyə (dekabrda onun 39 yaşı tamam olub) olan maraqla əlaqədardır. Amma məsələ yalnız maraqda deyil. Makron cəmiyyətin əhvalını tuta bilib. Cəmiyyət isə «klassik» partiyaların bir-birini əvəzləyən liderlərinin ölkəni saldığı iqtisadi və siyasi durğunluqdan, nəhayət, can qurtarmaq arzusundadır.

Gənc siyasətçinin karyerası, həqiqətən, xoş təəssürat yaradır. Makron təhsilini ölkənin ən nüfuzlu tədris müəssisələrində alıb - Parisin IV Henrix liseyi və Milli Administrasiya Məktəbi (ENA). Bu təhsil ocaqlarını vaxtilə Fransanın daha 3 prezidenti bitirib.

Gənc oğlan təhsilini başa vurar-vurmaz, İqtisadiyyat Nazirliyində işləməyə başlayıb. Beş il sonra buradan Rotşildlərin bankına keçib və orada çalışdığı 2 ildə «maliyyə Motsartı» adını qazanıb. O, «Nestle»ni «Pfizer» əczaçılıq şirkətinin bir hissəsini 12 milyard dollara almağa razı sala bildiyi üçün belə adlandırılıb.

2012-ci ildə Makron yenidən İqtisadiyyat Nazirliyinə qayıdıb və 2 il sonra - 36 yaşında nazir təyin olunub. Fəal şəkildə dövlət şirkətlərinin birləşdirilməsi ilə məşğul olan gənc siyasətçi bu dəfə «Yelisey sarayının Motsartı» adını qazanıb.

 

Uğur qazanmaq şansı olmadan

Makron prezidentliyə namizədliyini irəli sürmək qərarına gələn zaman da özünə xas davranıb. Kifayət qədər tərəfdarı olmadığından, müasir siyasi texnologiyalardan istifadənin zəruri olduğunu anlayan Makron özünə Barak Obamanın seçki kampaniyasında yaxşı məktəb keçmiş 3 məsləhətçi götürüb.

Siyasi texnoloqların cəlbi strategiyası özünü doğruldub - «İrəli» hərəkatının könüllüləri ev-ev gəzərək, öz namizədlərini təbliğ etməyib (Fransa qanunları bunu qadağan edir), sadəcə, insanlardan onları daha çox nəyin narahat etdiyini soruşublar. Sonda aparılmış sorğuların nəticələrinə əsasən, hər bir region üçün fərdi seçki proqramı hazırlanıb.

Lakin Emmanuel Makrona ikinci tura yüksəlmək hüququ vermiş 24,01% səsi yalnız bununla əsaslandırmaq olmaz. Sosialist Fransua Ollandın biabırçı idarəçiliyi nəticəsində fransızların ona inamı 10-12%-ə düşmüşdü. Respublikaçılardan olan namizəd Fransua Fiyon isə korrupsiya qalmaqalı ilə «sarsılmışdı». Belə olan halda, bu partiyaların uğur qazanmaq şansı qalmamışdı. Nəticədə, seçkinin ikinci turuna yenə də gözlənilməz olaraq, «Milli Cəbhə»nin lideri Marin Le Pen yüksəlmişdi. Bununla da o, atası, partiyanın yaradıcısı Jan-Mari Le Penin uğurunu təkrarlamışdı (2002-ci ildə Jan-Mari Le Pen ikinci turda Jak Şiraka məğlub olmuşdu).

Sonda Emmanuel Makron səslərin 66,06%-ni qazanaraq, Fransa tarixinin ən gənc prezidenti olub. Son 170 ildə bu rekord Lui-Napoleon Bonaparta məxsus idi. O, 1848-ci ildə hakimiyyətə 40 yaşında gəlmişdi.

Maraqlıdır ki, İctimai Rəyin Öyrənilməsi İnstitutunun (Ifop) hələ 2016-cı ilin sentyabrında apardığı sorğu zamanı fransızların 53%-nin Makronun, ümumiyyətlə, prezidentlik yarışına qoşulmasını belə, istəmədiyini göstərmişdi.

 

Kibermüharibə

Görünür, yalan xəbərlər və haker hücumları müasir seçki kampaniyalarının mütləq atributuna çevrilib. Ötən il onlar ABŞ-da prezident seçkisinin nəticələrinə təsir göstərmişdi, bu il isə, çox güman ki, Fransa-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək. Kiberhücumların arsenalının bənzərliyinə rəğmən, nəticələr fərqli olur və bu, tamamilə anlaşılandır.

Klinton öz məğlubiyyətində özünün adlandırdığı kimi, «rus WikiLeaks-i»ni günahlandırır. Lakin Makrona qarşı tamamilə oxşar addımlar onun aşkar üstünlük qazanmasına əngəl olmayıb.

Səbəb nədir? Birincisi, Klinton uzun illərin siyasətçisidir və bu dövrdə artıq amerikalılarda onunla bağlı qəti fikir formalaşıb. Burada, əlbəttə ki, söhbət yalnız müsbət fikirlərdən getmir. Odur ki, kompromatlara dərhal inanıblar. Makron isə 2 il iqtisadiyyat naziri olsa da, siyasətdə yenidir. Bundan başqa, həm ABŞ-da, həm də Fransada seçicilər dəyişiklik istəyirdi. Makron bu dəyişiklikləri vəd edirsə, Klintonla bağlı belə gözləntilər yox idi.

İkinci səbəb - fransız seçici amerikalılarla müqayisədə daha tərübəli və siyasi cəhətdən savadlıdır. Hər halda, Oksford Universitetinin ekspertləri bu qənaətə gəlib. Onların araşdırması göstərib ki, Fransada sosial şəbəkə istifadəçiləri siyasi diskussiyalarda daha keyfiyyətli informasiya mənbələrinə istinad edir. Seçkiqabağı kampaniya dövründə sosial şəbəkələrin fransız istifadçiləri saxta mənbə və "sarı mətbuat"dan 2 dəfə çox ciddi mənbələrə istinad edib. ABŞ-da bu, 1:1 nisbətində olub.

Fransada siyasi mədəniyyətin yüksək olduğunun göstəricisi kimi, seçkinin ikinci turundakı fəallığı da göstərmək olar. O, yerli ənənə ilə müqayisədə elə də yüksək olmayıb - 74,56%. ABŞ üçün isə bu, 1896-cı ildən bəri yeni rekord olardı.

Rusiya ilə münasibətlərə gəlincə, o, bir qədər korlana bilər. Çünki haker hücumlarının arxasında Kremlin nəzarət etdiyi strukturların dayandığına dair ehtimallar var. Kiberhücumlar haqqında çox yazan məşhur Wired saytı, hələlik, ruslara kimlərinsə «tələ qurduğunu» istisna etməsə də, Fransa KİV Rusiyanın təşkil etdiyi hücumların Makronun Putinə və Moskvaya münasibətini dəyişdiyini bildirir.

 

Fransa üçün pozitiv

Seçki proqramını təqdim edən Makron fransızlara yalnız iqtisadiyyatın müasirləşdirilməsini deyil, həm də təhsildə, səhiyyədə, təhlükəsizlikdə və beynəlxalq əməkdaşlıqda islahatlar vəd edib; məsələn, o, hazırda 10% olan işsizlik həddini 2022-ci ilə 7,7%-ə endirməyə söz verib. Makron şirkətləri üçün gəlir vergisinin 33,3-dən 25%-ə endiriləcəyini, məmurlara qohumlarını işə götürməsinin qadağan ediləcəyini, ev təsərrüfatlarının 80%-ni gəlir vergisindən azad edəcəyini və «zənginlər üçün» vergilərə yenidən baxılacağını da bildirib.

Makronun vədinə əsasən, dövlət xərclərinin 60 milyard avro azaldılması məqsədilə aparılacaq büdcə islahatları çərçivəsində 120 min dövlət qulluqçusu işdən çıxarılacaq. Eyni zamanda, polisdə əlavə 10 min, məktəblərdə isə 5 minədək iş yeri açılacaq.

Makron dini geyimlə bağlı qanunların sərtləşdirilməyəcəyini deyir, miqrantların çox olduğu «problemli» şəhər rayonlarından gənc işçiləri işə cəlb edən şirkətlər üçün vergi güzəştləri vəd edir.

Vahid Avropa ideyasının qatı tərəfdarı olan Makron, eyni zamanda, Aİ çərçivəsində köklü islahatlara başlanmasına israr edəcək. Bunun üçün o, avrozonanın gücləndirilməsini təklif edir. Qeyd edək ki, bu zonada Fransa iqtisadiyyatının həcminə görə, Almaniyadan sonra ikincidir. Sabiq bank işçisi olan Makron avrozonanın parlamentinin Maliyyə Nazirliyi və ayrıca büdcəsinin yaradılmasını istəyir. O, Avropa sənayesinin, xüsusilə Çinin qeyri-sağlam rəqabətindən qorunması üçün tariflərin artırılmasına da tərəfdardır.

Hazırda Fransanın dövlət borcu ÜDM-in, təxminən, 100%-nə bərabərdir. Onun bu onilliyin sonunadək ciddi şəkildə azalacağı gözlənilmir. Hər halda, «Moody's» Beynəlxalq Reytinq Agentliyi belə deyir. Fransanın iqtisadi inkişaf potensialı da o qədər yüksək qiymətləndirilmir: ciddi islahatlar aparılmasa, artım tempi 1,5%-i, çətin ki, keçsin.

«Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun yeni siyasi platforması ölkə üçün ümumilikdə pozitivdir. Çünki o, iqtisadi inkişafa hesablanıb. Lakin yeni prezidentin siyasi planlarını həyata keçirə bilib-bilməyəcəyi Fransanın qanunverici orqanına iyunda keçiriləcək seçkidən asılı olacaq», - deyə agentlik bildirir.

 

Hamı seçkiyə...

İyunun 11-i və 18-i ölkə sakinləri yenidən seçki məntəqələrinə üz tutacaq - bu dəfə onlar Fransa parlamentinə 577 deputat seçməlidir. Adını dəyişərək, «Respublika, irəli» qoymuş «İrəli» hərəkatının öz hökumətini formalaşdıra bilib-bilməyəcəyi, hakimiyyəti kiminləsə bölüşüb-bölüşməyəcəyi məhz qanunverici orqanda yaranacaq siyasi qüvvələr nisbətindən asılı olacaq.

«Yəqin ki, koalisiya qurmaq lazım gələcək», - deyə Makronun müəllimi olmuş iqtisadçı Alen Mink BBC-yə müsahibəsində bildirib: «Onun «İrəli» hərəkatı ilə 280 deputat kürsüsü qazanacağına inanmıram. Üstəlik, onların yarısı siyasətə lap yeni gəlmiş şəxslərdir və elektron poçtla göndərilmiş 14 min rezümedən seçiliblər».

Lakin vəziyyət elədir ki, hələlik, yerləri kiminlə bölüşməyin lazım gələcəyi də aydın deyil. Əsas rəqiblər olan respublikaçılarla-sosialistlərin daxili ziddiyyətləri o həddə çatıb ki, partiyalar faktiki olaraq, parçalanmanın, hətta bəlkə də bir neçə yerə parçalanmanın astanasındadır. Təbii ki, bu partiyaların hər birində Markona qoşulmağa hazır olanlar var. Lakin onun özü buna elə də maraq göstərmir. Çünki Makronun seçki kampaniyası zamanı verdiyi vədlərdən biri dövlət idarəçiliyinə yeni güclərin cəlb ediləcəyi olub.

Bu arada seçicilərin istəyini nəzərə alan Mari Le Pen, nəinki «Milli Cəbhə»nin imicində ciddi dəyişikliklərə qərar verib, hətta təşkilatın adını belə, dəyişmək qərarına gəlib. Sosialistlərdən Fransa Prezidentliyinə sabiq namizəd Benua Amon yeni siyasi təşkilat yaratdığını bəyan edib. Parisin sabiq merləri Ann İdalqo ilə Lillya Martin Obri isə Avropa Ekoloji və Sosial-Demokratiya Hərəkatının yaradılmasına başlayıblar…

Fransada çoxdandır, belə siyasi fəallıq yaşanmırdı. Odur ki, qarşıdan gələn parlament seçkiləri ehtirasların coşması, təxminedilməzliyi baxımından prezident seçkisindən heç də geri qalmır. Emmanuel Makronun seçkiqabağı vədlərinin taleyi də məhz onun nəticəsindən asılıdır.



MƏSLƏHƏT GÖR:

383