26 Aprel 2024

Cümə, 08:22

NEFT KAPİTALINDAN İNSAN KAPİTALINA

Elmar Qasımov, rektor: «Bakı Ali Neft Məktəbinin yaradılmasının özü neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının bir hissəsidir»

Müəllif:

01.06.2017

2011-ci ildə yaradılmış Bakı Ali Neft Məktəbi (BANM) qısa müddətdə neft-qaz və kimya sənayesi üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan aparıcı ali məktəbə çevrildi. Son illərin qəbul imtahanlarının göstəricilərinə görə, BANM-də təhsil almaq üçün minimum giriş balı 650-660-a çatır, maksimum mümkün olan bal isə 700-dür. Bakı Ali Neft Məktəbində 76 Prezident təqaüdçüsü oxuyur. Cari ildə BANM ilk tələbə buraxılışını gerçəkləşdirəcək. 

Tələbələrin təhsil və yaşayış şəraitinin yaxşılaşdırılması üçün BANM tələbə şəhərciyi tikdirib, mayın 1-də şəhərciyin açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. BANM rektoru Elmar Qasımov «R+»la söhbətində Bakı Ali Neft Məktəbinin Azərbaycan təhsil sistemində rolu, xarici təhsil mərkəzləri ilə əməkdaşlığı, yeni kampusun özəllikləri və gələcək planları barədə danışıb.  

- Kampuslar sistemi dünyada geniş yayılıb və bizdə buna böyük tələbat var. BANM-nin kampusunun nə kimi fərqli cəhətləri var?

- Mayın 1-də Bakı Ali Neft Məktəbinin tarixində önəmli hadisə baş verib - Prezident İlham Əliyev ali məktəbin yeni şəhərciyinin açılışında iştirak etdi. O, bütün korpuslarla, laboratoriyalarla, idman obyektləri ilə, konfrans-zalı ilə və başqa strukturlarla tanış olub, tələbələrlə və müəllimlərlə söhbət edib. Öz çıxışında bizim fəaliyyətimizə və yeni kampusa yüksək qiymət verdi. Biz çox fəxr edirik ki, Azərbaycanda çağdaş dünya standartlarına uyğun gələn universitet şəhərciyi yaradılıb, orada tələbələrin təhsil və sosial həyatı üçün bütün şərait var.  

BANM-ın kampusu 7 hektar ərazini əhatə edir, orada 600 yerlik konfrans-zal,

stadion, hovuz, fitnes zalı, 500 yerlik tələbə evi (yataqxana), çağdaş elektron kitabxana, müəllimlərin uşaqları üçün uşaq bağçası, çağdaş auditoriyalar və s. var. Beş yüz yerlik yataqxana bizim indiki tələbatımızı tamamilə ödəməyə imkan verir. Lazım olarsa, biz tələbələrin yaşaması üçün daha bir bina da tikə bilərik.

Müasir laboratoriyaları xüsusi qeyd etmək istəyirəm. SOCAR kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi bölmələri üçün laboratoriyaları ən çağdaş avadanlıqlarla təmin edib. Bu məsələdə biz transmilli şirkətlərlə fəal əməkdaşlıq edirik; məsələn, ABB şirkəti BANM-a idarəetmə və təhlükəsizlik üzrə inteqrasiya edilmiş laboratoriya bağışlayıb. Bu, regionda yeganə çağdaş laboratoriyadır, onun imkanlarından yalnız tələbələr deyil, SOCAR və başqa şikrətlərdə işləyən mütəxəssislər də yararlana bilərlər, mütəxəssislər treninqdən keçə bilərlər. «Schneider Electric» şirkəti isə əvəzsiz əsasda qəza şəraitinin idarəedilməsi və avtomatlaşma laboratoriyası yaradıb. «Avandsis group» və «Schneider Electric» avtomatik sistemlərinin elementlərini və proqram təminatını, «Emerson process management» şirkəti isə nəzarət-ölçü laboratoriyası və idarəsi yaradıb.  

- Bu, faktiki olaraq, Prezident İlham Əliyevin 11 il qabaq elan etdiyi neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının bir hissəsidir. Bu strategiyanın hansı nəticələrini seçərdiniz?  

- Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi»nin bütün bəndləri gerçəkləşdirilib və gerçəkləşdirilməkdə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil alması üzrə Dövlət Proqramı»nın dəstəyi ilə neft kapitalının insan kapitalına çevrilməsi strategiyası həyata keçirilməyə başlandı. İndi əminliklə demək olar ki, məqsədə çatılıb. Minlərlə tələbə dövlət hesabına dünyanın ən prestijli ali məktəblərində təhsil alıblar.  

Bu gün səhiyyədə, idarəetmədə, sənayedə bu proqram üzrə təhsil almış yüksəkdərəcəli mütəxəssislər yetişdirilib. Proqram üçün vəsaitlər isə ölkənin Dövlət Neft Fondu tərəfindən ayrılıb. Buna paralel olaraq, SOCAR-ın təqaüd proqramı vardı və ondan da yüzlərlə tələbə yararlandı. Bu mütəxəssislər bu gün şirkətə işləyir, onun çağdaş transmilli şirkətə çevrilməsinə yardım edirlər. Bu, neft kapitalının insan kapitalına çevrilməsinin parlaq göstəricisidir.  

Bu gün Dövlət Proqramı ilə xaricdə təhsil almış 20 məzun Neft Məktəbində dərs keçir. Beləliklə, neft kapitalı insan kapitalına çevrildi və bu kapital, artıq özü yeni mütəxəssislər generasiya edir. Başqa sözlə, xaricdə oxumuş azərbaycanlılar bu təhsil sistemini bizdə də yaradırlar. Xaricdə 20 nəfər oxutmağa müəyyən məbləğ xərcləyərək, daha sonra ən çağdaş standartlarla hazırlanmış 200-dən çox mütəxəssis əldə edə bilərik.

Əgər bu pedaqoqlar olmasaydı, biz böyük məbləğlər xərcləyərək müəllimləri xaricdən gətirməli olardıq. Bu, əlbəttə, uzun və bahalı prosesdir, amma sabit və uzunömürlüdür. Yaponiya, Sinqapur, Cənubi Koreya bu yolu keçiblər, elmə və təhsilə sərmayələr hesabına iqtisadiyyatda zirvələrə yüksəliblər.  

BANM-ın yaradılmasını, bu kampusun tikilməsini də neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının bir hissəsi sayıram. Bütün bu infrastruktur neft vəsaitləri hesabına yaradılıb və Azərbaycanın sabit inkişafına yönəldilib; həm də ümumilikdə, son illərdə ölkədə 3 minə qədər məktəb tikilib, səhiyyə müəssisələri yaradılıb, yollar salınıb və bütün bunlar neft kapitalı hesabına yaradılıb.  

- Neftin qiymətinin azaldığı şəraitdə, Azərbaycan postneft iqtisadiyyatına keçid barədə elan edib. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının bu prosesdə rolunu necə görürsünüz?  

- Biz öz həyatımızı neft qiymətlərindən asılı şəkildə qurmalı deyilik. İstənilən malın qiymətinin artım və azalma dövrü var. Dünyada sabit heç nə yoxdur. Bunun iqtisadi və siyasi tərəfləri var. Buna görə də biz indi qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirməliyik.  

Son illərdə Azərbaycan qeyri-neft sektorunun inkişafı üzrə irimiqyaslı siyasət gerçəkləşdirib. Yollar çəkilib, otellər və başqa infrastruktur obyektləri tikilib ki, iqtisadiyyatın neftdənsonrakı dövrünə keçid üçün əsas yaradılıb. Bu baxımdan, bizdə inkişafın sürətləndirilməsi üçün bütün şərait vardır. Ancaq eyni zamanda, unutmaq olmaz ki, Azərbaycan dünyada 170 il əvvəl nefti sənaye üsulu ilə çıxarmağa başlayan ilk ölkədir.

Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Prezidenti dünyanın ilk neft buruğunun bərpasının açılışında iştirak etdi. Etiraf etmək lazımdır ki, Bakının, bütünlükdə bizim ölkənin özünün, təhsilinin, elminin, səhiyyəsinin inkişafında, ölkəmizin beynəlxalq birliyə inteqrasiyasında neft amili aparıcı oldu.  

Bu gün Azərbaycanda neft hesabına iri kimya kompleksi yaradılır. Gələn il biz çox sayda kimya müəssisələrinin açılışını gözləyirik - bunlar Türkiyədə STAR zavodu, Azərbaycanda «SOCAR Polymer» və karbamid zavodlarıdır. Demək olar ki, gələn il kimya sənayesi ili olacaq. Bütün bu müəssisələr gəlirin artmasına, mütəxəssislər üçün iş yerlərinin yaradılmasına imkan verir. Bu, bizim tələbələr üçün də imkanlar yaradır.

- Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının gerçəkləşdirilməsində BANM-ın rolu nədən ibarətdir?  

- Ali məktəb özlüyündə insan kapitalı hazırlayır. Amma bunu hansı səviyyədə etməsi ayrı məsələdir. Bizim kimya mühəndisliyi fakültəmizin məzunları ölkənin kimya müəssisələrinin gələcək mütəxəssisləridir. Mən artıq bildirdim, yaxın illərdə bir neçə kimya müəssisəsi işə salınacaq. Unutmaq olmaz ki,

«Azərkimya» hazırda fəal şəkildə modernləşdirilir. Heydər Əliyev adına Neftayırma Zavodunun yenidən qurulmasına başlanılıb, orada yeni qurğular tikilir. Bütün bu yeniləşən strukturlara yüksəkkeyfiyyətli peşəkar kadrlar lazımdır və BANM bu kadrları təqdim etməyə hazırdır.  

Bu zaman bizim məzunlar istənilən seçim və müsabiqədən keçməyə hazırdırlar; məsələn, «Petkim» Neft-Kimya Kompleksi bizim 30 nəfər mühəndis-kimyaçı məzunumuzu Türkiyədə işləmək üçün seçib. Bu, BANM-ın təhsilinin yüksək səviyyəsindən xəbər verir - 50 nəfərlik kursun məzunlarının yarıdan çoxunu dərhal Türkiyənin ən iri neft-kimya kompleksinə işə götürürlər.  

- Siz ayrı-ayrı fakültələrdə oxuyan tələbələrin sayının artırılması barədə düşünmürsünüz?

- Tələbə sayının artırılması məsələsinə ehtiyatla yanaşırıq. Çünki bu, təhsil səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Bizim əsas məqsədimiz yüksək peşəkarlığa malik kadrlar yetişdirməkdir. Hazırda BNAM-a keçid balı mümkün 700 baldan 650-yə bərabərdir. Biz elektrik, mühəndis-mexanik, sistem mühəndisliyi kimi ixtisaslar da açmaq istəyirik. Bu da təbii olaraq, tələbə sayının artmasına səbəb olacaq. Amma mövcud fakültələrdə tələbə sayını artırmağı planlaşdırmırıq, əks halda, keçid balı aşağı düşəcək. 250-300 bal və 650-700 bal toplamış tələbələr eyni auditoriyada necə oxuya bilərlər? Belə olan şəraitdə, yüksəksəviyyəli kadrlar hazırlamaq çətin olacaq. Tələbələrin baza səviyyəsi eyni qaydada yüksək olanda, onlar arasında rəqabət güclü və inkişafları yüksək olur.  

- Azərbaycan ali məktəblərinin reytinqində BANM birinci yer tutur. Burada 76 Prezident təqaüdçüsü oxuyur. Neft Məktəbinin hansı fərqli özəlliyini siz göstərmək istərdiniz? Axı BANM-ə maraq yalnız işlə təmin olunmaq perspektivi ilə bağlı deyil...  

- BANM-ın əsas üstünlüyü onun sosialyönümlü olmasıdır. Ali Neft Məktəbində təhsil tamamilə pulsuzdur. Bizim ödənişli fakültələrimiz yoxdur və bütün məsrəflər SOCAR tərəfindən örtülür.  

İkinci fərqli cəhət isə ondadır ki, təhsil tamamilə ingilis dilində aparılır. Birinci il bizdə fəal şəkildə yalnız ingilis dili və IT-texnologiyalar tədris edilir. Sonra tələbə dil imtahanı verir və müəyyən yüksək səviyyə topladıqdan sonra, ikinci kursa keçirilir. IELTS üzrə mümkün 9 baldan 6-nı yığmaq lazımdır. Əgər tələbələr ingilis dili imtahanından keçə bilmirlərsə, onlar daha bir il kurs keçməlidirlər. Ancaq bizdə nəticələr yetərincə yüksəkdir - keçən il 8,5 bal olmuşdu.  

Üçüncü fərqli cəhət kimi, mən istehsalat təcrübəsinin yüksək səviyyədə təşkil olunmasını görürəm. Bizim tələbələr hər il iyun-iyul aylarında SOCAR və «bp», «Emerson», «Schneider Electric», «Total», «Avantis» və «Petkim» kimi digər iri şirkətlərdə təcrübə keçirlər. Təcrübə başa çatdıqdan sonra, bizim tələbələr bu müəssisələrin mühəndislərinə istehsal prosesinin mənimsənilməsi səviyyəsi ilə bağlı kiçik imtahan verməlidirlər.  

Dördüncü göstərici - bizim bütün təhsil proqramımız xarici ali məktəblərin təcrübəsi, o cümlədən Britaniyanın «Heriot-Watt» universitetinin proqramı əsasında qurulub. Bu, Böyük Britaniyanın ən iri ali məktəblərindən biridir və neft-qaz sənayesi üçün kadrlar hazırlayır. Biz tələbələrə iki diplom - BANM-ın və «Heriot-Watt» universitetinin diplomlarını veririk. Hazırda IV və V kursların tələbələrinə iki diplom veriləcək; amma üçüncü kursdan biz seçim keçirdik və Britaniya Universitetinin proqramına daha çox fərqlənən tələbələri daxil etdik.  

Bizim semestr imtahanlarını Britaniya pedaqoqları götürür və bu prosesə qarışmırıq. Bizim tələbələrin nəticələri «Heriot-Watt»in özünün nəticələrindən yaxşı olur. Bu məlumatı kampusun açılışı mərasimində Prezident İlham Əliyevə «Heriot-Watt» Universitetinin neft-qaz mühəndisliyi kafedrasının Baş direktoru, professor Con Ford bildirib.  

Bütünlükdə transmilli şirkətlərlə çox fəal işləyirik; məsələn, keçən il "bp"də təcrübə keçən tələbələrin 70%-i bizim tələbələr idi. Bizim "bp" ilə sazişimiz var ki, onlara kadr verəcəyik və bu, yerli kadrların sayının artmasına yardımçı olacaq. Bu il bizim ilk buraxılışımız olacaq və məzunlarımızın çoxu artıq iş təklifi alıb.  

- Xarici tədris mərkəzləri ilə əməkdaşlıq hansı səviyyədə qurulub? Tələbə mübadiləsi proqramlarına qatılırsınızmı?  

- Fəal olaraq ABŞ-ın Hyuston Universiteti, Norveçin Stavanger və Tronheym universitetləri, Fransanın «IFP School»u ilə əməkdaşlıq edirik. Bu ildən başlayaraq, Avropa Birliyinin «Erasmus+» tələbə mübadiləsi proqramına qoşulmuşuq. Amma əsas şərt məzunlarımızın olmasıdır, bu il ilk buraxılışımızın olmasına baxmayaraq, bizi proqrama daxil ediblər və iki tələbəmiz Yunanıstanda təhsilini davam etdirir.  

Məhz məzunların olmaması əməkdaşlıq proqramının inkişafını ləngidən əsas amil idi. Gələn il üçün Avropa Birliyinə tələbə və pedaqoq mübadiləsi, birgə elmi araşdırma üzrə 30-a yaxın layihə təqdim etmişik. Ümid edirik, bu layihələrin, ən azı, yarısı bəyəniləcək. "bp" ilə birlikdə layihələrin idarəetmə məktəbini yaratmışıq. Bu məktəbdə Corc Vaşinqton Universiteti ilə birlikdə iri müəssisələrin menecmenti üzrə 10 aylıq kurslar təşkil ediləcək.  

Gələcək planlarımıza xarici tələbələrin cəlbi daxildir. Yataqxananın olmaması əsas maneə idi, xaricilər üçün bu, çox önəmli amildir. Artıq bu ildən Vyetnam, Çin və ərəb ölkələrindən tələbə gözləyirik - özü də xaricilər ödəniş əsasında oxuyacaqlar. Biz öz keyfiyyət standartlarımıza riayət edəcəyik və BANM-a daxil olan xarici vətəndaşları yoxlayacağıq. Bununla da Azərbaycan təhsilinin ixracını təmin etmiş olacağıq.  

Əvvəllər bizdə çox sayda xarici tələbə oxuyurdu, xüsusilə də neft-qaz ixtisasları üzrə. Biz əvvəlki şöhrəti geri qaytarırıq. Əgər qlobal yanaşılarsa, xarici tələbələrin cəlbi də qeyri-neft sektorunun inkişafı deməkdir; məsələn, Böyük Britaniya təhsil sahəsində böyük pullar qazanır. Biz də bu yolla getmək istəyirik. Məqsədimiz, BANM-ı yalnız Azərbaycanda deyil, bütün dünyada tanıtmaqdır. Bunun üçün bizdə hər bir şərait - maddi-texniki baza, müəllim heyəti və tələbələr üçün mühit var.

- Maraqlı müsahibəyə görə çox sağ olun!



MƏSLƏHƏT GÖR:

471