26 Aprel 2024

Cümə, 17:35

AZAD REJİM ZONASI

Ələt limanında güzətli rejim bir neçə il ərzində $1 mlrd. xarici sərmayə cəlbinə imkan yaradacaq

Müəllif:

01.06.2017

Bütün dünyada nəqliyyat-logistika və istehsalat sahələrinə investisiya cəlbinin ən effektli və sınaqdan çıxarılmış aləti kimi, müxtəlif növ azad iqtisadiyyat zonalarının yaradılması hesab edilir. Onların yaradılmasına Azərbaycan da başlayıb: bir ildən bir az irəli Azərbaycan Prezidenti Qaradağ rayonunun Ələt qəsəbəsində Azad Ticarət Zonasının (ATZ) yaradılması barədə Sərəncam imzalayıb. ATZ-in yaradılması üzrə layihənin gerçəkləşdirilməsinə konsaltinq xidmətləri göstərilməsi üçün Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) cəlb edilmiş «DP World» şirkəti hazırda gələcək ATZ-in hüquqi bazasının, baş planının və texniki iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanmasını başa çatdırıb.

Azərbaycanda xüsusi iqtisadi zonaların (XİZ) yaradılması üzrə ilk imkanlara dövlət səviyyəsində 1990-cı illərin ikinci yarısından baxılmağa başlanıldı. Daha ciddi araşdırmalar BMT İnkişaf Proqramı ilə birlikə Sumqayıt Sənaye Zonasında neft-kimya məhsullarının istehsalına və idxalına yönəlik sənaye tipli XİZ-in yaradılması üzrə aparıldı. Keçən 15 il ərzində bu ideya müəyyən qədər fərqli variantda olsa da, müəyyən cizgilər qazanıb: hazırda Sumqayıt Kimya Sənaye Parkının (SKSP) bazasında neft-kimya kompleksi yaradılır.

Bu layihə 2009-cu ildən bir sıra müxtəlif profilli texniki parkların və sənaye məhəllələrinin yaradılması üzrə 2009-cu ildən gerçəkləşdirilən dövlət proqramının elementlərindən biri oldu. Son illərdə bu klassterlər klassik sənaye XİZ-lərinin anoloqu rolunu oynayırdı: fiskal və tarif güzəştləri, sənaye meydançasının güzəştli icarəsi və bir sıra başqa üstünlüklər hesabına bu zonalara tədricən yerli və qismən də xarici kapital cəlb edilir, ölkənin yeni sənaye nüvəsinin formalaşmasına imkan yaradır.

Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi vəziyyəti və nəqliyyat infrastrukturunun inkişafına yatırılmış çoxmilyardlıq sərmayələr nəzərə alınaraq, hökumət tərəfindən ölkədə ATZ-lərin yaradılmasının müxtəlif formalarına baxıldı.

ATZ-lərin əsas üstünlüyü ölkənin nisbətən cüzi kapital yatırımları şəraitində (istehsalat - sənaye XİZ-ləri ilə müqayisədə) onların qoyulan xərcləri tez çıxarmasındadır. Başlıcası isə, dünya təcrübəsinə uyğun olaraq, ATZ-lərin yaradılması qısa müddətdə Azərbaycan iqtisadiyyatına önəmli səviyyədə xarici kapitalın cəlbinə imkan yaradacaq.

Hazırda dünyada 1000-dən çox XİZ var, özü də onların üçdəbiri ATZ-dir və dünya ticarət dövriyyəsinin 25%-i bu ATZ-lərin payına düşür. Hazırda ABŞ-da 180-ə yaxın, Avropada 150 və Çində 14 ATZ mövcuddur. Honkonq, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dünyanın ən iri ATZ-ləri yaradılıb. Dünya təcrübəsində, həmçinin Honkonq, Şençjen və ya Cəbəl-ali (BƏƏ) ATZ-lərinin yaradılmasının örnəyi var ki, ATZ-lər bu şəhərləri bütün dünyadan olan sərmayəçilər üçün cazibə mərkəzlərinə çevirdi və dövlətə böyük gəlir gətirməyə başladı.

Yeri gəlmişkən, keçmişdə Azərbaycanda nəqliyyat-logistika xablarının yaradılması variantlarına artıq baxılıb: o cümlədən, Bakı Beynəlxalq Limanının, Binədə Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində ATZ-lərə oxşar anoloqların yaradılması planlaşdırılırdı, həmçinin dəmir yolunda azad ticarət depolarının yaradılması variantı da öyrənilirdi.

Ancaq Ələt qəsəbəsindəki «Yeni Bakı» limanının ATZ layihəsi daha perspektivli sayılıb, liman Bakı-Tbilisi- Qars (BTQ) dəmir yolu ilə birlikdə İpək yolunda Avropa ilə Asiyanı birləşdirən əlverişli, sürətli və rəqabətqabiliyyətli quru-dəniz marşrutu formalaşdırır. Bu məqsədlə, limanın ərazisində 100 min standart konteynerə xidmət etmək üçün və Xəzər limanları arasında multimodal daşımaların inkişafına imkan yaratmaq üçün nəzərdə tutulmuş iri regional logistika mərkəzinin yaradılması planlaşdırılır.

Daha öncə işlənmiş milli iqtisadiyyatın inkişafının strateji yol xəritəsinə görə, Azərbaycanda region üzrə ən iri nəqliyyat-logistika xabının formalaşdırılmasına başlanılıb. Keçən il BƏƏ-dən olan və dünyanın ən iri liman operatoru «DP World (Dubai Port World)» ilə saziş bağlanıb və saziş Azərbaycanda Azad Ticarət Zonası yaradılması üçün konsaltinq xidmətlərinin göstərilməsini nəzərdə tutur.

"Keçən müddət ərzində «DP World» böyük işlər görüb və bunu 3 əsas istiqamətə ayırmaq olar: ərazinin Baş Planının hazırlanmasına, "Azad Ticarət Zonası haqqında" qanun layihəsinin işlənməsinə və həmçinin layihənin texniki iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanmasına ayırmaq olar", - deyə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Nazir əlavə edib ki, BƏƏ şirkəti tərəfindən hazırlanmış təkliflər yaxın zamanlarda Azərbaycan Prezidentinə təqdim ediləcək.

«DP World» şirkətinin təmsilçisi Adıl əl-Zaruni bildirir ki, Ələt qəsəbəsində ATZ-nin yaradılması tranzit yükdaşımalarının həcmini ildə 26 milyon tona qaldırmağa imkan verəcək. "Ancaq bunun üçün Azərbaycan bir sıra addımlar atmalıdır: ilk növbədə, yüklərin daşınması üçün vahid tariflər işlənilməlidir, gömrük prosedurları və yüklərə nəzarət sistemi təkmilləşdirilməli və sürətləndirilməlidir", - deyə BƏƏ şirkətinin nümayəndəsi qeyd edib.

O cümldən, «DP World»un mütəxəssisləri Ələt ATZ-də müstəqil arbitraj sistemi yaratmağı təklif edirlər ki, o, yalnız Azərbaycan hüququna deyil, həm də beynəlxalq hüquqa əsaslana bilsin. "Bu, sazişin bağlanması zamanı tərəflərin seçdiyi istənilən dövlətin hüquq sistemi ola bilər. Bu, Azərbaycanın da, məsələn, Böyük Britaniyanın da hüquq sistemi ola bilər", - deyə əl-Zaruni vurğulayıb.

«DP World» təmsilçisinin sözlərinə görə, ATZ-lər öz əmək, ekoloji və investisiya rejimlərini saxlamalı, fiskal və gömrük ödənişləri üçün xüsusi mexanizm işləməlidirlər. Bu tələblərin yerinə yetirilməsi Ələt limanındakı ATZ-in Xəzəryanı bölgənin ən iri xabına çevirəcək. Bu xab yalnız tranzit daşımalarına xidmət etməklə qalmayacaq, həm də malları üçüncü ölkələrdə satmaq üçün saxlamağa və emal etməyə imkan verəcək.

Həmçinin, Azad Ticarət Zonasının inkişafı ilə bağlı Azərbaycanın konsepsiyası rəqabət qabiliyyətinin artırılmasını və malların əlavə dəyərinin yaradılmasını nəzərdə tutur. "Əgər yük konteyneri Avropaya yola düşürsə, bizim konsepsiyamız ondan ibarətdir ki, Ələt ATZ bu yükü emal etsin, əlavə dəyər yaratsın və daha sonra ixrac etsin. Bu, yükdaşımaları sahəsində böyük innovativ həlldir, bu, neftdənkənar bölmədə əlavə dəyər yaradılmasına imkan yaradır", - deyə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) QSC-nin baş direktoru Taleh Ziyadov bildirir.

Ələtdə yaradılacaq gələcək ATZ-nin qanunvericilik bazasının, layihəsinin və TİƏ-nin işlənməsi ilə yanaşı, həmçinin zonaya potensial investor və rezidentlərin - nəqliyyat-logistika şirkətlərinin cəlbi üzrə də işlər görülür. Keçən ilin dekabr ayında BBDTL ilə müvafiq memorandum imzalamış Aqrar Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) da bu məsələdə yardım göstərir. ICD mütəxəssisləri Ələt qəsəbəsində limanın və ATZ-nin potensialını öyrənir və artıq Çindən potensial sərmayəçilər cəlb ediblər. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu layihənin inkişafına maraq göstərir.

ATZ-nin rezidentləri kimi, Türkiyədən, Qazaxıstandan olan şirkətlər də, Rusiyanın «Pony Express» logistik şirkəti də qeydiyyatdan keçə bilər. Sonuncu, yeri gəlmişkən, Ələtdə anbar güclərinin yaradılması variantını istisna etmir.

«Azad Ticarət Zonası statusunun alınması ilə layihəyə bir neçə il ərzində $1 mlrd.-a yaxın xarici sərmayə cəlb etmək mümkündür. Əsas məqsəd xarici sərmayəçilər üçün anlaşılan şərait yaratmaqdır. Yalnız bununla biz Azad Ticarət Zonasına birbaşa sərmayələrin cəlbinə, orada istehsal güclərinin yaradılmasına, «Made in Azerbaijan» brendi altında çox sayda məhsul növlərinin buraxılmasına, minlərlə zəhmətkeş üçün iş yerlərinin açılmasına nail ola bilərik», - deyə BBDTL-in başçısı Taleh Ziyadov ehtimal edir.

Perspektivdə ATZ-nin ərazisində neftkimya, əczaçılıq, yüngül sənaye və s. sahəsində sənaye klasterlərinin yerləşdirilməsi mümkündür. İstehsal komponentinin formalaşdırılması üçün ATZ-nin ərazisində xüsusi vergi və gömrük siyasətinin tətbiqi planlaşdırılır: güzəştlər mənfəət vergisi, ƏDV, fiziki şəxslərin gəlir vergisi, həmçinin əmlak vergisi sahələrinə şamil edilə bilər, detalların və xammalın gətirilməsinə gömrük rüsumları ləğv edilə bilər. Təbiidir ki, ATZ-də istehsal edilmiş məhsulların ixracı da güzəştli fiskal rejimdə tənzimlənəcək.

Ələtdə ATZ-nin yekun inkişaf konsepsiyası yaxın gələcəkdə aydın olacaq: bu ilin sonuna kimi bütün hazırlıq işlərinin başa çatdırılması, rezidentlərin və potensial sərmayəçilərin qeydiyyatına başlanılması planlaşdırılır.

 



MƏSLƏHƏT GÖR:

414