26 Aprel 2024

Cümə, 13:34

TULLANTIDAN MƏNFƏƏT

Bakıda zibil enerji, suvarma mənbəyinə və hətta sənət əsərinə necə çevrildi?

Müəllif:

15.06.2017

Biz tullantıları zibil qutularına atdıqdan sonra onların aqibəti necə olur? Tullantıların istifadəsi sənayesi nədən ibarətdir? Bu suallar insanları o qədər də maraqlandırmır. Əvvəllər Bakıda tullantılar bayağı şəkildə, bunun üçün Balaxanı qəsəbəsində yerləşən əraziyə atılırdı. Həmin vəziyyət davam etsəydi, Bakı sakinləri əsl ekoloji fəlakətlə üzləşəcəkdi.

Məhz bu səbəbdən, Azərbaycan Prezidentinin 2008-ci il avqustun 6-da imzaladığı «Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında» Sərəncama uyğun olaraq, «Təmiz Şəhər» ASC yaradılıb. Tullantıların utilizasiyası sisteminin qurulması məhz bu quruma həvalə olunub. Nəticədə, 2009-cu ildə «Təmiz Şəhər»in tabeliyinə verilmiş Balaxanı zibilliyində tullantıların yandırılmasına tezliklə tam son qoyulub və bununla da Balaxanı üzərindəki qara tüstü yox olub. Ərazi hasara alınıb, ciddi mühafizə sistemi qurulub, qəbul olunan tullantıların qeydiyyatına başlanılıb. Bundan başqa, ərazidə müasir daxili və xarici infrastruktur qurulub, ərazidə çalışanlar üçün normal iş şəraiti yaradılıb.

Tullantıların istifadəsi istiqamətində beynəlxalq təcrübənin də nəzərə alınması ilə atılmış ən vacib addım isə 2012-ci ildə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəyə verilməsidir. «R+»un əməkdaşı həmin zavodda olub.

 

Faydalı tullantı

Məlumatlı olmadığın sahə ilə tanışlıq hər zaman maraqlıdır. Burada biz tullantının utilizasiya sayəsində cəmiyyətə necə faydalı ola biləcəyini gördük. «Təmiz Şəhər» ASC-nin fəaliyyətində prioritet istiqamətlərdən biri, məişət tullantılarından təkrar xammalın alınması və onun təkrar istehsala yönəldilməsidir. Bu məqsədlə, zavodda bərk məişət tullantılarının çeşidlənməsi də həyata keçirilir. Çeşidləmə zamanı ümumi kütlədən kağızın, şüşənin, plastikin, əlvan metalların və s. ayrılması məişət tullantılarının ümumi həcminin azalmasına, enerjiyə qənaət olunmasına, ən əsası isə onların ətraf mühitə mənfi təsirinin azalmasına imkan verir; məsələn, 1 ton kağızın təkrar emalı 17 ağacın kəsilməsini əngəlləyə bilər.

Ümumilikdə, zavod ildə 200 min tonadək zibili çeşidləmək gücündədir. Bu çeşidləmədən sonra, bütün çeşidlər təkrar emal olunacaq.

 

Heç nə itmir

Tez-tez lazımsızlıqdanmı, təsadüfənmi atılmış ən gözlənilməz əşyalar da tapılır. Onlar üçün inzibati korpusda kiçik muzey yaradılıb. Orada şüşədən, metaldan maraqlı suvenirlərə, hətta qədim stəkanaltılara və xəncərlərə də rast gəlmək olar. «Bu eksponatları, adətən, ekskursiyalar zamanı nümayiş etdiririk», - deyə «Təmiz Şəhər» ASC-nin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elmar Məlikov bildirir. Onun sözlərinə görə, hər həftənin cümə axşamı günü məktəblilər üçün zavoda ekskursiya təşkil olunur. «Arzulayanlar o qədər çox olur ki, bəzən hamını 1 gündə qəbul edə bilmirik», - deyə E.Məlikov qeyd edir.

Təkrar emala yaramayan tullantılar isə onun yandırılması üçün nəzərdə tutulmuş zavoda göndərilir. Yeri gəlmişkən, zavod ildə 500 min ton zibil və 10 min ton tibbi tullantı yandırmaq gücündədir.

 

FİƏ

Bərk məişət tullantılarının yandırılması nəticəsində əldə olunan elektrik enerjisi (bu isə 231,5 milyon kVt/saatdır) zavodun ərazisindəki yarımstansiyaya, oradan isə şəhərin stansiya və yarımstansiyalarına yönəldilir. Bu, Sumqayıt və ya Gəncə kimi şəhərin ilboyu tam işıqlandırılmasına kifayət edəcək elektrik enerjisidir. Bakıdakı bu müəssisə istehsalat gücünə görə, Şərqi Avropa və MDB məkanının ən böyük anoloji müəssisəsidir. Dördüncü nəsil (4G) texnologiyasının tətbiqi ilə tikilmiş zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsilə bağlı sərt normativlərinə tam cavab verir. Zavodun fəaliyyəti zamanı yaranan buxar qazlarının azaldılması layihəsi iqlim dəyişikliyinə dair qəbul edilmiş Kiot protokolunun müvafiq mexanizminə uyğun şəkildə qeydə alınıb.

Məhz bu səbəbdən, son zamanlar belə zavodlar tullantıların yandırılması zavodu yox, «tullantıdan enerjiyə» müəssisəsi adlandırılır.

Bununla yanaşı, nə çeşidləməyə, nə təkrar emala, nə də yandırılmaya yarayan tullantılar da var. Elmar Məlikovun sözlərinə görə, buraya, ilk növbədə, orqanik zibillər - qida tullantıları və s. aiddir. Belə tullantılar məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda xüsusi qaydada basdırılır. «Bu poliqon keçmiş Balaxanı zibilliyinin yaxınlığında yerləşir. İndi, həmin zibilliyin izi-tozu qalmayıb», - deyə mətbuat xidmətinin rəhbəri bildirir: «Orqanik və digər tullantılar torpağa basdırılır, onların üzərinə xüsusi geomembran döşənir. Sonra oraya yenidən zibil tökülür və yenidən membran döşənir». Orqanikanın çürüməsi nəticəsində, meydana gələn metan borular vasitəsilə xüsusi silindrə, oradan isə sənaye yarımstansiyasına ötürülür.Çirkli su isə süzgəclər sistemi ilə təmizlənir və ondan suvarmada istifadə olunur.

«Bu vaxtadək burada 11 min ağac əkmişik», - deyə Məlikov bildirir.

 

Layihələr

İdealda zibil əhali tərəfindən çeşidlənməlidir. Şəhərlərdə və regionlarda çeşidləmə üçün nəzərdə tutulmuş zibil qutuları da bu məqsədlə quraşdırılır. Bundan başqa, tullantılar evlərdəcə ayrılmalı, təyinatı üzrə qablaşdırılmalıdır. Bizdə bu, hələ ki, qeyri-real görünür. «Əslində, bizim səlahiyyətlərimiz tullantıların qəbulu və çeşidlənməsi ilə məhdudlaşır. Ümumilikdə, Azərbaycanda zibilin çeşidlənməsi təcrübəsi yoxdur», - deyə Məlikov qeyd edir. Lakin 2010-cu ildə «Təmiz Şəhər»in təşəbbüsü ilə Qala qəsəbəsində «Təmiz Qala» pilot layihəyə start verilib. Bu, şəhər kənarında yerləşən ən böyük qəsəbələrdən biridir. «Biz orada 2 rəngdə - qırmızı və göy rəngdə 150 qutu quraşdırmışıq. Onlar orqanik və qeyri-orqanik tullantıların ayrılması üçün nəzərdə tutulub. Layihə, sadəcə, fərqli qutulardan ibarət deyil - onların hər biri üçün fərqli zibil maşınları ayrılıb. Layihə, artıq 7 ildir həyata keçirilir və sakinlər, tədricən, tələblərə uyğunlaşmağa başlayıb - onlar konteynerlərdən düzgün istifadə edir», - deyə E.Məlikov bildirir.

Lakin bu, sadəcə, pilot layihədir. Bütün şəhərdən zavoda Bakı Şəhər İcra Hakimiyyətinin zibil maşınları ilə daşınan tullantılar qarışıq olur. Şəhərdə zaman-zaman çeşidləmə konteynerlərindən istifadəyə cəhdlər edilsə də, görünür, hələ ki, nəticə yoxdur. Hazırda İçərişəhərdə bu cür nümunəvi konteynerlərə rast gəlmək mümkündür. Onlarda qida artıqları, şüşə, kardon və s. üçün ayrı-ayrı zibil qutuları var. Aydındır ki, turistlər və Bakının qonaqları şəhərin görməli yerləri ilə tanışlıq üçün, ilk növbədə, İçərişəhəri gəzir. Onlar üçün fərdi zibil qutuları, yəqin ki, yenilik deyil. Şəhərimizin sakinləri üçün isə bu, hələ də ciddi əhəmiyyət daşımır.

Bütün bunlarla yanaşı, tullantıların çeşidlənməsini bir anda və yalnız konteynerlər vasitəsilə həll etmək mümkün deyil. Bunun üçün fəal maarifləndirmə işi, sosial layihələr daxil olmaqla, kompleks tədbirlər həyata keçirilməlidir.

 

«Yaşıl biznes»

«Təmiz Şəhər»in «Tullantıdan-sənətə» muzey layihəsi də var. O, Qala qəsəbəsindəki muzey kompleksində yerləşir. E.Məlikovn sözlərinə görə, oraya müxtəlif instalyasiyaların hazırlanması məqsədilə hər il ayrı-ayrı ölkələrdən rəssamlar dəvət olunur. Burada gözəl art-obyektlərlə yanaşı, insan fantaziyasının hüdudsuz olduğunu da görmək mümkündür. Polietilen barelyef, siqaret tullantılarından kompozisiya, plastik butulkalardan hazırlanmış mobillər, elektrik lampaları... Belə instalyasiya və obyektləri sadalamaqla bitməz.

Balaxanı Sənaye Parkı da investisiya gözləyir. Onun ərazisində «yaşıl biznes»i inkişaf etdirmək niyyətində olan müəssisələr üçün bütün lazımi şərait yaradılacaq. Beləliklə, sənayenin bir sahəsində əmələ gələn tullantılar digər sahə üçün xammala çevriləcək, təkrar emal ilə təbii resurslara və enerjiyə qənaət olunacaq. Hələlik, park yalnız 5 rezident cəlb edə bilib. Onlar üzərlərinə 23,5 milyon manatlıq investisiya öhdəliyi götürüb, 300 iş yeri açacaqlarına söz veriblər. Hələlik, parka gözlənilən investisiya yatırılmış investisiyanın 2,5%-ni ötmür. Lakin bu, yalnız başlanğıcdır.

Hökumətin «yaşıl biznes»ə dəstəyi bu sahənin sürətli inkişafına şərait yaradacaq. Bu isə öz növbəsində, iqtisadiyyatın çoxtərəfli inkişafına imkan verəcək, ətraf mühitə zərəri, insanların sağlamlığına olan riskləri azaldacaq.



MƏSLƏHƏT GÖR:

578