27 Aprel 2024

Şənbə, 02:47

İRANI QORXUTMA AKTI

İranşünas Yelena Dunayeva: «Yeni terror aktları sabitliyi poza bilər, lakin onların yaxın perspektivdə təkrarlanacağını düşünmürəm»

Müəllif:

15.06.2017

İyunun 7-də terrorçulardan ibarət 2 qrup Tehranda İran Parlamentinin binasına və İmam Xomeyni mavzoleyinə hücum edib. Mavzoleyə 3 nəfər daxil olub və az sonra onlardan biri özünü partladıb. Terrorçuların digərini mühafizəçilər öldürüb, üçüncüsü isə saxlanılıb.

Daha 4 nəfər qadın geyimində parlamentə hücum edib. Onlar təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. Baş verənlərə görə məsuliyyəti «İslam Dövləti» qruplaşması öz üzərinə götürüb. Terror aktları nəticəsində 17 nəfər dünyasını dəyişib, 42 insan yaralanıb.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq Ölkələrinin Öyrənilməsi Mərkəzinin böyük elmi işçisi, tanınmış iranşünas Yelena Dunayeva «R+»a müsahibəsində İranda törədilmiş terror aktlarının təşkilatçıları, Azərbaycanın qonşusu olan bu ölkədəki qeyri-sabitlik haqqında danışıb.

- Tehranda terror aktlarını kimin sifariş etdiyinə dair bir neçə versiya var. Fikrinizcə, İranda sabitliyin pozulmasında daha çox kim maraqlıdır?

- İran KİV parlamentə hücum zamanı, böyük ehtimalla, “İD” terrorçuları tərəfindən çəkilmiş videogörüntünü yayıb. İranın xüsusi xidmət orqanları bu görüntülərdən belə qənaətə gəlib ki, terrorçular ərəb dilinin Şimali Afrika dialektində danışırmışlar. Yəni, onlar ya Tunisdən, ya Liviyadan olublar. Hücumun “İD” terrorçuları tərəfindən həyata keçirildiyini söyləmək mümkündür. Amma İran siyasətçiləri mətbuata açıqlamalarında deyirlər ki, terror aktlarının arxasında Səudiyyə Ərəbistanı ilə ABŞ dayanır. Tehran Səudiyyə Ərəbistanının ünvanına açıq ittihamlar səsləndirir, ər-Riyadın İran ərazisində hərbi əməliyyatlara başlanılmasının vacibliyini dəfələrlə dilə gətirdiyini xatırladır. İranda hesab edirlər ki, parlamentə və Xomeyni mavzoleyinə hücumlar səudiyyəlilərin ilk həmləsidir. Onların fikrincə, bu hücumun miqyası daha böyük ola bilərdi. Lakin xüsusi xidmət orqanlarının sayıqlığı sayəsində, üçüncü terror aktının qarşısını almaq mümkün olub.

Bu, ilk növbədə, İranın qorxudulması aktı idi. Bununla yanaşı, hücumun təşkilatçıları İran ictimaiyyətinin islam rejimindən narazı olan hissəsini hakimiyyətə qarşı qaldırmaq məqsədi də güdür. Onların arasında sünnilər, etnik və dini azlıqlar var. Beləliklə, terror hücumunda məqsəd, daxili sabitliyin pozulması, ölkənin qarışdırılması, çaxnaşma salınması olub.

Terror aktlarının ikinci səbəbi, Qətərə təzyiqlə bağlıdır. Tehranda hesab edirlər ki, Səudiyyə Ərəbistanı Qətərlə problemi ABŞ-ın «ötürməsi» ilə yaradıb. Hər şey Qətər əmirinin İranla əməkdaşlığı inkişaf etdirmək niyyətini açıqlaması ilə başlayıb. Yəni, hücumlarda məqsəd, həm də İranla-Qətər arasında problem yaratmaq olub. Fikir verin, Qətər terroru dəstəkləməkdə ittiham olunar-olunmaz, İranda terror aktları törədilib.

- Bu hadisələrə İranın silahlı müxalifəti - «Xalq Mücahidləri»nin qoşulması mümkündürmü? Bu təşkilatın tez-tez terror aktlarına, silahlı qiyamlara əl atdığı, İranın hərbi obyektlərinə hücum etdiyi məlumdur.

- İranın xüsusi xidmət orqanları daxili silahlı müxalifəti ciddi təzyiq altında saxlayır. Onlar «Xalq Mücahidləri»nin bütün addımlarını izləyir. Hazırda bu təşkilatın 80-ci illərdə miqyaslı anti-hökumət fəaliyyəti göstərdiyi dövrdəki kimi potensialı yoxdur. Onun sosial bazası nəzərəçarpacaq dərəcədə kiçilib. Əlbəttə, mücahidlər İranın kürdlər yaşayan rayonlarında hərbi düşərgələri bərpa etməyə cəhd göstərə bilər. Lakin ölkənin mərkəzi hissəsində onların heç bir dayağı, dəstəyi yoxdur.

- Tehrandakına bənzər terror hücumlarının baş verdiyi ölkələrdə terrorçuluq epidemiyaya çevrilir, onun qarşısının alınması cəhdləri isə nəticə vermir; məsələn, Fransa, Böyük Britaniya, Türkiyə. İran terrorçular üçün yeni meydana çevrilə bilərmi?

- İranda təhlükəsizliklə bağlı vəziyyət bir qədər fərqlidir. İran hakimiyyəti terrorçuluğun ölkəyə ayaq açmaması üçün çox iş görür. İran xalqı da bu mənada, daha diqqətli, daha ehtiyatlıdır. 30 il «dəmir pərdə» arxasında yaşamış İran cəmiyyəti əcnəbilərə, Tehranda fərqli geyimdə görünən xaricilərə şübhə ilə yanaşır. Əcnəbinin İranın hansısa rayonunda şəkil çəkdirməsi vətəndaşların polisə, yaxud İslam İnqilabı Keşikçiləri Korpusuna müraciəti ilə nəticələnə bilər. Belə hallar az olmayıb. Bütün bunlar xüsusi xidmət orqanlarının işini yüngülləşdirir.

Bununla yanaşı, İrana terror axınının artacağını da istisna etmək olmaz. Məsələ ondadır ki, beynəlxalq terror təşkilatları İrana da girə bilir. İndiyədək İslam İnqilabı Keşikçiləri Korpusu terror təşkilatlarının emissarlarının saxlanıldığına dair dəfələrlə məlumat yayıb. Odur ki, İran sərhədlərinin mühafizəsini gücləndirəcək.

- Bəs İranın baş verənlərə cavabı necə ola bilər?

- İslam İnqilabı Keşikçiləri Korpusunun terror aktları nəticəsində həlak olmuş insanların qanının yerdə qalmayacağı haqqında bəyanatı məni narahat edir. Bununla yanaşı, yalnız “İD”dən deyil, Səudiyyə Ərəbistanı, ABŞ və İsraildən də qisas alınacağı açıq şəkildə dilə gətirilir. İranlılar hesab edir ki, bu ölkələr terroru dəstəkləyir.

Ər-Riyadın bu qədər sərt mövqe tutması fonunda iranlıların belə əhvalı daha bir silahlı münaqişəyə yol aça bilər. Üçüncü ölkədə, məsələn, Yəməndə Tehranla ər-Riyad dolayısı ilə bir-biri ilə döyüşür. Səudiyyə Ərəbistanı husi silahlılarına zərbələr endirirsə, husilərə yardım edən İran da bu formada müharibəyə cəlb olunub. Eyni vəziyyət Suriyada da yaşanır. Bəşər Əsədə qarşı döyüşən müxalifətin bir hissəsini Səudiyyə Ərəbistanı maliyyələşdirir. Bütün bunlar «əl-Qaidə»nın fəal, Səudiyyə Ərəbistanının taliblər arasında ciddi nüfuza sahib olduğu Əfqanıstanda da təkrarlana bilər. Amma Türkiyə və digər dövlətlərin vasitəçilik missiyasının gərginliyi aradan qaldırmağa, hadisələrin hərbi qarşıdurmaya doğru getməsini əngəlləməyə kömək edəcəyinə də ümid bəsləmək olar.

Bu yerdə iranlı siyasətçilərin səsləndirdiyi bir ideyanı yada salmaq yerinə düşər: Yaxın Şərqdə bütün yaşananlar Çinin «Bir kəmər - bir yol» iqtisadi-nəqliyyat dəhlizi layihəsinin qarşısının alınmasına yönəlib. Bu layihənin nəzərdə tutduğu yol Əfqanıstandan, İrandan, Pakistan və İran limanlarından və s. keçir. Yəni, regionda sabitliyin pozulması bu layihənin reallaşdırılmasına mane olacaq və bununla da Çinin Avropa qitəsinə doğru irəliləməsini əngəlləyəcək.

- Tehran İraqın, Bəhreynin, Livanın şiə regionlarını, Suriyada ələviləri, husiləri dəstəkləyir. Bəlkə sünnilərlə-sələfilərin reaksiyasına elə bu səbəb olub?

- İranın şiəlik ideyası, bu cərəyanın dünyanın digər regionlarında yayılmasına köklənməyib. Hətta İmam Xomeyni öz fəaliyyətində şiəliyi ümumi İslamdan ayırmayıb. Bundan başqa, İran dini baxışlar və fəlsəfi yanaşmalara əsaslanaraq, sünnilərlə ümumi dil tapmağa çox cəhdlər edib. Bu, şiələrlə-sünnilər arasında parçalanmanın dərinləşməsinə imkan verməmək cəhdləridir. Tehranın siyasətində şiəliyin dünyaya yayılması strategiyası müşahidə olunmur. Suriyanın problemi onun İraqla müharibədə İranı dəstəkləmiş yeganə ərəb dövləti olmasında idi. Tehranla-Dəməşq arasında sıx əməkdaşlıq məhz o andan başlamışdı. Suriyanın ozamankı lideri Hafiz Əsədi isə dini dairələrə aid eləmək çətindir. Bir sözlə, İran öz siyasətində hansısa mütləq şiə nəzəriyyələrinin formalaşmasını əsas götürmür.

- Bəs baş verənləri sakit şəkildə kənardan müşahidə edən İsrailin rolu nədən ibarətdir?

- ABŞ-ın sərt anti-İran siyasətinin İsrailin İrana münasibətindən də qaynaqlandığına şübhə yoxdur. İsrailin ehtiyatlanmağa əsasının olduğu ilə qismən razılaşmaq mümkündür. Çünki ayrı-ayrı İran siyasətçiləri, az qala, hər gün «İsrailə ölüm!» qışqırır, onların raketlərinin üzərində isə «İsraili vuraq!» yazılır. Bu, təbii ki, Təl-Əvivin ehtiyatlanması üçün əsasdır. İstər bu, istərsə də digər tərəfə münasibətdə emosional amil böyük rol oynayır. İran İsraili nə qədər qəbul etməsə də, Təl-Əvivlə dialoqa getmədən, Yaxın Şərqdə sabitliyə, təhlükəsizliyə nail olmağın mümkünsüzlüyünü anlayır.

- İranda hadisələr bundan sonra necə inkişaf edə bilər?

- Təkrar terror aktları sabitliyi poza bilər. Lakin yaxın perspektivdə hücumların təkrarlanacağını düşünmürəm. İranda terrorun əsası xarici amildir. Bu ölkənin xüsusi xidmət orqanları isə terrorun ölkəyə gəlişini əngəlləyə bilər.

Bununla yanaşı, xarici qüvvələr - Səudiyyə Ərəbistanı, ABŞ, İsrail İranın ölkədən kənardakı müxalifəti ilə birləşə, ölkədə aranı qata bilər. Suriyadakı kimi vətəndaş müharibəsi isə hələ ki, mümkün deyil. İran əhalisinin əksəriyyəti hakim rejimi dəstəkləyir. Cəmiyyətin proqressiv, islahat tərəfdarı olan təbəqəsi belə, dini-siyasi rəhbərliyin sistemdə islahatlar aparmaq potensialının olduğunu düşünür. İranda bütün cəmiyyəti nəzarətdə saxlayan dini strukturlar əhaliyə böyük sosial dəstək göstərir. Bu da hazırkı rejimin sosial dayaqlarını gücləndirən amillərdəndir.

İran hakimiyyətinə silahlı müqavimət kənarlarda, əhalisi ərəb olan Huzistanda ola bilər. İranın əsas neft hasilatı məhz bu regiondadır. Səudiyyə Ərəbistanı və BƏƏ bu regionda çox sıx işləyir. Orada tez-tez hökumət əleyhinə aksiyalara, çıxışlara rast gəlinir. Lakin bu, təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmış ərazidə baş verir. Bu əhvalın İslam İnqilabı Keşikçiləri Korpusunun kordonunu aşması mümkün deyil. Onların öz geyimləri, məktəbləri var; yəni, burada yaşayan insanların daxili inkişafı üçün şərait yaradılıb. Lakin təhlükəsizlik qüvvələri onları yaşadıqları regiondan kənara buraxmır.



MƏSLƏHƏT GÖR:

488