26 Aprel 2024

Cümə, 13:26

BİRİNCİDƏRƏCƏLİ LAYİHƏLƏR

Azərbaycanın səyləri xarici tərəfdaşlarının dəstəyini qazanır

Müəllif:

15.06.2017

Cəmi bir il qalıb - artıq 2018-ci ilin ortalarında Azərbaycan qazının Avropa bazarına çıxarılması yolunda işlərin əsas mərhələsi başa çatdırılacaq. Artıq «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində bütün işlər, demək olar ki, finiş xəttindədir. 

Bu ayın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin dənizə yolasalma mərasimi olub. «Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə “Şahdəniz” yatağı üzrə kontrakt imzalananda bunu təsəvvür etmək belə mümkün deyildi... Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşları olub. Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək», - deyə Prezident mərasimdə vurğulayıb.  

«Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarının işlənməsi üçün indiyədək 7 platforma tikilib. Onlar əsasən, xaricdə yığılırdı və iri bloklar şəklində Bakıya gətirilirdi. Ancaq “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində iki platforma tam olaraq Bakı yaxınlığındakı tikinti meydançalarda yığılıb. Bütünlüklə, «Mərhələ - 2» layihəsi üzrə işlər 93%, Bakıdan Gürcüstan-Türkiyə sərhədinə kimi olan Cənubi Qafqaz Magistral Qaz Kəmərinin genişləndirilməsi üzrə işlər isə 85% yerinə yetirilib.

Azərbaycan qazının Avropaya yolunu açan qlobal "Cənub Qaz Dəhlizi" layihəsinin başqa komponentləri üzrə də işlər fəal irəliləyir. O cümlədən, Türkiyənin şərqindən qərbinə kimi uzanan Trans-Anadolu Qaz Kəmərinin (TANAP) tikintisi 72% yerinə yetirilib. 2018-ci ilin ortalarında istismara başlamaq üçün artıq gələn ilin əvvəlində boru kəmərinin qazla sınağı başlayacaq.  

Bu marşrutun nisbətən problemli sahəsi Trans-Adriatik Qaz Kəməri (TAP) olsa da, artıq bu hissədə də işlər yarılanmaq üzrədir. «Orada icra səviyyəsi 42 faizdir. Onu da qeyd etmək istəyirəm ki, plana görə TAP-ın icra səviyyəsi bu günə 45 faiz olmalı idi. Yəni ki, o səviyyəyə yaxındır. Mən bunu xüsusilə vurğulamaq istəyirəm. Çünki Azərbaycan ictimaiyyəti bilir ki, TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir, qruplar təşkil olunur, ekoloci məsələlər bəhanə kimi ortalığa atılır. Bizdə olan məlumata görə, bunun arxasında böyük pullar dayanır. Yəni, o qruplar süni şəkildə, heç bir əsası olmadan təşkil edilir. Amma aydındır nə üçün, bu layihəni dayandırmaq, yaxud da ki ləngitmək üçün. Bütün bunlara baxmayaraq, TAP layihəsinin icrası plandan cəmi 3 faiz geridədir. Ona görə, əminəm ki, bu layihənin icrasında da heç bir problem olmayacaq», - deyə Prezident İlham Əliyev Azərbaycan Demokratik Respublikasının 99-cu illiyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib.  

Azərbaycan bundan əvvəl də energetika layihələrinin gerçəkləşdirilməsində müəyyən siyasi qrupların maneçiliyi ilə qarşılaşıb. Hələ 1994-cü ildə "AÇG" yataqlarının işlənməsi üzrə «Əsrin müqaviləsi»nin imzalanması zamanı da fəal təbliğat aparılırdı ki, Xəzərin siyasi statusunun müəyyən edilmədiyi bir şəraitdə bu saziş işləməyəəck və xarici şikrətlər tərəfindən yatırılmış sərmayələr boş yerə xərclənəcək.  

Əgər gənc Azərbaycan hələ öz müstəqilliyinin ilk çağlarında xaricdən təsirin öhdəsindən gəlirdisə, dünyanın siyasi xəritəsində özünü təsdiq etmiş və regionun lideri olmağı bacarmış, bir neçə transmilli layihə həyata keçirmiş bir ölkəyə maneçilik törətməyin mənası yoxdur. Amma istənilən halda, «böyük» Azərbaycan neftinin dünya bazarlarına yolunu açmış Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin gerçəkləşdirilməsi zamanı yaradılan maneçiliklər hələ unudulmayıb. Onda da arqumentlər indikilərlə anoloji idi - guya ki, ekologiyaya təhlükə törədirdi və s. Amma layihə bütün ən sərt ekoloji normalara riayət edilməklə yerinə yetirildi və 10 il ərzində ekologiyaya zərər vura biləcək bir hadisə də olmayıb.

«Bu illər ərzində çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsini yarada bilmişik. Onların içində, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri xüsusi yer tutur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq on ildir ki, istismardadır. Bütün bunlar tarixi layihələrdir. Əgər bunlar olmasaydı, o layihələrə sərmayə qoyulmasaydı, biz öz enerji resurslarımızı heç bir yerə ixrac edə bilməzdik. Çünki qapalı bir ərazidə yaşayırıq, okeanlara, açıq dənizlərə çıxışımız yoxdur. Belə olan halda, neft-qaz kəmərləri bizim enerji resurslarımızı xarici bazarlara çıxarır. Burada təkcə iqtisadi tərəf kifayət etməz, burada mütləq regional əməkdaşlıq olmalıdır. Biz tərəfdaşlarla birlikdə bu əməkdaşlığı yaratmışıq və möhkəmləndiririk. Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır. Çünki bu layihələrdə onminlərlə insan işləyib. Bu gün bizimlə bərabər bu layihələri icra edən ölkələrdə bu sahədə inkişaf sürətlənir. Əlbəttə, bunun ölkələr arasındakı münasibətlərə də çox müsbət təsiri var», - deyə «Xəzər Neft və Qaz-2017» sərgisinin açılışında Azərbaycan Prezidenti bildirib.  

Bu layihələrlə Azərbaycan dünyaya yeni enerji resursları mənbəyi verməklə yanaşı, həm də Xəzər bölgəsinə öz enerji resurslarını dünya bazarlarına daşımaq üçün yeni marşrutlar verdi. Enerji resurslarının mənbələrinin və daşınma marşrutlarının şaxələndirmə məsələsinin aktuallaşması şəraitində Azərbaycanın gerçəkləşdirdiyi layihələr həm region ölkələri üçün, həm də Avropa üçün təxirəsalınmaz önəm daşıyır. "Cənub Qaz Dəhlizi"nin gerçəkləşdirilməsi nəzərə alınarsa, Avropanın enerji təhlükəsizliyinin təminində ölkənin rolu xüsusilə artır.  

«Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni mənbə Azərbaycandır. Böyük mənbədir, yaxında yerləşən mənbədir. Ən önəmlisi isə odur ki, "Cənub Qaz Dəhlizi"ni tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Onu da qeyd etməliyəm ki, əgər Azərbaycan dövləti bu dörd layihənin icrasına sərmayə qoymasaydı, əminəm, heç bir investor sərmayə qoymazdı», - deyə İlham Əliyev bəyan edib.

Azərbaycanın səyləri xarici tərəfdaşlarından gərəkli dəstəyi alır. Həmçinin, özü Azərbaycan qazının nəqlində maraqlı olan Avropa Birliyindən əlavə ABŞ da siyasi dəstək verir. Prezident Donald Trampın iki məktubu - həm Respublika Günü ilə bağlı, həm də neft-qaz sərgisinin keçirilməsi ilə bağlı göndərdiyi məktublar ABŞ-ın bu kursunun dəyişməz olmasından xəbər verir.

«Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm.

Mən iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm və alqışlayıram, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayıram. İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda, Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır.

Mən son 25 il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirirəm və bu tərəfdaşlığın davamlı inkişafını arzulayıram», - deyə Trampın Prezident İlham Əliyevə məktubunda deyilir.

Bu məktublar dünya mərkəzlərindən birinin regional siyasəti üçün Azərbaycanın önəmini və vacib yerini göstərir. Özü də Barak Obamanın prezidentliyinin son illərində iki ölkənin münasibətlərində müəyyən gərginlik hiss edilirdisə, Tramp bu məsələyə praqmatizm nəzərindən yanaşmağa başladı ki, bu, Ağ evin yeni administrasiyasının siyasətini əlverişli mövqeyə çıxarır. Donald Tramp praktiki olaraq, bütün məsələlər barədə iqtisadi məqsədəuyğunluq mövqeyindən çıxış edir. Hələ seçki kampaniyası zamanı Tramp Avropanın alternativ enerji resursları mənbələri ilə təmin edilməsinə çağırırdı və Azərbaycanın bu məsələdə rolunu anlayırdı.  

Energetika İttifaqı üzrə Avropa Komissiyasının prezidenti Maroş Şefçoviç isə sərgi iştirakçılarına müraciətində bu məsələ ilə bağlı daha dəqiq danışıb. «Azərbaycan Avropanın ən vacib tərəfdaşlarından biridir və qarşısına qoyduğu hədəflərə "Cənub Qaz Dəhlizi"nin gerçəkləşdirilməsi ilə, Avropa Birliyinə öz enerji mənbələrinin strateji şaxələndirməsi üçün əlverişli şərait yaratmaqla çatmağa çalışır, Avropada geosiyasi balansın və sabitliyin qorunmasına önəmli töhfə verir. Bu gün biz tam əminik ki, 2020-ci ilə qədər Azərbaycan qazı Avropaya çatacaq», - deyə Şefçoviç bildirib.  

Azərbaycan qazının Balkan ölkələrinə çatdırılması, xüsusilə önəmlidir və onlardan bəziləri heç qazlaşdırılmayıb. O cümlədən, Çernoqoriyanın Baş naziri Duşko Markoviç bildirib ki, bu ölkənin hökuməti TAP layihəsinin uğurla gerçəkləşdirilməsi üçün hər şeyi etməyə hazırdır.  

«Əslində bu, Çernoqoriyanın qazlaşdırılmasının yeganə yoludur, buna görə bizim hökumət layihənin uğulra gerçəkləşdirilməsi üçün hər şeyi etməyə, Azərbaycanın dövlət şirkəti SOCAR-ın Xəzər və Adriatik dənizinin birləşdirilməsi ilə bağlı ideyasını dəstəkləməyə hazırdır», - deyə Baş nazir «Trend» agentliyinə bildirib və qeyd edib ki, TAP həm də İoniçya-Adriatik Boru Kəmərinin (IAP) tikintisinə yol açır.

Qeyd etməyə dəyər ki, CQD yalnız «Şahdəniz» yatağının qazını nəql etməklə məhdudlaşmır, o, həm də ölkənin başqa qaz strukturlarının işlənməsinin sürətləndirilməsinə yol açır. Yeri gəlmişkən, 2020-ci ildə «Abşeron» yatağından, 2026-cı ildə isə «Azəri-Çıraq-Günəşli» blokunun dərin laylarından qaz hasilatının başlanması gözlənilir. Sonrakı illərdə «Babək», «Qarabağ», «Naxçıvan», «Şəfəq - Asiman» və başqa strukturların işlənməsi gözlənilir. Bütün bunlar bütünlükdə 2030-cu ildə Azərbaycanın ixrac potensialını ildə 40 milyard kubmetrə qaldıracaq.  

Bu baxımdan, «SyEnergy» konsaltinq şirkəti Azərbaycana özünü mayeləşdirilmiş qaz (MTQ) bazarında fəal göstərməyi təklif edir. Şirkətin direktoru Klaudio Steyerin fikrincə, o cümlədən Ceyhanda maye qaz terminalının və Ərzurum - Ceyhan qaz kəmərinin tikintisi mümkündür. Qazın mənbəyi kimi «Şahdəniz» yatağının işlənməsinin üçüncü mərhələsi göstərilə bilər. Bu zaman boru kəmərinin tikintisinə sərmayələr, təxminən, $5 mlrd., terminalın tikintisinə sərmaylər isə gücündən asılı olaraq $20-30 mlrd. təhkil edə bilər. Layihənin üstünlüklərindən biri qazı tələb və qiymətin yüksək olduğu istənilən regiona aparmaqdır.  

Ancaq CQD Avropa yolunu yalnız Azərbaycan qazı üçün deyil, həm də başqa mənbələr üçün açır. İlk öncə, söhbət Türkmənistan və Qazaxıstan qazının, həmçinin İran və İraq qazının dəhlizə qoşulmasından gedir. Böyük Britaniya Baş nazirinin ticarət məsələləri üzrə keçmiş nümayəndəsi Çarlz Hendrinin sözlərinə görə, Xəzərin şərq sahilindən qaz nəqli məsələsi hüquqi statusun tənzimlənməməsi ilə bağlıdır. Amma türkmən qazını almaq üçün Avropa Aşqabada xüsusi cəlbedici şərtlər təklif edə bilər.  

Hendrinin sözlərinə görə, AB həmişə qaz marşrutlarının və mənbələrinin şaxələndirilməsindən danışır, amma Xəzər bölgəsindən olan təchizatçılara qaza sabit tələb vəd etmək və həmçinin qaz nəqli layihələrinin maliyyələşdirilməsi üçün imkanlardan istifadə etmək, aşağı dərəcələri qorumaq lazımdır.  

«Caspian Oil&Gas» konfransında Klaudio Steyer türkmən qazının nəqli üzrə maraqlı ideya təklif edib. Belə ki, «SyEnergy» Xəzər hövzəsinin daxilində sıxılmış qazın nəqli üçün dəniz daşımalarından istifadə etməyi təlif edir. «Dənizin dibi ilə boru kəmərinin tikintisi Rusiya və İran üçün çox incə məsələdir, ona görə də sıxılmış qaz variantından istifadə etmək, onu Türkmənistan və Qazaxıstandan tankerlərlə Azərbaycana gətirmək və daha sonra CQD-yə vurmaq lazımdır», - deyə Steyer bildirib.

Bu daşıma növü, mayeləşdirilmiş qaz daşınmasında daha ucuzdur və son nəticədə, Azərbaycanın tam keyfiyyətli qaz habına çevrilməsinə imkan verəcək. Steyerin fikrincə, tranzit istisna olmaqla, Azərbaycan qaz habına çevrilmək üçün lazım olan bütün komponentlərə malikdir: «Sizdə qaz hasilatı var, qazın saxlanması və emalı üçün güclər mövcuddur. Yerli satışlar şəbəkəsi geniş inkişaf etdirilib, qaz ixraca fəal inkişaf etdirilir. Regionun tam keyfiyyətli qaz habına çevrilmək üçün çatışmayan tək şey tranzitdir. Türkmən və qazax qazının Avropaya nəqli ilə bağlı anlaşmalar bu açığı da doldurmağa imkan verər».

Beləliklə, CQD-nin işə salınması Avropaya alternativ mənbələrdən qaz nəqlinə imkan yaradır. Əgər indiki mərhələdə söhbət yalnız Azərbaycandan gedirsə, CQD sisteminin iş qabiliyyəti Xəzərin şərq sahilindəki istehsalçıların da diqqətini çəkə bilər. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ilk başdan yalnız Azərbaycan nefti nəql edilirdisə, indi kəmərlə böyük həcmlərlə türkmən və qazax nefti də ötürülür. Və Xəzərin heç bir statusu məsələsi sırf iqtisadi gəlirə əsaslanan regionlararası əməkdaşlığın qarşısını ala bilməz.



MƏSLƏHƏT GÖR:

392