26 Aprel 2024

Cümə, 20:13

UŞAĞIN SƏVİYYƏSİNƏ YÜKSƏLMƏK

Səadət ƏZİZOVA: «Uşaqlara hörmətlə yanaşmaq lazımdır, çünki qarşınızda düşüncəsi stereotiplərlə və hər kəsə bəlli olan gerçəkliklərlə pozulmamış şəxsiyyət durur»

Müəllif:

01.07.2017

Məktəblərdə "Son Zəng" çalındı və uşaqlar layiq olduqları tətilə çıxdılar. Yay tətilini yalnız uşaqlar deyil, həm də onların valideynlərinin gözlədiyini söyləsək, yanılmarıq. Səhər tezdən uşağı dərsə aparmaq, onunla birlikdə ev tapşırıqlarını yerinə yetirmək üçün baş sındırmaq, müəllimlərlə söhbət aparmaq lazım gəlməyəcək. Nə olur-olsun, əsəbləri tarıma çəkən dərs dövrü və iş rejimi, hətta ən çalışqan şagirdləri və ən dözümlü valideynləri belə yorur. Dərs ilinin başa çatması məktəbdə əldə edilmiş biliklərə özünəməxsus şəkildə yekun vurulmasıdır. «Məktəbdə yalnız dərs öyrədirlər», - deyə düşünən çoxluğun əksinə olaraq, uşaqda davranışın düzəlməsində müəllimlərin də rolu var. Yaxşı müəllimlər yalnız yaxşı şagird deyil, həm də yaxşı insan yetişdirirlər. Elə müəllimlər var ki, onlardan hətta yay tətili kimi uzun çəkməyən zaman kəsiyində belə, ayrılmağı arzulamırsan. Şagirdlərin ibtidai sinifdən növbəti mərhələyə - daha yetkin məktəb həyatına keçən zaman sevimli müəllimlərindən ayrılaraq, başqa müəllimlərin yanına getməsi isə daha ağrılı olur.

 

Müəllim yanında

«Mənim nəvəm bu il 4-cü sinfi bitirir. Onun və sinif yoldaşlarının bəxti gətirib. Dörd il sevdikləri müəllimin yanında olublar». Bunu bizə Səfurə Quliyeva danışır, onun nəvəsi Əmir Azərbaycanın Əməkdar müəllimi, məşhur 160 saylı Klassik Gimnaziyanın ibtidai sinif müəllimi Səadət Əzizovanın yetirməsidir.

Niyə onun barəsində yazırıq? Ona görə ki, indiki zamanda öz peşəsini təsadüfdən deyil, sevərək seçən müəllimlər çox azdır. Səadət xanım, onun uşaqlara unikal yanaşması barədə çoxları danışır. Bu pedaqoqu tövsiyə edirlər, onu tanıyırlar və sevirlər. Səadət xanım sevimli işi ilə artıq 28 ildir ki, məşğuldur. Bu illər uşaqların ona etibar etdiyi, qarşılıqlı hörmət illəri olub.

Səadət ƏZİZOVA «R+»un müxbiri ilə söhbətində ibtidai siniflərlə işinin sirlərini açıb. Onun təcrübəsi çox valideynlərə öz uşaqlarını anlamaqda yardımçı ola bilər və onlar uşaqlarını bitməyən öyüdlər şəraitində deyil, sevərək böyüdərlər.

- Şagirdlərinizlə iş zamanı deviziniz nə olur?

- «Hər şey şagird üçündür». Bu cür yanaşdığıma görə, uşaqlar mənə şəksiz inanırlar. Mən onları sevirəm. Bu sevgi mənə uşaqları inandırmaq və arxamca aparmaq imkanı yaradır. Ona görə, uşaqlara inanmaq lazımdır. Mən çox şeyi onlardan öyrənirəm.

- Siz materialın uşaqlara maraqlı olduğunu və onların keçilənləri mənimsədiyini necə başa düşürsünüz?

- Hər bir müəllim öyrətmək və möhkəm bilik vermək üçün öz yolunu axtarır. Çalışıram ki, onları dərsə həvəsləndirim ki, uşaq öz qabiliyyətindən, oxumaq istəyindən və diqqət səviyyəsindən asılı olmayaraq, 45 dəqiqəlik dərs ərzində lazımi bilikləri ala bilsin. Dərs prosesini elə qurmaq lazımdır ki, məşğələlərə maraq azalmasın. Eşidəndə ki, mənim yetişdirdiyim siniflər sonrakı təhsildə həmişə uğurludur, intellektual baxımdan hazırlıqlıdır və yaradıcılıq baxımından inkişaflıdır, bu, mənim üçün çox xoş olur. Bunları demək mənim üçün elə də asan deyil, istəmirəm ki, bu, kənardan loğvalıq kimi görünsün. Amma valideynlər mənimlə danışan zaman tez-tez deyirlər ki, dərslərimdə yaradıcılıq axtarışı mühiti var. Məhz buna nail olmağa çalışıram.

- Bəs, sirr nədədir? Necə etmək lazımdır ki, uşaqlar həm sevsinlər, həm hörmət etsinlər, həm də öz hisslərini paylaşsınlar? Onların bu etibarını necə qazanmalı? Uşaqlarla bu, asan deyil…

- Uşaqlarla onların dilində danışa bilməyənlər üçün onların düşüncə və qavrayış səviyyəsinə qalxmaq… bəli, bəli, qalxmaq asan iş deyil. Sizə deyim ki, bu, çox yüksək qavrayış səviyyəsidir - uşaqlara hörmətlə yanaşmaq lazımdır, çünki qarşınızda düşüncəsi stereotiplərlə və hər kəsə bəlli olan gerçəkliklərlə pozulmamış şəxsiyyət durur. Onlar unikaldır. Onlar üçün uğur şəraiti yaratmağa çalışıram. Əgər şagird nəyəsə nail olursa, mütləq onu qeyd edir və tərifləyirəm. Uşaq öz məhsuldarlığını hiss etməlidir - əks-əlaqə lazımdır! Halbuki, kənardan baxanlar deyərlər ki, mən öz uşaqlarıma üz vermirəm, onlarla çox sərt danışıram. Amma həmişə ürəkdən danışıram. Onların dərsləri necə qavramasını diqqətlə izləyirəm. Geriləmə olan kimi dərhal həyəcan təbili çalıram: onların valideynləri ilə söhbət edirəm, vəziyyəti və durumu aydınlaşdırmağa çalışıram; uşağın özü ilə də.

- Bəlkə sizin hansısa özəl təhsil metodunuz var?

- Məsələ bundadır ki, dərslərə çox ciddi yanaşıram. Əgər tədris prosesi müəllimin özü üçün maraqlıdırsa, mütləq uşaqları da maraqlandıracaq. Uşaqların özləri etiraf edirlər ki, mənim dərslərimdə heç zaman darıxmırlar. Proqramı ləngidərək zəif uşaqlara uyğunlaşmaq istəmirəm, əksinə, onları yaxşı şagirdlərin dalınca dartıram. Bütün metodika özəlliklə bundan ibarətdir.

- Valideynlər sizin dərslərə gəlir?

- Bəli. Bu cür açıq dərslər mənim üçün çox vacibdir, çünki həmin yaşda olan uşaqların valideynləri ilə güclü bağları olur. Onların dərslərin hansı şəraitdə getməsi barədə təsəvvürləri olmalıdır. Bu, bir növ, ev dəstəyidir - müəllimin məktəbdə etdiklərinin davamıdır. Həm də valideynlər sakitləşirlər və bir çox məsələlər üzrə təşvişə düşməyi dayandırırlar - olur ki, ata və analar anlamırlar ki, balaları oxumaq üçün hara yollanır.

- Tədrisdə hansı fənnə üstünlük verirsiniz?

- Riyaziyyata. Çalışıram, şaigirdlərə bu fənnə sevgi aşılayam. Düşünürəm ki, bu, məndə alınır. İstəyirəm, dərslərim uşaqlar üçün rahat olsun - onları bu çətin fəndən qorxutmaq olmaz. Onlar yalnız bu cür öz güclərinə inanırlar. Əvvəlcə onlara məsələdə söhbətin getdiyi durumu təsəvvür etməyi təklif edirəm. Daha sonra bunu rəsm və ya sxemlə təsvir etməyi tövsiyə edirəm. Daha sonra şagirdlərə bu təsviri nəyin əsasında qurmaları barədə sual verirəm ki, onlar izah etməyə məcbur olsunlar. Bəzən uşaqların öz tapıntılarına doğru irərliləmə yolu məni heyran qoyur. Bunlar haqqında çox bəhs edilən interaktiv dərslərdir. Çalışıram, onlar standart nümunələrin həllində yox, düşüncə prosesində məşq etmiş olsunlar. Uşaqların böyük əksəriyyəti qavrama məsələlərinin öhdəsindən gəlir. Əvvəllər öz güclərinə inanmayan, özlərinə bel bağlamayan uşaqlar qorxu və həyəcandan qurtularaq, riyaziyyat məşğələlərindən həzz almağa başladılar.

- Uşaqlar sizə cavab verməyə çətinlik çəkdiyiniz suallar verirmi?

- Əlbəttə, bəzən olur ki, onların sualları məni çətinliyə salır. Mən buna çox şad oluram. Müəllim məhz belə sualları eşidəndə anlayır ki, uşaqlar düşünür, deyilənləri təhlil edir. Qeyri-standart düşünən uşaqları çox sevirəm. Həmişə çalışıram, belələri olsun. Uşaqları buna öyrətmək lazımdır. Buna görə də onlara qeyri-standart məsələləri həll etməyi öyrədirəm. Onlara riyazi üsulları öyrətmək, uşaqlarda riyazi təfəkkürü inkişaf etdirmək çox vacibdir. İstənilən idmançıdan dünya çempionu hazırlamaq, yəqin ki, mümkün deyil, amma onun yarışlarda uğurla çıxış etməsi və yaxşı yerlər qazanması üçün nələri isə etmək mümkündür. Və mənim şagirdlərim də böyük həvəslə mümkün bütün olimpiadalarda iştirak edirlər. Qeyri-standart məsələləri həll etmək üçün böyük riyaziyyatçı olmağa gərək yoxdur. Məntiqi düşünmək və mühakimə bacarığı yetərlidir. Ancaq təəssüf ki, bu bacarıqları testdən keçirə bilmirlər. Buna görə mən uşaqların müstəqil düşünmək cəhdini alqışlayıram. Bu, onlara öz nəzər nöqtələrini müdafiə etməyə imkan verir. Çox şadam ki, uşaqlarım öz fikirlərini söyləməyə qorxmurlar. Riyazi məsələ həllini «ulduzlu» stress və təşvişə çevirmək olmaz. Bu, maraqlı və azartlı olmalıdır. Çalışıram, onların ətraf dünya barədə təsəvvürlərinin sərhədlərini genişləndirəm.

- Uşaqlar indi çox sayda ev tapşırığı edirlər, onlar daim gərginlik altındadırlar…

- Məsələ ev tapşırığı verməkdə deyil, onun edilməsindədir. Şagirdlərlə bunu müəyyənləşdirmək lazımdır. Buna görə mənim hər bir dərsim ev tapşırığının müzakirəsi ilə başlayır ki, uşaqların sualının yaranıb-yaranmamasını yoxlayım. Çox vaxt ev tapşırığına bir qayda olaraq, öyrənilən mateiralla tematik bağlı olan «Olimpiada səviyyəli» əlavə məsələ daxil edilir. Bu zaman mən müxtəlif həll üsulları göstərməyi xahiş edirəm. Gözəl üsullar alqışlarla qarşılanır.

- Bəs sizdən sonra nə olur? Şagirdlərinizin daha sonra necə oxumasını müşahidə edirsinizmi? Böyük ehtimalla, sonrakı siniflərdə onların riyaziyyatla bağlı problemləri olmur; axı sizin siniflər riyaziyyata meyilli olur …

- Etiraf edim ki, ciddi problemləri olmur. Düzü, qorxuram ki, riyaziyyat istedadı olan uşaqlara başqa fənlər maraqsız gələ bilər. Amma bilirəm ki, bizim gimnaziyada bu baxımdan layiqli varislər var. Əgər biz Azərbaycanın uğurlu gələcəyini görmək istəyiriksə, onda, şəksiz, cəmiyyətin intellektual səviyyəsini qaldırmalıyıq. Müəllimlərin işinə əlverişli şərait yaratdığına görə, Faina Ələkbərovanın timsalında bizim gimnaziyanın rəhbərliyinə təşəkkür edirəm.

 

Son söz

Müəllimləri tez-tezmi dinləyirik? Onları tez-tezmi anlayırıq? İndi cəmiyyət onları tənqid etməyə daha çox meyillidir, amma uşaqları öz ardınca aparmağın çətin olması hər valideynin ağlına gəlmir. Əmirin nənəsi hesab edir ki, Səadət Əzizova öz təcrübəsini başqa müəllimlərə ötürməlidir, açıq dərslər təşkil etməli, başqa təcrübəsiz müəllimlərə master-klasslar keçməlidir.

Səfurə Quliyeva düşünür ki, yalnız bu cür müəllimlərin çox dəyərli təcrübəsindən yararlanmaqla, cəmiyyətin intellektual səviyyəsini artırmaq mümkündür.

«Onun şagirdləri doğru düşünməyi öyrəniblər. O, uşaqlara yolu göstərdi və ən başlıca məsələni - biliklərə yiyələnməyi öyrətdi. Səadət xanım gerçək müəllimdir. İstərdim ki, bizim uşaqların bütün həyat yolunda belə istedadlı və ədalətli müəllimlər çox olsun. Öz nəvəmlə dördillik maraqlı ibtidai məktəb yolu keçərək mən çoxlarına Səadət xanım haqqında danışıram. İstəyirəm ki, onu çox adam tanısın. Çünki belə müəllim brenddir! Məktəbin, şəhərin, ölkənin brendi. Düşünürəm, onun adı müəllimlərin qızıl fonduna yazılmalıdır. Bizim ölkədə belə fond yoxdur, amma onu yaratmaq yararlı olardı. Ona cansağlığı arzulayıram ki, daha bir düşünən, uzaqgörən və işgüzar nəsil yetişdirsin! Balaca Əmir onun üçün darıxacaq», - deyə nənə minnətdarlıqla bildirdi...



MƏSLƏHƏT GÖR:

495