26 Aprel 2024

Cümə, 07:50

TÜRK ALYANSI

Azərbaycan, Türkiyə və Türkmənistan regional əməkdaşlıqda yeni səhifə aça bilər

Müəllif:

01.08.2017

Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin iyulun 19-da Bakıda keçirilmiş görüşü rəsmi Aşqabadın yalnız türk dövlətləri ilə deyil, Avropa İttifaqı ölkələri ilə münasibətində yeni səhifə aça bilər. İllər ötdükcə, Türkmənistan rəhbərliyi anlayır ki, Avropa istiqamətində sabit enerji və nəqliyyat dəhlizi olmadan ölkə iqtisadiyyatının gələcək inkişafına nail olunması çətindir.

Ankara isə regionda enerji xabına çevrilməkdə maraqlıdır. O, bununla, Aİ ilə danışıqlar prosesində mövqeyini gücləndirməyi düşünür. Hər halda, Suriya münaqişəsi və Rusiya ilə yaxınlaşma fonunda Aİ ilə diskussiyalar nəzərəçarpacaq dərəcədə zəifləyib.

Azərbaycanla-Türkmənistanın müstəqillik qazanmalarından sonrakı dövrdəki münasibətləri Xəzər dənizindəki yataqların kimə mənsub olduğu haqqında müzakirələrin nəticə verməməsi üzündən bir qədər pozulmuşdu. Danışıqlarda uğur qazanılması dənizdəki təbii ehtiyatların nəqli prosesini bir qədər də canlandırmaqla yanaşı, həm də Xəzərin hüquqi statusuna dair danışıqların başa çatdırılmasında həlledici amil olardı.

 

Sammitə hazırlıq

Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli danışıqlar formatı 3 türk xalqı qarşısındakı məsələlərin həlli üçün ən optimal formatdır.

Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər naziri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov arasında iyulun 19-da Bakıda keçirilmiş görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin reallaşdırılması məsələləri müzakirə olunub. Lakin regionda böyük maraq doğuran görüşün yekununda ikitərəfli və ya üçtərəfli heç bir razılaşma imzalanmayıb.

Bununla yanaşı, Azərbaycanın XİN başçısı E.Məmmədyarov keçirilən brifinqdə mövcud potensialı vurğulayaraq, artıq gələn il Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə nəql olunacağını söyləyib. Türkmənistan da öz qazının «Cənub Qaz Dəhlizi» vasitəsilə nəqlinə marağını ifadə edib.

Nəqlliyyat sektoruna gəlincə, gələn il Türkmənbaşı limanının genişləndirilməsi üzrə işlər başa çatdırılacaq və bundan sonra yükdaşımalarının həcmi 25 milyon tonadək artacaq.

Türkmənistan Baş nazirinin müavini, Xarici İşlər naziri Rəşid Meredov bildirib ki, tərəflər ilin sonunadək Azərbaycan, Türkmənistan və Türkiyənin XİN başçıları arasında Aşqabadda daha bir görüşün keçirilməsi niyyətindədir. Bakı görüşünün əsas məqsədi də həmin danışıqlara hazırlıqdır. Bununla da, ilin sonuna 3 ölkə prezidentinin iştirakı ilə bir sıra sənədlərin imzalanması mümkündür.

Güman ki, 3 türk dövləti arasında nəqliyyat sektorunda əməkdaşlığa dair razılaşma da hazırlanacaq. Mövlud Çavuşoğlu üçtərəfli görüşdən sonra keçirilən brifinqdə bildirib ki, istismara veriləcək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolundan türk dövlətləri arasında əməkdaşlığın inkişafında fəal istifadə olunacaq.

 

Şərqə dəhliz

İyulun 19-da Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının görüşü ilə yanaşı, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük qurumlarının rəhbərləri də danışıqlar aparıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Gürcüstan Baş nazirinin müavini, Maliyyə naziri Dmitri Kumsişvili, Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfəngçi arasında keçirilmiş görüşün yekununda gömrük sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsinə dair Birgə Bəyannamə imzalanıb. Sənəd Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük orqanları arasında əməkdaşlığın inkişafını nəzərdə tutur.

Bununla yanaşı, Aydın Əliyev ilə Bülent Tüfəngçi avtomobil nəqliyyatı ilə tranzit daşımaları sahəsində informasiya mübadiləsi üzrə elektron sistemin yaradılmasına dair razılaşma da imzalayıblar.

Aşqabadda keçiriləcək sammitədək Türkiyə, Azərbaycan və Gürcüstan "BTQ" dəmir yolunun tikintisini başa vuracaq. Bundan başqa, Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə təsərrüfat subyektlərinin Türkmənistan, oradan Çin və Əfqanıstan istiqamətində tranzit yüklərin daşınmasına dair müvafiq ikitərəfli və üçtərəfli razılaşmaların imzalanması gündəmdədir. Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı limanı bu gün Bakı Beynəlxalq Ticarət Limanından (BBTL) Mərkəzi Asiyaya yüklərin daşınması üçün ən yaxın liman olaraq qalır.

Türkmənistandan Avropa ölkələrinə pambıq, neft məhsulları, kimya sənayesi məhsulları daşına, oradan isə maşın və avadanlıqlar nəql oluna bilər. Hazırda Türkmənistan Qazaxıstanla-Mərkəzi Asiya ölkələrinə qapı olmaq uğrunda rəqabət aparır və hələ ki, bu rəqabətdə Aşqabad Astanaya açıq-aşkar uduzur.

Türkmənistan rəhbərliyi Türkiyə və Azərbaycandan olan yükgöndərənlərə BBTL-dən Türkmənbaşına daha qısa olan marşrutun gələcəkdə yalnız Türkmənistana deyil, Özbəkistan, Qırğızıstan və Çinə yüklərin daşınmasında daha rəqabətqabiliyyətli olacağını sübuta yetirmək üçün çox çalışmalıdır. Onlar sübut etməlidir ki, Türkmənbaşı limanı bu işdə bir qədər şimalda yerləşən Aktau limanından daha əlverişlidir.

Hələliksə, nəqliyyat daşımalarında üstünlük Qazaxıstandadır. O, daha çevik tariflər və vahid Trans-Xəzər beynəlxalq marşrutunun yaradılması üzərində apardığı işlərlə, Türkiyədən Çinə və əksinə daha çox tranzit yükləri cəlb edə bilir.

Türkmənbaşı limanının imkanlarının illik 25 milyon ton yükədək artırılması və BTQ-nin tikintisinin başa çatdırılması Türkmənistana Mərkəzi Asiyada Türkiyədən Avropaya yüklərin daşınması üzrə əsas nəqliyyat bəndlərindən birinə çevrilmək imkanı verə bilər.

Maraqlı nəqliyyat administrasiyaları ilə dövlət qurumları arasında Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə yeni razılaşmaların imzalanması Türkmənistan istiqamətində Mərkəzi Asiya ölkələrinə, Əfqanıstan və Çinə yükdaşımalarında potensialdan tam istifadəyə imkan verəcəck.

 

Qərbə dəhliz

Türkmənistanın enerjidaşıyıcılarının Avropaya tədarükü, şübhəsiz ki, bu ölkədə keçiriləcək sammitdə əsas müzakirə mövzusu olacaq. Toplantıda Türkmənistan rəhbərliyinin Bakı ilə Ankaranın təşəbbüsü olan TANAP boru xəttinə dəstək olaraq, deklarativ bəyanatın qəbul olunacağı da istisna deyil.

Güman ki, regional qaz infrastrukturunun yaradılmasında növbəti addım Trans-Xəzər Qaz Kəmərinin çəkilişi olacaq. O, «Cənub Qaz Dəhlizi»nin davamı olmalıdır. Bundan sonra Türkmənistan, daha sonra isə Özbəkistan qazı Türkiyə və Avropaya nəql oluna bilər. Lakin nə qədər ki, Xəzərin hüquqi statusu ilə bağlı sahilyanı ölkələrdən, xüsusilə Rusiyadan razılıq yoxdur, bu məsələdə razılığın əldə olunacağını gözləmək olmaz.

Bütün bunlarla yanaşı, Azərbaycanla-Türkmənistan arasında enerjidaşıyıcılarının tranziti məsələsində əməkdaşlıq inkişaf edir. Türkmənistan nefti və neft məhsullarının Azərbaycan infrastrukturundan istifadə ilə dünya bazarlarına çıxarılmasını buna nümunə saymaq olar. Bundan başqa, rəsmi Aşqabad neftdən heç də qaz satışından az gəlir əldə etmir. Son il ərzində Türkmənistan qazının Azərbaycan ərazisi ilə nəql həcmi ilk dəfə 4,3 milyon tona çatıb. Nəzərə alsaq ki, hazırda Türkmənistan-Rusiya münasibətlərində gərginlik var və türkmən neftinin Mahaçqalaya tranzitində problemlər yaranıb, Aşqabadın Azərbaycan vasitəsilə Rusiya istiqamətindən daha 1 milyon ton neft nəql edəcəyi istisna deyil.

Türkmənistan nefti dünya bazarlarına Bakı-Tiflis-Ceyhan əsas ixrac boru xətti vasitəsilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanı, neft məhsulları isə Gürcüstanın Kulevi limanı vasitəsilə tədarük olunur.

Amma Türkmənistan qazı Avropa bazarlarına Trans-Xəzər boru xətti olmadan da Azərbaycan vasitəsilə nəql edilə bilər. Lakin bu, yalnız orada mayeləşdirilmiş qaz istehsalının təşkilindən sonra mümkündür. Türkmənistan rəhbərliyi artıq 2030-cu ilədək neft-qaz sənayesinin inkişafına dair Dövlət Proqramı çərçivəsində mayeləşdirilmiş qaz istehsalının artırılmasına dair genişmiqyaslı layihənin icrasına başlanıldığını bəyan edib.

Əlbəttə, Türkiyə də Türkmənistanın enerjidaşıyıcılarının dünya bazarlarına Azərbaycan, daha sonra «Cənub Qaz Dəhlizi» vasitəsilə Türkiyədən keçməklə, Avropa İttifaqı ölkələrinə nəqlinin lobbiçiliyi ilə məşğul olacaq.

Məlum olduğu kimi, Azərbaycanla-Türkmənistan arasında Xəzər dənizindki mübahisəli yataqlarla bağlı ziddiyyətlər var. Lakin Aşqabadda keçiriləcək sammit iştirakçıları, böyük ehtimalla, Xəzərin hüquqi statusuna dair razılaşmanın imzalanacağı anı gözləyərək, ziddiyyətlərdən yayınmağa çalışacaqlar. Azərbaycan XİN başçısının sözlərinə görə, bu məsələ 80% həll olunub.

 

Sammitin uğurlu olacağı bəllidir

Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü ilin sonunda əlamətdar hadisə olacaq. Məsələ ondadır ki, ötən illər ərzində tərəflər arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığa dair ciddi hazırlıq işləri aparılıb. İndi, onun üzərindən əməkdaşlığın yeni mərhələsinə keçmək mümkündür.

Dünyada hadisələrin inkişafı türk dövlətləri arasında daha sıx siyasi və iqtisadi əlaqələrin qurulmasının vacibliyini göstərir. Bu gün Türkiyə rəhbərliyi üçün Avropanın aparıcı ölkələrindən, həmçinin ABŞ-dan müstəqil siyasət yürüdə bilmək üçün türk dövlətləri ilə vahid cəbhədən çıxış etmək vacibdir.

Azərbaycan və Türkmənistan rəhbərliyi də öz növbəsində, anlayır ki, Turkiyə onların siyasi və iqtisadi müstəqilliyini dəstəkləyəcək, müdafiə edəcək.

Müvafiq olaraq, Aşqabadda yalnız iqtisadi və mədəni deyil, daha vacib olan beynəlxalq siyasi məsələlərə dair də üç türk dövlətinin vahid mövqeyinin ortaya qoyulması mümkündür.



MƏSLƏHƏT GÖR:

380