26 Aprel 2024

Cümə, 08:11

ÇİNSAYAĞI QAYIDIŞ

Honkonq Çinin necə inkişaf edəcəyini göstərən maraqlı indikatordur

Müəllif:

01.08.2017

Ekranda qaşqabaqlı yeniyetmələr görünür. Uniformada şəhərə nəzarət edirlər. Amma onlar Mao Tzedunun əmri ilə "xalq düşmənləri"ni məhv edən, ənənələr və insan haqlarına nifrət edən xunveybinlər (məktəbli və tələbələr) deyillər. Bu, onların davamçıları, 2025-ci ildə kumirlərinin vəsiyyətinə əməl edən Honkonq gəncləridir.

Film heç nəyin dəyişməyəcəyi təqdirdə, nələrin baş verə biləcəyi haqqında xəbərdarlıq edir. Film gözəl, əzəmətli Honkonq şəhərinin əksər sakinlərinin gələcəklə bağlı həyəcanını, narahatlığını ifadə edir.

Film Asiyanın ən nüfuzlu kinofestivallarından birinin ali mükafatına layiq görülüb. Lakin Çinin materik hissəsində «ideya virusu» adlandırılaraq, nümayişi qadağan olunub.

 

Evə aparan yol

XVIII əsrin sonlarında Böyük Britaniya Çinin cənub sahillərində yerləşən Honkonq adasından (Çin dilində - Syanqan) tiryək idxalı və ölkədən böyük həcmdə gümüşün ixracı üçün ilkin baza kimi istifadə edib. Çin hakimiyyəti narkotiklərlə dolu anbarları məhv edərək, ingilis tacirləri oradan çıxardıqda, London müharibəyə başladı (1840-1842) və müharibənin sonunda qalib olaraq, Honkonqu özündə saxladı. 1860-cı ildəki ikinci tiryək müharibəsindən sonra, Koulun yarımadası və Honkonq adası birdəfəlik Böyük Britaniyaya verildi.

1898-ci ildə yarımadaya bitişik materikə əraziləri və ətrafdakı adalar da 99 illiyə Böyük Britaniyaya icarəyə verildi.

1970-ci illərin sonlarında Den Syaopin Maonun idarəçiliyi dövründən qalmış bəzi qaydaları dəyişdi, «fərdi təsərrüfat müəssisələri» yaratmaq qərarına gəldi, Azad İqtisadi Rayonlar (AİR) formalaşdırmağa başladı. Bu rayonlarda xarici investorlara gömrük və vergi güzəştləri, həmçinin digər geniş hüquq və səlahiyyətlər verilirdi. Əsas diqqət Honkonqa yaxın Makao (Çin dilində - Aomın) və Tayvana yönəldilmişdi - onların geri qaytarılması Pekin üçün hər zaman "1 nömrəli" vəzifə idi.

Xüsusi iqtisadi zonalar təcrübəsi sonradan Honkonq və Makaonun inteqrasiyasına imkan verən «bir dövlət, iki sistem» konsepsiyasına çevrildi.

Makao ilə (1557-ci ildən Portuqaliyanın müstəmləkəsi) problem yox idi. Lissabon özü onu geri qaytarmağı təklif etmişdi. Makao sakinləri də həmişə çinpərəst olublar. 1979-cu ilin fevralında Portuqaliya ilə ÇXR diplomatik əlaqələr qurdu, 20 il sonra isə Çinin tərkibində Makao xüsusi inzibati rayonu yaradıldı.

İngilislərlə danışıqlar isə çox gərgin keçirdi. Böyük Britaniyanın Baş naziri Marqeret Tetçer müqavimət göstərir, hesab edirdi ki, Honkonq «uğurlu ingilis-çinli əməkdaşlığının unikal nümunəsidir». Den Syaopin isə öz növbəsində, əsas "kozır"ın onun tərəfində olduğunu bildiyindən, danışıqları sərt aparırdı - icarə müddəti 1997-ci ildə başa çatacaq Honkonq kənd təsərrüfatı əraziləri olmadan onsuz da yaşaya bilməz.

Deyilənə görə, günlərin birində növbəti ağır danışıqlardan sonra, «dəmir ledi» Ümumçin Xalq Nümayəndələri Məclisinin binasından məyus çıxarkən, gözlənilmədən büdrəyərək dizüstə çöküb. Jurnalistlər bu anı belə şərh ediblər: «Göründüyü kimi, Tetçer danışıqları böyük hesabla uduzdu».

Nəticədə, 1984-cü ildə Birgə Çin-Britaniya Bəyannaməsi imzalandı. Sənədə əsasən, 1997-ci il iyulun 1-dən Syanqan üzərində Çinin suverenliyi bərpa olunurdu.

Doğrudur, bu, hələlik Makao kimi, 50 illiyinə xüsusi inzibati rayon kimi nəzərdə tutulur. Onların hər ikisinin icraedici, qanunverici və məhkəmə sistemi var. Eyni zamanda, onlar müstəqil immiqrasiya və vergi siyasəti yürüdür, beynəlxalq təşkilatlarda təmsil olunmaq hüququna da malikdirlər. Müdafiə və xarici siyasət Pekinin əlindədir. Çinin materik hissəsi ilə Honkonq və Makao arasında sərhəd pasport nəzarəti də həyata keçirilir.

Den Syaopin Tayvana, hətta ordu saxlamağa icazə veriləcəyini də vəd edib, amma Tayman Pekinin təkliflərinə ehtiyatla yanaşır.

 

Burada biznes qurmaq asandır

«Heritage Foundation» analitik mərkəzi və İsveçrənin IMD biznes məktəbi bu il Honkonqu növbəti dəfə dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatı elan edib. Bu, mülkiyyət hüququ, korrupsiyanın yoxluğu, işçi qüvvəsinin və kapitalın mobilliyi kimi meyarlara əsasən müəyyənləşdirilib.

Dünya Bankının məlumatına görə, Honkonq hazırda dünyada biznesin qurulmasının asanlığına görə 4-cü, vergi sistemi reytinqində isə 5-ci yerdədir.

Honkonqun fond birjası 2,96 trilyon dollar kapitala malikdir. Bu, ən nəhəng ticarət meydanlarından biri olmaqla, Asiyada 2-ci (Tokiodan sonra), dünyada 6-cı yer deməkdir.

Honkonq Beynəlxalq İnvestisiya Mərkəzi, bütün dünyanın Çinlə iqtisadi münasibətlərinin vasitəçisi rolunu da uğurla həyata keçirir.

1997-ci ilədək Britaniya müstəmləkəsinin iqtisadiyyatında «Morgan Stanley», HSBC Holdings Plc və «Merrill Lynch» kimi yerli və qlobal nəhənglər «at oynadırdı». Çin özü iqtisadiyyatının inkişafı naminə Honkonqdan kapital cəlb edirdi. İndi, «Bloomberg»in məlumatına görə, buradakı 10 nəhəng şirkətin 9-u Çin şirkətidir. Xüsusi inzibati rayonun iqtisadiyyatında məhz onlar dominantlıq edir. Bununla yanaşı, Çin iqtisadiyyatında Honkonqun payı 1997-ci ildə 18% idisə, 2016-cı ildə 3% olub.

İqtisadi nüfuz siyasətə də sirayət edir. «Alibaba Group» şirkətinin rəhbəri Cek Ma Honkonqun ən qədim ingilisdilli qəzeti olan «South China Morning Post»u alan zaman etiraf edirdi ki, qəzet hadisələrə daha çox qərbpərəst deyil, çinpərəst mövqedən yanaşacaq.

 

Qutu evlər vətəni

Dəbdəbəli fasad və kənardan görünən uğurun arxasında böyük problemlər gizlənir. Əsas problem siyasi sistemdəki ziddiyyətdir. Bir yanda fikir azadlığı, çoxpartiyalı sistem, həmkarlar ittifaqları təşkilatları və Qərb demokratiyasının digər atributları var. Digər tərəfdən, Pekinin sərt nəzarəti hər yanda hiss olunur. Bu, özünü, əsasən, idarəçilik mexanizmlərində göstərir.

Honkonqun Böyük Britaniyadan Çinə verilməsi zamanı onun üçün hazırlanmış Əsas Qanunda xüsusi inzibati rayon rəhbərinin Pekinin «hə» dediyi namizədlərin arasından seçilməsi nəzərdə tutulub. Üstəlik bu, ümumxalq səsverməsi yolu deyil, seçicilər kollegiyası tərəfindən həyata keçirilir. Kollegiyanın əksər üzvləri də (ümumilikdə, 1200 nəfər) Pekinə loyal şəxslərdir.

Xüsusi inzibati rayon hakimiyyəti uğrunda pekinpərəst qüvvələrlə demokratik müxalifət arasındakı mübarizə, hökumətin vacib sosial və inşaat layihələrini sona çatdırmasını ləngidir. Bir çox problem həll olunmamış qalır - ucuz evlərin tikintisi, təhsil sistemindəki problemlərin həlli, infrastrukturun təkmilləşdirilməsi və s.

Bəzi sahələrdə vəziyyət lap gülməli həddədir. Qanunverici orqanda pekinpərəst deputatların istənilən təklifinə etiraz edən demokratlar bəzən ən adi və vacib qanun layihələrinin belə, qəbuluna imkan vermir; məsələn: buxtanın təmizlənməsi planı və s. kimi.

Honkonqun sürətlə artan əhalisi sosial mənzillərə ehtiyac duyur. Burada ərazi kifayət qədərdir. Lakin icraedici və qanunverici hakimiyyətin fəallarla bitmək bilməyən münaqişəsi prosesi ləngidir. Bu, Honkonqu dünyada yaşayış üçün ən bahalı yerlərdən birinə çevirib. 200 mindən artıq insan mənfi mənada ad çıxarmış qutu evlərdə yaşayır - onların ölçüsü 180 santimetrin 60 santimetrinədir. Ötən ay bir rekord da qeydə alınıb - şəhərin mərkəzində yeraltı dayanacaq alıcıya 664 dollara başa gəlib.

Meqapolis əhalisinin 20%-i son dərəcə yoxsul yaşayır. Xüsusilə, köklü əhali arasında işsizlərin sayı artır. Çünki Honkonq iqtisadiyyatı getdikcə Çin iqtisadiyyatına daha çox bağlanır, şirkətlər Çindən gələn emiqrantları böyük həvəslə qəbul edir. Yerli əhali, əsasən, Çin dilinin kanton, Çindən gələnlər isə putunxua dialektində danışır.

 

Çətir inqilabı

Honkonqda etiraz aksiyaları adi haldır. Ciddi siyasi böhran isə 2 dəfə yaşanıb. 2003-cü ildə müxalifətin çağırışı ilə küçələrə yarım milyon insan çıxmışdı. Pekin Honkonqda hüquq-mühafizə orqanlarının səlahiyyətlərini artırmaq istəyirdi. Onun irəli sürdüyü qanun layihəsində dövlət əleyhinə fəaliyyətin və separatçılığın qarşısının alınması nəzərdə tutulurdu. Lakin etirazlardan sonra qanun layihəsi geri çağırılıb.

2014-2015-ci illər hadisəsi isə «Çətir inqilabı» adı ilə yadda qalıb. Səbəb, etirazçıların əksəriyyətini təşkil edən gənclərin polisin mitinqi dağıtması zamanı istifadə etdiyi gözyaşardıcı qazdan qorunmaq üçün çətirlərdən istifadə etməsi idi.

Honkonq rəhbərinin seçicilər kollegiyası tərəfindən seçilməsinin daim tənqid olunduğunu, ictimaiyyətin etirazlarına yol açdığını görən Pekin, 2017-ci ildə seçki sistemində islahatların aparılması təklifi ilə çıxış edib. İslahatlara əsasən, seçki ümumxalq səsverməsi yolu ilə keçiriləcək. Lakin seçim əvvəlcədən Seçki Komitəsinin təsdiqlədiyi 3 namizəd arasında aparılacaq. Seçki Komitəsinin mərkəzi hakimiyyətin nəzarətində olduğuna isə şübhə yoxdur. Nəticədə, demokratlar heç bir məhdudiyyətsiz, azad seçki tələb edib. Pekinin buna etirazı fasilələrlə, təxminən, yarım il davam edən etirazlara yol açıb.

Bu il qanunverici orqanın 4 müxalifətçinin mandatını ləğv etmək cəhdi də minlərlə insanın nümayişə çıxmasına səbəb olub. Səbəb, andiçmə vaxtı onların üzərində «Honkonq Çin deyil» yazılmış plakat qaldırması idi.

Administrasiyanın yeni başçısı Lin-Çjen Yuee Honkonq tarixində ilk qadın rəhbərdir. O, səlahiyyətlərinin icrasına bölgənin Çinin nəzarətinə qayıtmasının 20 illik yubileyi günü - iyulun 1-də başlayıb. Səhəri gün demokratlarla qarşıdurmaya son qoymaq niyyətində olduğunu bəyan edərək, qarşı tərəfi əməkdaşlığa çağırıb. Pekin bu bəyanata heç bir reaksiya verməyib. Görünür, gözləmə mövqeyindədir...

 

Xəbərdarlıqlı yubiley

Çinin nəzarətinə qayıtmanın 20 illik yubileyinin qeyd olunduğu gün Honkonqun əsas prospektlərində Çin Milli Azadlıq Ordusunun 3 mindən artıq hərbçisi yürüş edib. Tədbirə vertolyotlar, mobil raket qurğuları, tanklar və zirehli maşınlar da cəlb olunub. Tribunadan onları Çin sədri Si Cinpin salamlayıb. Cinpin bəyan edib ki, Honkonqdan ingilis təhrikçiliyi, milli suverenliyin pozulması üçün istifadə faydasız olacaq.

Bunun fonunda Honkonq itimaiyyətində qütbləşmə dərinləşir. Gənclər arasında radikal əhvallı insanların artması Pekini xüsusilə narahat edir. İyunda Honkonq Universitetinin keçirdiyi sorğu yaşı 18-29 arasında olan əhalinin 94%-nin özünü çinli deyil, honkonqlu saydığını üzə çıxarıb.

Çin lideri isə cəmiyyətin həddən artıq siyasiləşməsinin şəhərin iqtisadi inkişafına mane olduğunu bildirib, Honkonqda milli və mənəvi sistemin yaxşılaşdırılmasının vacibliyini bəyan edib.

Moskva Karnegi Mərkəzinin əməkdaşı, Çinşünast Aleksandr Qabuyevin fikrincə, Honkonq Çinin necə inkişaf edəcəyini göstərən maraqlı indikatordur - birpartiyalı sistemin ləğvi ilə vətəndaş cəmiyyətinin genişlənməsinə, yoxsa vətəndaş hüquqlarının məhtudlaşdırılması və partiyanın cəmiyyəti total nəzarətdə saxlamasına doğru.



MƏSLƏHƏT GÖR:

429