26 Aprel 2024

Cümə, 20:15

QEYRİ-MÜƏYYƏN MÖVQE

Böyük Britaniya Aİ ilə ayrılıq danışıqlarına daxili ziddiyyətlər fonunda gedir

Müəllif:

01.08.2017

Avqust məzuniyyət dövrüdür. Bu, Avropa liderlərinə də aiddir; məsələn: Tereza Mey iyulun sonlarında İtaliya yaxınlığına qonaq gedib, daha sonra Avstriyaya yollanıb. Hazırda orada həyat yoldaşı Filip Con ilə məzuniyyətini keçirir. Bu marşrut cütlük üçün artıq 20 ildir ki, ənənəvi hal alıb. Onlar kontinental Avropa ilə ayrılıq prosesi üzündən ənənələrini pozmağı lazım bilməyiblər.

Bununla yanaşı, müəyyən ənənələrə dəyişiklik etməmək mümkün olmayıb. Böyük Britaniyanın Baş naziri məzuniyyət zamanı, adətən, səlahiyyətlərini kabinet üzvlərindən birinə həvalə edir. Mey bundan imtina edib. Səbəb, məhz «Brexit»dir. Aİ təmsilçiləri ilə danışıqlara ara verilmir və növbəti görüş avqustun ikinci yarısında Brüsseldə keçiriləcək.

Mey, nəinki danışıqların gedişini nəzarətdə saxlamağa çalışır, qısa müddətə də olsa, şəxsi təsir rıçaqlarını kiməsə etibar etmək istəmir. Britaniya kabineti daxilində «Brexit» üzrə danışıqların aparılmasına müxtəlif yanaşmalar var. Hökumətin Devid Devis (Böyük Britaniyanın Aİ-ni tərk etməsi üzrə naziri), Boris Conson (Xarici İşlər naziri) və Filip Hammond (xəzinədarlığın kansleri) «Brexit» işindən xal toplamağa çalışır. Burada onların Baş nazir postuna yiyələnmək istəyinin də rolu var.

Mey üçün daimi başağrılarından biri də ictimaiyyətə mütəmadi olaraq informasiyaların sızdırılmasıdır. Bunu edən qruplar rəqibin mövqeyinə zərbə vurmağa çalışır.

 

«Dəqiq plan» hara yox oldu?

Parlament seçkisinə qədər də «Brexit»lə bağlı vahid mövqeyə malik olmayan Böyük Britaniya hökuməti seçkidən sonra bir sıra ciddi ziddiyyətlərlə çalxalanır; məsələn: Baş nazir hələ də danışıqlar prosesi üçün aydın mövqe formalaşdıra bilmir. Halbuki, bunun üçün kifayət qədər zaman var idi - referendumdan (26 iyun 2016-cı il) sonra 13 ay və «Brexit» prosesinə rəsmən start verilməsindən (29 mart) sonrakı 4 ay. Aİ-nin qaydalarına əsasən, «boşanma» prosesi, düz, 2 ildən sonra, yəni, 2019-cu il martın 29-da başa çatmalıdır.

«Ölkəmiz üçün daha yaxşı gələcəyin təmini vacibdir. Dövlətin bunu reallaşdırmaq üçün dəqiq planı var…», -deyə Mey martda verdiyi bəyanatında bildirmiş, bununla da mövqeyini gücləndirmək üçün növbədənkənar parlament seçkisi elan etmişdi. Lakin o, seçkidən… məğlub ayrılıb.

İndi, Böyük Britaniya «havadan asılı» parlamentə (mühafizəkarlar sadə çoxluğa yiyələndiyindən, Nazirlər Kabinetinin tərkibinin təsdiqlənməsi üçün başqa partiyalardan dəstək axtarmaq məcburiyyətində qalıb), ziddiyyətlərlə dolu hökumətə malikdir. Üstəlik, danışıqlar prosesində vaxt itkisi və «dəqiq plan»ın yoxluğu.

İyunda Brüsseldə ilk görüş keçirilib. Lakin danışıqların yekununda bunun tanışlıq söhbəti olduğu, «əsl» danışıqların iyulun 17-20-də aparılacağı elan edilib.

O vaxtdan 1 ay keçir və müzakirələrdə Aİ-nin əsas nümayəndəsi olan Mişel Barnye Devid Devislə keçirdiyi birgə mətbuat konfransında zarafatla deyib: «Danışıqlar ilbiz sürəti ilə gedir və onu uğurlu adlandırmaq olar. Çünki o, ən azı, geri getmir». Fransız siyasətçisinin sözlərinə görə, danışıqlar Britaniyanın heç bir məsələ ilə bağlı aydın mövqeyə malik olmadığını göstərib.

Vaxt isə o qədər də çox deyil. Onu da nəzərə alsaq ki, Aİ danışıqları 2018-ci ilin noyabrına yekunlaşdırmaq istəyir, rəsmi «Brexit»ə qalmış yarım il ərzində əldə edilmiş razılaşmaların Avropa Parlamentində və milli qanunverici orqanlarda təsdiqlənməsinə də vaxt lazımdır.

Aİ-nin tələbinə əsasən, danışıqlar 2 mərhələyə ayrılıb. Əvvəlcə Britaniyanın Aİ-ni tərk etməsinin bütün şərtləri müəyyənləşdirilməli, bundan sonra gələcək münasibətlərin müzakirəsinə başlanılmalıdır. London bundan məmnun olmasa da, razılaşmaq məcburiyyətindədir.

İlk mərhələdə əsas 3 məsələ var. Böyük Britaniyadakı Aİ ölkələri vətəndaşlarının (onların sayı 3,2 milyon nəfərdir) və 27 ölkədə yaşayan britaniyalıların (1,2 milyon) hüquqlarının müdafiəsinə zəmanət, Şimali İrlandiya ilə Aİ üzvü olan İrlandiya Respublikası arasında sərhəd və Böyük Britaniyanın Avropa İttifaqı qarşısındakı maliyyə öhdəlikləri.

Bu məsələnin hər biri tərəflər üçün ağrılı məsələlərdir. Son iki məsələ ilə bağlı hər şey hələ qarşıdadırsa, Böyük Britaniyadakı Aİ vətəndaşlarının hüquqlarının qarantı kimi kimin çıxış edəcəyi ətrafında qalmaqal başlayıb.

 

Miqrantlar haqqında mübahisə

Böyük Britaniyanın, əsasən, «Brexit»ə «hə» demiş yaşlı nəsli hesab edir ki, ölkədə getdikcə artan işsizliyin əsas səbəbi Aİ ölkələrindən böyük işçi kütləsinin Britaniyaya axınıdır. Onların fikrincə, immiqrantların və ailə üzvlərinin ehtiyaclarının ödənilməsi dövlət büdcəsinə baha başa gəlir.

Tereza Mey Nazirlər Kabinetinə rəhbərliyə başlayan zaman, miqrasiya problemini «sahmana çalacağını» vəd etmişdi. İyunda isə o, Londonun Aİ-dən ayrıldıqdan sonra bu məsələdə milli qanunvericiliyə əsaslanacağını deyib. Beləliklə, Birləşmiş Krallıqda yaşayan Aİ vətəndaşları orada yaşamaq hüququ əldə etmək üçün ərizə ilə müraciət etməli olacaqlar. Brüsselin buna reaksiyası son dərəcə sərt olub. Brüsseldə hesab edirlər ki, bu, «ikinci sinif statusu» deməkdir və avropalı immiqrantlara Aİ-də yaşayan Britaniya vətəndaşları ilə bərabər hüquqlar verilməlidir. Brüsselin açıqlamasında o da bildirilir ki, bu, yerli qanunvericiliklə tənzimlənməməli, Avropa Məhkəməsinin nəzarətində olmalıdır.

London buna cavab olaraq, Avropa Məhkəməsinin «Brexit»dən sonra Böyük Britaniyada səlahiyyətli qurum olmayacağını bəyan edib. Kompromis kimi, London mübahisələri həll edəcək ombudsman institutuna bənzər birgə qurumun yaradılmasını təklif edib. Bu, Aİ-ni qane etməyib.

 

İrlandiya problemi

Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhəd məsələsi də asan həll olunmayacaq. Böyük Britaniyanın vahid bazarı və Gömrük İttifaqını tərk edəcəyi təqdirdə (Mey bunun qaçılmaz olduğunu deyir), Aİ ilə sərhəddə, o cümlədən İrlandiyanın şimalı ilə cənubu arasında sərhəd nəzarətinin tətbiqi zərurəti yaranacaq. Bu isə İrlandiyanın birləşməsi tələbini meydana gətirəcək. Burada mühafizəkarların Şimali İrlandiyanın Demokratik Yunion Partiyası ilə ittifaqı çətin ki, işə yarasın. Baxmayaraq ki, iyunda keçirilmiş parlament seçkisindəki məğlubiyyətdən sonra Toriyə hakimiyyəti saxlamaqda məhz irlandiyalıların 10 mandatı kömək edib. Yeri gəlmişkən, bu ittifaq həm də ona görə mümkün olub ki, Şimali İrlandiya büdcəsinə infrastrukturun inkişafı, məktəblərin, xəstəxanaların təmiri və tikintisi üçün yaxın 2 ildə əlavə milyard funt-sterlinq vəd olunub. Lakin miqrasiya və gömrük əngəlləri ortaya çıxdıqda, bu regionda sülh prosesi təhlükə altına düşə bilər. Sosial dotasiyaların gərginliyi aradan qaldıracağı inandırıcı deyil.

 

Hesabın hesabına!

Ən çətin məsələ isə əlbəttə ki, Birtəşmiş Krallığın Aİ qarşısındakı maliyyə borclarıdır. London bununla bağlı uzun müddət mübahisələr etsə də, sonda borcunu etiraf edib. Daha doğrusu, britaniyalılar müəyyən maliyyə öhdəliklərini, hesablama metodikasını qəbul edib. Lakin onları da hələlik tərəflər formalaşdıra bilməyib. Qeyri-rəsmi hesablamalar söhbətin 40-100 milyard avrodan getdiyini göstərir.

Böyük Britaniyanın əsas borcu Aİ ölkələrinin 2014-2020-ci illər üçün cəmiyyətin 7 illik inkişaf planı üzrə öhdəliklərindən yaranır. Söhbət 1 trilyon avroluq plandan gedir. Bundan başqa, 2025-ci ilədək 250 milyard avroluq ümumi layihələrin icrası da var. Bu da son deyil. Londonun bir sıra digər proqramlarla bağlı da öhdəlikləri qüvvədədir.

Marqeret Tetçer vaxtilə Böyük Britaniyanın Aİ büdcəsinə ödəmələrinin bir hissəsinin müxtəlif güzəşt və subsidiyalar şəklində geri qaytarılmasına nail olub. Bundan başqa, qarşılıqlı borcların hesablanmasında Böyük Britaniyanın Avropa Mərkəzi Bankında, Avropa İnvestisiya Bankındakı kapitalı (11,6 milyar avro), həmçinin Aİ daxilindəki mülkiyyəti də nəzərə alınacaq.

 

Gülməli deyil

Mişel Barnyenin danışıqların, ən azı, geri getmədiyindən şad olduğu haqqında zarafatı, Aİ tərəfdən danışıqlar aparan və Londonun hərəkətinin səbəbini yaxşı anlayan şəxslərin bədxahlıqından xəbər vermir. Avropa rəsmiləri Böyük Britaniyaya hansı siyasi partiyanın rəhbərlik etməsinin onlar üçün önəmli olmadığını deyir. Bununla yanaşı, onlar ümid edirdi ki, seçkidən sonra bir neçə ay ləngimiş danışıqlarda güclü hökumət peyda olacaq. O, çətin, bəzən kompromis sayılacaq qərarlar qəbul etməyi bacaracaq. Aİ-də hesab edirlər ki, bunlarsız 40 ildən artıq müddətdə ittifaqda ilk «boşanma» kimi çətin məsələdə ortaq məxrəcə gəlinməsi mümkün deyil.

İndi isə onlar, nəinki rəsmi Londondan tam aydın mövqe eşidə bilmir, hətta mümkün razılaşmaların Britaniyada daxili siyasi kataklizmlərə yol aça biləcəyini belə, istisna etmir. Hazırkı hökumətin bu qədər qətiyyətsiz mövqeyi fonunda bu, həqiqətən də istisna deyil.

Avropalılar Böyük Britaniya ilə razılığa gəlmək istəyir. Onlar istənilən yolla buna nail olmağa çalışacaq.

Bunda Almaniya, Hollandiya kimi zəngin dövlətlər maraqlıdır. Onlar Britaniyanın vaxtilə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi üzündən, Avropa büdcəsinə əlavə ciddi ödənişlər etmək istəmir. Bunda Aİ-nin Macarıstan və Rumıniya kimi subsidiyalaşdırılan üzvləri də maraqlıdır. Çünki bu halda onlar gözlədikləri maliyyəni almaya bilər.

Ümumiyyətlə, Böyük Britaniyada Aİ sıralarını tərk etməklə bağlı referendumun keçirilməsindən sonra yaşananlar Aİ-nin digər ölkələrindəki avroskeptiklərini də bir qədər «sakitləşdirib». Bundan başqa, «Brexit» göstərib ki, Aİ ölkələrinin ümumi dəyərləri və maraqları var, onlar müdafiə olunmaldır və bunun üçün birləşmək tələb olunur.

Bu arada sentyabrda Böyük Britaniyanın öz parlamentində qızğın debatlar gözlənilir. Söhbət Aİ qanunvericiliyinin Britaniya ərazisində qüvvədən düşməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsindən gedir. Leyboristlərlə liberal-demokratlar, artıq qanun layihəsinin indiki formasının əleyhinə səs vermək niyyətində olduqlarını bəyan ediblər.

Tereza Mey isə Avstriyanın Alp dağlarında gəzərək, 2017-ci ilin qaynar keçəcək payızöncəsi güc toplamaqdadır...



MƏSLƏHƏT GÖR:

402