26 Aprel 2024

Cümə, 09:16

ASILILIQ TƏLƏSİNDƏ

Mark TVEN: «Siqareti tərgitməkdən asan heç nə yoxdur. Mən özüm indiyədək, azı, 100 dəfə tərgitmişəm!»

Müəllif:

15.09.2017

Onikiyaşlı oğlan cəld hərəkətlə alışqanı yandırır, həzdən gözlərini yumaraq tüstünü ciyərlərinə çəkir. Bir neçə saniyə nəfəsini saxladıqdan sonra, ağzından ardarda tüstü halqalarını buraxmağa başlayır. Yanında yaşı 10-12 arası 6 nəfər var. Onların hamısı sevinc və heyranlıqla baş verənləri izləyir. Bu yaş imic naminə etirazlar, ziddiyyətlər və «qəhrəmanlıqlar» vaxtıdır. Bu yaşda hamımız öz müstəqilliyimizə nail olmaq, böyüklərə oxşamaq istəyirik. Yoldan keçənlərdən biri bu uşaqlara baxıb deyir: «Siqaret yalnız dovşanları deyil, atları da öldürür». Cavabında hamı xorla gülüşür - fikrə ciddi yanaşmırlar.

Real həyatı əks etdirən bu epizod ona görə yada düşdü ki, xəstəxanada yatan adamı ziyarət edərkən, istər-istəməz bu uşaqların gələcəkdə bura düşə biləcəyini düşünür insan…

 

Gələcək

Xəstəxana palatası. 39 yaşlı kişi. O, kömək olmadan yataqdan qalxa, gəzə bilmir, çətinliklə danışır. Orqanizmdə həddindən artıq nikotin beyni zədələyib, istinad-hərəkət sisteminin funksiyası pozulub, ətraf mühitin qavranması refleksləri donub. Elə haldadır ki, açıq desək, əsəbi zəif olanların görməsi məsləhət deyil. Sən demə, o, siqaret çəkməyə 9 yaşında başlayıb və düz, 30 il bu pis vərdişdən əl çəkməyib! Sutkada 25-30 siqaret çəkirmiş. 30 ildə orqanizm elə «düşüb» ki, həkimlər bu şəxsi o biri dünyadan güclə qaytarıb. Lakin o, huşu tam üstünə gəlməmiş siqaret istəyib, sakitləşmək üçün bir neçə qullab vurub. Ən maraqlısı isə bundan sonra baş verib. O, palatada yatan digər xəstədən soruşur: «Xəstəxanadan çıxdıqda haraya yollanacaqsan?». «Evə» - cavabını alır və deyir: «Mənsə pivəxanaya! Böyük qədəh soyuq pivə içəcəyəm və siqaret çəkəcəyəm!».

 

Siqaret çəkənlərin dilemması

İnsan siqaret çəkdiyi üçün ölümün bir addımlığındadır, amma yeni siqaret arzulayır.

Niyə? Yəqin ki, məsələ, sadəcə, iradə zəifliyində, öldürücü vərdişdə, siqaret çəkən zaman «problemlərin unudulduğu» barədə mifik nəzəriyyədə deyil. İndiyədək siqaret heç kəsə həyati əhəmiyyətli problemin həllində kömək olmayıb. Əvəzində, xeyli problem yaradıb. Üstəlik, bu problemlər yalnız siqaretçəkənin səhhəti ilə bağlı olmur, ailənin maddi durumuna da mənfi təsir göstərir. Siqaretçəkənlər, artıq bir şeyi düşünməlidir: siqaret, həqiqətənmi, onlar üçün həyati vacib əhəmiyyət daşıyır? Siqareti tərgitmək əvəzinə ömrünü qısaltmağa, aciz əli ilə çevrilməyə dəyərmi? Onun insan üzərində hökmranlığı həqiqətən sərhədsiz, güclüdür. O, tütün istehsalçılarının maddi vəziyyətini yaxşılaşdırmaqla, çox sayda kişi və qadının həyatına son qoyub. Belələrinin arasında istər kino, şou ulduzları, istər biznes nümayəndələri, krallar və adi insanlar var. Misal kimi bir neçə ad çəkək. Siqaretdən asılılıq tələsinə düşərək onun qurbanına çevrilmiş şəxslər: dünyasını 57 yaşında dəyişmiş İngiltərə Kralı IV Georq, Müslüm Maqomayev - 66 yaş, Anna Samoxina - 47 yaş, Patrik Sueyzi - 56 yaş, Andrey Tarkovski - 54 yaş, Aleksandr Abdulov - 54 yaş, Vasili Şukşin - 45 yaş, Andrey Mironov - 46 yaş, İosif Brodski - 55 yaş, Corc Xarrison - 58 yaş, Uolt Disney - 65 yaş, Rac Kapur - 63 yaş, Marçello Mastroyani - 72 yaş, Oleq Yankovski - 65 yaş. Siyahını sonsuzadək uzatmaq da olar. Və bu siyahını dünyanın ətrafına bürüsək, o, Yer kürəsini on, bəlkə də yüz dəfələrlə dolanar! Düşünməyə dəyər!

Bu gün siqaret bumu yeni vüsət alır. Bu vərdişin səmiyyətin müxtəlif sahələrinə yaranacaq problemlərin fərqində olan inkişaf etmiş ölkələr siqaret çəkməyi qadağan edərək, sağlam həyat tərzi tendensiyasını inkişaf etdirməyə başlayıb. Son illər bizdə də belə tendensiya müşahidə olunmaqdadır. Kafelərdə siqaretçəkənlərlə çəkməyənlər üçün ayrı masalar var; aeroportda siqaret çəkmək üçün xüsusi qapalı məkan və s. Bu ilin mayında isə ölkədə ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdıran «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» qanun qəbul edilib. Qanun layihəsində siqaret çəkməyin qadağan olunduğu yerlər göstərilib. Qanun tütündən və tütün məmulatlarından istifadənin açıq şəkildə göstərildiyi uşaq proqramlarının, film və televiziya verilişlərinin, tamaşaların nümayişini qadağan edir. Yaşlı auditoriya üçün nəzərdə tutulan film, tamaşa və televiziya verilişlərində isə siqaret çəkilməsi səhnələri bunun zərərli olduğuna dair sosial reklamla müşayiət olunmalıdır.

Lakin bütün bunlara baxmayaraq, insanlar siqaret çəkməyə davam edir. Üstəlik, indi siqaret çəkən insanların sayı tərgidənlərdən daha sürətlə artır. Hər halda, araşdırıcı alimlər belə deyir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, siqaret insanda xərçəng, ağ ciyərin emfizeması, ürək-damar sistemində xəstəliklər yaradır. Yenə də ÜST-nin məlumatında bildirilir ki, XX əsrdə siqaret dünyada 100 milyon insanın vaxtsız vəfatına səbəb olub. XXI əsrdə onların sayının 1 milyarda çatacağı proqnozlaşdırılır.

 

Ayaqüstü söhbət

Şəhərin, əsasən "20+" yaşda gənclərin toplaşdığı populyar kafelərinin birində siqaretçəkənlər üçün nəzərdə tutumuş masa arxasında əyləşmiş 4 oğlanla ayaqüstü sorğu aparmaq istədik. Onlar sifarişlərinin gətirilməsini gözləyərək siqaret çəkirdilər. Bu vərdiş barədə danışmaq təklifimizə razılıq versələr də, şəkillərini çəkməməyi xahiş etdilər. Söhbətin siqaretdən asılılıq haqqında olacağını bilən zaman isə onlar şənləndilər və özlərini daha sərbəst aparmağa başladılar.

Məlum oldu kt, 22 yaşlı Anton 19 yaşından, 24 yaşlı Mehdi 12 yaşından, 22 yaşlı Behbud 16 yaşından siqaret çəkir. 23 yaşı olan Rəsulun isə belə vərdişi yoxdur. Amma o, dostlarının ətrafında passiv siqaret çəkəndir.

- Fikrinizcə, siqaret sakit ölüm deyilmi? O kişinin nəinki fiziki sağlamlığına, həm də şəxsiyyət kimi varlığına son qoyur…

- Ümumi cavab: yox, belə hesab etmirik.

Mehdi: Babam 8 yaşından siqaret çəkib. Üstəlik, siqaret yox, papiros və eşmə papiros. 90 il yaşayıb. Onun yaxşı yaddaşı var idi və səhətindən şikayətçi deyildi.

Behbud: Ailəmizdə hər kəs siqaret çəkir. Bu, artıq bir ayinə çevrilib - gün siqaretlə başlayır.

- Siqaret çəkərkən nə hiss edirsiz: həzz, sevinc, güc artırmı?

Anton: Mən özümü enerjidolu batareya kimi hiss edirəm!

Behbud: Elə bir şey hiss etmirəm. Sadəcə, siqaretin dadını duymaq istəyirəm.

- Bu istək tez-tez olur?

Behbud: Günə, az qala, 1 qutuya yaxın siqaret çəkirəm. Bəzən elə 1 qutu.

Mehdi: Məndə günə 2-2,5 qutu gedir. Əsəbiləşəndə də çəkirəm.

- O zaman sakitləşirsiz? Rahatlaşırsınız? Problemləri həll edir?

Ümumi cavab: Yox. Belə olmur. Amma siqaretsiz də keçinə bilmirik. Küçədə, evdə, işdə, kafedə çəkirik.

- Rəsul, dostlarınız arasında yalnız siz siqaret çəkmirsiniz. Bəs tütün tüstüsünün qoxusunu necə qəbul edirsiniz?

Rəsul: 9 və ya 10 yaşım olarkən siqaret çəkmək istəmişəm. Dəqiq xatırlamıram. Atam çəkmir. Lakin o, vaxtilə atasının onun başına açdığı oyunu mənim başıma açıb. Siqaret çəkdiyim yerdə məni tutan atam özü ilə mağazaya apardı. Mağazadan 1 qutu siqaret aldı və evə qayıtdıq. Məni qarşısında əyləşdirdi, siqaret qutusunu və kibriti qarşıma qoydu, məni siqaret çəkməyə məcbur etdi. Deyəsən, 12-ci siqaretdə «sındım». Mədəm bulandı, başım ağrıdı, gözlərim yanmağa başladı, ağzımda elə xoşagəlməz dad yarandı ki, özümü pis hiss etməyə başladım. Bir müddət - təxminən, 2 gün özümə gələ bilmədim. O vaxtdan siqaret barədə düşünə belə, bilmirəm.

 

Niyə?

Psixoloqlar deyir ki, insanların siqareti tərgidə bilməməsinin əsas səbəbi fizioloji yox, psixoloji məqamla bağlıdır. Siqaret çəkmək daha çox psixoloji asılılıqdır. Bundan psixoloji asılılığın əsas məqamı isə (diqqət edin, tütündən yox, məhz siqaret çəkməkdən!) bayağı vərdişdir. İnsanların bir çox vərdişi kimi - dırnaq gəmirmək, parazit-sözlərdən istifadə etmək, diş fırçalamaq və ya səhərlər yaşıl çay içmək. İstənilən vərdiş kimi, o da bəzən «avtomatik işləyir» - növbəti siqaretə iradəmizdən, dərrakəmizdən kənar əl atırıq.

Gərginsinizsə, siqaret çəkmək lazımdır. İşinizi bitirdinizsə, bir siqaret yandırın. Düşünmək lazımdır - siqaret. Darıxırsınızsa, yenə siqaret! Söhbətləşmək, dərdləşmək lazımıdır? Siqaret! Bütün bunlar qandakı nikotinin miqdarı ilə çox az bağlıdır. Bu, sadəcə, hər şeyə siqaret çəkməklə reaksiya vermək vərdişidir.

Siqaretdən asılılığın öz iradəsi, öz gücü var və o, bunu bizdən alır. Daha dəqiqi, müxtəlif daxili və xarici qıcıqlandırıcı-stimullara cavab olaraq, təkrar-təkrar siqaret çəkməyimizdən. Bu vərdişi həyatımızdan bir anda atdıqda isə dərhal sanki bir boşluq yaranır və insan psixikası o boşluğu doldurmağa çalışır. Və bu zaman illərboyu formalaşmış siqaret çəkmək vərdişi yenidən bu boşluğu doldurmaq üçün «öz xidmətini təklif etməyə» başlayır.

 

Şübhəli həzz

Siqaretlə mübarizəsi ilə tanınmış britaniyalı, «Asan yol» Beynəlxalq Klinikalar Şəbəkəsinin yaradıcısı Alan Karr bu barədə çox dəqiq və məzmunlu danışıb. Qeyd edək ki, onun kitablarında insanları siqareti müəyyən metod ilə tərgitməyin yolları göstərilib. Karrın metodu siqaretçəkənlərin özünütəhlilinə və 30 ildən artıq siqaret çəkmiş şəxs kimi, onun öz təcrübəsinə əsaslanır. Onun fikrincə, siqaretdən alınan həzzin bütün məğzi siqaret çəkən zaman müvəqqəti də olsa narahatlığın azalmasındadır. Söhbət, qanda nikotinin azalmasından yaranan narahatlıqdan gedir. Yəni, biz ardarda siqaret çəkməklə özümüzü qanda daha artıq nikotinə, daha dəqiq desək, bu artımla əlaqəli müəyyən fiziki və psixoloji duruma öyrəşdiririk. Bu vəziyyətdən çıxmağa istənilən cəhd insanda narahatlıq yaradır və növbəti siqaret bu narahatlığı qısa müddətə də olsa, aradan qaldırır. Əslində, bizim məmnuniyyətlə qəbul etdiyimiz o həzz, sadəcə, nikotinə yaranmış aclığın əmələ gətirdiyi narahatlığın cüzi və qısa müddətə aradan qalxmasıdır. Bütün həzz bundan ibarətdir!

Alan Karr insanları hər dəfə siqaret yandırarkən hisslərini dəqiq duymağa, əlini ürəyinin üzərinə qoyaraq bir suala cavab verməyə çağırır: «Mən həzz alırammı? Bu an özümü həqiqətən yaxşı, xoş hiss edirəmmi?». Əksər hallarda cavab bir olacaq: «Yox!».

Karr təklif edir ki, biz hər dəfə yeni siqaret yandırmaq istədikdə, əslində, nə etdiyimiz barədə yaxşı düşünək - tüstü qoxusunu, tütün tüstüsünün udulmasıdan keçirdiyimiz fiziki duyğunu xatırlayaq. Bu zaman yenidən keçirdiyimiz hissi dəqiq təhlil etməli, siqaretin həqiqətən xoş təsir edib-etməyəcəyi, onu həqiqətən çəkmək istəyib-istəmədiyimiz barədə düşünməliyik. Əksər halda cavab yenə eyni olacaq: «Yox!».

Siqaret çəkməyi tərgitmiş insanlardan biri deyir: «Ağılsızlıqdır. Demək olar ki, heç bir həzz yoxdur, əvəzində, səhhətinə zərər var. Siqaretdən həzz alınması xəyaldır, yalandır və siqaret çəkən insan bunu nə qədər tez anlayarsa, bu vərdişdən əl çəkmək o qədər asan olar. Etiraf edin, axı heç bir həzzi olmayan, əvəzində, həyatına təhlükə yaradan işi görmək axmaqlıqdır».

Karr da deyir ki, insan siqaret çəkməyi o zaman istəyir ki, orqanizmində artıq enerji var və onu haraya xərcləməyi bilmir. Siqaret bu məsələnin asanlıqla həllinə «kömək» edir. Amma necə?! O, tərkibindəki zərərli maddələrin hesabına (siqaret tüstüsündəki bütün maddələr, nikotin də daxil olmaqla, zəhərlidir) fizioloji səviyyədə bu enerji çoxluğunu kompensasiya edir, bu enerjini «söndürür». Hər dəfə enerji axını hiss edən zaman siqaret çəkmək avtomobildə eyni vaxtda qazla-əyləcin basılması kimidir. Yerinizdən tərpənməyəcək, heç yana getməyəcək, lakin benzin tezliklə tükənəcək, avtomobil isə tezliklə sıradan çıxacaq.

Odur ki, hər dəfə əlinizi siqaret qutusuna atarkən, yaxud siqaret çəkməyin vaxtının yetişdiyini düşünərkən özünüzə bir sual verin: «Bunu niyə edirəm? Siqaret mənə həzz verəcəkmi? Hazırda üzləşdiyim problemlərin həlli yolu budurmu? Yoxsa çəkəcəyim növbəti siqaret, sadəcə, mənim ondan fiziki və psixoloji asılılığımı daha da artıracaq? Əvəzində isə heç bir həzz, nə vayda qazanacağam - mən heç nə qazanmayacağam!».

Bu sualları özünüzə ünvanlasanız və cavablandırmağa çalışsanız, demək, bu məqaləyə çəkdiyimiz əziyyət əbəs olmadı...

Həkimlər onu ayağa qaldırdı. Xəstəxananı tərk edən zaman yaşlı anasının çiynindən tutmaq məcburiyyətində idi. Anası bütün bu günləri onunla bərabər olmuş, yatmamış, yanında əyləşərək ağlamışdı:

- Oğul, mənim səndən başqa heç kəsim yoxdur. Sənə bir şey olsa, mənim halımı təsəvvür edirsən? Həkimlər deyir ki, günə 2 siqaretdən artıq çəkməməlisən. 2 ay sonra isə ümumiyyətlə, siqareti tərgitməlisən. Söz ver! Söz ver!..

...Səni evləndirmək, nəvə görmək istəyirəm. Amma belə davam edərsə, sən siqaretin həyat yoldaşı olacaqsan, - deyə ana, sanki boş yerə danışırdı

Oğul susurdu. Xəstəxanadan çıxdıqdan sonra necə olacaq?

Bunu bilmədik…


MƏSLƏHƏT GÖR:

530