26 Aprel 2024

Cümə, 07:34

UĞURA İNAM

Makar FERŞTANDT: «İnsanda əsas yüksək insani keyfiyyətlər, xeyirxah təbəssüm, sonra qalan hər şey lazımdır»

Müəllif:

01.10.2017

Uğura inam - teatr, opera və balet sənətinə hərəkət verən, sənətkarları önəmli nəticələrə həvəsləndirən və istənilən sənət növünün ölməsinə mane olan bir anlamdır. Onsuz hər hansı bir işə başlamaq, xüsusilə də balet artistinin karyeraya başlaması mümkün deyil. Makar Ferştandt - Azərbaycanın əməkdar artistidir. Bakıda holland mənşəli məşhur soyadlardan biridir, dörd uşağı musiqi ilə əlaqəli olan məşhur bir ailədir. Böyük qardaş Anton Azərbaycanın əməkdar artistidir, Azərbaycan Dövlət Filarmoniyasının xor kapellasında bas baritondur. İki bacısı və Makar balet rəqqasıdırlar. Onlarla yanaşı, Makarın həyat yoldaşı da balerinadır, eyni teatrda çıxış edirlər, bəzən hətta onlar birgə çıxış edirlər. 

- Makar, ailənizdə baletə belə məhəbbət hardan qaynaqlanır?

- Anamızdan... təəssüf ki, indi bizimlə deyil. O, həqiqətən, rəqs etmək istəyirdi, amma onda alınmadı. Yeri gəlmişkən, onun azərbaycanlı qohumları Lənkəranda yaşayırdılar. 10 yaşımdan Bakı Xoreoqrafiya Məktəbində oxumağa başladım və buna heç vaxt peşman deyiləm. Məşhur pedaqoq, baletmeyster, xoreoqraf Pulumba Mustafa oğlu Ağəlayinin sinfində oxumuşam. Əvvəl çox çətin idi - əl-qol hərəkətləri, dartınmalar, bitməyən məşqlər. Kiçik süjetlər qoymağa başlayanda maraqlı oldu. Bir də mən həmişə müvəffəqiyyət qazanacağıma inanırdım. Gözlərimin qarşısında həmişə maraqlı süjeti olan gözəl baletlər canlanırdı və mən, əlbəttə ki, həmişə baş rolda idim.

Rəqsə hazırlıq arxada qaldı və teatrda təcrübə başladı, bu, çox maraqlı idi. Bizim  ailənin uşaqları üçün musiqi ilə tanışlıq kilsə xorundan başlayıb, atam orda keşiş işləyirdi və bu gün də işləyir (Sergiy Ata).  Atam və anam Neft və Kimya İnstitutunda oxuyublar, hər ikisi kondisioner mühəndisi olublar. Anam balerina ola bilmədi, amma atam dinə getdi. Məndən ötrü tədris  vaxtı çoxdan bitib. Teatrda 18 ildir ki, çalışıram, 32 yaşım var - tamaşalarda aparıcı hissələri oynayıram. Mən bir ailə adamıyam, 6 yaş yarımlıq  və 1yaş yarımlıq iki kiçik sevimli qızım var. Böyük qızımı gimnastika ilə tanış etməyə çalışırıq, onda pis alınmırdı,

amma sonradan o, nədənsə istəmədi. Kiçik qız hansısa fiqurlar edir. Uşaqları kiçik yaşlardan öyrətmək, inkişaf etdirmək lazımdır, onda uğura ümid olur.

- Hansı baletlərlə məşğulsunuz?

- Bizim teatrda qoyulan və yaxın gələcəkdə oynanılacaq hər şeylə. Bu, «Don Kixot» və «Jizel», «Karmen- Suita», «1001 gecə», «Şelkunçik» və «Qız qalası» və s.

- Ən sevdiyiniz hansıdır?

- "Yeddi gözəl", əlbəttə ki, böyük Qara Qarayevin musiqisi və Nizaminin süjeti. Mənim üçün, ilk növbədə, süjet və musiqi çox vacibdir, sonra rəqs və xoreoqrafiya gəlir.

- Gündəlik rejiminiz necədir?

- Bizdə hər gün məşq var, bəzən axşam isə tamaşa olur. Bir ayda bir neçə tamaşa qoyuruq, bayramlarda bizim baletlərin bəzi solo parçalarını böyük tədbirlərə daxil edirlər. Çox yemək, çox yatmaq olmaz, hər gün məşq etmək lazımdır.

- Yaradıcılığınızdakı məcburi fasilə barədə danışın.

- Məşqlərimə bir az ara verməli oldum - hər iki ayağımın dizləri zədələnmişdi, əməliyyat etdirməli oldum. Hər şey yaxşı keçdi, amma bərpa uzun çəkdi. Çevrəm 

kömək etdi - həkimlər, dostlar, iş yoldaşları dəstəklədilər və təskinlik verdilər. Mən özüm də karyeramın burda kəsilməyəcəyinə inanırdım, çünki hələ planlaşdırdığım işlərin çoxunu  həyata keçirməmişdim. Həm də görünür, gücüm varmış, o məni sınmağa qoymadı, üzərimə çökən uğursuzluğa müqavimət göstərdi. İndi mən yenə də ayaq üstəyəm, əsas partiyaları ifa edirəm və xoşbəxtəm.

- Sizin üçün izləyiciyə nəyi çatdırmaq vacibdir? Tamaşanın süjeti və ya başqa bir şey?

- Hər kəs bilir ki, balet jest sənətidir, səssiz film kimidir, bəlkə də, buna görə çox az danışıram. Bizim jestlərimiz son dərəcə elə parlaq və ifadəli olmalıdır ki, tamaşaçılar, hətta ən son cərgələrdə belə onların mənasını düzgün başa düşə bilsinlər. Buna görə də mən buna xüsusi diqqət yetirirəm və üzərində səylə işləyirəm.

- Sizin teatr təcrübənizdə elə bir xüsusi hadisə olubmu?

- "Jizel" baletində bir fraqment var, orada qraf sadə paltarlar geyinir və xalqın arasına çıxır. "Sadə paltarları geyəndə, sizin özünüzdən xoşunuz gəldi, özünüzə heyran qaldınız - bu, doğru deyil",- deyə görüşlərin birində xanım izləyicilərdən biri bildirdi. Ona sübut edə bilmədim ki, sadə paltarda belə, mən, ilk növbədə, qraf olaraq qalıram. Ancaq başqa bir hadisə bizim rəqqasımız Rafaelin başına gəldi, o, birdən-birə oxumağa başladı və bir müddət sonra estradada işləməyə getdi.

- Balet artistinin səhnə həyatı qısa olur. Siz hələ gəncsiniz, baletdən sonra nə ilə məşğul olacaqsız?

- Rəhbərliyin dəstəyi ilə mümkün qədər uzun müddət rəqs etməyə çalışacağam, sonra da tədris işi ilə məşğul olacağam. Mən Xoreoqrafiya Məktəbində klassik və duet rəqslərini tədris etmişəm. Bu yay Daşkəsəndə düşərgədə uşaq rəqs dərnəyində dərs keçmişəm. Heç rəqs edə bilməyən uşaqların konsertdə uğurlu çıxış edərək bir neçə milli rəqsi ifa etməsi sevindiricidir. Bu, mənim də xoşuma gəlir.

- Rola necə alışırsınız?

- Bütün bunlar məşq zamanı baş verir. Obraz o qədər yapışır ki, tez-tez özünü süjetdəki şəxs kimi hiss edirsən. Məşq günləri mən yuxudan oyananda artıq rolda oluram və bütün günü gerçəklikdən qoparılmış kimi pyesdə oluram. Süjetdən uzaqlaşmaq xeyli asandır.

- Musiqi və süjetiniz olsa, yeni bir tamaşa qoya bilərsinizmi?

 - Düşünürəm ki, tamaşa qoymaqla yanaşı, baş rolu da oynaya bilərəm.

 - Baletlə fiqurlu sürüşmənin ümumi cəhətləri çoxdur?

- Ortaq çox cəhəti var, konkidə sürüşməyi öyrənəndən sonra rəqsi buz üzərinə köçürmək olar.

- Hansı ölkələrdə, şəhərlərdə çıxış etmisiniz və sizi ən yaxşı harada qarşılayıblar?

- Truppanın tərkibində mən Moskva, Minsk, Sankt-Peterburq və Paris, Strasburq, İstanbul və digər şəhərlərdə olmuşam. Alqışlardan görünürdü ki, hər yerdə ürəkdən qarşılayıblar.

- Bir insanda sizin üçün daha vacib olan nədir: insani keyfiyyətlər, yoxsa istedad və peşəkarlıq?

- Mənə elə gəlir ki, insanda hər şeydən öncə yüksək insani keyfiyyətlər, xeyirxah təbəssüm və bundan sonra qalan hər şey lazımdır.

- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?

- Müəyyən bir hobbim yoxdur, hər şeylə bir qədər məşğul oluram. Uşaqlarla birlikdə təsərrüfat işlərinə kömək edirəm.

- Sizin üçün ən vacib olan nədir, nəyə görə yaşamağa dəyər?

- Əlbəttə, rəqs saymasam, mənim sevimli qızlarıma görə. Onların da rəqs etmələrini istəyirəm. Ailəvi uğurumuza inanıram.



MƏSLƏHƏT GÖR:

418