26 Aprel 2024

Cümə, 12:17

ABSURD VƏ YA GERÇƏKLİK?

Rus Dram Teatrında çoxdan gözlənilən premyera bütün tamaşa boyu izləyicini gərginlikdə saxladı

Müəllif:

01.10.2017

Rus Dram Teatrında «Mərasim» tamaşasının qoyuluşu üzrə yay marafonu başa çatdı (Ejen İoneskonun «Kral ölür» pyesi). Quruluşçu rejissor Ərşad Ələkbərov Sankt-Peterburqdan bir aktyor, rejissor və pedaqoq kimi öz peşə vəzifələrinə qayıdıb. Onu Fəvvarələr meydanındakı Gənclər Teatrında, «Komediantın sığınacağı», «Qara çayın o tayı» teatrlarında gözləyirlər.  

İlk premyera şəhərin teatr camiəsində böyük səs-küy qoparıb. Bəziləri düşünürdü ki, rejissor absurd janrını tam aça bilməyib, kimlərsə bununla razılaşmırdı, amma hamı bir fikirdə yekdil idi: səhnədə gerçək teatr sənəti, peşəkarlıqla qoyulmuş tamaşa, gözəl aktyor oyunu, ifadəli bədii səhnə tərtibatı göz qabağında idi.  

Quruluşçu rejissor əsas hədəfə nail olmuşdu: zalla sözsüz əlaqə təmin edilmişdi! İzləyicilər iki saat nəfəslərini tutaraq, maraqla həyatla ölüm arasındakı sərhəd zonasında çarpışan Birinci Beranjenin (xalq artisti Fəxrəddin Manafov) başına nə gələcəyini gözləyirdilər. İzləyicilərin antraktda və tamaşadan sonra aktyorun oyununa bəxş etdikləri mükafatlar aşağıdakı epitetlər zəncirinə düzülürdü: virtuozdur, istedadlıdır, möhtəşəm ifadır.  

Tamaşanın başlamasına qədər isə teatrın foyesində gözəlliklə görüş atmosferi hakim idi.

 

Kral da insandır

Fəxrəddin Manafovun Birinci Beranjesi kraldır. Zamanında doğru yerdə doğulduğundan bəxti gətirib, taleyin ərköyünü olub. Amma indi o, bütün sərhədləri aşıb dünyasını dəyişməlidir. Sadə bir insan kimi. Ancaq bir ölçüdən digərinə keçməzdən əvvəl Beranje özündə kralı öldürməlidir! Sadə dillə deyilsə, öz ruhunu insani günahlardan təmizləməlidir. Bax, bu, ən çətin məsələdir. "Öldürmək" sadə bir diaqnozla "narsisizm" adlanan bütün əvvəlki vərdişlərdən imtina deməkdir. Aktyor öz personajı ilə birlikdə bu əzablı yoldan keçir, Birinci Beranjeni sadə Beranjeyə çevirir: titulları, adları, mükafatları olmayan bir adama.

Həyatın imtiyazlarından uzun müddət və fədakarcasına yapışan Beranje birdən-birə başa düşür ki, böyük Ölümün önündə hamı bərabərdir. O isə qaçılmaz və rəhmsizdir. O, haqdır və vazkeçilməzdir. Ancaq o, həm də bir bələdçidir. Keçid zamanı Beranjeyə kömək edə biləcək gücün elçisidir. Marqarita adlı bu xanımın rolunu əməkdar artist Mehriban Zəki parlaq şəkildə ifa edib. Faciə potensialına malik aktrisa tamaşada iştirak edən artistlərin heyətinə gözəl yaraşır və insan olmadan bütün bəşəriyyət üçün əzab çəkən bir qəhrəmanın obrazını yaradır.

Daha doğrusu, Beranjenin bütün bağışlanmaz günahlarına görə Zamanda mənəvi dəyişmək istəməməsini təsvir edir. Marqaritanın antipodu Mariyadır. Bu rolu Mariya Dubovitskaya ürəkdən oynayır. O, bir vəkil kimi həmişə Beranjenin maraqlarını qoruyur, Marqaritanı daha az tələbkar olmağa çağırır, Beranjenin yer üzündə bir az da daha artıq yaşaması, həyatdan almağı bacardığı həzləri yenidən alması üçün yalvarır.  

Oleq Əmirbəyovun oynadığı doktor - bu, Birinci Beranjenin həyat labirintlərində azmış vicdanıdır, onun ikinci "mən"idir. O, inanılmaz sürətlə hala uyğun şəkildə mimikasını dəyişir (vəziyyətə uyğunlaşır), gah kralın kahin-münəccimi, gah bakterioloqu kimi çıxış edir və kralın orqanizmində "narsis" adlı virus aşkar edir. Gah kralın ibtidai yer bağlılıqlarını kəsməyinə kömək edən cərraha çevrilir, gah da acımasız şəkildə qərar verən cəllad kimi danışır: onun dünya yolu bitdi və keçidi gerçəkləşdirmək lazımdır!

Və yalnız aktrisa Həcər Ağayevanın gözəl oynadığı Cülyetta həmişə Beranjeyə acıyır. Bir kral ya evsiz bir şəxs, ya da küçə süpürən olub-olmamasından asılı olmayaraq, o, sadəcə Beranjeni sevir. Onun sosial və kasta mənsubiyyətindən asılı olmayaraq. Ağayevanın Cülyettası Beranjedən heç bir şey tələb etməyən mütləq Sevgidir. O cümlədən mənəvi mükəmməllik də! O, yalnız onun xoşbəxt olmasını istəyir. Həmişə. Həcər yaşına uyğun rol oynayır. Özü də teatrdan uzun müddət əvvəl gedib. Amma bu rolda necə də inandırıcıdır!

Plastik hərəkətlər, (sevginin əbədi gənclik hissini təcəssüm edən) səs, emosional dolğunluq: hər şey önümüzdə çox istedadlı aktrisa olduğunu göstərir. Özü də izləyicilərin qarşısında yeni peşəkar imkanlarla açılmış Əmirbəyov və Dubovitskaya kimi bir daha sübut olundu ki, Rus Dram Teatrına da dayanıqlı peşəkar gələcək təmin edə bilən gənc aktyorlar var. Mühafizə rolunu oynamış yeni başlayan aktyor Natiq Hüseynov da təcrübəli həmkarları arasında "itib-batmadı". Bu, onun teatr səhnəsində ilk roludur. Və qəbul etməliyik ki, sonuncu deyil.

Teatrda eyni düşüncəli insanlar barədə mühakimələr sovet tənqidçilərinin uydurduğu bir mifdir. Nadir hallarda quruluşçu ilə aktyorların pyesin materialları barədə fikirləri üst-üstə düşür və onda aktyorlar, həqiqətən, pyesdə "ölürlər". Bu, elə həmin vəziyyətdir. Beranjenin hekayəsi - zalda oturanların və səhnədə oynayanların hekayəsidir. Amma söhbət tamaşada iştirak edən aktyorlardan gedir. Onların bu işdə iştirakı - peşəcə uyğun gələn insanların unikal əməkdaşlığıdır. O qədər uyğun gəlirlər ki, saxtalıqdan və yalan pafosdan uzaq oynayan peşəkarlar ansamblı yaranıb. Onların hər biri öz peşəkarlıqlarının səviyyəsini inamla qoruyurlar və həmkarları üçün layiqli tərəfdaşdırlar.

 

Janr haqqında

Tamaşanın janrını Ərşad Ələkbərov da İonesko kimi müəyyən edib - absurd. Ejen İonesko XX əsr teatr tarixində absurd teatrının kralı kimi qalıb. Bəs, absurd janrı nədir?

"Absurd teatrı" termini amerikan tənqidçi Martin Eslinə məxsusdur. Amma bir çox dramaturqlar onun verdiyi adla razılaşmırlar, iddia edirlər ki, onların əsərləri gerçək reallıqdan daha az absurddur. Lakin, bitməyən mübahisələrə baxmayaraq, janr populyarlıq qazanıb. "Yeni teatr"ın baniləri sanırdılar ki, yaşam irrasional və məntiqsizdir: insan bu dünyada təkliyə, əzablara və ölümə məhkumdur.

Sanılır ki, absurd teatrının kökləri dadaizm fəlsəfəsinə, mövcud olmayan sözlərdən yaranan poeziyaya və 1910-1920-ci illərin avanqard incəsənətinə dayanır.

Absurd teatrında gerçəkliyin və uydurmanın hüquqları bərabərləşdirilir, dünya sonsuz versiyalar müxtəlifliyi kimi qəbul edilir. Bu, tərs, astar dünyadır, anti-dünyadır. Beləliklə, absurd dedikdə, məntiqin inkar edilməsi, davranışın və nitqin uyğunsuzluğu başa düşülür.

Lakin absurd yadlaşma və dəhşət ideyalarının özünü bütün dünyaya qəbul etdirməsi üçün bəşəriyyət XX əsrin birinci yarısının fəlakət və təlatümlərindən faciə təcrübəsi qazanmalı idi. Absurd teatrı İkinci dünya müharibəsi başa çatdıqdan dərhal sonra yaranmadı: əvvəl şok, sonra isə baş verən hər şeyin qavranılması gəldi. Yalnız bundan sonra sənətçi psixikası dünya fəlakətinin nəticələrini bədii və fəlsəfi analiz materialına çevirə bildi.

"Mərasim" pyesi müəllif tərəfindən 1962-ci ildə yazılıb, lakin çap zamanı senzura bu ada icazə vermədi, çünki həmin vaxt Fransa kinoprokatına eyniadlı film çıxmışdı. İonesko pyesə fərqli ad vermək məcburiyyətində qaldı - "Kral ölür". Amma mənim fikrimcə, o, baş verənlərin mahiyyətini birinci variantda olduğu səviyyədə düzgün əks etdirmir.

Həmin vaxta qədər "Keçəl müğənni qadın", "Kərgədan" və "Stullar" əsərlərini yazmış yazıçı "Mərasimdə" az qala ilk dəfə olaraq metafizik baxışların mahiyyətinə diqqət çəkir. Onu həyat və ölüm fəlsəfəsi son dərəcə artıq maraqlandırır. Bəs, bu tamaşada absurd nədir? İnsan Beranje ilə insan olmayan kabuslar arasındakı dialoqlar? Əgər obyektiv reallıq baxımından qiymətləndirsək, gözlə görülə bilməyən və fiziki ölçüdə olmayan biri ilə danışmaq gerçəkdən absurddur.

Digər tərəfdən bu vəziyyətə daimi bir polemika, söhbət, mübahisə, özümüzlə daxili dialoq kimi baxsaq necə olacaq? Öz ikinci "Mən"imizlə? Absurddur? Əgər insan özü ilə yüksək səslə söhbət edərsə, özü də emosional şəkildə, kənardan baxanlara həmin şəxsin dəli olduğu görünə bilər. Bu, absurddur, ya yox? Bəs, bu, daxili dialoq olarsa nədir, axı, heç kim onu eşitmir? Absurddur, yoxsa yox? Gerçəkliyin obyektiv qiymətləndirilməsidir? Özünüanalizdir? Salonda oturan hər kəs bu suallara özü cavab verməlidir.

"Mərasim"i tamaşaya qoyan rejissor, praktiki olaraq, dramaturqun düşüncəsini vurğulayır: "Dünyanı absurd adlandırmaq mənasızdır, çünki biz heç də Allahdan ağıllı deyilik", - vurğulayaraq, o, tamaşaçının özünün bir nəticəyə gəlməsi üçün fürsət verir: özündə kral Beranjeni öldürən insan Beranjenin hekayəsinin bu versiyası absurddur, bəs, gerçəklik nədir?!



MƏSLƏHƏT GÖR:

438