27 Aprel 2024

Şənbə, 08:20

PLOVDAN SONRA LİMONLU ÇAY

Azərbaycan çay, düyü və sitrusların istehsalını bərpa edir

Müəllif:

01.10.2017

Azərbaycan post-neft iqtisadi siyasəti çərçivəsində regionların təbii və iqtisadi şəraitini nəzərə almaqla istehsalın ixtisaslaşmasını və konsentrasiyasını sürətləndirəcək. Dünyada mövcud olan 11 iqlim zonasından 9-nun ölkədə olması fonunda bu yanaşma yaxın gələcəkdə özünü doğrultmalıdır. Bu çərçivədə sitrus meyvələri, çay plantasiyaları və düyü əkinləri üçün əlverişli təbii şəraiti ilə seçilən cənub rayonları xüsusi maraq kəsb edir.  

 

Dövlət qətiyyət göstərir

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də "Sitrus, çay və düyü istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Lənkəran, Şəki, Yevlax, Ağdaş, Astara, Biləsuvar, Göyçay, Lerik, Masallı, Ucar, Zaqatala və Zərdab rayonlarının icra hakimiyyətlərinə, eləcə də müvafiq dövlət strukturlarına yararlı torpaq sahələrini müəyyən etmək həvalə olunub.

Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə çay plantasiyalarının, sitrus bağlarının və düyü sahələrinin genişləndirilməsini stimullaşdırmaq, eləcə də zəruri kənd təsərrüfatı texnikasını və texnoloji avadanlığı icarəyə vermək və ya satmaq üçün təsərrüfat subyektlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi üzrə təklifləri dövlət başçısına təqdim etmək tapşırılıb.

Öz növbəsində, Əmlak Məsələləri Dövlət Komitəsinə sahibkarlıq subyektlərinə verilmiş yeni torpaqlara mülkiyyət hüququnu təmin etmək, Maliyyə Sabitliyi Şurasına isə aqrar sektorda sığortanın inkişafı üçün tədbirlərin sürətləndirilməsini təmin etmək həvalə edilib.

Sərəncamda göstərilən tədbirlərin siyahısı dövlət başçısının Lənkəran və Cəlilabad rayonlarına səfərinin nəticəsi kimi formalaşıb. Dövlət başçısı orada yerli fermerlərlə görüşüb, həmçinin Lənkəran şəhərində sentyabrın 3-də

çay, düyü və sitrus bitkilərinin istehsalının inkişafı üzrə respublika toplantısında iştirak edib.  

 

Artım üçün potensial  

Dövlət başçısı toplantı iştirakçılarına böyük tələbatı nəzərə alaraq çay plantasiyaları və sitrus meyvə bağları salmağın, həmçinin düyü sahələrini artırmağın perspektivlərindən danışıb. Çünki hətta çay, düyü və sitrus meyvələrinə olan daxili tələbatı belə yalnız idxal hesabına ödəmək mümkündür. Halbuki mövcud potensial bizə hətta ixrac haqqında danışmağa imkan verir.

Azərbaycan 2016-cı ildə yalnız çay idxalına 45 milyon $ xərcləyib. Halbuki Azərbaycan çay ixracından isə 6,1 milyon $ qazanıb. Sitrus meyvələrinin idxalına ötən il 17 milyon $ yönəldilib, xaricdən düyü satınalması isə 37 milyon dollara başa gəlib.

"Bu, təxminən, 100 milyon dollar deməkdir. Bu ənənəvi sahələri inkişaf etdirməklə, daxili istehsal hesabına biz həm özümüzü təmin edəcəyik, həm də bu vəsaitlərə qənaət edəcəyik. Bu, birinci məsələ, birinci mərhələdir. Əsas məsələ böyük ixrac potensialının yaradılmasıdır. Bu göstərişlər yerinə yetirilməlidir. Onda biz bu hədəfə çatacağıq. Paralel olaraq, biz bu məhsullar üçün ixrac bazarları axtarmalıyıq", - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, bütünlükdə 2016-cı ildə ərzaq məhsullarının alınması üçün 1,3 milyard $ sərf edilib. Bu, idxal məhsullarının ümumi həcminin 15,49 %-ni təşkil edib.

 

Çay: keçmiş şöhrətini bərpa etməli  

İndi təsəvvür etmək çətindir, ötən əsrin 80-ci illərinin ortalarında SSRİ-nin 300 milyonluq əhalisinin tələbatının 8-10% -i Azərbaycanda yetişdirilmiş çayla təmin edilirdi. Azərbaycanda çay plantasiyalarının zirvə göstəricisi 1985-ci ilə təsadüf edir - 13,4 min hektar sahədə çay əkilmiş, çay yarpağı yığımı 31,7 min tona bərabər olmuşdu.

Maraqlıdır, əgər Sovet İttifaqında bir şəxsin orta illik çay istehlakı 910 qram təşkil edirdisə, Azərbaycanda bu göstərici 1,5 kq-a çatırdı. Buna görə də, təəccüblü deyil ki, 2005-ci ilə çay plantasiyalarının sahəsini 21 min hektara qədər artırmaq, məhsul yığımını 50 min tona çatdırmaq, gələcəkdə çay yarpağı yığımını 80 min tona qədər artırmaq planlaşdırılırdı.  

Təəssüf ki, 2016-cı ildə müxtəlif səbəblər üzündən Azərbaycanda çay plantasiyalarının sahəsi 1985-ci illə müqayisədə 13 dəfə azalaraq 1,016 min hektara düşüb. Ötən ilin sonuna olan yekun nəticəyə görə, ümumi yığım cəmi 1,02 min ton təşkil edib, bu, zirvə göstəricisindən, demək olar ki, 30 dəfə azdır. Bu gün ölkənin özünü çayla təmin etməsinə nail olması üçün 12-13 min ton çay çatışmır.

Unutmaq olmaz ki, ilk məhsul yalnız üçüncü və ya dördüncü ildə əldə edilə bilər, eyni zamanda çay kolunun özü yalnız altı və ya yeddi ilə tam formalaşır. Yeri gəlmişkən, çay plantasiyalarının ömrü 100 yaşa qədər çata bilər, lakin bir qayda olaraq, onların sənaye yolu ilə istifadəsi 40 il təşkil edir.

Yəni hətta dövlətin dəstəyi şəraitində belə, illər keçəcək və Lənkəran, Astara, Masallı və digər rayonlarda salınmış yeni çay plantasiyaları çaya öz ehtiyacımızı təmin etməklə yanaşı, həm də ixrac üçün imkanlar yaradacaq.

Lakin əkin sahələrinin və məhsuldarlığın artımı hesabına mərhələli şəkildə çay istehsalının artması Azərbaycana Rusiya və Gürcüstan bazarlarında möhkəmlənməklə yanaşı, «Made in Azerbaijan» brendi altında Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Əfqanıstan, İran, İsveç, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, Qazaxıstan və Ukrayna kimi ölkələrə göndərilən çay həcmlərini artırmağa imkan yaradacaq. Bu, yetərincə perspektivli istiqamət çox onilliklər boyunca ölkəyə valyuta gəlirlərinin sabit qaynağı olacaq.

 

Düyü: özümüz də yeyərik, qonşulara da satarıq

Nisbətən tez bir zamanda Azərbaycanda düyü istehsalı ilə bağlı vəziyyət dəyişə bilər və bu qiymətli qida məhsulu ilə özünü tam təmin edə bilər.

İndi ölkədə düyüçülük ikinci dirçəlişini yaşayır. Bir neçə il bundan əvvəl bu əməktutumlu sahədə vəziyyət mürəkkəb idi. Suvarmanın vaxtında həyata keçirilməsində yaşanan çətinliklər , eləcə də buğda becərənlərə verilən güzəştlərin düyüçülük sahəsində olmaması üzündən fermerlər düyü əkinlərindən imtina etməyə məcbur olurdular.

Ekspertlərin fikrincə, düyü əkmək üçün ən əlverişli rayonlar Lənkəran, Şəki, Yevlax, Astara, Göyçay, Masallı, Ucar və Zərdabdır.

Azərbaycanın düyüyə olan ehtiyacı 30 min ton təşkil edir - illik adambaşına 2,7-3 kq hesablanır. 2016-cı ildə düyü üçün 2,5 min hektar torpaq sahəsi ayrılıb və 5,6 min ton düyü istehsal edilib ki, bu da 2015-ci illə müqayisədə, demək olar ki, iki dəfə çoxdur.

2016-cı ildə Yevlax, Samux, Şəki və Masallı rayonlarında da düyü əkməyə başlayıblar. Qeyd edək ki, Masallı rayonunda fermerlər axırıncı dəfə 2006-cı ildə düyü əkmişdilər.

Bu il bu bitkinin əkin sahəsi 5,2 min hektara qədər yüksəlib. Buna dövlət dotasiyalarının tətbiqi səbəb olub: hər hektar düyü sahəsinə 40 manat şitil üçün və 50 manat aqrotexniki işlərin aparılması üçün yanacaq və sürtkü yağlarının alınmasına görə. Eyni zamanda dövlət mineral gübrələrə və herbisidlərə xərclərin 70%-ni ödəyir.

Əgər indiki templər saxlanarsa, artıq 2018-ci ildə Azərbaycan özünü düyü ilə tam təmin edə bilər, həm də onu qonşu ölkələrə ixrac etmək imkanına malik olar.

 

Sitrus meyvələri: yüksək məhsuldar növlərə diqqət

Azərbaycanda nəm subtropik iqlim yalnız kiçik bir bölgədə müşahidə olunur və bu səbəbdən, sitrus bitkilərinin 95%-dən çoxu Lənkəran və Astara bölgələrinin payına düşür.

Azərbaycan Prezidentinin açıqladığı məlumata görə, ötən il ölkəyə 9 min ton limon, 4,6 min ton mandarin, 12 min ton portağal , 2 min ton kivi idxal edilib. Hökumətin ilkin vəzifəsi daxili tələbatın tam təmin edilməsidir, bunun üçün əlavə olaraq 27 min ton sitrus meyvələri istehsal edilməlidir.

Bu istiqamətdə əhəmiyyətli addımlar artıq atılıb. Əgər 2010-cu ildə 19 min ton sitrus meyvəsi yığılıbsa, 2016-cı ildə bu, 46 min ton olub. "Artım çox böyükdür - altı ildə iki dəfədən artıqdır. Bu, yaxşı dinamikdir, amma hələ ki, o, bizi tam təmin edə bilmir",- deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bu məsələdə sitrus meyvələrinin istehsalçıları üçün yeni bağların qurulması üçün dövlətin maliyyə dəstəyi ilə yanaşı, həm də fövqəladə hallarda yardım zəmanəti vacibdir. Fermerlər hələ də 2008-ci ilin yanvar-fevral aylarının soyuq günlərini xatırlayırlar, onda minlərlə limon, portağal və mandarin ağacı donmuşdu ki, bunun nəticəsində üç mindən çox ev təsərrüfatına ciddi ziyan dəymişdi.  

Unutmaq lazım deyil ki, kənd təsərrüfatı sektorunda sitrus meyvə bağları və çay plantasiyaları əsas aktivlərə aiddir - sadə dillə deyilsə, tərəvəz, taxıl və giləmeyvədən fərqli olaraq, ağac və kollar hər il yenidən əkilmir və elə də xüsusi qayğı tələb etmir.  

Buna görə də, dövlət havaların sərt, soyuq keçməsi, quraqlıq və təbiətin digər xoşagəlməz sürprizləri zamanı kömək edərsə, bu, fermerlər üçün böyük önəm daşıyar. Yeri gəlmişkən, bu məqama prezidentin "Sitrus, çay və düyü istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında xüsusi toxunulub.  

Bundan əlavə, bağların sahəsinin kiçik olması nəzərə alınaraq, yüksək məhsuldarlıqlı sitrus növlərinin əkilməsi vacibdir. Bu baxımdan, Koreya Respublikasından gətirilmiş və 2-3 dəfə tez meyvə verən və 2-3 dəfə məhsuldar «hallabon» sortlu mandarinin əkilməsi ilə bağlı addımlar alqışlanmalıdır. Həmçinin, Yaponiyadan gətirilmiş yüksək məhsuldarlıqlı və soyuğadavamlı «satsuma» limon sortunun əkilməsi də təqdirəlayiqdir.  

 

İlk nəticələr

Rayon icra hakimiyyətlərinin hesabatlarından belə görünür ki, regional ixtisaslaşmanın və kənd təsərrüfatı istehsalının konsentrasiyasının nəticələri artıq özünü hiss etdirir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun sözlərinə görə, bir vaxtlar yerli fermerlər region üçün ənənəvi olan bitkilərin becərilməsindən imtina edərək taxıl istehsalına keçmişdilər.  

Nəticədə, buğda üçün ayrılmış sahələr bütün əkin sahələrinin 60%-inə çatmışdı. Lakin bu bitkinin Masallıda qeyri-rentabelli olduğunu görən kəndlilər buğda sahələrini 35% azaldaraq yerində tərəvəz, düyü, giləmeyvə, faraş kartof, noxud, sarımsaq, tütün, qarğıdalı əkiblər. Nəticədə, həm bitkiçilik məhsullarının istehsalı, həm də iş yerlərinin sayı artıb.

Dövlətin çay, düyü və sitrus meyvələri istehsalının inkişafında maraqlı olması yaxın illərdə fermerlərin bu məhsulları yetişdirməyə daha da maraqlı olmasını stimullaşdırmağı tələb edir. Belə olan şəraitdə, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə vəsaitlərin və ya güzəştli kreditlərin ayrılması son dərəcə vacibdir.

Nəzərdə tutulan hədəf istiqamətində ardıcıl və əlaqələndirilmiş irəliləmə nəticəsində artıq yaxın gələcəkdə Azərbaycanın cənub rayonlarının iqtisadiyyatında önəmli artım müşahidə etmək olar, çay, düyü və sitrus meyvələrinə olan daxili tələbatı tam ödəmək mümkünləşər və kənd təsərrüfatının bu sektorlarında əhəmiyyətli səviyyədə ixrac potensialı yaranar.



MƏSLƏHƏT GÖR:

414