27 Aprel 2024

Şənbə, 03:23

PRAQMATİK İDEALİST

Tramp ABŞ-ı hegemon fövqəldövlətdən dünyanın ən güclü milli dövlətinə çevirməyə çalışır

Müəllif:

01.10.2017

BMT Baş Assambleyasının 72-ci sessiyasının əsas hadisəsi ABŞ prezidenti Donald Trampın çıxışı sayıla bilər. Onun üçün bu, «debüt» idi.

Bu «insan arasına çıxmaq» Trampın özü üçün də böyük əhəmiyyət daşıyırdı. Bu, Trampın bu cür auditoriya qarşısındakı ilk çıxışı idi. Üstəlik, prezident böhtandan belə çəkinməyərək, doğru-yalan yazaraq onu ləkələyən KİV-in fonunda dünyaya müraciət edirdi. Bəs, onun çıxışı nə haqda idi və Trampın sözlərini necə başa düşməli?

Amerika prezidentinin çıxışından 3 əsas tezis çıxarmaq olar: onlardan birincisi BMT-də struktur dəyişikliyi tələbidir. Trampın fikrincə, bu qurum gücsüz və bahalı təşkilata çevrilib, burada bürokratiya yüksək həddədir və bütün bunlar Amerikanın real maraqlarının qorunmasına mane olur.

Dövlət başçısının çıxışının ikinci hissəsi İran, Venesuela və Şimali Koreya kimi dövlətlərə həsr edilib. O, sonuncunu, ümumiyyətlə, yer üzündən silməklə hədələyib.

Nəhayət, çıxışının sonunda Ağ Ev rəhbəri təşkilatın bütün üzvlərinə müraciət edərək, onları digər dövlətlərin suverenliyinə hörmətlə yanaşmağa çağırıb və Amerikanın qlobal hegemoniyasından imtina olunacağının anonsunu verib.

 

“Artıq piyi kəsib atmaq"

Donald Tramp hələ ABŞ prezidentliyinə namizəd olan zaman BMT-ni tez-tez tənqid edir, onu «sadəcə insanların söhbətləşmək və vaxtını yaxşı keçirmək üçün bir araya gəldiyi klub» adlandırırdı. Bununla yanaşı, o, əslində BMT-nin «böyük potensiala» malik olduğunu da deyirdi. Odur ki, Trampın BMT tribunasından etdiyi çıxışında təşkilatda tammiqyaslı istahatların aparılmasına çağırış etməsi təəccüblü deyil. ABŞ prezidenti hesab edir ki, qurumun 2000-ci ildən 140% artmış büdcəsi ixtisar olunmalıdır. O, bu dövrdə təşkilatın işçilərinin sayının 2 dəfədən çox artdığını da qeyd edib.

Ədalət naminə demək lazımdır ki, ABŞ BMT-nin əsas donor ölkəsidir və təşkilatın xərclərinin 22%-ni (600 milyon dollardan çox) məhz o ödəyir. Üstəlik, Vaşinqton müxtəlif sülhməramlı kontingentlərin dəstəklənməsinə 2,2 milyard dollar ayırır. Müqayisə üçün qeyd edək ki, Rusiya BMT xərclərinin yalnız 2%-ni ödəyir.

Qurumun funksionallığı və effektivliyinə gəlincə, onun müasir beynəlxalq münasibətlər sistemindəki rolunun azaldığını və sadəcə «şən insanlar klubu»na çevrildiyini çoxları söyləyir. Bir sıra hallarda anlaşılmaz problemlərlə məşğul olan, buna görə də böyük məbləğdə əməkhaqqı və ödəmələr alan məmur ştatlarını nəzərə alsaq, təşkilatın büdcəsi, doğrudan da, az deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da buna eyham vurub: «BMT-də artıq «piy» yığılıb və onu kəsib atmaq lazımdır». Bununla yanaşı, nazir deyib ki, «istənilən ciddi islahata son dərəcə ehtiyatla yanaşılmalıdır, çünki bu «artıq piy» əsasən burada 193 üzv dövlətin cəmləşməsilə izah olunur».

Analitiklərin fikrincə, Amerika prezidentinin BMT-də islahatlara nail olmaq istəyi başqa səbəblə də əlaqəli ola bilər. Trampın, ilk növbədə, «böyük biznes adamı» olduğu hər kəsə bəllidir. O, böyük siyasətə aid məsələlərə yanaşmada tez-tez «real siyasət»in praqmatik prinsiplərindən çıxış edir. Amerikalılar hesab edir ki, onlar ödəmələri hər kəsdən çox edirlərsə, beynəlxalq təşkilatlardakı mövqeləri də prioritet olmalıdır. Başqa sözlə, klassik məsəldə deyildiyi kimi, «pulu kim verirsə, musiqini də o sifariş edir».

Yeri gəlmişkən, onu da unutmayaq ki, Amerika isteblişmentində BMT-nin «özəlləşdirilməsi»nə cəhdlər Trampın prezidentliyindən əvvəl də olub. Bir neçə il əvvəl Obamanın komandası Rusiya və Çinin TŞ-dəki təsir imkanlarını oraya daha «loyal dövlətlər»i əlavə etməklə məhdudlaşdırmağa çalışırdı. Lakin o zaman amerikalılar istəyinə nail olmadı. Güman ki, bu dəfə də alınmayacaq. BMT-nin baş katibi Antoniu Qutyerreşin islahatlarla bağlı bəyannamənin müzakirəsi məqsədilə Tramp tərəfindən çağırılmış forumda iştirakına, 193 dövlətdən 120-nin məsələnin lehinə səs verməsinə baxmayaraq, nə ABŞ, nə də hər hansı ölkələr qrupu qurumda bütün üzvlərin razılığı olmadan islahat apara bilər. Odur ki, bu təşəbbüsün perspektivinin olmadığını söyləmək mümkündür. Yalnız onu qeyd edək ki, bu təklifə Rusiya ilə yanaşı, BMT TŞ-nin Çin və Fransa kimi üzvləri də qarşı çıxıb.

Bütün bunlarla yanaşı, Trampın təklifi hüquqi cəhətdən perspektivsiz olsa belə, ölkə daxilində mövqelərini gücləndirmək üçün o, bu addımı atmalı idi. Ağ Ev sahibi onun üzərində «Rusiyanın müdaxiləsi nəticəsində seçilmiş prezident» imici yaratmaq üçün əlindən gələni edən Amerika KİV-nin diqqətini yayındırmalıdır. Ən azı müəyyən müddətə…

 

«Yer üzündən silmək»

Trampın çıxışında, şübhəsiz ki, ən çox rezonansı Şimali Koreya ilə bağlı fikirləri yaradıb: «Birləşmiş Ştatlar nəhəng gücə və səbrə malikdir. Lakin özümüzü və ya müttəfiqlərimizi müdafiə, qorumaq zərurəti yaranarsa, bizim Şimali Koreyanı tam məhv etməkdən başqa yolumuz qalmayacaq. Raket insan həm özü, həm də rejimi üçün intihar missiyasına başlayıb».

Beləliklə, ABŞ prezidentinin adından KXDR-in məhv edilə biləcəyilə bağlı açıq hədə səsləndirilib. BMT-nin ali tribunası bu günədək bir çox tarixi hadisəyə şahidlik edib: SSRİ KP-nin birinci katibi Nikita Xruşşovun 1960-cı ildə səsləndirdiyi antiimperialist hədəsi, 2009-cu ildə Liviya lideri Müəmmar Qəddafinin hər kəsin gözü qarşısında BMT Xartiyasının surətini cırması, Venesuela prezidenti Uqo Çavesin oğul Corc Buşla mübarizədə müqəddəs qüvvələrdən kömək istəməsi və s. Lakin 25 milyon əhalisi olan dövlətin yer üzündən silinməsi niyyəti indiyədək dilə gətirilməmişdi. Trampın bəyanatı fonunda hətta İranın sabiq prezidenti Mahmud Əhmədinejatın İsrail haqda bəyanatı da (bu bəyanata görə onu bəşəriyyət düşməni elan etmişdilər), az qala, yumşaq səslənir. Şimali Koreyanı İranla yanaşı, «yeni şər xətti» sayan Tramp ilk baxışdan KXDR-ə qarşı miqyaslı müharibəyə başlamaq arzusunu ortaya qoymur. Üstəlik, onun ətrafında Pxenyanla birdəfəlik haqq-hesab çəkilməsini arzulayan lobbiçilər az deyil. Lakin bəzi analitiklərin vəziyyəti daha dərindən təhlil etməsi zamanı belə nəticə ortaya çıxır ki, ABŞ prezidentinin «söz hücumu»nun əsas hədəfi, əslində, Çin rəhbərliyidir. Tramp Pekinin dəstəyini almaq üçün əlindən gələni edir.

Yəni ABŞ prezidentinin üstüörtülü fikirlərini belə anlamaq lazımdır: KXDR-in qonşuları olan Çinlə Rusiya Pxenyan rəhbərliyinə təzyiq göstərməyə çalışmazlarsa, biz ona zərbə endirəcəyik. Çinin nəinki regionda, ümumiyyətlə, qlobal iqtisadiyyatda ABŞ-ın əsas rəqibi olduğu sirr deyil. Belə çıxır ki, Tramp indi Çinə daha çox diqqət ayırır və Koreya kartından istifadə etməklə, ondan güzəşt gözləyir. «R+»un səhifələrində ABŞ-ın bu məsələdəki əsl hədəfləri dəfələrlə təhlil olunub - Çin və Rusiyaya Cənubi Koreyada THAAD raketdən müdafiə sisteminin yerləşdirilməsi. Yeri gəlmişkən, bu proses artıq yekunlaşmaq üzrədir.

ABŞ-ın regiondakı ənənəvi müttəfiqləri Yaponiya ilə Cənubi Koreyanın mövqeyi də son dərəcə maraqlıdır. Bu şəraitdə KXDR-in ABŞ-a mütləq cavab verəcəyinə şübhə yoxdur və bu halda əsas zərbə Birləşmiş Ştatlara deyil, məhz Tokio ilə Seula dəyəcək.

«The Washington Post» yazır ki, «Yaponiyanın baş naziri Abenin susqunluğu xüsusilə simptomatikdir. Məsələ ondadır ki, Abe əvvəllər Trampın Şimali Koreya ilə bağlı istənilən fikrilə həvəslə razılaşırdı».

Son dövrlərədək Trampı tam dəstəkləyən Cənubi Koreya liderinin mətbuat katibi də Ağ Ev sahibinin «yer üzündən silmək» hədəsindən sonra müharibə arzusunda olmadıqlarını deyib. Bununla yanaşı, o, deyib ki, «Seulun fikrincə, Tramp hələ də məsələnin dinc yolla həllinə sadiqdir».

Trampın İrana «hücumlarını» isə ABŞ-ın öz qlobal rolunu artırmaq istəyi, dünyanın digər vacib regionu olan Yaxın Şərqə «qayıtmaq» cəhdlərilə izah etmək olar. Tramp İran hökumətini «korrupsiyalaşmış diktaturanı yalançı demokratiya görüntüsü ilə pərdələməkdə» günahlandırır. Onun Yaxın Şərqdə əsrlərdir mütləq monarxiya olan, hələ də orta əsrlərə aid güclü tayfalar tərəfindən idarə olunan, nə «yalançı», nə də həqiqi demokratiya qoxusu belə verməyən rejimlərə münasibətini nəzərə aldıqda, bu, kifayət qədər maraqlı bəyanatdır. Tramp hər zaman İranı kəskin tənqid etməsilə, «altılıq»la Tehran arasında nüvə məsələsində əldə edilmiş razılaşmaya etirazı ilə tanınıb. O, İranı bu razılaşmanın ruhuna zidd davranmaqda günahlandırır. Ağ Ev sahibi İranın razılaşmanı konkret hansı addımları ilə pozduğunu demir. Bununla yanaşı, nüvə razılaşmasını nə vaxtsa şahidi olduğu «ən pis razılaşmalardan» sayır. Halbuki MAQATE-nin də bütün hesabatlarında Tehranın razılaşmaya tam əməl etdiyi bildirilir. Xatırladaq ki, bu razılaşma Ağ Evin əvvəlki administrasiyasının ən əhəmiyyətli xarici siyasi uğurlarından sayılır.

Amerikalı politoloqlar da düşünür ki, ABŞ prezidentinin İrana hücumu gözlənilməz nəticələrə aparıb çıxara bilər. Onların fikrincə, bu halda məhz İran rəhbərliyi qalib durumda olacaq. «Bu hücumlar nəticəsində beynəlxalq birlik İranın vəziyyətinə acımağa başlayır. Bu, xüsusilə ona görə təhlükəlidir ki, İran çox məharətlə onilliklər boyu xarici ölkələr tərəfindən təzyiqə məruz qalan qurban obrazına girməyi bacarır»,- deyə «Eurasia Group» analitik şirkətinin rəhbəri Kliff Kupçan «The New York Times» nəşrinə açıqlamasında bildirib. Onunla digər amerikalı analitik, «Arms Control Association» tərk-silah üzrə təşəbbüs qrupunun icraçı direktoru Deril Kimbel də razıdır: «Razılaşma əldə olunub və İran öhdəliklərini yerinə yetirir. Donald Tramp isə onu pozmaqla hədələyir. Əgər onun məqsədi İrana qarşı dəstək almaq idisə, o, bunun tam əksinə nail oldu».


Suverenlik hər şeydən üstündür

Donald Trampın çıxışını təhlil edən əksər ekspertlərdə onun suverenlik haqda dedikləri qəribə uyğunsuzluq və daxili ziddiyyət təsiri bağışlayıb: «Əgər biz vətəndaşlarımıza kömək etmək istəyir, tarixi perspektivdə təriflənməyi arzulayırıqsa, vicdanla maraqlarını təmsil etdiyimiz insanlar qarşısında suveren borcumuzu yerinə yetirməliyik. Biz ölkəmizi, onun maraqlarını və gələcəyini qorumalıyıq. Ukraynadan Cənubi Çin dənizinədək hər yanda suverenliyə yaranan təhdidlərə müqavimət göstərməliyik. Qanuna, sərhədlərə və mədəniyyətlərə, eyni zamanda dinc əməkdaşlığa hörmət etməliyik».

Bir yandan bu, hər kəsin Amerika prezidentindən eşitmək istədiyi fikirlərdir. Hər halda, sadalanan prinsipləri tez-tez məhz ABŞ-ın pozduğu heç kəsə sirr deyil. Lakin suverenliyə olan təhdidlərə müqavimət, qanunlara, xüsusilə sərhədlərə hörmət haqda deyilənlər tam aydın deyil… Buna bütün ölkələr ümid edə bilər, yoxsa bu, yalnız ABŞ prezidentini üstün tutanlar üçün keçərlidir?

İndi, necə olsun? Tramp idealistdir, yoxsa praqmatik? O, suverenlik haqda çıxışında deyib: «Mən hakimiyyəti zəbt etmək üçün yox, onu mənsub olduğu Amerika xalqına vermək üçün seçilmişəm. Xarici siyasətdə biz suverenliyin bu əsas prinsiplərini yeniləyirik… ABŞ prezidenti olduğum müddətdə mən Amerikanı ilk cərgəyə qoyacağam. Siz də ölkənizin liderləri olaraq, öz ölkənizi ilk yerə qoyacaqsınız və hər zaman belə etməlisiniz. Dünyanın öz suverenliyindən sülhün yayılması üçün istifadə edən güclü müstəqil dövlətlərə ehtiyacı var… Bu, əməkdaşlıq və uğur üçün əsasdır. Güclü, müstəqil xalq müxtəlif dəyərlərə malik ölkələrin inkişaf etdirilməsinə imkan verir».

Bu fikirlər öz planlarını müxtəlif azlıqların və ideyaların müdafiəsilə, onları güclə dünyaya qəbul etdirərək, bu pərdə altında öz geoiqtisadi və siyasi maraqlarını təmin edən qlobalistlərin hiddətinə səbəb olmaya bilməz. Trampı bir məsələdə günahlandırmaq olmaz - o, hələ ki, öz qaydalarını dəyişmir. O, idealizmi, realizmi və izolyasionizmi təcəssüm etdirir. Lakin bunu əldə «güclü dəyənək»lə edir. Tramp xarici siyasətdə ABŞ üçün minimal itki və maksimum strateji faydaya ilə nəticələnəcək miqyaslı manevr etməyə çalışır. O, ölkəsini hegemon fövqəldövlətdən dünyanın ən güclü milli dövlətinə çevirmək istəyir. Lakin bu ideyanın əsas rəqibləri ABŞ-dan kənarda yox, elə ölkənin daxilindədir. Xarici siyasətdə qəti addımlar məhz daxili düşmənlər qarşısında mövqelərin güclənməsi üçün lazımdır.


MƏSLƏHƏT GÖR:

367