26 Aprel 2024

Cümə, 18:37

ƏSRƏ BƏRABƏR 50 İL

Azərbaycan transmilli neft şirkətlərilə əsas sözləşməsini 2050-ci ilədək uzatdı

Müəllif:

01.10.2017

Heydər Əliyev Mərkəzi - dünyaca məşhur britaniyalı memar Zaha Hadidin möhtəşəm əsəri. Bu bəyaz tikili «Alov qüllələri» ilə birlikdə müasir Bakının rəmzinə çevrilərək, müasir Azərbaycanın uğurlu inkişafını təcəssüm etdirir.

«Bu, Azərbaycanın müstəqilliyinin bərpasından bəri öz yolu ilə uğurla irəliləməsinin mükəmməl bir təcəssümüdür», - deyə Böyük Britaniyanın dövlət naziri Alan Dunkan 2017-ci il sentyabrın 14-də Bakıda yenilənmiş «Əsrin müqaviləsi»nin imzalanması mərasimində bildirib.

«Əsrin müqaviləsi»nin davamı olan «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının işlənməsi üzrə yeni müqavilənin məhz Heydər Əliyev Mərkəzində imzalanmasını rəmzi hadisə saymaq olar. Hələ 1994-cü ilin 20 sentyabrında, Azərbaycanın müstəqilliyini yeni bərpa etdiyi dövrdə imzalanmış müqavilə nəinki ölkənin inkişafında lokomotiv rolu oynayıb, müstəqilliyin ilk illərində onun suverenliyi və dövlətçiliyinin qorunub saxlanmasına da müəyyən mənada öz töhfəsini verib. Məsələ ondadır ki, layihənin reallaşdırılmasına ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və digər ölkə şirkətləri cəlb olunmuş, bununla da, çətin dövrdə çətin bir regionda bu ölkələrin maraqları təmin edilmişdi.

Nəticədə, «Əsrin müqaviləsi» investorların ölkəyə inamının yaranmasında ilk addım olub. Məhz onun uğurla imzalanması sonrakı illərdə Azərbaycana neft-qaz yataqlarının işlənməsi üzrə 30-dan çox müqavilənin bağlanmasına imkan verib. Onların arasında Azərbaycanı dünyanın enerji xəritəsinin əsas oyunçularından birinə çevirmiş «Şahdəniz» qaz yatağı da var.

«AÇG» yatağının işlənməsi üzrə müqavilə 30 il üçün nəzərdə tutulurdu və onun müddəti 2024-cü ildə başa çatmalı idi. Artıq bir neçə il idi ki, layihədə iştirak edən xarici şirkətlər müqavilənin uzadılması təklifi ilə çıxış edirdi. Onlar bunu yatağın tükənməsilə əlaqədar neft hasilatının azalmasını önləmək üçün yeni investisiyaların yatırılmasına zəmin yaradılması üçün istəyirdilər. Lakin SOCAR prinsipial mövqe tutaraq, müqavilənin yeni reallıqlara uyğunlaşdırılmalı olduğunu bildirirdi. Azərbaycan şirkətinin bu mövqeyi başadüşüləndir - 1994-cü ildə Azərbaycan üçün iri neft şirkətlərilə müqavilə imzalamaq vacib idi. Bu, Bakıya investisiya cəlb etmək, dünyaya ölkədə xarici biznes üçün bütün şəraitin yaradıldığını nümayiş etdirmək üçün lazım idi. Nəzərə alsaq ki, o zaman ölkənin müstəqilliyini bərpa etməsindən cəmi 3 il keçirdi, Ermənistanla ölkə ərazisinin 20%-nin işğalı ilə nəticələnmiş müharibənin aktiv fazası cəmi bir neçə ay əvvəl dayandırılmışdı, müqavilənin şərtləri o qədər də yaxşı deyildi. İqtisadi böhran, işsizlik, inflyasiya, maliyyə resurslarının çatışmazlığı vəziyyəti daha da ağırlaşdırırdı.

İndi isə vəziyyət kökündən dəyişib və bu, ilk növbədə, «Əsrin müqaviləsi» sayəsində mümkün olub. Müqavilənin imzalandığı vaxtdan ötən 23 ildə Azərbaycana 125 milyard dollar gəlir gəlib. Son onillikdə bu vəsait hesabına Bakıda yalnız binalar yenilənməyib, ölkədə yeni yol infrastrukturu qurulub, məktəblər, müasir tibb ocaqları inşa edilib. Yeni yollar yalnız Bakına deyil, bütün ölkə ərazisində salınıb. Yenilənmiş məktəblər ucqar dağ kəndlərində də məktəbliləri qəbul edir. İndi regionlardan xəstələrin yüksək tibbi xidmət artınca paytaxta gəlməsinə də ehtiyac yoxdur. Neftin ucuz olduğu indiki dövrdə ölkənin qeyri-neft sektorunun inkişafına imkan verən şərait məhz «Əsrin müqaviləsi»nin gətirdiyi gəlirlər hesabına yaradılıb.

Ölkənin valyuta ehtiyatları 40 milyard dolları ötüb. 1994-cü ildə isə bu, demək olar ki, yox idi. İndi SOCAR Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə, Malta, Cənub-Şərqi Asiya, Afrika və dünyanın digər regionlarında biznesini fəal inkişaf etdirən kifayət qədər nəhəng beynəlxalq şirkətə çevrilib. Halbuki «Əsrin müqaviləsi» imzalanan vaxt və onun reallaşdırılmasına başlandığı ilk illərdə şirkətin payna düşən 10%-lik xərcləri belə, ödəməyə imkanı yox idi. O zaman bunu SOCAR-ın əvəzinə onun xarici tərəfdaşları edir, əvəzində neftin bir hissəsini də özlərinə götürürdülər.

«Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı», - deyə Azərbaycan Prezidenti İlham Əliyev «AÇG» üzrə yenilənmiş müqavilənin imzalanması mərasimində bildirib.

«Əsrin müqaviləsi»nin reallaşdırılmasının daha vacib nəticəsi kimi, neft gəlirlərinin insan kapitalına uğurla çevrilməsini göstərmək olar. Neftin fayda ilə yanaşı, kifayət qədər problemlər də gətirə bildiyi heç kəs üçün sirr deyil. Misal üçün, Norveçlə Nigeriyanı müqayisə etmək kifayətdir.

Azərbaycan məhz Norveç modelini seçib və onu uğurla həyata keçirir. Aydındır ki, indiyədək neft gəlirlərinin böyük bir hissəsi iqtisadiyyatın inkişafına, infrastrukturun yenilənməsinə, yeni məktəblərin, xəstəxanaların və digər obyektlərin tikintisinə xərclənib. Məsələn, bu dövrdə 3 mindən artıq yeni məktəb, 600-dən çox xəstəxana, regionlarda 50-dən artıq olimpiya mərkəzi inşa edilib, 11 min kilometrdən artıq yol salınıb, enerji və su təchizatı infrastrukturu yenilənib.

Bundan başqa, ötən dövr ərzində 250 min məcburi köçkün üçün 100 yeni qəsəbə salınıb və çadır şəhərciklərində yaşayan bu insanlar yeni qəsəbələrə köçürülüb. Bütün bu tədbirlər qeyri-neft sektorunun əhəmiyyətli dərəcədə inkişafına şərait yaradıb. Söhbət turizm, kənd təsərrüfatı, sənaye və s. sahələrdən gedir.

«Rəhmətlik Prezident Heydər Əliyev Birləşmiş Krallığın dünya səviyyəli şirkətlərini zəngin təcrübələrini paylaşmaq, Azərbaycanda neft və qaz infrastrukturunu inkişaf etdirməyə kömək göstərmək məqsədilə dəvət etdiyi üçün öz uzaqgörənliyinə görə təqdir olunmalıdır. Ötən iyirmi üç il ərzində buraya milyardlarla dollar sərmayə yatırılmış və üç milyard bareldən çox neft dünya bazarlarına çıxarılmışdır. Beləliklə, “Azəri-Çıraq-Günəşli” yatağı Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verdi. Bu töhfənin sübutunu bu gün paytaxt Bakıda gəzdikdə şəxsən görməyim məndə möhtəşəm hisslər oyadır. Müqavilənin uzadılmasının ölkələrimizə iqtisadi faydalar verəcəyinə görə məmnunluq hissi keçirirəm. Belə əlaqələrin qurulması ilə biz gələcək üçün uzunmüddətli çiçəklənməni və sabitliyi təmin edəcəyik», - deyə britaniyalı nazir Alan Dunkan mərasimdə bildirib.

«AÇG» yatağının gələcək işlənməsi qeyri-neft sektoruna əlavə vəsaitlərin yönəldilməsinə, eyni zamanda gələcək nəsillər üçün ciddi məbləğin toplanmasına imkan verəcək. Qeyd edək ki, yatağın işləndiyi 23 ildə yataqlar blokunun ümumi ehtiyatının yarıdan azı hasil olunub - hasil olunmuş 436 milyon ton neftin 245 milyon tonu Azərbaycanın neft gəlirlərinin payına düşüb. İndiyədək yatağın işlənməsinə 33 milyard dollardan artıq investisiya yatırılıb. Bu vəsait 6 hasilat və 2 texnoloji platformanın inşasına, təxminən, 200 quyunun qazılmasına, dünyanın ən nəhəng terminallarından olan Səngəçal terminalının tikintisinə və s. xərclənib.

Yenilənmiş müqavilə çərçivəsində 2050-ci ilədək daha 500 milyon ton neftin hasil olunması nəzərdə tutulur. BP şirkətinn baş icraçı direktoru Robert Dadlinin sözlərinə görə, qarşıdakı 32 ildə yatağın işlənməsinə daha 40 milyard dollar xərclənəcək. Bu vəsaitin yeni quyuların qazılmasına, mövcud platformanın təmiri və yenilənməsinə xərclənməsi nəzərdə tutulur. Bütün bu tədbirlər neft hasilatının azalmasının önlənməsinə yönəlib. Çünki məhsuldar layların tükənməsi üzündən 2010-cu ildə sutkada 830 min barel təşkil edən hasilat 2017-ci ilin ilk yarısında sutkada 580 min barelə düşüb.

Son illərdə layihənin operatoru kimi çıxış edən BP-nin əsas işi məhz hasilatın azalmasını önləmək, onu münasib həddə saxlamaq olub. Lakin müqavilənin müddəti bitməyə doğru getdiyindən, yeni investisiyaların yatırılması mənasını itirirdi. Yeni müqavilədən göründüyü kimi, bundan sonra yatağa indiyədək xərcləndiyindən daha çox vəsaitin xərclənməsinə ehtiyac var.

İndiki halda isə xarici şirkətlər rahat şəkildə investisiyalarını layihəyə yönəldə bilər. Onlar müqavilənin şərtlərinin XXI əsrin ortalarınadək dəyişməyəcəyinə əmin ola bilərlər.

SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, yeni müqaviləyə əsasən Azərbaycanın gəlir nefti ümumi hasilatın 75%-i həddində sabit olaraq qalacaq. Nəticədə, ilkin hesablamalara görə, ölkə 200 milyard dollaradək gəlir əldə edəcək. Bununla yanaşı, xarici şirkətlər müəyyən şərtlərin yerinə yetiriləcəyi halda Azərbaycana bonus kimi, 3,6 milyard dollar ödəyəcək. Onun 450 milyon dollarlıq ilk tranşı artıq müqavilənin parlament tərəfindən ratifikasiya olunaraq qüvvəyə minməsindən dərhal sonra ayrılacaq. Müqavilədəki daha bir vacib dəyişiklik SOCAR-ın 11,65%-lik payının 25%-dək artırılmasıdır. Bu, müqavilənin digər iştirakçılarının payının azaldılması hesabına mümkün olub. Şirkətin hazırkı durumu müqavilənin maliyyə yükünü çəkməyə tam imkan verir və bu, gələcəkdə də böyük gəlirlərin əldə olunmasına şərait yaradır.

Ötən illərdə yaradılmış infrastruktur platformanın tikintisi və yenilənməsilə bağlı bütün işlərin Azərbaycanda görülməsinə imkan verir. Məsələn, «Şahdəniz» yatağının işlənməsi üzrə 2-ci mərhələ çərçivəsində 2 nəhəng platforma tam olaraq Azərbaycanda tikilib. Halbuki «AÇG» çərçivəsində ilk platformaları Bakıya nəhəng bloklar şəklində gətirmiş və burada yığmışdılar. Bu dövrdə qazanılmış təcrübədən yeni müqavilənin reallaşdırılması zamanı da istifadə olunacaq.

Beləliklə, «AÇG» yatağının işlənməsi üzrə yenilənmiş müqavilə Azərbaycana daha böyük gəlirlər vəd edir. Bununla yanaşı, o, qarışıq 90-cı illərdə Azərbaycana inanmış xarici şirkətlərə də sabit gəlir gətirəcək.



MƏSLƏHƏT GÖR:

472