26 Aprel 2024

Cümə, 23:34

MAOYA BƏRABƏR

XIX qurultay yekdilliklə Si Cinpinin adını Çin Kommunist Partiyası Nizamnaməsinə daxil etməklə, onu böyük lider Mao ilə bir sıraya qoydu

Müəllif:

01.11.2017

Çin Kommunist Partiyasının (ÇKP) Pekində keçirilən XIX qurultayının (18-24 oktyabr) ilk günündə ölkənin smartfon istifadəçilərinin baş katibin çıxışını alqışlama sayı 800 milyonu ötüb. Söhbət qurultaydan canlı yayımın izləyicilərindən yox, «Tencent» şirkətinin hazırladığı «Si Cinpinə əl çal» oyununun iştirakçılarından gedir. Onlar Çinin «dünyaya hökmranlığı»nın 14 prinsipi haqda məruzəni dinləyərkən hər pauza zamanı alqış yarışına girirdilər.

 

Varissiz

Qurultay insanlarda ikili təəssürat yaradıb. Si Cinpinin ikinci dəfə 5 illiyinə rəhbər seçiləcəyini təxmin etmək çətin deyildi. ÇKP MK Siyasi Bürosunun daimi komitəsindəki ciddi yenilənmə (7 nəfərdən 5-i) və onların arasında 5 ildən sonra ölkəyə rəhbərliyin həvalə olunacağı varisin yer almaması isə… Demək, ya Si hələ ki, varisin kim olacağı ilə bağlı qəti qərara gəlməyib, ya da 2022-ci ildən sonra da ölkədə real hakimiyyəti öz əlində saxlamağı düşünür.

1982-ci ildə qəbul olunmuş Konstitusiyaya görə, ÇXR sədri bu postu ard-arda 2 müddətdən artıq (10 il) tuta bilməz. Kommunist Partiyasının Nizamnaməsində isə katiblə bağlı heç bir məhdudiyyətdən söhbət getmir. Si Cinpin, eyni zamanda bir-birilə əlaqəli, sistemi formalaşdıran 2 strukturun da rəhbəridir. Söhbət ÇKP MK Hərbi Şurasından və ÇXR Mərkəzi Hərbi Şurasından (MHŞ) gedir.

O, 2022-ci ildən sonra da bu iki vacib struktura rəhbərliyi əlində saxlayarsa, faktiki olaraq dövlət başçısı kimi qalacaq. Məsələn, heç zaman dövlət başçısı postunu tutmamış Den Syaopin 1970-ci illərin sonlarından 1990-cı ilədək faktiki olaraq, Çinə rəhbərlik edib. O, ÇXR MHŞ rəhbəri vəzifəsindən getdikdən sonra belə, 1997-ci ildə dünyasını dəyişənədək Çinin siyasi həyatına təsir imkanlarını özündə saxlayırdı.

Əgər Den partiyada və xalq arasında inanılmaz nüfuzunu hələ ÇXR-in təşəkkülü dövründə qazanmışdırsa, Si faktiki olaraq bunu indi, ölkəyə rəhbərlik etdiyi illərdə edir. Hər halda, 2012-ci ildə o, hakimiyyətə çoxunun tanımadığı fiqur olaraq, kompromis namizəd qismində gəlmişdi. Bu üzdən də, Sinin ilk 5 ildə həyata keçirmək istədiyi islahatların bir çoxu ölkənin bir sıra regionlarının müqavimətilə üzləşərək, bir müddət «yerində sayırdı».

Si Cinpin ölkəyə rəhbərlik etdiyi ilk beşillikdə fəaliyyətini 3 əsas istiqamətə yönəltmişdi. Birincisi, partiya və dövlət aparatını alt qatlardan zirvəyədək dağıtmaqda olan korrupsiya ilə mübarizə. İkincisi, maraqları Asiya regionunu aşan Çinin Qərb şirkətlərinin məhsullarını yığmaqla məşğul olan ölkədən texnoloji innovasiyaların liderinə çevirmək məqsədi daşıyan iqtisadi islahatlar. Üçüncüsü, hərbi islahatlar. Sinin qurultayda da dediyi kimi, hərbi islahatlar yüzilliyin ortalarına Çin ordusunu dünyanın ən öncül ordularından birinə çevirməlidir.

Çində nəzərdə tutduğun islahatları uğurla həyata keçirmək üçün ölkənin rəhbəri olmaq kifayət etmir. Gərək, eyni zamanda ideoloji lider statusuna da malik olasan. Si də buna uğurla nail olub. Hər halda, XIX qurultay yekdilliklə onun adını partiyanın Nizamnaməsinə daxil edib və bununla da, o, böyük rəhbər Mao Tszedun və Çinin islahatçısı sayılan Den Syaopin ilə bir cərgəyə qoyulub. Çin tarixində bu şərəfə başqa heç kəs nail olmayıb. Den Syaopinin adı da Nizamnaməyə yalnız vəfatından sonra salınıb.

İndi Nizamnamədə «Çin spesifikasına uyğun yeni sosializm erasında Si Cinpinin ideyalarının zənginliyi» haqda danışılır və bu, Sinin daxili opponentlərinin ona qarşı çıxmaq imkanını sıfıra endirir. Çünki bu halda onlar partiyanın xəttinə qarşı çıxmış sayılacaqlar.

«Yeni era» deyərkən, ölkənin inkişafının üçüncü mərhələsinə keçidi nəzərdə tutulur. İlk mərhələ Çinin vətəndaş müharibəsindən sonra Mao Tszedun tərəfindən birləşdirilməsi, ikinci mərhələ isə Den Syaopinin dövründə xalqın rifah halının yüksəlməsidir. Üçüncü mərhələ ölkənin iqtisadi, siyasi və hərbi qüdrətinin artması olacaq və bu, ona gələcəkdə dünya arenasında aparıcı rola yiyələnmək imkanı verəcək.

 

Korrupsiya və fərqli düşüncə ilə mübarizə

ÇKP-nin bundan əvvəlki - XVIII qurultayı ictimaiyyətdə gərginliyin hökm sürdüyü bir vaxtda keçirilmişdi. O zaman insanlar partiya aparatının və məmurların korrupsiyaya qurşanmasından və buna görə cəzalandırılmamasından çox narazı idi.

Mao Tszedunun 10 milyonlarla insanın aclıq və «mədəni inqilab» nəticəsində dünyasını dəyişməsilə nəticələnmiş sosial eksperimentindən sonra Den Syaopin istənilən yolla ölkə iqtisadiyyatını dirçəltməli idi. O zaman partiya, dövlət və bələdiyyə strukturlarına bütün səviyyələrdə geniş səlahiyyətlər, müəyyən qədər müstəqillik verilmişdi. Sözdə rüşvətxorluqla mübarizədən daşılırsa da, bütün korrupsiya hallarına, vəzifədən sui-istifadə hallarına göz yumulurdu.

İctimaiyyətin bu vəziyyətdən narazı olduğuna dair ilk siqnal 1989-cu ildə baş vermiş tələbə etirazı və onun sərt şəkildə yatırılması oldu. Kommunist Partiyası 20 ildən artıq müddətdə özünə sakit həyatı təmin etmişdi. Lakin iqtisadiyyatın ikirəqəmli göstəricilərlə artım dövrü keçir, üstəlik, müasir kommunikasiya vasitələri hökumətin istənilən mənfi əməli haqda dəqiqələr ərzində bütün ictimaiyyətin xəbər tutmasına imkan verirdi. Nəticədə, bu, cəmiyyətdə etirazçı əhvalın yaranmasına səbəb oldu.

Si Cinpinin qarşısına qoyduğu əsas hədəf ictimaiyyətin partiyaya inamını bərpa etmək idi. O, bu işə özündən başladı. Partiya rəhbəri seçilər-seçilməz, yaxın qohumlarından bütün kommersiya fəaliyyətinə son qoymalarını tələb etdi. Sinin nə qədər əzmkar olduğunu nümayiş etdirmək üçün hakimiyyət tezliklə onun bacılarının çalışdığı IT şirkətini bağladı.

«Pələngi də vur, milçəyi də» şüarı ilə antikorrupsiya kampaniyasına başlayan Si heç kəsə rəhm etməyəcəkdi - nə Siyasi Büro üzvünə, nə partiyanın adi rayon şöbəsinin nümayəndəsinə. Nəticədə, 5 il ərzində 1,2 milyondan artıq cinayət işi açıldı. Məhkəmə hökmləri arasında güllələnməyə də, ömürlük həbsə də rast gəlinirdi.

Amma ölkə liderini narahat edən yalnız korrupsiya deyildi. O, sabitliyə təhlükə yaradan amillər sırasında cəmiyyətin həddindən artıq «sərbəstliyini» də görürdü. Lider hesab edirdi ki, nəzarətin zəifləməsi, Qərb həyat tərzinin insanlara həddindən artıq təsiri Kommunist Partiyasının liderliyi itirməsilə nəticələnə bilər.

Çinin 30 şəhərində pilot layihə həyata keçirilir. Layihəyə əsasən, həyat səviyyəsi və şəraiti nümunəvi davranış sayəsində toplanılan baldan asılı idi. Yaxud, əksinə, mənfi davranışa görə insanların balı azalırdı. Vətəndaş haqqında bələdiyyə, kommersiya, hüquq-mühafizə və məhkəmə orqanlarından gələn informasiya big data texnologiyasının köməyilə təhlil olunur. Yüksək bala malik sakinlər bir çox güzəştlər əldə edir, əksinə, «özünü pis aparanlar» isə iş yerini və müvafiq olaraq, yaşayış şəraitini itirir. Xəbərçiliyə görə də bal verilir.

Eksperiment uğurlu alınarsa, o, bütün ölkə ərazisində tətbiq ediləcək. Hələliksə insanlara başqa vasitələrlə, məsələn, bütün dünyadan təcrid olunmuş internetlə («Qızıl qalxan» layihəsi) nəzarət olunur. Bəzi hallarda bu məhdudiyyəti VPN-in köməyilə aşmaq olur. Lakin hökumət bunun da qarşısını almaq üçün texniki yollar axtarır. «Qızıl qalxan»ın tələblərinə əməl etməyən Qərb şirkətlərinin bazara girişi yasaqlanır. Məsələn, «Google» belə «qurban»lardan biridir. «Apple» isə Çin üçün nəzərdə tutulan «App store»dan bütün VPN əlavələrini silməklə, bu bazarda mövcudluğunu qoruya bilib.

İnternetin təcridinə nail olduqdan sonra ona nəzarət çətin deyil. Bu sərt qaydaları pozanları dərhal həbs və uzun müddətə azadlıqdan məhrumetmə gözləyir. KİV-dən tutmuş, kitab mağazalarına, kino və teatrlaradək hər kəsə senzura tətbiq edilir.

 

Artan qüdrət

Yüksək templərlə iqtisadi inkişafın dəstəklənməsi üçün daxili resursların tükəndiyini anlayan Çin rəhbərliyi son illərdə yeni inkişaf modellərinin axtarışındadır. «Bir kəmər - bir yol» təşəbbüsü və Asiya İnfrastruktur İnvestisiyaları Bakı kimi qlobal layihələr də buna hesablanıb. Si Cinpin qurultaydakı çıxışında ölkəsinin dünya iqtisadiyyatına inteqrasiya kursuna sadiq olduğunu bildirib. Onun sözlərinə görə, yaxın 5 ildə xarici investorların Çin bazarına daxil olmasının asanlaşdırılması üçün tədbirlər görüləcək. Cinpin Çində qeydiyyatdan keçmiş bütün xarici şirkətlərə «ədalətli və qərəzsiz» yanaşılacağını da söyləyib.

Bununla yanaşı, belə təəssürat yaranır ki, Pekində qloballaşma dedikdə, yalnız Çinin bütün qitələrdə sənaye aktivlərinin aqressivcəsinə ələ keçirilməsini nəzərdə tutan xarici iqtisadi ekspansiyası başa düşülür. Məsələn, 2016-cı ildə Çin Avropaya birbaşa investisiyalarını 90% artırıb. Üstəlik, o, əsasən informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan şirkətləri alır. Artıq Avropa İttifaqı Avropanın texnologiya şirkətlərinin xaricilərdən (ilk növbədə, Çin nəzərdə tutulur) qorunması üçün qanunun hazırlana biləcəyini bəyan edib.

Bundan Vaşinqtonda da narahatdırlar. Çinlə əməkdaşlıq ABŞ ÜDM-nin cəmi bir neçə faizini təşkil edir. Lakin hazırda Xarici İnvestisiyalar üzrə Komitənin (CFIUS) nəzərdən keçirdiyi işlərin, təxminən, dörddə biri Çin şirkətlərilə olan müqavilələrdir.

Afrika qitəsində isə Çin investisiyaların həcminə görə ABŞ ilə Avropanı çoxdan geridə qoyub. Cənubi Amerika və Avstraliyada da onun aktivləri artmaqdadır. «Bir kəmər - bir yol» təşəbbüsü isə Çinin Asiya, Afrika və Avropanın 65 ölkəsilə möhkəm iqtisadi əlaqələr qurmasına imkan verəcək.

Çində iqtisadi inkişaf tempi nəzərəçarpacaq dərəcədə azalsa da, o, hələ də dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olaraq qalır. 2017-ci ilin 3 rübü ərzində ölkə iqtisadiyyatı 6,9% inkişaf edib. Halbuki proqnozlarda illik artım 6,5% göstərilir. Nominal ÜDM-ə görə isə Çin dünyanın ikinci nəhəng iqtisadiyyatıdır. O, bu göstəricidə yalnız ABŞ-dan geri qalır - 18,6 trilyon dollara qarşı 11,2 trilyon dollar.

ÇKP-nin oktyabrın 24-də başa çatmış XIX qurultayında bəyan edilib ki, partiyanın 100 illiyinin qeyd olunacağı 2021-ci ildə Çin «mülayim çiçəklənən» dövlətə çevrilməlidir. Kommunist Partiyasının hakimiyyətə gəlişinin 100-cü ildönümündə - 2049-cu ildə isə KXR «inkişaf etmiş, zəngin və qüdrətli dövlət olacaq».



MƏSLƏHƏT GÖR:

367