26 Aprel 2024

Cümə, 23:30

PARTİTURA OKEANINDA

Maestro Rauf ABDULLAYEV: «İfa etmədiklərim həddindən çoxdur. Musiqi məni gözləyir. Bundan ayrı heç nə istəmirəm»

Müəllif:

15.11.2017

Onu əfsanə adam, lider, yaradıcı dirijor, göylərin oğlu adlandırırlar. O, 80 yaşına çatıb, amma gənc və enerjilidir, tam gücü ilə çalışır. Almaniya, İsveçrə, Misir, Türkiyə, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları ... Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Dmitri Şostakoviç, İohann Sebastyan Bax, Bencamin Britten, Samuel Barber.  

Onun ifasını ən həssas auditoriyalarda - London Kral zalında, Vaşinqtonun səhnələrində dinləyiblər. 50 il ərzində 300-dən çox premyera və nadir ifa edilən əsərin təqdimatı gerçəkləşdirilib. Bunlar, ilk növbədə, Azərbaycan müəlliflərinin əsərləri və dünya musiqi nümunələri olub.  

İş yoldaşları daima qeyd edirlər ki, qastrollar zamanı belə o, böyük ruh adamı olaraq qalır. O, bütün orkestri yerləşdirmədən heç vaxt özü mehmanxanaya yerləşməz, bütün rahatlıqlardan imtina edə bilər, daima kimin nə yeməsi barədə narahat olar. Bəlkə də, bu, uğurun bir hissəsidir.  

Heyrətamiz cazibəsi olan bu adamı orkestrantlar, xor üzvləri, müğənnilər və instrumentalist-solistlər çox sevirlər. Onun orkestrinin öz sifəti, "öz səsi" var. Həzin parçaların ifası zamanı o, sanki zamanı itirir. Maestro barədə isveçrəli skripkaçı Patrisiya Kopaçinskaya, görün, nə deyir: "O, pultun arxasında qüsursuz və dəqiq jestlərə malik iradəli bir tərəf-müqabili, ünsiyyətdə isə heyrətamiz mülayim, ziyalı bir insandır."

Aleksandr İvaşkin (violonçelçi, dirijor, musiqişünas - Böyük Britaniya, Rusiya): "Maestro onu ilk baxışdan anlayan gözəl həmfikirlər kollektivi yetişdirib. Onun qeyri-adi plastikalı və ifadəli əlləri isə ayrıca söhbətin mövzusudur. Bu məsələdə maestro, həqiqətən də, nadir insandır."

Tatyana Reksrot, Almaniyadan olan musiqişünas: "Rauf Abdullayev kimi dirijorla, təkcə Azərbaycan yox, həm də bütün dünya musiqi mədəniyyəti fəxr edə bilər."

2002-ci ildə Avstriya bəstəkarının Azərbaycan nağılının süjeti əsasında yazdığı "Leylanın yuxusu" adlı operası Vyana səhnəsində nümayiş olunub. Maestro Rauf Abdullayevin dirijorluğu altında bütün dörd premyera anşlaqla keçib.

Hələ 1972-ci ildə sovet və Amerika pianoçusu və musiqi müəllimi, Şopenin musiqisinin ən yaxşı interpretatorlarından biri Bella Davidoviç xaricə getməzdən öncə doğma şəhəri Bakıda konsert verir. Niyazi "vətən xaini" ilə birlikdə çıxış etməkdən qəti imtina edir, çünki Bella Sovet İttifaqını tərk edirdi. Onda pultun arxasına Rauf Abdullayev keçir və iki bakılı musiqiçinin yaradıcılıq dostluğu bu günə qədər davam edir.

Başqa bir diqqətəlayiq hal. Yurlov adına Xor Kapellası Bakıya gəlməli və Motsartın "Rekviyem"ini ifa etməli idi. Şəhərdə həyəcan vardı, çünki "Rekviyem"i burada, bəlkə də, 20 il idi ki, ifa etmirdilər. Niyazi xəstələnir və dirijorluq etməyə adam tapılmır. Rauf Abdullayevin Moskvada yaşayan dirijor böyük qardaşı Kamaldan xahiş edirlər ki, Bakıya gəlsin. O isə Azərbaycana qardaşına zəng edir və bunun özünü göstərmək üçün böyük bir fürsət olduğunu deyir. Maestro partitura ilə tanış olmadığı üçün imtina etmək istəsə də, böyük qardaşının danlağına tuş gəlir.  

Cəmi iki gün ərzində Rauf Abdullayev bu çətin partituranı öyrənir və konserti parlaq şəkildə idarə edir. Orkestrə çıxmazdan öncə partitura üzərində işləmək - onun bütün həyatı bundan ibarətdir.

Azərbaycanın xalq artisti, Dövlət və Prezident mükafatları laureatı, Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Rauf Abdullayev «R+»un suallarına cavab verməyə həvəslə razı oldu.  

- Necə oldu ki, dirijorluğu seçdiniz?

- Mənim böyük qardaşım dirijordur, Moskvada bu peşəni öyrənib və uzun illər orada işləyib.

- Necə oldu ki, siz üç qardaş - Kamal, Azər və siz, üçünüz də musiqiçi oldunuz?

- Böyük qardaşım Kamal 1950-ci ildən 1962-ci ilə kimi Bakıda Opera Teatrının baş dirijoru olub. Sonra Moskvada Stanislavski və Nemirovski-Dançenko adına musiqili teatrların baş dirijoru işləyib. Bir professor kimi uzun illər Qnesin adına Rusiya Musiqi Akademiyasında simfonik dirijorluq sinfində dərs keçib.  

Ortancıl qardaşım Azər əla qaboyçalandır, Moskva Konservatoriyasını və aspiranturanı fərqlənmə diplomu ilə bitirib. Demək olar ki, 35 il Bakı Konservatoriyasında nəfəs və zərb alətləri kafedrasına rəhbərlik edib. Bəlkə də, Sovet İttifaqında ilk dəfə olaraq "Qaboy ifasının nəzəriyyəsi və təcrübəsi" vəsaitini yazıb.  

Mənim babam Şuşadandır. O, musiqini bütün qəlbi ilə sevən və himayə edən böyük bir tacir olub. Bizim evə Cabbar Qaryağdı, Seyid Şuşinski, Qurban Pirimov kimi məşhurlar gələrdi. Əvəzsiz tarzən Sadıqcan da bizim qohumdur. Babam gənc Bülbülün oxumasına heyran imiş, hələ yeniyetmə oğlan olanda onu toya dəvət edirmiş və bu toylardan birində ona qızıl-zinət əşyaları ilə bəzədilmiş kəmər bağışlayıb. Mən bu barədə Polada danışmışam, o, bu faktı təsdiqləyib. Anam musiqisevərdi, bizi bütün konsertlərə və tamaşalara aparardı.  

Konservatoriyanı mən Bakıda professor Fəridə Quliyevanın sinfində fortepiano üzrə fərqlənmə diplomu ilə vaxtından erkən bitirmişəm, lakin düşünürdüm ki, royal mənim üçün dar meydandır. Leninqrad dirijorluq məktəbi həmişə yüksək səviyyəsi ilə tanınıb və mən təhsilimi orada davam etdirməyə qərar verdim. Mən Nikolay Rabinoviçin sinfində oxumuşam və o, həmişə deyirdi: Kolya dirijorluq öyrətmədi, Kolya musiqi öyrətdi.

- Sizin həyatınızda, məsələn, Qara Qarayev ilə gözəl tanışlığınız olub. Onun sizə son məktubu məlumdur. "Pultun arxasında Raufdursa, mən musiqi barədə narahat olmuram" deyib. Siz onun musiqisinin ən yaxşı yozumçusu hesab olunursuz...

- Həmin məktub "Həyat mübarizədir" adlanır. Mən gənc yaşlarımdan onun dəstəyini hiss etmişəm. Həyatımdakı tanışlardan danışsaq, mənim Cövdət Hacıyevlə də yaxşı münasibətlərim olub, onun Beşinci simfoniyasının ilk ifaçısıyam. Soltan Hacıbəyovla da dost olmuşam.

- Gününüzü necə bölürsünüz?

- Gündə 5 saat yatıram, buna baxmayaraq, almanlar hesab edir ki, 60 yaşdan sonra gündüz vaxtı ən az yarım saat mürgüləmək çox yaxşıdır. Saat 7-də oyanıram, yüngül gimnastika ilə məşğul oluram və yüngül səhər yeməyi yeyirəm, mütləq həmin gün məşq edəcəyim partituraya baxıram, sonra işə gedirəm. 10-dan 2-yə qədər məşqdə oluram. Hamıdan tez gəlirəm, konsertə də, məşqə də. Mən, axı, baş dirijoram, bəzi istehsal məsələlərini həll etməyə məcburam.

- Sizdə anadangəlmə xüsusi müşayiət hissi var.

- Bu, elə də asan deyil - bəzən, iki məşqdən sonra konsert veririk, bəzən də bir məşqdən sonra. Solistlərin hamısı fərqlidirlər - eyni konserti hərəsi bir cür ifa edir. Başqasının ifa tərzinə uyğunlaşmaq - bu, xüsusi həssaslıq tələb edir. Mən "müşayiət etmək" sözlərini sevmirəm, «musiqini canlandırmaq» ifadəsi daha xoş gəlir.

 Simfonik orkestr instrumental musiqidə dinləyici kütləsinə təsir göstərmək üçün ən güclü vasitədir. Sovet dövründə biz respublika üzrə çox səyahət etmişik: rayonlarda və şəhərlərdə - Gəncə, Lənkəranda - klassik musiqi ifa etmişik. Bizi oralarda ayrı cür qəbul edirdilər. Bunu da etmək lazımdır. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov - bunlar bizim nəsillərdən-nəsillərə ötürülən irsi kapitalımızdır.

- Xəstə uşaqlara kömək məqsədi ilə konsertlər verərkən xeyriyyəçilik sizin fəaliyyətinizin əsas tərəflərindən birinə çevrilir.

- Təəssüf ki, bu, istədiyimiz kimi tez-tez baş vermir. Dirijorluq bir missiyadır. Mən xeyriyyə konsertlərini sistemli şəkildə verməyə hazıram.

- Rostropoviçin dediyi kimi: "Dirijor, sadəcə, bir insan olmağa borcludur".

- Tədbirlər və ya musiqi haqqında gözəl söhbətləri xoşlamıram - bütün bunlar mənim üçün yaddır. Mən konsertdə açılıram, sonra özümə qapanıram. Avstriyalı bəstəkar, dirijor Qustav Maler, məsələn, konsertdən sonra Reyn sahilinə qaçırdı, uzun müddət tək dayanardı, suya baxardı, düşünərdi, insanlardan qaçardı ...

- İlk dəfə pult arxasına nə vaxt keçmisiniz?

- 1965-ci ildə, bu, "Traviata" olub, sonra «Şopeniana» ilə "Paxita". Harada oldumsa, operadan ayrılmadım.

- Ankara Opera və Balet Teatrında çalışan zaman siz iki dəfə Türkiyədə "İlin ən yaxşı dirijoru" adına layiq görülmüsünüz - "Kameliyalı qadın" və "Üç muşketyor" baletlərinin Türkiyədə ilk tamaşasına görə. Sizi həm də Üzeyir bəyin ən yaxşı yozumçularından biri sayırlar. Sizə harada işləmək daha maraqlıdır? Filarmoniyada, yoxsa teatr səhnəsində?

- Mənim üçün opera hər şeydir! Opera dirijoru ən yüksək kateqoriyadır. Məsələn, Cüzeppe Verdinin operasını ortaya çıxarmaq üçün dirijordan maksimum əmək tələb olunur. O, xüsusi bir temperamentə malik olmalı və önəmli fərd olmalıdır.

 O, həm də operanın bütün personajlarının həyatını yaşayan bir artistdir. Operanı idarə etmək təsvirolunmaz bir hissdir!  

Dirijor həm yuxarıda, həm də aşağıda böyük bir insan kütləsinə rəhbərlik edən aparıcı şəxsdir. Hər şey ondan asılıdır! Hər şeyi müğənnilərlə, xorla, orkestr ilə ayrı-ayrı məşq edib sonra bütün bunları birləşdirməlidir. Nəticədə, yaxşı bir səviyyəyə çatırsansa, bu, elə xoşbəxtlikdir. Mən Türkiyədə Vaqnerin "Loenqrin"inə dirijorluq edən zaman oxşar bir hal yaşadım. Bütün bu mexanizmə hakim olmanın həzzi insanı qanadlandırır.  

- Azərbaycan və Ankara opera və balet teatrlarında 20 illik iş ərzində siz müxtəlif dövr, cərəyan və milli məktəblərin bəstəkarlarının 30 operasını və 20 baletini tamaşaya qoymusunuz. Deyirlər ki, siz ifa etməyə qərar verdiyiniz musiqini heç vaxt müəlliflə müzakirə etmirsiniz.

- Əgər bəstəkar həyatda deyilsə, onda mən onun musiqisinin məşhur ənənələrinə istiqamətlənirəm. Əgər bəstəkar sağdırsa, mən onunla sıx əlaqə qururam. Biz partituraya birlikdə baxırıq, o öz istəklərini, baxışını bildirir, mənim suallarım olur.  

Mənim üçün əsas məsələ müəllifin yazdıqlarını yerinə yetirməkdir. Bütün böyük dirijorlar bu prinsipi izləyiblər. Başda çox sayda musiqini saxlamaq çətindir, partitura bunun üçün icad edilib. Bildiyiniz kimi, Vaqner və Berlioz partitura olmadan dirijorluq edirdi. Hans fon Bülov isə düşünürdü: "Partituranın başda olması başın partiturada olmasından yaxşıdır". Bəzən, partitura mane olur - orkestr rəhbərinin sənətçilər ilə vizual və psixoloji baxımdan fəal təması lazımdır.  

- İlk dəfə filarmoniya səhnəsinə nə zaman çıxmısınız?

- Bu konsert 1966-cı ildə olub. Haydnın "Oksford" simfoniyası və Şostakoviçin 10-cu simfoniyası ifa olunurdu. Müvəffəqiyyətli oldu. Qara Qarayevin yazdığı avanqard skripka konsertini çox çətinliklər və problemlər izlədi, Bakıda Moskva premyerasından düz 17 il sonra ifa edildi. Solist kimi mən Azərbaycan Konservatoriyasının tələbəsi Boqdanovskini seçdim, skripka partiyasını parlaq ifa etdi. Opera və Balet Teatrının mənim tələbələrimlə - Konservatoriyanın Kamera Orkestrinin gənc musiqiçiləri ilə zənginləşmiş Simfonik Orkestri gözəl ifa etdilər. Amma bu, Qara Qarayevin ölümündən sonra oldu, «Qoyya» simfoniyası kimi, onu da müəllif mənə həsr etmişdi və premyerası Moskvada olmuşdu.  

- Sizin uşaqlar atalarının yolu ilə getməyiblər...

 - Yeddinci sinfə qədər musiqi məktəbində oxudular, vəssalam. Bu baxımdan, mən demokratik adamam, məcbur etmədim. Lakin olur ki, istedad sonradan açılır, tarixdə belə hallar çox olub. Oğlum hələ də məni qınayır, təəssüf edir ki, dirijorluğu seçməyib.

- Şagirdləriniz, davamçılarınız varmı?

- Onlardan ikisi - tarzən Ramiz Quliyevin oğlu Əyyub ilə Sankt-Peterburqda təhsil almağa gedənə qədər məşğul olmuşam, Şuşadan məcburi köçkün düşmüş Fuad İbrahimov isə bizim orkestrdə alt çalırdı, sonra bizim tövsiyəmizlə Almaniyada təhsil aldı.

- Gələcəkdə nələri etməyi düşünürsünüz?  

- Bilmirəm. Mən, təkcə indiyə qədər yazılmış musiqiləri deyil, yeni yazılmışları da ifa etmək istəyirəm. Xahiş edirəm, qoy, yanıma gəlsinlər. Əgər dünya musiqisindən danışsaq - partitura okeanı məni gözləyir! İfa etmədiklərim həddindən çoxdur. Musiqi məni gözləyir. Bundan ayrı heç nə istəmirəm.  

- Necə istirahət etməyi xoşlayırsınız?

- Televiziyada idman proqramlarını izləyərək. Futbolu saymasaq, xüsusilə stolüstü tennisi sevirəm, mən tennis üzrə idman ustalığına namizədəm, şahmat mənim həyatımın bir hissəsidir. Mən voleybol da, basketbol da oynayıram. Konservatoriya mənim dövrümdə çox atletik idi. Musiqi ədəbiyyatını da çox oxuyuram. Xüsusilə əsərlərinə dirijorluq edəcəyim müəlliflər, dövrləri və üslubları barədə. Axı, özünətəhsil yaxşı bir şeydir!

- Rauf müəllim, redaksiya heyəti sizi yubileyiniz və layiq olduğunuz "İstiqlal" ordeni münasibəti ilə təbrik edir. Sizə cansağlığı və yaradıcılıq uğurları diləyirik.

"…Biz hamımız onun (Rauf Abdullayevin - müəllif) Azərbaycanda simfonik musiqinin inkişafındakı xidmətlərini bilirik, o çox işlər görüb və bu gün çox işlər görməkdədir, düşünürəm, gələcəkdə də hələ çox işlər görəcək " - görkəmli dövlət xadimi və musiqi incəsənətinin böyük bilicisi Heydər Əliyevin bu sözləri Azərbaycan dirijorunun fəaliyyətinə verilmiş yüksək qiymətdir.



MƏSLƏHƏT GÖR:

450