26 Aprel 2024

Cümə, 21:01

TƏHLÜKƏSİZ QİDA

Qida Təhlükəsizliyi Agentiliyi daxili bazarı yararsız məhsullardan qoruyacaq və aqrar ixracın həcmlərini artırmağa yardımçı olacaq

Müəllif:

01.12.2017

Ötən on beş il ərzində Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində çox səylər göstərilib. Nəticədə, ölkə aqrar idxalın əvəz edilməsi üzrə regionda ən yaxşı göstəriciyə nail olub və son bir neçə il kənd təsərrüfatı ixracatının çeşid və coğrafiyasını genişləndirmək üçün böyük səylər sərf edir. Bununla yanaşı, məhsulların keyfiyyətini və təhlükəsizliyini yaxşılaşdırmadan və xarici bazarlara yerləşmədən yerli aqrar-sənayenin gələcək inkişafı mümkün deyil. Bu məqsədlər üçün ölkədə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, onun əsasnaməsi və strukturu Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu fərmanı ilə təsdiqlənib.

 

Keyfiyyət üçün kəmiyyət

Aqrar sənaye kompleksi hətta enerji böhranı üzündən milli iqtisadiyyatın bir sıra sektorlarında istehsalın azalması şəraitində belə sabit müsbət inkişaf dinamikasını saxlayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 4% artıb, o cümlədən heyvandarlıq sahəsində artım 2,8%, bitkiçilik sahəsində 5,3% təşkil edib.

Eyni zamanda post-neft dövrünün reallıqları yerli aqrar sənayenin inkişafına keyfiyyət dəyişiklikləri gətirdi: daxili bazarın kiçikliyi səbəbindən bu gün kənd təsərrüfatı istehsalının inkişafı bu sahədə ixrac imkanlarının artırılmasından asılıdır.

Bu istiqamətdə Azərbaycan müəyyən uğurlara da nail olub: son illərdə əsasən MDB bazarlarına, xüsusilə də Rusiyaya təzə və emal edilmiş meyvə və tərəvəz məhsullarının ixracı artıb. Yerli şərab müəssisələri, şirə və konservləşdirilmiş meyvə-tərəvəz, fındıq, qoyun əti istehsalçıları inamla Çində, Yaxın Şərq dövlətlərində, Avropada, Amerika Birləşmiş Ştatlarında və s.-də yeni bazarlara yerləşirlər.

Ənənəvi texniki bitkilərin - yüksək ixrac potensialı olan pambıq, ipək və tütünün istehsalını canlandırmaq üçün tədbirlər görülür. Belə ki, 2016-cı ilin yekunlarına əsasən, Azərbaycan ümumi dəyəri 426,1 milyon dollar olan kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 21 faiz çoxdur. Bu müsbət meyli bu il də davam etdirmək mümkün olub.

"Bu ilin ilk 9 ayı ərzində Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından 396 milyon $ əldə edib, ilin sonuna qədər biz bu göstəricinin 550 milyon $-a qədər artacağını gözləyirik", - deyə kənd təsərrüfatı naziri Heydər Əsədov bu yaxınlarda bildirib. Bununla, biz 2017-ci ilin sonunadək aqrar ixracın ən azı 20% artacağına inanırıq.

Lakin bu, əlbəttə, müsbət meyilləri nəzərə alaraq, etiraf etməliyik ki, kənd təsərrüfatı məhsullarının idxalı əvəzləməsinin və ixracının hazırkı templəri mövcud potensialdan çox aşağıdır. Bu, bir sıra problemlərlə bağlıdır, amma ilk növbədə keyfiyyətlə və beynəlxalq standartlara uyğunluq problemi ilə əlaqəlidir.

İl yarım əvvəl BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) apardığı araşdırma təsdiq etdi ki, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sistemini beynəlxalq tələblərə uyğunlaşdırmağa ehtiyac var. FAO-nun məlumatına görə, Azərbaycanın regionlarında hələ kənd təsərrüfatı məhsullarının yığım, çeşidləmə, qablaşdırma, markalaşdırma xidmətləri zəif inkişaf edib. İstehsal sahəsində keyfiyyət parametrlərinin yerinə yetirilməsində və məhsulların bir hissəsinin beynəlxalq standartlara uyğun olmasında ciddi problemlər var ki, bu da ixrac imkanlarını əhəmiyyətli səviyyədə kiçildir.

Ancaq kənd təsərrüfatı məhsullarının istehsalında keyfiyyət standartlarının yerinə yetirilməsi məsələsi təkcə ixracın genişləndirilməsi üçün vacib olmaqla qalmır. Bu, daxili ərzaq bazarının təhlükəsizliyi baxımından da çox vacibdir. Bəzi ekspertlərin fikrincə, bu sahədə Azərbaycanın vəziyyəti elə də qüsursuz deyil.

Burada qeyd etmək lazımdır ki, Azərbaycanda ərzaq bazarının təhlükəsizliyi sahəsində müşahidə olunan problemlər ümumi qlobal problemin bir hissəsidir. FAO və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərin fikrinə görə, bütün dünyada, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinin pisləşməsi dayanıqlı bir meylə çevrilib və bu, insanlıq üçün əhəmiyyətli risklərə gətirir. Buna görə də, bütün ölkələrdə ərzaq təhlükəsizliyini aşağıdakı sahələrdə təmin etmək üçün tədbirlər görülür: milli genetik ehtiyatların - heyvan cinslərinin və bitki sortlarının mühafizəsi, insan sağlamlığına zərər vura biləcək zərərli maddələr miqdarı normaların sərtləşdirilməsi və buna nəzarətin möhkəmləndirilməsi, eləcə də ekoloji kənd təsərrüfatının inkişafı.

 

Ərzaq bazarında intizam...

Kənd təsərrüfatı məhsullarının istehsalı və bütövlükdə ölkənin ərzaq bazarı üzərində nəzarəti gücləndirmək üçün bu ilin fevralında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması qərara alınıb. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev bu təşkilatın fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb, öz fəaliyyətini 2018-ci il yanvarın 1-dən başlayacaq qurumun əsasnaməsini və strukturunu təsdiqləyib. O cümlədən yeni təşkilatın strukturu mərkəzi aparatdan (75) və regional ofislərdən ibarət olacaq, agentliyin tabeliyində həm də publik hüquqi şəxs "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" yaradılacaq.  İnstitutun vəzifələri sırasına ərzaq təhlükəsizliyi üzrə elmi-praktik tədqiqatların həyata keçirilməsi, elmi prinsiplər əsasında risklərin qiymətləndirilməsinin gerçəkləşdirilməsi, ərzaq təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların layihələrinin hazırlanması və ərzaq təhlükəsizliyi göstəricilərinin öyrənilməsi üzrə xidmətlərin göstərilməsi daxildir. Ümumiyyətlə, təşkilatın və onun bölmələrinin fəaliyyətinin əhatə dairəsinə istehlak bazarına nəzarət funksiyaları ilə yanaşı, müəssisələrdə sanitar-epidemioloji normalara riayət edilməsi, kənd təsərrüfatı xammalı və son məhsul istehsalına nəzarət, idxal olunan ərzaqların keyfiyyətinin və təhlükəsizliyinin yoxlanması kimi məsələlərə geniş diqqət daxildir.  Yeni agentlik qida təhlükəsizliyinin təmin edilməsi sahəsində hansı xüsusi məsələləri həll edəcək və bu fəaliyyət yerli aqrar sənayenin inkişafına və onun ixrac imkanlarının artmasına necə təsir edəcək? "Azərbaycan Qida Təhlükəsizliyi Agentiliyi yaradılması məhsulun keyfiyyətinə nəzarəti gücləndirəcək, - deyə Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov bildirir. - Əhalinin sağlamlığı və təhlükəsizliyi məsələsi bu gün aktuallığına görə birinci yerdədir. Ölkədə tez-tez, xüsusilə də gübrələrdə istifadə olunan nitratların çoxluğu üzündən meyvə və tərəvəz zəhərlənmələri baş verir. Həm də qablaşdırma materialları ilə bağlı bir sıra problemlər var ki, bu, bizim məhsulların ixracında yetərincə aktualdır".   

R. Orucovun sözlərinə görə, agentliyin yaradılması ərzaq təhlükəsizliyi üzərində mərkəzləşmiş nəzarət təşkil etməyə imkan verəcək, çünki bu struktur ölkəyə idxal olunan və ölkədə istehsal olunan məhsullar üzərində məsuliyyət daşıyacaq. Bu gün ərzaq təhlükəsizliyi funksiyalarının təmin edilməsi Azərbaycanın bir sıra dövlət qurumları arasında paylanır. Onların öz nəzarət orqanları və laboratoriyaları var - bunlar həm İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərində, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsində, Dövlət Gömrük Komitəsində və s. qurumlarda var.

"Müqayisə üçün, qonşu Türkiyədə ərzaq təhlükəsizliyi ilə bağlı funksional fəaliyyət bir orqan - Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi tərəfindən həyata keçirilir. Böyük ehtimalla, Azərbaycanın müxtəlif dövlət qurumlarında olan laboratoriyalar agentliyin tabeliyinə veriləcək, yeni laboratoriyaların yaradılması da mümkündür" , - deyə keçmiş nazir vurğulayıb. O, qeyd edib ki, bu gün agentliyin fəaliyyəti üçün bütün lazımi qanunvericilik bazası yaradılıb. Lakin ərzaq təhlükəsizliyinin mərkəzləşdirilmiş bir sisteminin formalaşdırılması prosesi olduqca mürəkkəbdir, bu, mərhələlərlə həyata keçiriləcək və müəyyən vaxt aparacaq.

 

... və keyfiyyətin monitorinqi

Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, ölkənin ərzaq bazarında nizam-intizam yaratmağın vaxtı çoxdan çatıb və Qida Təhlükəsizliyi Agentliyinin yaradılması bu problemlərin həllində əvəzolunmaz rol oynayacaq. Millət vəkili qeyd edib ki, Azərbaycan bu yaxınlarda sahibkarların yoxlanılmasına moratoriumu 2021-ci ilə qədər uzatdı, lakin bir bənd əlavə edildi ki, bu dövrdə yoxlamalar yalnız Vergilər Nazirliyi tərəfindən həyata keçirilməklə qalmayacaq. "Bizə ərzaq məhsullarının keyfiyyəti ilə bağlı çox şikayətlər daxil olur, bu, çox aşağıdır, istehsalında istifadə edilməsi qadağan olunan müxtəlif əlavələr istifadə olunur. Müvafiq olaraq, bu istiqamətdə yoxlamalara imkan verilməsi barədə qərar qəbul edilib",- deyə Vahid Əhmədov bildirib.

Deputat düşünür ki, yeni struktur ölkədə fəaliyyət göstərən nazirlik və idarələrin funksiyalarını təkrarlamayacaq və sahibkarlar üçün yoxlamaların artırılmasına səbəb olmayacaq. Onun sözlərinə görə, agentlik qidanın keyfiyyətinə monitorinq hüququ əldə edəcək ki, digər xidmətlər keçmişdə bu hüquqa malik deyildi.

Agentliyin monitorinqi həyata keçirmək üçün hansı xüsusi sahədən başlayacağını hələ güman etmək çətindir, lakin istisna deyil ki, prioritet istiqamətlər arasına spirtli içkilər bazarı da daxil ediləcək. Bəzi ekspertlər hesab edirlər ki, burada vəziyyət sadə deyil, xüsusilə də Azərbaycan Hotel və Restoranlar Assosiasiyasının mütəxəssisləri monitorinqlərin nəticələrinə əsasən qeyd edirlər ki, alkoqollu içkilərin və tütün məhsullarının idxalına və satışına lisenziyaların ləğvi ölkədə bu biznes seqmentinin inkişafını stimullaşdırıb.

Lakin lisenziyaların ləğvinin və bu seqmentə nəzarət zəifləməsinin yan təsiri kimi Azərbaycana saxta məhsulların idxalı və ölkədə müxtəlif saxta surroqatların istehsalı artıb. Assosiasiyanın məlumatına görə, problemin miqyasını saxta məhsulların kustar yolla doldurulması üçün dünya şöhrətli alkoqol brendlərinin istifadə etdiyi şüşə qabların kütləvi şəkildə alınması göstərir, həmin saxta məhsul barlar və restoranlar vasitəsilə satılır. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 600 min saxta aksiz markasının ortaya çıxarılması da bunun sübutudur.

Alkoqollu məhsullarının dövriyyəsi ilə bağlı prosesləri qaydaya salmağın və keyfiyyətə nəzarəti gücləndirməyin əsas yollarından biri dünyanın bir sıra ölkələrində mövcud olan vahid dövlət avtomatlaşdırılmış məlumat sisteminin yaradılması ola bilər. "Bu mənada, biz ümid edə bilərik ki, Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının, o cümlədən spirtli içkilərin keyfiyyətinə nəzarətin gücləndirilməsi ilə istehlakçıların hüquqlarının qorunması məsələsində əvəzsiz rol oynayacaq", - deyə Assosiasiyadan vurğulayırlar.

Eyni zamanda daxili bazarın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, agentliyin fəaliyyəti ölkə ərzaq sənayesinin ixrac imkanlarının genişləndirilməsinə əvəzsiz yardım edəcək.

"Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ərzaq təhlükəsizliyinə, ölkədə istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına, bu sahəyə sistemli yanaşmanın saxlanılmasına imkan verəcək. İxrac olunan məhsullara qarşı tələblərə riayət etmək də çox vacibdir - həm onun keyfiyyəti və həm də qablaşdırması baxımından: İnstitutun fəaliyyəti hər iki istiqamətdə lazım olan dəstəyi təmin edəcək istiqamətləri", - deyə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu yaxınlarda qeyd edib.

Sonuncu məsələ Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq müqaviləsi üzrə danışıqlar baxımından son dərəcə əhəmiyyətlidir. Bu, o cümlədən ticarət əlaqələrinin şaxələndirilməsini nəzərdə tutur və Azərbaycan müəssisələrinin kənd təsərrüfatı məhsullarının Avropaya ixracı üçün geniş perspektivlər açır.



MƏSLƏHƏT GÖR:

471