26 Aprel 2024

Cümə, 15:42

"ÜÇLÜK"dən BƏYANAT

Azərbaycan-Türkiyə-İran formatı regional inteqrasiyada əsas amillərdən biri kimi güclənməkdədir

Müəllif:

01.01.2018

Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin sayca 5-ci üçtərəfli görüşü keçirilib. Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif arasında aparılmış danışıqların yekunları Bakı, Ankara və Tehran arasında üçtərəfli əməkdaşlıq formatının möhkəmləndiyini əminliklə deməyə əsas verir.

 

Tarixi birlik əsasında

Bakı görüşü Azərbaycan paytaxtının regional inteqrasiyanın mərkəzi kimi nə qədər cəlbedici olduğunu bir daha nümayiş etdirib. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Türkmənistan kimi dövlətlərarası əməkdaşlıq formatlarının möhkəmlənməsi daha çox məhz Bakının təşəbbüslərinin nəticəsidir. Bu formatların hər biri Cənubi Qafqazda və qonşu regionlarda siyasi-iqtisadi inteqrasiyaya ciddi təsir göstərir. Üstəlik, bu formatların dəyişməz iştirakçısı olan Azərbaycan heç bir şişirtməsiz, sadalanan «üçlük»lərin uğur qazanmasında aparıcı rol oynayır.

Avrasiya məkanında Azərbaycanın iştirakı olmadan hər hansı strateji təşəbbüsün, miqyaslı layihənin həyata keçirilməsinin mümkünsüzlüyü şübhə doğurmur. Bu, Azərbaycan-Türkiyə-İran formatına da aiddir. Xatırladaq ki, Bakı Ankara ilə Şərq-Qərb, İranla isə Şimal-Cənub geostrateji istiqamətlərində layihələrin həyata keçirilməsində əməkdaşlıq edir.

Üç ölkənin XİN başçılarının Bakı görüşündə regional və beynəlxalq miqyaslı müxtəlif aktual məsələlər müzakirə olunub. Nazirlər sırf prosedur baxımından üç ölkə prezidenti tərəfindən əvvəllər qəbul olunmuş qərarları təsdiqləyiblər. Danışıqların sonunda birgə bəyannamə qəbul olunub. Sənəddə nazirlər ölkələrinin bundan sonra da regionda həmrəylik və əməkdaşlığa, dayanıqlı inkişafa sadiq olduğunu bildiriblər. Bu üçtərəfli formatın iştirakçıları arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi bəyannamədə də deyildiyi kimi, «geniş mədəni, dini və tarixi birliyə əsaslanır».

Bakı, Ankara və Tehran milli və beynəlxalq səviyyələrdə insan haqlarının qorunması və təmini öhdəliyinə də sadiq olduqlarını bəyan edib. Bəyannamədə xüsusi vurğulanır ki, bütün dünya əhalisinin haqlarının təmini və qorunması yalnız dialoq və əməkdaşlıq yolu ilə mümkündür.

Bu yanaşmaya uyğun olaraq, Bakı, Ankara və Tehran terrorçuluğun müxtəlif forma və təzahürlərilə, separatçılıq və zorakı ekstremizmlə, transmilli mütəşəkkil cinayətkarlıq, mədəni və tarixi irsə qarşı cinayətlər, qanunsuz silah dövriyyəsi, insan alveri, kibercinayətkarlıq və qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Zorakı ekstremizmlə mübarizədə üçtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dövrdə müxtəlif terror təşkilatları tərəfindən gələn təhlükə gündən-günə artır. Dünyada baş verən son hadisələr göstərir ki, bu təhlükənin sərhədi yoxdur.

 

Terrorçuluq və separatçılığa qarşı

Formata daxil olan hər 3 dövlət beynəlxalq terrorçuluqla mübarizədə əhəmiyyətli rol oynayır. Azərbaycanın bu mübarizəyə töhfəsi hər kəs tərəfindən etiraf olunur. Bakı xüsusilə İraq və Əfqanıstanda həyata keçirilən antiterror əməliyyatlarına dəstək verir. Bundan başqa, dövlətimiz digər sahilyanı ölkələr, ilk növbədə, Rusiya ilə birlikdə Xəzər dənizi regionunda terror təhlükəsinin qarşısını alır. İranla Türkiyə də yenə də Rusiya ilə birlikdə Suriyada terror ocaqlarının məhv olunmasına ciddi səylər göstərir. Suriya və İraqın əhəmiyyətli bir hissəsinə son aylaradək nəzarət edən «İslam Dövləti» (İD) qruplaşması məhz bu ölkələrin hərbi zərbələri nəticəsində tamamilə məhv olmaq ərəfəsindədir.

Ankara ilə Tehranın birgə antiterror səylərindən ayrıca danışmaq lazımdır. Onların bu səyləri İD-nin zərərsizləşdirilməsilə yanaşı, özünü İraqın şimalında məskunlaşmış kürd terrorçu qruplaşmaları ilə mübarizədə də göstərir. Çünki həmin qüvvələr həm Türkiyənin, həm də İranın təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid yaradır.

Ümumiyyətlə, antiterror fəaliyyəti Türkiyə ilə İran arasında siyasi yaxınlaşmaya səbəb olub. Halbuki bu dövlətlər ənənəvi nüfuz dairələri olan regionlarda, ilk növbədə, Yaxın Şərqdə çox vaxt fərqli maraqlardan çıxış edirlər. Bu yaxınlarda İran prezidenti Həsən Ruhani Türkiyəyə səfər də edib. Ondan əvvəl isə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İranda olmuşdu. Ekspertlər hesab edir ki, bu ölkələrin XİN başçıları Bakıda liderlərinin son görüşlərinin nəticələrini daha da möhkəmləndirib. Güman ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı Ankara ilə Tehranın daha da yaxınlaşmasına səbəb olacaq. Hər halda, Vaşinqtonun bu qərarı bütün dünyada, ilk növbədə isə islam dünyasında böyük səs-küy yaradıb.

Bakıda keçirilmiş üçtərəfli görüşün iştirakçıları Amerika prezidenti Donald Trampın Qüdslə bağlı qərarı ilə razı olmadıqlarını aydın şəkildə ortaya qoyublar. Onlar Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin 3 dinin - islam, xristian və yəhudi - təmsilçiləri üçün müqəddəs sayılan bu şəhərə köçürülməsi qərarını pisləyiblər. Azərbaycan, Türkiyə və İranın BMT Baş Assambleyasında dekabrın 21-də qəbul edilmiş və Vaşinqtonun birtərəfli qərarını pisləyən qətnaməsilə bağlı yekdil mövqeyi də məhz Bakıda bəyan olunub.

Terrorçuluq və zorakı ekstremizmlə mübarizənin effektivliyindən danışarkən qeyd etmək lazımdır ki, Bakıda qəbul olunmuş birgə bəyannamədə onların sırasına separatçılıq da əlavə edilib. Azərbaycan, Türkiyə və İranın XİN başçıları onların ərazilərinin hər hansı digərinin təhlükəsizliyinə təhdid yaradacaq məqsədlərlə istifadəsinin yolverilməz olduğunu bəyan ediblər. Nazirlər dünyanın ayrı-ayrı dairələrinin separatçılığa dəstək verməsini də qəti şəkildə pisləyiblər.

Məsələnin bu cür qoyuluşu xüsusilə 25 ildir ki, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən Azərbaycan üçün vacibdir.

 

Ermənistan yenə kənarda qaldı

Azərbaycanın da iştirak etdiyi üçtərəfli formatlar, əlbəttə ki, təcavüzkardan haqlı olaraq işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edən Bakının bu mövqeyinə beynəlxalq dəstəyin təmini baxımından da əhəmiyyətlidir.

Bu mənada Türkiyənin mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Ankara Bakıda keçirilmiş üçtərəfli görüş çərçivəsində bir daha bəyan edib ki, İrəvan Azərbaycan torpaqlarının işğalına son qoymazsa, Türkiyə-Ermənistan sərhədlərinin açılması, bu iki ölkə arasında münasibətlərin normallaşması mümkün deyil. Görüşün yekununda keçirilmiş mətbuat konfransında Mövlud Çavuşoğlu deyib: «Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib, Xocalı soyqırımını törədib. Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı istənilən formulunu dəstəkləyəcəyik. Ermənistanla münasibətlərin normallaşması üçün bir şərt irəli sürmüşük. O, Azərbaycan ərazilərini işğaldan azad etməlidir».

Əlbəttə ki, Bakı İrandan da bu cür ardıcıl, prinsipial mövqe gözləyir. Hər halda, Tehran təcavüzkar Ermənistana ciddi təzyiq göstərmək üçün lazımi iqtisadi, nəqliyyat-kommunikasiya resurslarına malikdir. Erməni işğalını pisləmək üçün sadəcə Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatları səsləndirmək kifayət deyil.

Bununla yanaşı, Azərbaycan-Türkiyə-İran kimi üçtərəfli əməkdaşlıq formatlarının uğurla reallaşdırılması təcrid durumdan çıxa bilməyən, ciddi sosial-iqtisadi böhran içərisində olan Ermənistanın vəziyyətini daha da ağırlaşdırır. Nə qədər ki o, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin işğalına son qoymur, o qədər regional inteqrasiya proseslərindən uzaq qalacaq.

 

Nəqliyyat əlaqələri

Bakıda keçirilmiş Azərbaycan-Türkiyə-İran danışıqlarının əsas mövzusu regional inteqrasiya prosesinin dəstəklənməsi olub. Üç qonşu dövlət, ümumilikdə, Avrasiyada inteqrasiya üçün strateji əhəmiyyət daşıyan miqyaslı beynəlxalq nəqliyyat layihələrinin reallaşdırılmasında aparıcı rolu üzərlərinə götürdüklərini təsdiqləyiblər. Söhbət xüsusilə Asiya ilə Avropa arasında rəqabət qabiliyyətli tranzit daşımalarının kəmiyyət və keyfiyyətinin artırılmasından gedir.

Üç ölkənin XİN başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsini alqışlayıb, onun üç ölkənin Şərq-Qərb, Cənub-Qərb və Şimal-Cənub marşrutları üzrə tranzit potensialından istifadə üçün əlverişli imkan yaratdığını bildiriblər. Nazirlər Rəşt-Astara dəmir yolunun tikintisinin də tezliklə başa çatdırılmasının vacibliyini vurğulayıblar. Bu baxımdan, İranın Bakı-Tbilisi-Qars layihəsinə marağı diqqəti cəlb edir. İranlılar bu dəmir yolunun potensialından öz məhsullarının Avropaya nəqlində istifadə etmək niyyətindədir. Yəni Tehrana tətbiq edilmiş beynəlxalq sanksiyaların xeyli zəiflədiyi şəraitdə bu, İran iqtisadiyyatı üçün son dərəcə önəmli məsələdir.

Ümumilikdə, regional, hətta qitələrarası inteqrasiyanın vacib bəndi kimi, Bakı, Ankara və Tehran arasında üçtərəfli əməkdaşlığın genişləndirilməsinə maraq bu formatın gələcəkdə daha da möhkəmlənməsini labüd edir. Bu format, şübhəsiz ki, Qafqaz-Xəzər dənizi regionunda çoxtərəfli əməkdaşlıq kontekstində ən uğurlu formatlardandır. Regionun inkişafı, çiçəklənməsi üçün əhəmiyyətli potensiala, imkanlara malik Azərbaycan-Türkiyə-İran «üçlüyü», eyni zamanda bölgənin təhlükəsizliyinin təmini üçün də əsas rıçaqlardan biridir.

Başqa sözlə, Azərbaycan-Türkiyə-İran üçtərəfli dövlətlərarası əməkdaşlıq formatının nəinki mövcudluğunu, getdikcə daha da möhkəmlənməsini labüd edən tarixi, mədəni, siyasi, iqtisadi, humanitar və digər lazımi amillər var…



MƏSLƏHƏT GÖR:

394