26 Aprel 2024

Cümə, 10:28

QURŞAQDAN AŞAĞI ZƏRBƏ

Seks mövzusunun böyük siyasətin bir hissəsinə çevrilməsi halları getdikcə artır

Müəllif:

15.01.2018

Bu payız Qərb dünyasında seksual qalmaqallarla bağlı ifşalar bir-birini əvəzləyib. «Harassment» ittihamı ilə üzləşən Hollivud aktyorları, siyasətçilər, jurnalistlər dərhal imicini, iş yerini, dostlarını itirir, ictimaiyyət artıq onları qəbul etmir. Bir çox hallarda söhbətin kökü onilliklərlə əvvələ gedib çıxsa da, qurbanlar ortaya xatirələrindən başqa heç bir sübut qoya bilməsə də, məhkəmə zallarında, KİV-də və sosial şəbəkələrdə gedən prosesləri saxlamaq mümkün olmur. Bizə, sadəcə, nə baş verdiyini anlamaq üçün yaşananları müşahidə etmək qalır. Bu, müasir cəmiyyətin gəlib çıxdığı aşkarlıq, əxlaq qaydalarıdır, yoxsa biz sadəcə, növbəti siyasi şounun izləyiciləriyik?

 

Hər şey Hollivuddan başladı

Bir çox Hollivud aktrisaları (təxminən, 80 nəfər) məşhur amerikalı prodüser Harvi Vaynşteyni onlara sataşmaqda ittiham edib. Qurbanlar arasında Kara Delevin, Qvinet Peltrou, Eşli Cad, Yeva Qrin, Lea Seydu və Ancelina Coli də var. İttihamlar nəticəsində Vaynşteyn özünün qurduğu «Weinstein Co» kinostudiyasından qovulub və Amerika Televiziya Akademiyasından ömürlük kənarlaşdırılıb.

Bir müddət sonra daha bir ulduz - Kevin Speysi ətrafında qalmaqal baş qaldırıb. İlk ittihamı aktyor Eqtoni Repp səsləndirib. Reppin sözlərinə görə, hələ 14 yaşında olarkən əyləncə gecələrindən birində sərxoş Speysi onu «yoldan çıxarmağa» çalışıb. Aktyor əməlinə görə dərhal üzr istəyib və gey olduğunu etiraf edib. Lakin «kaminq-aut» (cinsi oriyentasiyanın etirafı - red.) ona kömək olmayıb. Bunun ardınca çoxlu sayda insan onun ünvanına bənzər ittihamlar səsləndirib. Nəticədə, Speysi «Kartdan ev» serialından və digər filmlərdən kənarlaşdırılıb, «Emmi» mükafatından məhrum edilib. Speysiyə qarşı LGBT üzvləri bəyanat yayaraq, «onun üzləşdiyi ciddi ittihamların seksual oriyentasiya ilə heç bir əlaqəsinin olmadığını», ümumiyyətlə, bəlkə də, onun «geylərin hüquqlarını 50 il geri atdığını» bildiriblər.

Bu da son deyil: zaman-zaman seksual sataşmalarda, hətta bəzən pedofiliyada Dastin Xoffman və Stiven Siqal kimi aktyorlar, Brett Retner, Roman Polanski, Ceyms Tobek, Lars fon Triyer, Oliver Stoun kimi rejissorlar, Meray Kerri kimi ifaçı da ittiham olunub.

Sonra növbə jurnalistlərə, fotoqraf və siyasətçilərə çatıb - «Amazon Studios»un top-meneceri Roy Prays, PBS telekanalının 75 yaşlı aparıcısı Çarli Rouz, məşhur jurnalist Mark Qalperin (MSNBC, NBC News), fokusçu və illüzionsit Devid Bleyn, stendap-komik Lui Si Key, fotoqraf Terri Riçardson.

Siyasətçilər də kənarda qalmayıb. Amerikalı aktrisa Xezer Lind ABŞ-ın sabiq prezidenti ata Corc Buşu hədəf seçib. Aktrisanın sözlərinə görə, 4 il əvvəl əlil arabasında əyləşmiş sabiq prezident birgə foto çəkilişi zamanı «onun arxasına toxunub və ədəbsiz zarafat edib». «Qara siyahı»da Minnesotadan senator El Franken, aktivist Cessi Cekson, Respublikaçılar Partiyasından Senata namizəd Roy Mur da var.

Məlum olub ki, bu sahədə yalnız ABŞ-da deyil, Avropada da vəziyyət pisdir. Fransa parlamenti deputatlarından birinin sabiq köməkçisi Marin Tondelye seksual sataşmaya meyilli olan deputatlardan və aparat işçilərindən ibarət gizli siyahının olduğunu belə bəyan edib.

İsveç hökumətinin üzvləri Marqot Valstrem ilə Asa Reqner isə Aİ-nin aparıcı siyasətçilərinə qarşı bənzər ittihamlar səsləndiriblər. Nəticədə, məsələ Avropa Parlamentinin xüsusi iclasına çıxarılıb, faktın araşdırılması üçün xüsusi komissiyanın yaradılması haqda qərar çıxarılıb.

Science Po Lille universitetinin tələbələrinin tələbinə əsasən, eyni ittihamla üzləşmiş deputat Jan Lassal ilə görüş ləğv edilib. Nəhayət, bu payız «harassment» ittihamı Böyük Britaniyanın müdafiə naziri Maykl Fallonun istefası ilə nəticələnib. «Ədəbsiz hərəkətdə» ittiham olunan uelsli sabiq nazir Karl Sercent isə sonda intihar edib…

 

Yalnız sataşmaq deyil…

Qərbdə seksual sataşma anlayışına (sexual harassment), təxminən, ötən əsrin 70-ci illərində seksual inqilablar və feminizm dalğası fonunda akademik ciddiyyətlə yanaşmağa başlayıblar. Qərb mədəniyyətində «harassment» «sataşmaq»dan daha geniş anlayışdır. Odur ki, bu ifadə artıq ayrıca söz kimi formalaşıb. Qısa desək, bu, əməllər toplusudur - mimikadan, fitdən tutmuş, jest və sözlərədək, psixoloji təzyiqdən, şantajdan tutmuş, təqibədək. Qərbdə, xüsusilə ABŞ-da «harassment»lə bağlı mühakimə kifayət qədər gəlirli işdir. Minlərlə hüquqşünas, psixoloq və digər ixtisas sahibləri bundan yaxşı qazanc əldə edir. Belə hallara indiki diqqət, bəlkə də, onun «əhatə dairəsi»ni və mümkün kontekstini daha da genişləndirəcək. Təsadüfi deyil ki, qərb KİV-i artıq oxucuların beynində seksual xarakterli sataşmaya meyilli olan şəxsin ideal obrazını yaratmağa çalışır. Məsələn, «Project Syndicate» yazır: «ABŞ və İsraildən olan alimlər hesab edir ki, «qara triada» (narsizm, psixopatiya və makiavellizm) adlandırıla biləcək insanlar var ki, onlar seksual zəminli sataşmaya daha meyilli olur».

«Seksual asılılıq» kimi xəstəlik (fiziki və ya psixoloji) də nadir hal deyil. Speysi ilə Vaynşteyn də hansısa Arizona klinikasına məhz bundan müalicə almaq üçün yerləşdirilmişdilər. Digər tərəfdən «harassment» qurbanlarının psixoloji durumu da çox gündəmə gələn məsələdir. Bildirilir ki, onların, demək olar ki, hamısı belə halla üzləşdikdən sonra ciddi psixoloji stress yaşayır. Bəzən hətta vəziyyət o dərəcəyə çatır ki, aktrisalardan birinin etiraf etdiyi kimi, belə insanlar «hərbi dəbilqə və gülləkeçirməz geyimdə» yatmalı olur. Yaxud, Kevin Speysinin adını hallandıran rejissor Toni Montana deyir ki, üzləşdiyi hadisədən sonra o, «yarım il ərzində travma sonrası stressdən, psixi pozğunluqdan əziyyət çəkib və psixoloqa müraciət edib».

Hakimiyyətlə seks tarixin səhifələrində hər zaman əl-ələ gedib və kişi və ya qadının cəmiyyətdəki statusundan istifadə etməklə digər insanları alçaltması, nəyəsə məcbur etməsi, həqiqətən, iyrəncdir. Belə əclafların ifşa olunması, şübhəsiz ki, lazımlı, cəsarətli və hətta nəcib işdir. Amerikalı ekspertlər bildirir ki, əslinlə, hazırda potensial «zalım»ların qorxudulması, qarşılarının alınması sistemi formalaşır və cəmiyyətdə baş verəcək dəyişiklik tarixə keçəcək. Lakin konkret olaraq bu payız yaşanan ifşalarda anlaşılmaz, qəribə məqamların çox olduğunu görməmək də mümkün deyil.

Məsələn, insan ləyaqətini alçaltmaq üçün bir çox vasitələrin olduğu halda niyə hər kəs məhz seksual xarakterli əməllərdən danışır? Axı, həmin hollivudlu məşhur və zənginlərin, məsələn, Filippindən olan qulluqçu və ya xidmətçilərdən idarət ordusu var və kimsə onları dinləmək istəyərsə, bu insanlar özlərini nə qədər alçaldılmış, təhqir olunmuş hiss elədiklərini daha yaxşı danışa bilərlər. Və əmin olun ki, bu insanlar özlərini daha alçaldılmış hesab edirlər, nəinki kiminsə əlinin dizinə toxunduğunu deyən Ancelina Coli və ya Meray Kerinin alt paltarda qarşısına çıxmasından şikayətlənən müğənninin cangüdəni.

Və ya, nəyə görə azyaşlılara qarşı seksual zorakılıqda ittiham olunan (bu da «Vatileaks» adını alıb) din xadimləri niyə karyeralarından məhrum olmurlar? Sırf məntiqi baxımdan modellərin (və bir çox aktrisaların) belə şikayətlər etməsi qəribə təsir bağışlayır. Çünki onlar yalnız səhnə istedadları ilə deyil, həm də, faktiki olaraq, bədənləri, seksual istəkləri ilə də pul qazanırlar. Anlamaq olmur ki, niyə hər şey eyniləşdirilir - uşağa sataşmaq da, sağlam kişiyə sataşmaq da, ədəbsiz hərəkətlər də, hətta, ədəbsiz baxışlar da… Baxışla bağlı məsələ lap mübahisəlidir - ola bilməzmi ki, «qurban»a sadəcə, belə gəlib, yaxud o, sadəcə bunu xəyal edib? Bəs, Qərbin məşhur təqsirsizlik prezumpsiyası harada qaldı? Təsirli söhbətlər sübutdur, yoxsa ittihamın hüquqi dəlilləri, şahidləri? Belə ittihamlarla bağlı heç bir halda ortada zorlama faktının olmaması qəribə deyilmi? Çünki zorlamada ittiham ciddi cinayətdir (bu zaman yalan ifadə verməklə bağlı əks ittiham da irəli sürülə bilər), qalanları isə sadəcə söz yığını! Sadəcə son hadisələr göstərir ki, bu söz yığını insanları Hollivud və siyasi Olimpdən düşürə, imicə ciddi zərbə vura bilir. Daha da maraqlı olanı seksual xarakterli sataşmada ittiham olunanların heç birinin ittihamlara etiraz etməməsidir. Əksinə, onlar bir qayda olaraq, hətta xatırlamadıqları bu «əməl»ə görə üzr istəyirlər.

Nəzəri cəlb edən əsas məqamlardan biri də əksər meynstrim KİV-in tamamilə məntiqli olan bu məqamlara, ümumiyyətlə, əhəmiyyət verməməsidir. Məsələn, 14 yaşlı oğlan uşağının yaşlı sərxoş aktyorlarla eyni ziyafətdə nə işi varmış? Niyə aktrisa Xezer Lind əlil arabasına yapışıb qalmış Buşdan qaça bilməyib? 80 qadının heç birində Vaynşteynə etiraz etmək cəsarəti tapılmayıbmı, yaxud onlardan heç biri həyat yoldaşını, sevgilisini niyə köməyə çağırmayıb? Axı, məsələn, Jerar Depardye elə həmin prodüsseri vaxtı ilə saçından sürüyüb (düzdür, harrassmentə görə yox, pula görə) və hər halda, sağ-salamatdı. Axı, bu suallara da cavab tapmaq lazımdır!

 

Tramp, yoxsa Trampı?

Bütün bunlarla yanaşı, baş verənlərə açıq cəmiyyətdə öz-özünə törəyən proses kimi deyil, siyasi oyunların bir hissəsi kimi baxsaq, bir çox məsələlər arxa plana keçir, qaranlıq məqamlara isə işıq düşür. Ümumiyyətlə, seks mövzusu çox tez-tez böyük siyasətin bir hissəsinə çevrilir. Məsələn, əgər əvvəllər cəmiyyətin tolerantlığı homoseksuallara münasibətlə ölçülürdüsə, indi siyasətdə, incəsənətdə və şou-biznesdə geylərin olması heç kəsi təəccübləndirmir. Artıq yeni trend formalaşmaqdadır - transgenderlər, üçüncü cins. Transgender siyasətçi, həqiqətən də, hələ yenilikdir. Hazırda gender roluna, gender stereotiplərinə fəal şəkildə yenidən baxılmaqdadır. Odur ki, çoxları yaxın gələcəkdə gender baxımından neytral insanların kütləvi şəkildə yayılacağından ehtiyatlanır. Demək, onların uğrunda da seçicilərin uğrunda olduğu kimi, mübarizə gedəcək. Hər halda, «harassment»də ittihama görə heç bir dəlil tələb olunmasa da, bu ittihamların nəticələri çox ağır olur. Bu isə «harassment»i şəxsi və ya siyasi işlərin həllində ideal vasitəyə çevirir.

Bütün bunların fonunda «harassment»in Trampla «haqq-hesab çəkilməsi» məqsədilə siyasi alətə çevrildiyinə dair versiya əsassız görünmür. Xatırlayırsınızsa, hələ 2016-cı ildə, seçki kampaniyası zamanı Tramp 16 müxtəlif qadına qarşı seksual xarakterli sataşmada ittiham olunurdu. Elə o vaxt Trampın öz sözlərini xatırladırdılar: «Ulduzsansa, qadınlar sənə icazə verir». Bunu artıq qeyd olunan ifşalara birbaşa aid etmək mümkündür. «Saturday Night Live» şousu zamanı aktyor Alek Bolduin və komik Larri Devid ABŞ prezidenti ilə onun seçki qərargahının rəhbəri Por Manafortun obrazını canlandırmışdılar. Onlar səslərinin dinlənə biləcəyindən ehtiyat etdikləri üçün duş otağında söhbət edirlər və söhbət Vaynşteynin üzərinə gəlib çıxır. «Bu Harvi Vaynşteyn lap axmaqdır. Prezident seçilsəydi, bütün bunlardan qaça bilərdi», - deyə Trampın obrazını canlandıran Bolduin bildirirdi. Əlavə şərhə, yəqin ki, ehtiyac yoxdur.

Amma unutmaq olmaz ki, «harassment»də ittiham olunanlar arasında Trampın qatı əleyhdarları da var. Doğrudanmı onlar özlərini fikir yayındırmaq məqsədilə qurban veriblər? Məsələn, bir çox Hollivud ulduzları kimi, Kevin Speysi Trampa nifrətini qətiyyən gizlətmir. İllərlə ekranda konqressmen, daha sonra prezident obrazı yaratmış aktyor illər boyu öz seksual oriyentasiyasını gizli saxlayıb və yalnız indi - yetkinlik yaşına çatmamışlara qarşı «harassment»də ittiham edildikdən sonra bunu açıqlayıb. Bəziləri bunu onun homoseksuallığı pedofiliya ilə əlaqələndirmək cəhdi kimi qiymətləndirib. Çünki belə bir fikir var ki, cəmiyyət pedofil geylərə daha mərhəmətlə yanaşır (keşiş geylərə olduğu kimi).

Digər yandan siyasi versiyaya ciddi yanaşsaq, ehtimal etmək olar ki, Trampın tərəfdarları prezidentin zəif nöqtəsini bildikləri üçün özləri «harassment» ifşası ilə bağlı kampaniyaya başlayıblar. Yeri gəlmişkən, bənzər məqamlara «Kartdan ev» serialının ilk seriyalarında da rast gəlinir - Speysinin canlandırdığı Frenk Andervund personajı qüsurları başdan aşan konqresmen Piter Russonun qubernator olması üçün kampaniya aparır. Təbii ki, Trampın bu serialdan dərslik kimi istifadə etdiyini demək gülünc olardı. Amma bir fakt var: hələ 2016-cı ildə «Fox News» yazırdı ki, Bill Klinton dəfələrlə milyarder Ceffri Epşteynin şəxsi təyyarəsindən istifadə edib. Söhbət övladlığa götürdüyü və yetkinlik yaşına çatmamış qızına qarşı seksual zorakılığa görə ittiham olunmuş şəxsdən gedir. Klinton və digər amerikalı siyasətçilər bu təyyarə ilə onun şəxsi tropik adasına əyləncə səyahətləri edirlərmiş. Adanın adı da kifayət qədər maraqlıdır: «Lolita ekspress». Yeri gəlmişkən, Epşteynin qonaqları arasında çox tez-tez Kevin Speysiyə (o həm də Klintonların dostudur), Vaynşteynə də rast gəlinirmiş…

Güman ki, 2017-ci ilin payızında Hollivudda və Vaşinqtonda əslində nələrin baş verdiyini biz heç zaman bilməyəcəyik. Nəsə eşitməli olanlar, yəqin ki, artıq eşidib. Speysi ilə Vaynşteynə isə insanın sadəcə ürəyi yanır…



MƏSLƏHƏT GÖR:

396