26 Aprel 2024

Cümə, 14:50

QAZANILMIŞ MÜAVİNƏT

İşsizlikdən Sığorta Fondu sosial donor funksiyalarına paralel olaraq Azərbaycanda əmək bazarının inkişafında da iştirak edəcək

Müəllif:

01.02.2018

XXI əsrdə bəşəriyyətin sürətli inkişafına baxmayaraq, işsizlik hələ də bazar iqtisadiyyatının qaçılmaz yoldaşı olaraq qalır və bu, qlobal böhran dövrlərində nəzərəçarpacaq səviyyədə kəskinləşir. Bu təzahürün qarşısını tamamilə almağa hələ dünyada heç kəs nail olmayıb, lakin inkişaf etmiş ölkələrdə sosial yardım, özünü məşğulluq proqramlarının inkişafı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və s. kimi müxtəlif mexanizmlərlə onun təsirlərini yumşaltmağı öyrəniblər. İşini itirmiş vətəndaşların dəstəklənməsinin təsirli üsullardan biri dünyanın 72 ölkəsində fəaliyyət göstərən işsizlikdən sığorta sistemidir. 2018-ci ilin yanvar ayından etibarən Azərbaycanda da İşsizlikdən Sığorta Fondu fəaliyyətə başlayıb.  

 

Özünü məşğulluq və sığorta  

Ölkədəki məşğulluq probleminin həlli iqtisadiyyatın şaxələndirilməsi ilə bağlıdır. Bu mövzu Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun interaktiv "Strateji baxış: Avrasiya" iclasındakı çıxışında öz əksini tapıb.

"Neft-qaz sahəsi kifayət qədər iş yeri yaratmır və işsizliyin aşağı səviyyədə olması üçün biz təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə diqqət yetirməliyik. Neftin qiyməti kəskin aşağı düşən zaman mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru, təqribən, 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır", - deyə Prezident İlham Əliyev vurğulayıb. O, qeyd edib ki, ötən il ölkədə 177 min daimi iş yeri yaradılıb.

Ötən il həm də sosial təminat və əmək bazarı sahəsində bir sıra islahatlara başlanılıb: 2017-ci ilin ortalarından yeni pensiya sisteminə keçid başlayıb, qeyri-rəsmi bazar üzrə komissiya yaradılıb, yeni peşə təhsili mərkəzlərinin açılmasına və passiv əmək bazarı proqramlarından aktiv bazar proqramlarına keçidə başlanılıb.

Nazirlər Kabinetində 2017-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlət başçısı işsizliklə mübarizə və məşğulluğun artırılması ilə bağlı ölkədə həyata keçirilən tədbirləri sadalayıb.

Xüsusilə müxtəlif sahələrdə təşkil edilən ictimai işlər ölkənin müxtəlif bölgələrində on minlərlə vətəndaşı işə düzəltməyə imkan verdi. Bir il əvvəldən bir az öncə kiçik müəssisələrin yaradılmasına dəstək verən özünü məşğulluq proqramının həyata keçirilməsinə başlanılıb. 2017-ci ildə bu proqrama 1232 ailə cəlb edilib, onlara maddi dəstək və maliyyə dəstəyi verilib, əsasən, kənd təsərrüfatı sahəsində öz kiçik bizneslərini yaratmaq imkanı yaradılıb. 2018-ci ildə bu proqramın inkişafı üçün 35 mln. manat məbləğində vəsait nəzərdə tutulub və bu, demək olar ki, 7 min ailənin büdcəsi üçün böyük dəstək olacaq.

Qeyd edək ki, özünü məşğulluq proqramının həyata keçirilməsi bilavasitə digər sosial layihənin həyata keçirilməsi - "İşsizlikdən sığorta haqqında" 1 yanvar 2018-ci il tarixli qanunun qüvvəyə minməsi ilə əlaqədar yaradılmış İşsizlikdən Sığorta Fondunun işə başlaması ilə bağlıdır. Qanunun məqsədi sığortalanmış şəxslərin işini itirməsi zamanı onlara əməkhaqqı ödənilməsi, eləcə də işsizlik hallarının baş verə biləcəyi barədə xəbərdarlıq edilməsi prosesində risklərin qarşısının alınması və qabaqlayıcı tədbirlər vasitəsilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə yeni maliyyələşmə mexanizmlərinin yaradılmasıdır.

 

Əməkhaqqından yarım faiz  

Fondun əsas məqsədi - işəgötürənin ləğvi və ya əməkdaşların kütləvi ixtisarı səbəbi ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə maliyyə yardımı göstərməkdir."İşsizlikdən sığorta haqqında" qanuna görə, ölkədə əhalinin geniş kateqoriyalarını əhatə edən və məcburi xüsusiyyətli yeni sosial vergi növü tətbiq edilir. Fondunun gəlirləri sığortaçı (hüquqi şəxslər, şirkətlər və dövlət orqanları) tərəfindən əməkhaqqı fondunun 0,5%-i həcmində ediləcək ödənişlər, eləcə də müəssisələrin ştatında olan və işəgötürən ilə əmək müqaviləsi bağlamış işçilərin köçürmələri hesabına formalaşacaq. Bu köçürmələrin də miqdarı muzdlu işçinin əməkhaqqının 0,5%-ni təşkil edəcək. Sığorta rüsumunun məbləği sığortaçı tərəfindən sığorta tarifləri əsasında müəyyən ediləcək. Sığortaçı tərəfindən aylıq rüsumlar aylıq əməkhaqqının ödənilməsi ilə eyni zamanda, lakin sonra növbəti ayın 15-dən gec olmayaraq təqdim olunmalıdır.

Sığorta halı üzrə aylıq ödənişin məbləği isə aşağıdakı kimi hesablanır: 3 ildən 5 ilə kimi sığorta dövrü üzrə itirilmiş aylıq əməkhaqqının 50%-i qədər; 5 ildən 10 ilə kimi sığorta dövrü üzrə itirilmiş aylıq əməkhaqqının 55%-i qədər; 10 ildən çox sığorta dövrü üzrə itirilmiş aylıq əməkhaqqının 60%-i qədər. İşçinin sığorta stajına (bu qanunun qüvvəyə minməsindən əvvəl) dövlət sosial sığortası üzrə haqlarının ödənilməsi müddəti və qanunun tətbiqinə başlandıqdan sonra sığorta haqlarının ödənilməsi müddəti daxil ediləcək. Öz növbəsində sığorta ödənişlərini üç növü - əsas sığorta ödənişi, ona əlavə (tərəflər arasında əvvəl bağlanmış sığorta və ya təkrar sığorta müqaviləsinə əvvəl razılaşdırılmış şərtlərə dəyişikliklər edilməsi ilə bağlı anlaşma barədə yazılı əlavə) və minimum sığorta ödənişi nəzərdə tutulur.

 

Yalnız işsizlər üçün!

Beləliklə, işsizlik üzrə sosial müavinətlərə təşkili və mülkiyyət formasından asılı olmayaraq, dövlət qurumlarının və özəl şirkətlərin əməkdaşları kütləvi ixtisarlar, yaxud müəssisənin və ya təşkilatın fəaliyyətinin tam dayandırılması halında ümid edə bilərlər. Qeyd etmək lazımdır ki, işsizlik üzrə icbari sığorta üçün ödənən rüsumlar digər oxşar sığorta (məsələn, avtomobil sığortası) rüsumları kimi sığorta hadisəsi olmadıqda geri qaytarılmır. İlin yekununa görə, xərclənməyən fond vəsaitləri növbəti ilin xərclərini maliyyələşdirmək üçün yönəldilir.

Digər tərəfdən əhalinin müəyyən kateqoriyası fondun vəsaitlərindən faydalana bilməyəcək. "Xüsusilə fərdi qaydada çalışan sahibkarlar işsizlikdən icbari sığorta çərçivəsində müavinət ala bilməyəcəklər, - deyə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib. - Bu, onunla bağlıdır ki, sığortanın bu növü üzrə rüsumlar həm işçilər, həm də işəgötürənlər tərəfindən ödənilməlidir".

"İşsizlikdən sığorta haqqında" qanuna uyğun olaraq, sığorta rüsumlarının toplandığı və sığorta hadisəsi halında sığorta ödənişlərini təmin edəcək təşkilatın - sığorta qurumunun öhdəlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Uçot funksiyası, işəgötürənlər və işçilər tərəfindən ödənilən sığorta vəsaitlərinin hesablanması və toplanması nazirliyin yanında fəliyyət göstərən Dövlət Sosial Müdafiə Fonduna (DSMF), həmin vsaitlərin xərclənməsi isə Dövlət Məşğulluq Xidmətinə həvalə edilib. Bununla əlaqədar olaraq, İşsizlikdən Sığorta Fondu üçün ayrı bir qurum kimi aparat yaratmağa ehtiyac yoxdur.

 

İlk büdcə  

Keçən il dekabr ayının sonunda Prezident İlham Əliyev İşsizlikdən Sığorta Fondunun büdcəsini təsdiq edib: 2018-ci il üçün onun gəlirləri və xərcləri 89,04 milyon manat məbləğində nəzərdə tutulub. Diqqətəlayiqdir ki, yalnız 33,5 mln. manat işsizlikdən sığorta üzrə ödənilməsi üçün nəzərdə tutulub, fondun vəsaitinin böyük hissəsi yeni iş yerlərinin yaradılmasına imkan verən tədbirlərə sərf olunacaq.  

Belə ki, 35,8 milyon manat özünü məşğulluq tədbirlərinə, 13,7 milyon manat məşğulluq xidməti sistemi aparatının və onun yerli hakimiyyət orqanlarının saxlanmasına, 1,8 milyon manat haqqı ödənilən ictimai işlərin təşkilinə, 1,6 mln. manat peşə hazırlığına və əlavə təhsilə, 1,2 milyon manat peşə seçimi ilə bağlı məsləhətlərə və 120 min manat əmək yarmarkalarına və birjalara sərf olunacaq.

Azərbaycanda yaradılmış İşsizlikdən Sığorta Fondununun xərc maddələrinin qiymətləndirilməsi göstərir ki, bu qurumun fəaliyyəti yalnız öz işlərini itirmiş vətəndaşlara sosial müavinətlərin ödənilməsinə deyil, ilk növbədə, əmək bazarının fəal inkişafına yönələcək. "Sığorta Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə fəaliyyəti çox sayda aktiv əmək proqramları həyata keçirməyə imkan yaradacaq. O cümlədən subsidiyalaşmış əməkhaqqı ilə gənclərin məşğulluğu üzrə proqramlar həyata keçiriləcək . Bu gün gənclər sahəsində fəaliyyətimizi genişləndirilmək üçün əlimizdə bütün lazımi maddi-texniki imkanlar var ", - deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.

Fond ölkədə özünü məşğulluq proqramının inkişafı məsələlərində xüsusi rol oynamalıdır. "Fondun yaradılması ilə ölkədə özünü məşğulluq proqramı üçün yeni bir maliyyələşdirmə mənbəyi ortaya çıxdı, bu, proqramın əhatə dairəsini 3,2 dəfə genişləndirməyə imkan verəcək. Bu qurumda yığılmış vəsaitlərin, təxminən, 40%-i - 35,8 milyon manat müxtəlif fəaliyyət istiqamətli təsərrüfatların yaradılması üçün aktivlərin təmin olunmasına nəzərdə tutulub ki, bu da 2018-ci ildə, təxminən, 35 min adam əhatə etməyə imkan yaradacaq", - deyə Azərbaycanın əmək və sosial müdafiəsi naziri Səlim Müslümov bildirir.

 

Beynəlxalq təcrübə

Qeyd edək ki, Azərbaycanın əhalinin sosial müdafiəsi sahəsində yeni təşəbbüsləri artıq nüfuzlu beynəlxalq təşkilatlardan müsbət rəylər əldə edib. "Azərbaycan sosial müdafiə və əmək bazarının inkişafı sahəsində əhəmiyyətli irəliləyişlər əldə edib", - deyə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının Bakıya səfərinin yekunları ilə bağlı ötən ilin dekabrında dərc edilmiş məlumatında deyilir. Məlumatda əmək bazarının inkişafı üzrə tədbirlərin sırasında İşsizlikdən Sığorta Fondunun yaradılması, pensiya islahatlarının aparılması və passiv məşğulluq proqramlarından aktiv proqramlara keçid qeyd edilir.

Azərbaycan hökumətinin sosial müdafiə sahəsində təşəbbüslərinin müsbət təsiri Dünya İqtisadi Forumunun və Dünya Bankının (Doing Business) hesabatlarında da qeyd edilib.

Şəksiz ki, fondun yaradılması Azərbaycanın bir ölkə kimi göstəricilərinin qiymətləndirilməsinə müsbət təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, reytinq agentlikləri yalnız iqtisadi göstəricilərin səviyyəsini deyil, həm də sosial sabitlik amillərini və bu sahədə mövcud olan riskləri də qiymətləndirirlər. İşsizlikdən Sığorta Fondunun yaradılması çoxdan vacib olan ehtiyac idi, bu addım Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinə uyğundur. Qurumun məlumatına görə, hazırda dünyada işsizliyə görə bu və ya başqa formada müavinət verən 72-yə yaxın ölkə var.

Belə ki, Avropa ölkələrində məşğul əhalinin işsizlikdən sığorta ilə əhatə olunması müxtəlif hesablamalara görə 60-80% arasında dəyişir. Oxşar sistemlər bəzi post-sovet ölkələrində də fəaliyyət göstərir. Məsələn, Qazaxıstanda yaradılmış dövlət sosial sığorta fondunda 1,2 trilyon təngə (təxminən, 4 milyard dollar) yığılıb.

Azərbaycanda yaradılmış İşsizliyin Sığortalanması Fondunun uyğun göstəricilərə çatıb, yeni iş yerlərinin yaradılması üçün effektiv bir vasitəyə çevrilməsi ilə bağlı planların uğurlu olub-olmamasını zaman göstərəcək.

 



MƏSLƏHƏT GÖR:

390