26 Aprel 2024

Cümə, 22:23

«ZEYTUN BUDAĞI»nın SİRLƏRİ

Türkiyə Suriya ilə həmsərhəd ərazilərdə terrorçuluğa son qoymaq əzmindədir

Müəllif:

01.02.2018

Türkiyə ordusu Suriyanın şimalında məskunlaşmış kürd terrorçularına qarşı yanvarın 20-də start verdiyi «Zeytun budağı» əməliyyatını davam etdirir. Ankaranın «qısa zamanda» başa çatdırmaq niyyətində olduğu bu əməliyyat illərdir müharibənin əldən saldığı Suriyada geosiyasi qüvvələr nisbətinə ciddi təsir göstərmək iqtidarındadır.

 

«Zeytun budağı»nın xüsusiyyətləri

Əməliyyatların ilk həftəsinin bitimində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bir neçə sərhədyanı yaşayış məntəqəsinin ələ keçirildiyini, Suriyanın şimal-qərbində 340 obyektə zərbələr endirildiyini, Afrin regionunda, ümumilikdə, təxminən, 400 terrorçunun məhv edildiyini açıqlayıb. Söhbət yalnız Rusiya, Türkiyə və İranın birgə səyləri nəticəsində tamamilə darmadağın olunmaq üzrə olan «İslam Dövləti» ilə əlaqəli terrorçulardan getmir. Türkiyə ordusu kürdlərin «Demokratik İttifaq» (PYD) təşkilatı, onun hərbi strukturu olan «Xalq özünümüdafiə dəstələri» (YPG) və ən başlıcası, Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı da döyüşür. Türkiyənin təhlükəsizliyinə məhz Suriyanın şimalında kürd dövləti yaratmağa çalışan bu qruplaşmalar təhdid edir. Odur ki, Suriya ilə həmsərhəd bölgələrdə, o cümlədən Afrində Türkiyə ordusunun əsas hədəfi onlardır.

Qeyd etmək lazımdır ki, Türkiyənin Hatay əyalətindəki Reyhanlı, Kilis əyalətinin eyniadlı mərkəzi kimi şəhərlər son zamanlar Afrindən dəfələrlə raket atəşinə tutulub. Kilis şəhərindəki məscidə raket düşməsi nəticəsində 2 nəfər ölüb, 12 insan yaralanıb. Raketin PKK-nın Afrindəki mövqelərindən atıldığı məlum olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan «Zeytun budağı» əməliyyatının «son terrorçunun məhvinədək» davam edəcəyini bildirib. Bununla yanaşı, o, Afrində «bir nəfər də olsun uşağın, qadının qanının tökülmədiyini, bunun heç zaman baş verməyəcəyini» söyləyib: «Türk ordusunun qaydası budur».

Güman ki, Ankara Suriya ərazisində 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq niyyətindədir. Bununla yanaşı, Türkiyənin məqsədi bu ərəb ölkəsinin ərazi bütövlüyünü pozmaq yox, sərhədi yaxınlığında Suriya kürdləri muxtariyyəti adı ilə terrorçu ocağının yaranmasına imkan verməməkdir. Ərdoğanın bu bəyanatı da təsadüf deyil: «Biz Afrini işğal etmirik. Əksinə, onu real sahiblərinin yaşamı üçün əlverişli şəraitə gətirməyə, eyni zamanda oradan terrorçuları çıxarmağa çalışırıq».

Afrini nəzarəti ələ almaq istəyi şəhərin Türkiyə üçün təhlükəsizlik və iqtisadi səbəblərdən strateji əhəmiyyət daşımasından irəli gəlir. Söhbət Qərbin Şimali İraqın neft və qazını Aralıq dənizinə Türkiyədən yan keçməklə daşımaq layihəsindən gedir. Yeri gəlmişkən, Şimali İraqın özündə də kürd muxtariyyəti var. Bu layihənin reallaşdırılmasında əsas bənd məhz kürd qruplaşmalarının məskən saldığı Afrindir. Qərb, ilk növbədə, ABŞ İraqın şimalı-Suriyanın şimalı-Aralıq dənizi marşrutu üzrə enerji dəhlizinin yaradılmasında məhz onlara arxalanır. Odur ki, Afrinə nəzarət edən PKK və müttəfiqləri Türkiyənin yalnız təhlükəsizliyinə yox, iqtisadi maraqlarına da təhdiddir.

Bu arada Birləşmiş Ştatların maraqları da bir motivlə məhdudlaşmır. Aralıq dənizinə Suriyanın şimalından dəhlizin açılması Vaşinqtona həm də Suriya ilə İraqın kürdlər yaşayan rayonlarına hərbi bazalarını yerləşdirmək imkanı yaradacaq. Bununla da, o, bu günədək hava yolu ilə tədarük olunan strateji materialın quru ilə daşınması kimi daha əlverişli imkan əldə edəcək.

«Zeytun budağı» əməliyyatının xarici siyasi fonu, əsasən, ABŞ-ın Suriya münaqişəsindəki mövqeyilə bağlıdır. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın kürd qruplaşmalarının məskunlaşdığı rayonlarına hücumu ABŞ və ümumilikdə, Qərb tərəfindən ciddi narazılıqla qarşılanıb. Halbuki Ankaranı sərt addımlar atmağa məhz amerikalıların kürd qüvvələrinə aşkar hərbi dəstəyi vadar edib. Bir məqamı vurğulamaq kifayətdir ki, «Zeytun budağı» əməliyyatı ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriya sərhədlərində «sərhədlərin təhlükəsizliyi qüvvələri»nin yaradılmasına başlandığını elan etməsindən dərhal sonra start götürüb. Bu qüvvələrin yaradılmasında əsas təşkilatçının məhz Vaşinqton olduğu Ankara üçün sirr deyil. Bu üzdən də prezident Ərdoğan dərhal ABŞ-ın PYD və YPG ilə əməkdaşlığının yanlış olduğunu bəyan edib.

Türkiyə rəhbərliyi aşkar şəkildə göstərib ki, Ankara ilə Vaşinqton arasında əməkdaşlığın tam bərpası yalnız ABŞ-ın kürd terrorçularına dəstəyi dayandırması və onlara verdiyi silahları geri almasından sonra mümkündür. Yeri gəlmişkən, söhbət adi silah-sursatdan getmir. Vaşinqton iddia edir ki, silahları kürdlərə «İslam Dövləti»lə mübarizəni gücləndirmələri üçün verir. Lakin əgər «İslam Dövləti»nin aviasiyası yoxdursa, amerikalılara məxsus zenit-raket kompleksləri kürdlərin nəyinə gərəkdir?

Bu sualların cavabını bilən, güman ki, yalnız amerikalıların kürdləri dəstəkləməsini antitürkiyə əməli kimi qiymətləndirən Ankara deyil.

 

Moskva göz yaşlarına inanmır

Şübhəsiz ki, Rusiya Türkiyənin «Zeytun budağı» əməliyyatına başlamasına susmaqla razılıq verib. Ənənəvi olaraq kürd hərəkatına loyal münasibətilə tanınan Moskva bu dəfə onları dəstəkləməyi lazım bilməyib. Səbəb aydındır - Suriya kürdləri ABŞ maraqlarını təmin edən hərbi vasitə rolunda çıxış etməyə razılıq verib. Söhbət xüsusilə Suriya hökumət qoşunlarına müqavimətdən, prezident Bəşər Əsədin bütün ölkə ərazisində rəsmi Dəməşqin nəzarətini bərpa etmək cəhdlərinə imkan verilməməsindən gedir.

Türkiyənin ötən ilin aprelində YPG qüvvələrinin İraqın Sincar dağ rayonlarında və Suriyanın şimal-şərqində yerləşən Karaçok dağındakı mövqelərinə zərbələr endirməsindən sonra Rusiyanın Afrin şəhərilə Türkiyə sərhədi arasındakı bəzi rayonlara öz qüvvələrini yerləşdirdiyi məlumdur. Burada Moskvanın məqsədi Ankaranın kürdlərə qarşı həmləsinin qarşısını almaq, üstəlik, «İslam Dövləti» ilə mübarizədə onları dəstəkləmək idi. Türkiyə isə öz növbəsində, buna xüsusi müqavimət göstərməmişdi. Hər halda, o, Rusiya və İranla birlikdə Astana danışıqları ilə başlamış proses çərçivəsində suriyadaxili proseslərin qarantı kimi çıxış edirdi.

Lakin ABŞ-ın Suriyanın kürd təşkilatları ilə əməkdaşlığı genişləndirməsi Rusiyanı qərarını dəyişməyə vadar edib və bu, faktiki olaraq, onun türklərin Afrində əməliyyata başlamasına «hə» deməsilə nəticələnib. Rusiyalı ekspertlər Türkiyə Silahlı Qüvvələrinin sözügedən əməliyyata başlamasından az əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının, həmçinin Rusiya kəşfiyyatının rəhbərliyinin Ankaraya səfər etdiyini də xatırladır. Bundan, demək olar ki, dərhal sonra Rusiyanın hərbi hissələri Afrinə yaxın rayonlardan çıxarılıb. YPG komandirlərinin rusların guya kürdləri satdığı haqda danışmağa başlaması da təsadüf deyildi.

Lakin Moskva Türkiyə ordusunun Suriya kürdlərinə qarşı əməliyyatlara başlamasında əsas günahkarın ABŞ olduğuna da hər imkanda eyham vurur. Moskvada hesab edirlər ki, yalnız Türkiyənin deyil, həm də Rusiyanın maraqlarına zidd olaraq, amerikalılar Afrindəki həmin qüvvələri silahlandırmağa başlayıb.

Bütün bu yaşananlarla bağlı daha bir maraqlı məqam Rusiya HKQ ilə Suriya hökumət qüvvələrinin İdlib əyalətinin «İslam Dövləti» və «Cebhat ən-Nusra»dan tam azad olunması uğrunda apardığı döyüşlərlə bağlıdır. Yeri gəlmişkən, İdlib Suriyanın neft-qazla ən zəngin rayonlarındandır və Türkiyənin bundan əvvəl həyata keçirdiyi «Fərat qalxanı» əməliyyatı zamanı əsas döyüş mərkəzlərindən idi. Bu üzdən ekspertlər Moskva ilə Ankara arasında razılaşmanın olduğunu da istisna etmir: ruslar Afrindən çəkilib, əvəzində Türkiyə onların İdlibdə sərbəst hərəkət etməsinə imkan verib.

Faktiki olaraq, Suriya-kürd problemində Rusiya ilə Türkiyənin mövqelərinin üst-üstə düşməsi iki ölkə başçısı Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın telefon danışığı zamanı da təsdiqlənib. Rusiya prezidentinin saytında yer almış xəbərə görə, «hər iki tərəf böhranın həlli üçün birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb, problemin Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanması ilə çözülməsinin önəmini qeyd edib».

Türkiyənin apardığı əməliyyatın rəsmi Dəməşq və İran tərəfindən pislənməsinə gəlincə, real siyasətə əsaslansaq, bu, belə hallarda zəruri sayılan rəsmi ritorikadan başqa bir şey deyil. Səbəb kifayət qədər ciddidir - istər Dəməşq, istərsə də Tehran, təbii ki, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasında maraqlıdır. Demək, Türkiyənin Suriyanın şimalında kürd separatçılığına son qoymaq cəhdləri obyektiv olaraq, onların da maraqlarına cavab verir. Üstəlik, ərazisində yaşayan etnik azlıqlardan birinin də kürdlər olduğu elə həmin İranın təhlükəsizliyi üçün kürd separatizmi ciddi şəkildə hiss olunmasa da, Türkiyə üçün olduğu qədər real təhlükədir.

 

Açıq siqnal

Suriyanın ərazi bütövlüyünün qorunması və yerli kürd təşkilatlarının ona münasibəti kontekstində Soçidə yanvarın 29-30-da keçirilməsi nəzərdə tutulan Suriya Milli Dialoq Konqresinə hazırlıq kifayət qədər nümunəvi addımdır. Rusiya XİN-i toplantıya Suriya ictimaiyyətinin 1600-dək nümayəndəsini dəvət edib. Ankara isə lap əvvəldən konqresdə PYD və YPG təmsilçilərinin iştirakına imkan verməyəcəyini açıqlayıb. Türkiyə XİN-nin bununla bağlı açıqlamasında deyilir ki, «Türkiyənin razılığı olmadan heç bir qrup Soçi konqresinə qatıla bilməz. İştirakçıların siyahısı 3 ölkə - Rusiya, Türkiyə və İran - tərəfindən birlikdə təsdiqlənir».

Daha maraqlı olanı isə kürdlərin özlərinin də Soçiyə yollanmağa xüsusi maraq göstərməməsidir. Bunu yenə də kürd separatizmi kontekstində izah etmək olar. Çünki PYD və YPG təmsilçilərinin postmüharibə Suriyasının siyasi modelinin müəyyənləşdirilməsinə həsr olunacaq foruma qatılması onların bu ölkənin ərazi bütövlüyünü qəbul etməsi anlamına gələrdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, kürd təmsilçilərinin siyasi proseslərdəki rolu ümumi platformada təmin edilməli, Suriyanın bütün etnik, dini-siyasi qüvvələrinin ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət etməsinə əsaslanmalıdır.

Suriya münaqişəsinin siyasi həlli prosesindəki bütün tərəflər bu və ya digər səviyyədə anlayır ki, ölkədə sayı 2 milyondan artıq olan kürdlər Suriyanın gələcəyinin müəyyənləşməsində iştirak etməlidir. Bəs, kürd icmasının özü PYD və YPG təşkilatlarının nəzarətindən çıxmağa, vahid Suriya ictimaiyyəti və dövlətinin bir hissəsinə çevrilməyə razıdırmı? Bu sual hələ də açıq qalır. Bu mənada yenə də diqqətlər Afrinə yönəlir. PYD ilə YPG bu şəhərin rəsmi Dəməşqin nəzarətinə verilməsinə sonadək qarşı çıxıb və indi də qarşıdır. Amerikalıların kürdlərə öz dövlətlərini yarada biləcəklərinə dair verdiyi ümidin nəticələrindən biri də budur.

Beləliklə, Qərbin əsas niyyəti Suriya və İraqın müəyyən rayonlarında onun maraqlarını təmin edəcək marionet dövlətlərin yaradılmasıdır. Hələ də dövlətçiliyini, ərazi bütövlüyünü qorumaq uğrunda savaşan bu dövlətlərdə Qərbin bu planını gerçəkləşdirməsinə isə Türkiyə mane olmağa başlayıb. Ankara bu planları öz milli maraqlarına zidd hesab edir. «Zeytun budağı» əməliyyatı da bu üzdən başlayıb və Türkiyə prezidenti Ərdoğanın dediyi kimi, o, Ankaranın terrorçuluqla mübarizə əzmilə barışmaq istəməyən hər kəsə «açıq siqnal»dır.



MƏSLƏHƏT GÖR:

419