26 Aprel 2024

Cümə, 22:20

SƏNAYE KOMPONENTİ

Azərbaycan qeyri-neft sənayesinin inkişafına milyardlarla dollar sərmayə cəlb etməyə davam edir

Müəllif:

15.02.2018

Son bir neçə il ərzində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun, ilk növbədə, onun sənaye komponentinin genişləndirilməsi strategiyasının gerçəkləşdirilməsində böyük uğurlar əldə edib. Postneft islahatları çərçivəsində həyata keçirilən strategiya əsasən texnoparklarda, sənaye məhəllələrində və xüsusi iqtisadi zonalarda (XİZ) yerləşən, yerli xammal əsasında xarici bazarlara istiqamətlənmiş rəqabətqabiliyyətli məhsullar istehsal edə biləcək effektiv sənaye klasterlərinin formalaşmasına yönəlib.

«Son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılmışdır. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək», - deyə Azərbaycan Prezidenti bu günlərdə YAP-ın VI qurultayındakı çıxışında bildirib.

 

Hiss edilən nəticə

Prezidentin sözlərinə görə, bu siyasət artıq nəticələrini verməkdədir, ötən ilin iqtisadi göstəriciləri, xüsusilə də qeyri-neft sənayesinin 3,7% artım göstərməsi bunun sübutudur. Bu müsbət tendensiya yanvar ayında sadəcə güclənib: Azərbaycanda ÜDM-in 2%, qeyri-neft iqtisadiyyatı, demək olar ki, 4%, qeyri-neft sektorunda sənaye istehsalı 8,7% artıb.

2017-ci il üçün sənayenin qeyri-neft sektorunun inkişaf göstəriciləri göstərir ki, ən yüksək inkişaf tempi əczaçılıq seqmenti tərəfindən təmin edilib - burada 2,5 dəfə artım müşahidə edilib. Rezin və plastik kütlə məmulatlarının istehsalında 71,7%, tikinti materialları istehsalında isə 46,6% artım qeydə alınıb. Toxuculuq sənayesində artım templəri 44,7%-ə, maşın və avadanlıqların istehsalında 42,9% , ağac emalı sektorunda 34.7%,

 elektrik avadanlıqlarının istehsalında 34,6%, kompüter və elektron məhsulları istehsalında 25,5% artım olub. Kimya məhsulları, mebel, nəqliyyat vasitələri, geyim, içkilər, tütün məmulatları, ərzaq, kağız və karton istehsalında da əhəmiyyətli artım müşahidə edilib.

Göstərilən rəqəmlər təsdiq edir ki, sənayeləşmə strategiyası özünü doğruldur və sənaye sektorunda son illərdə həyata keçirilən kapitallaşdırılma hiss edilən nəticələr verir. Son illərdə formalaşmış sənaye potensialı necə görünür və Azərbaycanın sənaye inkişafının yaxın gələcək üzrə perspektivləri nədən ibarətdir?

Enerji böhranından əvvəlki dövrdə olduğu kimi əsas trend istehsal obyektlərinin müxtəlif tip sənaye klasterlərinə konsentrasiyası siyasəti olaraq qalır. Son illərdə bu klasterlər klassik sənaye xüsusi iqtisadi zonalarının (XİZ) analoqları rolunu oynayıblar: buraya maliyyə və tarif güzəştləri, istehsal sahələrinin güzəştli icarəsi və bir sıra digər imtiyazlar hesabına tədricən yerli və qismən də xarici sərmayə cəlb edilir, ölkənin yeni sənaye nüvəsinin qurulmasına imkan yaradılır.  

Xüsusilə də sənaye parkları fəal inkişaf edir, oraya tam istehsal dövriyyəsinə və yüksək ixrac potensialına malik böyük sənaye müəssisələri yerləşdirilir. Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu günə qədər sənaye parklarının rezidentləri bütövlükdə Azərbaycanda layihələrin gerçəkləşdirilməsinə 2,5 mlrd. $ sərmayə yatırıblar və

Təxminən, 11 min yeni daimi iş yeri açıblar. Növbəti mərhələdə sənaye parklarına daha 1,1 milyard dollar sərmayə cəlb etmək planlaşdırılır ki, bu da 7,5 min daimi iş yerininin açılması deməkdir.

 

Kimyanın lokallaşdırılması  

Geniş imtiyazlar və dövlətin hesabına inkişaf edən infrastruktur sənaye parklarını Azərbaycanın sənaye inkişafı lokomotivinə çevirib. Misal kimi, Sumqayıt Kimya Sənaye Parkını (SKSP) göstərmək olar, ötən ilin sonundan orada bir neçə iri müəssisənin bünövrəsi qoyulub. Onlardan biri SKSP-nin rezidenti olan «AzerFloat» ASC-nin yaratdığı şüşə istehsalı zavodu olacaq: alman texnologiyası ilə yaradılan müəssisənin istehsal gücü 8 milyon kvadratmetr olacaq ki, Azərbaycanın tikinti sektorunda buna böyük tələbat var (daxili tələbat ildə, təxminən, 80 milyon $ təşkil edir). Həmçinin zavodun məhsulları Rusiya, Gürcüstan və Mərkəzi Asiya ölkələrinə ixrac ediləcək. Sənaye parkının ərazisində boyanmış yun ipliyinin istehsalı üçün zavodun da inşasına başlanıb.

SKSP-də keçən ilin sonunda illik gücü 20 min ton olan pestisid zavodunun tikintisinin birinci mərhələsi başa çatıb. Müəssisə «Gilan» sənaye qrupuna daxil olan «Aqrokimya Azərbaycan» şirkəti tərəfindən inşa edilir. "SKSP-nin digər yeni rezidenti «Labdisc Azerbaijan» şirkəti məktəb laboratoriyaları üçün xüsusi avadanlıqlar, tədris qurğuları, elektron cihazlar və digər ləvazimatların istehsalına başlamağı planlaşdırır", - deyə Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov yaxınlarda bildirib.

Lakin SKSP-nin inkişafının ən mühüm məqamı cari ildə gözlənilən ki, bu, parkın ən böyük rezidentlərinin - «SOCAR Polymer» və SOCAR karbamid zavodunun müəssisələrinin istifadəyə verilməsi olacaq. «SOCAR Polymer»in layihəsinin ümumi dəyəri 750 milyon dolları ötür, 2018-ci ilin birinci rübündə layihə çərçivəsində polipropilen zavodunun istismara verilməsi planlaşdırılır, üçüncü rübdə isə polietilen zavodu açılacaq. Birinci mərhələdə müəssisələrin istehsal gücü 120 min ton polietilen və 180 min ton polipropilen olacaq, 2021-ci ilə qədər isə ümumi gücün 570 min ton çatdırılması düşünülür. Zavodların məhsullarının, təxminən, dörddə üçü Türkiyəyə, Avropaya və MDB ölkələrinə ixrac ediləcək. İlkin hesablamalara görə, iki zavodun toplam ixrac gəlirləri 8 milyard dollar səviyyəsində gözlənilir.

Bu ilin ortalarında Sumqayıt texnoparkında SOCAR karbamid zavodu işə başlayacaq: bu layihə çərçivəsində sərmayələr, təxminən, 700 milyon dollar təşkil edib və zavoda ildə, təxminən, 650 min ton məhsul istehsalı nəzərdə tutulur. Xarici bazarlarda tələbatın çox olduğu azot gübrəsi məhsulunun üçdə ikisinin ixracı qarşılığında Azərbaycan 2019-cu ildən 140 milyon $-dan artıq illik gəlir əldə edəcək.  

Ümumilikdə, Azərbaycanın sənaye parklarında çalışan 25 rezident şirkətin yarıdan çoxu SKSP-də qeydiyyata alınıb. Kimya parkı ərazisində olan zavodlara yatırılmış sərmayələrin ümumi həcmi 1,8 milyard dollar təşkil edib. Tikintisi aparılan və planlaşdırılan sənaye müəssisələri nəzərə alınarsa, yaxın illərdə bu, 2,7 milyard $-a qədər artacaq. SKSP ərazisində 40-dək müxtəlif sənaye müəssisəsini lokallaşdırılması planlaşdırılır.

 

Yeni sənaye məhəllələri

Buna bənzər effekt sənaye məhəllələrinin inkişafı ilə təmin edilməlidir.  Orada fəaliyyəti əsasən daxili bazara istiqamətlənmiş kiçik və orta müəssisə (KOM) subyektlərinin istehsal və xidmət strukturları yerləşdirilir. Sənaye məhəllələrinin fəaliyyət spektri yetərincə genişdir - az miqdarda tikinti materiallarının, mebel, geyim, ayaqqabı və digər istehlak mallarının istehsalından tutmuş, sənaye tipli nisbətən irimiqyaslı müəssisələrə qədər davam edir. Xüsusilə Neftçala sənaye məhəlləsində Azərbaycan - İran birgə müəssisəsi «Azermash-Iran Khodro» bu ilin mart ayından səkkiz modeldə minik avtomobilinin seriya yığımını təşkil edəcək. Zavodun layihə gücü ildə 10 min avtomobildir, lakin birinci mərhələdə - 2019-cu ilin sonuna qədər 6 min avtomobil istehsal etmək planlaşdırılır. Daha sonra avtomobillər üçün yığma hissələrinin əksəriyyətinin Azərbaycanda istehsalı təşkil olunacaq ki, bu da istehsal xərclərinin azaldılmasına və istehsal həcmlərinin artmasına səbəb olacaq.

"Azərbaycan hökuməti sənaye məhəllələrinin infrastrukturunun formalaşması üçün dövlət vəsaitlərini yarıtmağı davam etdirməyə hazırdır. Zaman keçdikcə belə obyektlər tədricən Azərbaycanın bir çox rayonlarında yaradılacaq. Xüsusilə də 2018-ci ildə Hacıqabulda və Sabirabadda daha iki sənaye məhəlləsinin yaradılması üzrə işə başlanılacaq", - deyə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Belə ki, Hacıqabul sənaye məhəlləsinin gələcək rezidentləri altı layihə üzrə 43 mln. manat məbləğində sərmayə müraciəti təqdim ediblər (məhəllənin tikintisinin bu ilin iyul ayında başa çatacağı güman edilir). Bu layihələr çərçivəsində sahəsi 20 hektar olacaq sənaye məhəlləsində ağır maşınqayırma, vaqonqayırma, avtomobil nəqliyyatı vasitələrinin və kompozit materialların istehsalı üzrə müəssisələrin yerləşdirməsi planlaşdırılır. Burada həmçinin yun tədarükü, pambıq təmizləmə, taxta və plastik məmulatların, tikinti materiallarının istehsalı müəssisələri, həmçinin kənd təsərrüfatı məhsullarının emalı müəssisələri də yerləşdiriləcək. Sənaye məhəlləsinin ərazisində logistika mərkəzi də fəaliyyət göstərəcək. Hacıqabul sənaye məhəlləsində istehsal olunan məhsullar daxili bazarlara satılmaqla yanaşı, MDB ölkələrinə, Afrika və Yaxın Şərqə ixrac olunacaq.

 

İxrac üçün tütün

Sənaye potensialının daha bir perspektivli seqmenti tütün istehsalıdır - bu sahədə hələdə idxaldan çox yüksək asılılıq müşahidə edilir: hər il xaricdən 160 milyon $-dan artıq tütün məhsulu alınır. İdxalın əvəzlənməsini təmin etmək üçün artıq yeni siqaret zavodunun tikintisinə başlanılıb.

Lakin Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadənin sözlərinə, Azərbaycanda hər hektar başına tütün üçün xərclər qonşu ölkələrlə müqayisədə yüksəkdir. "Tütünün hər hektarına düşən xərcləri azaltmaq lazımdır. Bizdə bu xərclər 2300 manatı keçir, qonşu Türkiyədə isə bu məbləğ 800 dollardır. Azərbaycanda tütünün maya dəyəri bəzən anormal qiymətlərə qalxır ", - deyə Nəbizadə korporasiyanın iclasında bildirib.

Öz növbəsində "Intertobacco" QSC-nin direktoru Fazil Rüstəmov tütünün yüksək qiymətinin səbəblərini açıqlayıb. "Digər sahələrdən fərqli olaraq, tütün istehsalında əl əməyindən geniş istifadə olunur, bu da məhsulun yüksək qiymətinin əsas səbəbidir. Xərcləri azaltmaq üçün işlərin bir hissəsini mexanikləşdirmək lazımdır və biz bu istiqamətdə işlər görürük", - deyə F.Rüstəmov vurğulayıb.

K.Nəbizadə həm də göstərib ki, yerli tütünün aşağı keyfiyyətli olması da onun

yekun qiymətinə və ixrac həcmlərinə mənfi təsir göstərir. "Biz bu problemin həll olunması üçün lazım gələn hər şeyi etməliyik ki, gələcəkdə qarşımızda durmasın. Bu, bütövlükdə bütün sahəyə mənfi təsir göstərir və inkişafına mane olur. İşimizdə bunu nəzərə almalıyıq ", - deyə o vurğulayıb.

 

Perspektivli istiqamətlər

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının üçüncü mərhələsinin icrasına dair bu ilin yanvar ayının sonunda keçirilən konfrans zamanı dövlət başçısı qeyri-neft sənayesinin inkişaf perspektivlərini müəyyən edib. Prezident İlham Əliyev, xüsusilə də tikiş və toxuculuq istehsalının genişləndirilməsinə sərmayə qoyuluşlarının zəruriliyini vurğulayıb: daxili tələbat burada olduqca tutumludur - xaricdən il ərzində, təxminən, 100 milyon $ müvafiq məhsul idxal olunur.

Sənaye əsaslı xalça toxuculuğunun inkişafı da çox perspektivlidir və bu məqsədlə ölkədə "Azərxalça" İstehsalat Birliyi yaradılıb. Xalçaçılıq sənayesinin ixrac potensialı, dövlət başçısının sözlərinə görə, olduqca yüksəkdir və cari ilin sonuna ölkədə 10 yeni xalçaçılıq fabriki açılacaq. Beləliklə, onların ümumi sayı 20-yə çatacaq, 2019-cu ilin sonuna qədər isə ümumi say 30-a qədər artacaq.

Sənayenin bu seqmentində "Şəki İpək" ASC-nin məhsullarının ixracını da inkişaf etdirmək mümkündür. ASC-nin idarə heyətinin sədri Nizami Qəribovun sözlərinə görə, zavodun məhsullarını Avropa bazarlarına çıxarmaq üçün avadanlıqlar müasirləşdiriləcək və istehsal edilən məhsulların çeşidi genişləndiriləcək. Belə ki, ASC-nin istehsal güclərində ipək parçalar istehsalı ilə yanaşı, yun emalını da təşkil etmək planlaşdırılır. Rusiya Federasiyasının qonşu Dağıstan regionunda buna tələbat çox yüksəkdir.  

Sənayedə bir başqa önəmli başlanğıc Gəncə şəhərindəki böyük alüminium zavodunun yenidənqurulması olacaq: bunda əsas məqsəd ilkin və son alüminium məhsullarının istehsalını təşkil etməkdir. Bu, bu sahənin rəqabət qabiliyyətini yüksəldəcək və ixrac potensialını artıracaq. Bundan əlavə, K.Nəbizadənin fikrincə, Gəncə alüminium zavodunun fəaliyyətinin bərpasına və Daşkəsən rayonunda alunit mədəninin işə salınmasına da böyük tələbat var.  

Zavodun modernləşdirilməsi alunit filizindən gil-torpaq (alüminium istehsalı üçün əsas xammal) və digər məhsulların alınmasına imkan verəcək, beləliklə xaricdən xammal idxalına ehtiyacı aradan qaldıracaq və bu, Azərbaycanda alüminium istehsalının maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaq.

Aydın oldu ki, Sənaye Korporasiyasının gündəliyində bir çox başqa iddialı layihələr də var. Ümumilikdə, K. Nəbizadənin sözlərinə görə, müasir texnologiyalardan istifadə etməklə onlarla müəssisənin fəaliyyətinin bərpası və yenidən qurulması planlaşdırılır.



MƏSLƏHƏT GÖR:

377