26 Aprel 2024

Cümə, 23:58

AŞKAR FAVORİT

«Sberbank Investment Research: «Əksəriyyət hazırkı Prezident İlham Əliyevi dəstəkləyir»

Müəllif:

15.02.2018

Azərbaycanda prezident seçkisi aprelin 11-nə təyin olunub. Bu haqda sərəncamı ölkə başçısı İlham Əliyev fevralın əvvəlində imzalayıb. Bu dəfə Azərbaycan Prezidenti əvvəlkitək 5 il yox, 7 il müddətinə seçiləcək. Bunu ölkə Konstitusiyasına 2016-cı ildə olunmuş dəyişiklik tələb edir. Bəs, ölkə seçkiyə hansı qüvvələr nisbətilə, hansı siyasi və iqtisadi vəziyyətlə və hansı ümidlərlə gedir?

Hələ seçki gününün elan olunmasından bir neçə gün əvvəl Rusiyanın «Sberbank Investment Research» təşkilatının açıqladığı xülasədə İlham Əliyevin 2018-ci ildə keçiriləcək prezident seçkisində qalib gələcəyi proqnozlaşdırılırdı. «Biz hər hansı siyasi risk müşahidə etmirik. Çünki əhalinin əksəriyyəti hazırkı Prezident İlham Əliyevi dəstəkləyir və ona real müxalifət yoxdur», - deyə təşkilatın «Azərbaycan: Bakıya qayıdış» adlı xülasəsində bildirilir.

Bundan bir az əvvəl isə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icraçı katibi Əli Əhmədov partiyanın prezidentliyə namizədinin hazırkı dövlət başçısı İlham Əliyev olacağını açıqlamışdı. Deyilən kimi də oldu. İlham Əliyevin sənədləri artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Artıq onun ilk rəqibləri də bəllidir. Müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyası təşkilatın sədri Mirmahmud Mirəlioğlunu prezidentliyə namizəd göstərib. Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası da öz sədrinin - Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüb. Daha sonra deputat Zahid Oruc, sosial-demokratların rəhbəri Araz Əlizadə də dövlət başçısı postu uğrunda mübarizə aparacaqlarını açıqlayıblar. Digər namizəd gənc müxalifətçi Tural Abbaslıdır. Namizədlərin sayı, yəqin ki, artacaq. Lakin namizədin qeydiyyata alınması üçün tələb olunan imzaları toplayaraq MSK-da qeydiyyatdan kimlərin keçə biləcəyini zaman göstərəcək. «Namizədlər gəlirləri, mülkləri və bir çox digər məsələlərə dair hesabat da verməlidirlər. İstənilən pozuntu namizədin qeydiyyata alınmasından imtina olunması üçün səbəb sayıla bilər», - deyə MSK üzvü Fuad Cavadov «Mir» telekanalına açıqlamasında bildirib.

Təsdiqlənmiş namizədlərin sənədlərinin qəbulu fevralın 20-də başlayacaq, seçkiqabağı təbliğata isə martın 19-da start veriləcək. Azərbaycan prezidenti postuna ölkə ərazisində ən azı 10 il daimi yaşamış şəxs seçilə bilər. Eyni zamanda namizədin seçki hüququ olmalı, ağır cinayətlərlə bağlı müttəhimliyi olmamalıdır.

Bu kontekstdə seçki günü elan olunar-olunmaz, xaricdə yaşayan, Azərbaycanda konkret qanunsuz əməllərdə ittiham olunan keçmiş məmurların təşvişə düşməsi təəccüblü deyil. Əvvəllər prezidentliyə iddialarını ortaya qoymuş Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyev, keçmiş deputat Hüseyn Abdullayev və sabiq səfir Arif Məmmədov hakimiyyətin ünvanına müxtəlif tənqidlər səsləndirir, gah hər kəsi seçkini boykot etməyə çağırır, gah da səsvermənin nəticələrini tanımayacaqlarını deyirlər. Maraqlıdır ki, bu «iddialı siyasətçilər» heç bir-birlərini də qəbul etmirlər. R.Quliyev ilə H.Abdullayev arasında bu yaxınlarda baş vermiş «söz atışması» da bunu bir daha təsdiqləyib.

Ənənəvi müxalifətə gəlincə, faktiki olaraq yalnız Əli Kərimlinin yaxın ətrafından ibarət olan Milli Şura dərhal seçkini boykot etdiyini açıqlayıb. İlk olaraq lideri İsa Qəmbərin namizədliyini irəli sürmüş Müsavat Partiyası isə sonradan seçkidə iştirakdan imtina edib. Bu qərarı tamamilə təbii saymaq olar. Parçalanmış halda olan, son illər onsuz da zəif olan elektoratının bir hissəsini də itirmiş ənənəvi müxalifət İlham Əliyev ilə rəqabət aparmaq iqtidarında deyil. Görünür, müxalifət ölkədəki siyasi və iqtisadi sabitlik şəraitində yalnız siyasi populizmlə seçici səsi qazanmağın mümkün olmadığını, bunun növbəti iflasla nəticələnəcəyini anlayır.

Bu gün Azərbaycan seçicisini inqilabi romantizmlə aldatmaq mümkün deyil. İnformasiya texnologiyaları erasında ölkələrin seçimi praqmatik qiymətləndirmələrə əsaslanır. Bəs, bu qiymətləndirmə necədir? Ümumdünya İqtisadi Forumu yalnız ötən ilin yekunlarına görə, Azərbaycanı dünyada rəqabət qabiliyyətli ölkələr sırasında 35-ci yerə yüksəldib. Beynəlxalq reytinq agentlikləri isə ölkənin suveren kredit reytinqini yenidən «mənfi»dən «müsbət»ə dəyişib. Ekspertlər ölkənin dünyada neftin qiymətinin kəskin ucuzlaşması ilə laxlamış investisiya reytinqinin artıq gələn il bərpa olunacağını proqnozlaşdırır. Halbuki dünyada böhran başlayan zaman, neftin rekord həddə ucuzlaşdığı dövrlərdə skeptiklər az qala Azərbaycan iqtisadiyyatının sonunun gəldiyini deyirdi. «Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. İqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektoru 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb», - deyə İlham Əliyev hakim partiyanın qurultayındakı çıxışında bildirib. Yeri gəlmişkən, elə həmin qurultayın yekununda partiya İlham Əliyevi prezidentliyə namizəd göstərib.

Prezident çıxışında bütün iqtisadi göstəriciləri sadalamağa lüzum görməyib. Çünki o, mütəmadi olaraq xalq qarşısında hesabat verir. Bu göstəricilər gündəlik həyatda da özünü göstərir. Elə siyasi sabitlik və siyasi kursun ardıcıllığı kimi. Azərbaycan seçiciləri bunu çox yüksək qiymətləndirir.

Yeri gəlmişkən, Azərbaycan seçicisinin fikrinə ordunun vəziyyəti də ciddi təsir göstərir. Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində ermənilərin cəbhə xəttindəki təxribatına cavabını prezidentliyə namizəd İlham Əliyevin aktivinə yazmaq olar. Bu, ölkənin hərbi gücünün nümayişi idi. Bu, sülh danışıqlarının iflasa uğrayacağı təqdirdə, ordunun ölkənin ərazi bütövlüyünü bərpa edə biləcəyinə ümid yaradır.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev hesab edir ki, Azərbaycan prezidentinin uğurlu daxili və xarici siyasəti, şübhəsiz ki, seçkiqabağı aparılan icitimai rəy sorğularının əsasını təşkil edir. Sorğular hazırkı prezidentin seçicilərin əksəriyyətinin səsinə iddia edə biləcəyini göstərir.

«Bu günün Azərbaycanı ilə 1990-2000-ci illərin Azərbaycanı iki fərqli ölkədir. Ölkə faktiki olaraq, açıq səma altında muzeyə çevrilib. Ölkə iqtisadiyyatı sabit inkişaf mərhələsindədir. Üstəlik, əvvəllər bu işdə əsas qüvvə neft idisə, bu gün Azərbaycan özünün turizm, nəqliyyat-logistika potensialını artırır, həmçinin digər sahələrin inkişafı ilə iqtisadiyyatını tədricən şaxələndirir. Bu işdə mövcud hökumətin xidmətini qeyd etməmək olmaz», - deyə Karavayev «Trend» agentliyinə açıqlamasında bildirib.

Onun fikrincə, Azərbaycan hökumətinin önəmli nailiyyətlərindən biri istər ölkə daxilində, istərsə də region kontekstindəki siyasi sabitlik və təhlükəsizlikdir. Karavayev bildirib ki, İlham Əliyevin müsbət imicinin formalaşmasında xalq arasında böyük populyarlığa malik ailəsinin rolu da böyükdür.

«Azərbaycan xalqı ölkənin birinci xanımı Mehriban Əliyevanı sevir. O, ölkədə ictimai fəaliyyətilə məşhurdur. Eyni simpatiya Leyla Əliyevaya və prezident ailəsinin digər üzvlərinə də bəslənir. Bu mənada, Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevə sevgi və hörmətini də unutmaq olmaz. İlham Əliyev bu gün məhz onun siyasətini uğurla davam etdirir», - deyə Karavayev qeyd edib.

Onun bu fikirlərilə əksər yerli və xarici analitiklər də razıdır. Amma təbii ki, tənqid və qərəzli yanaşmalar da var - Azərbaycanda seçkiqabağı ehtiras hələ yeni coşur.

Bu arada Bakı artıq ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunu (DİİHB) prezident seçkisini müşahidə etməyə çağırıb. Bunu APA-ya ATƏT DİİHB-nin mətbuat xidmətindən bildiriblər. Məlumata görə, hazırda missiyanın formalaşdırılması üzərində iş gedir.

İstənilən halda, artıq yarışın aşkar favoritinin hazırkı Prezident İlham Əliyev olduğu aydın şəkildə görünür. Amma istənilən halda, bu məsələdə son sözü aprelin 11-də Azərbaycan seçicisi deyəcək.



MƏSLƏHƏT GÖR:

412