26 Aprel 2024

Cümə, 04:28

PXENÇXAN YAXINLAŞMASI

Uzun illər sonra Cənubi və Şimali Koreyanın ali nümayəndələri ilk dəfə hədələri bir kənara qoyaraq, bir-birinin əlini sıxıb

Müəllif:

01.03.2018

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən böyük idman bayramı - Qış Olimpiya Oyunları uğurla başa çatıb. Bu yarışın nailiyyətləri arasında yalnız idman uğurları deyil, sözün əsl mənasında olimpiya ruhunun zəfər çalması, daha konkret desək, iki Koreyanın yaxınlaşması da var. Bəs, Koreya yarımadasının iki hissəsi - kommunizmin hökm sürdüyü Şimalla (Koreya Xalq Demokratik Respublikası) kapitalist Cənub (Koreya Respublikası) arasında Olimpiadanın gedişində müşahidə olunan yaxınlaşma nə qədər uzun sürəcək? Pxençxan oyunlarının özündən sonraya buraxdığı əsas intriqa məhz budur.

Məlum olduğu kimi, ötən il ərzində Koreya yarımadasında gərginlik hər keçən gün daha da artırdı. ABŞ ilə Cənubi Koreyanın tarixin ən miqyaslı birgə hərbi təlimini keçirməsi və Pxenyanın təkmilləşdirdiyi qitələrarası ballistik raketi sınaqdan keçirməsi isə bu gərginliyin piki olmuşdu. KXDR-in nüvə proqramı ətrafında vəziyyətin qəlizləşməsilə, Şimalla Cənub arasında qarşıdurma daha da dərinləşmişdi. Üstəlik, Vaşinqton Pxenyanın «atom istiqamətində» irəliləməsini istənilən yolla əngəlləyəcəyini açıq şəkildə bəyan edirdi.

Lakin 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində Seulla Pxenyan arasında yaxınlaşma müşahidə olunmağa başlayıb. Cənubi Koreya prezidenti Mun Çje İn ABŞ-a növbəti birgə təlimlərin olimpiadadan sonraya təxirə salınmasını belə təklif edib. KXDR lideri Kim Çen In isə bu təşəbbüsü yüksək qiymətləndirib və Yeni il müraciətində Seulla münasibətlərin yaxşılaşdırılmasının vacibliyini bəyan edib. Artıq yanvarın 3-də Seul ilə Pxenyan həmsərhəd Pxanmuncom kəndində xüsusi rabitə xəttini bərpa edib, yanvarın 9-da isə Cənubi Koreyanın milli birlik işləri üzrə naziri Ço Myon Qyun ilə Şimali Koreyanın Dinc Yolla Birləşmə Komitəsinin rəhbəri Ri Son Qvon arasında danışıqlar olub. Bunun ardınca tərəflər yüksək səviyyədə danışıqlara hazır olduqlarını bəyan edib. KXDR isə Pxençxanda keçirilən Olimpiadaya hökumət nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirib. Nəticədə, həqiqətən də, Şimali Koreyanın nümayəndə heyəti dördilliyin idman bayramının keçirildiyi şəhərə təşrif buyurub. Ona Ali Xalq Şurası Rəyasət Heyətinin sədri Kim Yon Nam başçılıq edirdi. Nümayəndə heyətində Şimali Koreya liderinin bacısı Kim Yo Çjon da yer alırdı.

Yaxınlaşmanın rəmzi jesti isə Olimpiya Oyunlarının açılış mərasimində nümayiş olunub. Cənubi Koreya və KXDR milliləri səhnəyə Birlik bayrağı altında vahid komanda kimi çıxıblar. Bundan başqa, qadınlardan ibarət hokkey turnirində iki Koreyanın birləşmiş millisi çıxış edib. Kim Çen Inın bacısı Kim Yo Çjon isə «Olimpiya təbəssümləri diplomatiya»sında iştirak edib. Söhbət qadınlardan ibarət birləşmiş hokkey yığması ilə Şimali Koreyadan olan qızların dəstək qrupunun birgə təşkil etdiyi tədbirdən gedir.

Olimpiya sürprizləri özünü siyasi əlaqələrdə də göstərib. Kim Yo Çjon Koreya Respublikası prezidenti Mun Çje İnə KXDR liderinin Pxenyana dəvətini çatdırıb. Olimpiadanın sonuna yaxın isə Cənubi Koreya Silahlı Qüvvələrinin komandanlığı əlamətdar sayıla biləcək qərar qəbul edib. Qərara əsasən, KXDR-ə qarşı yönəlmiş təbliğat yayımları və Kim Çen Ina ünvanlanmış tənqidlər dayandırılır.

Bütün bu qarşılıqlı addımlar ekspertlərin müşahidə olunan yaxınlaşmanın səbəblərilə bağlı ən müxtəlif versiyalar səsləndirməsinə yol açıb. Versiyaların, demək olar ki, hamısında bunun həm Pxenyana, həm də Seula sərf etdiyi vurğulanır.

Cənubi Koreya üçün Olimpiadanın keçirildiyi müddətdə regionda təhlükəsiz iqlimi təmin etmək, gərginliyi aradan qaldırmaq son dərəcə vacib idi. Pxenyan üçün isə KXDR-ə qarşı yaranmış Vaşinqton-Seul-Tokio koalisiyasının nisbətən də olsa zəiflədilməsi baxımından bu nadir imkandan yararlanmaq böyük əhəmiyyət daşıyırdı.

Bütün bunlarla yanaşı, istər Şimal, istərsə də Cənub tərəfindən belə praqmatik yanaşma onların bütün dünyaya sülh danışıqlarının aparılmasına, dostcasına dialoq qurmağa hazır olduqlarının nümayişidir. Bəs, kifayət qədər müsbət sayılacaq bu məqam Koreya xalqının birləşməsi perspektivinin yaxınlaşmasına kifayət edəcəkmi? Hər halda, koreyalılar üçün son dərəcə böyük olan bu hədəfə aparan yolda maneələr kifayət qədər çoxdur. Bu maneələr özünü cənublularla şimallıların Olimpiya alovunun işığında eyforiya yaşadıqları günlərdə belə göstərib.

 

Ziddiyyətli məqamlar

ABŞ-ın Olimpiadanı izləyənlər arasında olan vitse-prezidenti Mayk Pensin ölkəsinin Şimali Koreyaya yeni sanksiyalar tətbiq etmək niyyətini açıqlaması Pxençxan tamaşasının izləyicilərinin «göydən yerə enməsi»nə səbəb olub. Pensin sözlərinə görə, «nə qədər ki, Pxenyan denuklearizasiya istiqamətində bizim ciddi sayacağımız addımlar atmayacaq, Şimali Koreyaya təzyiqlər maksimum artırılacaq».

Olimpiadanın başa çatmasına 2 gün qalmış isə ABŞ prezidenti Donald Tramp Pensin haqqında danışdığı sanksiyaların qəbul edildiyini açıqlayıb. Söhbət KXDR-ə qarşı məhdudiyyətlərin tətbiqi tarixinin ən miqyaslı sanksiyalarından gedir. Bununla, Şimali Koreyanın nüvə proqramının inkişafı və silahlı qüvvələrinin dəstəklənməsi üçün istifadə etdiyi valyuta və yanacaq mənbələri kəskin şəkildə məhdudlaşdırılacaq. Bundan başqa, Birləşmiş Ştatlar sanksiyaya məruz qalmış bütün ölkələrin Şimali Koreya ilə dəniz əlaqələrinə nəzarəti gücləndirir. Bunun üçün Şimali Koreya yaxınlığında Amerika Silahlı Qüvvələrinin 5 növündən biri olan sərhəd mühafizəçilərinin peyda olacağı da deyilir.

Beləliklə, Vaşinqton Şimali Koreyanın nüvə silahı əldə etməsinə imkan verməməkdə israrlı olduğunu göstərir. Çünki Pxenyanın bu silahı ABŞ-dək gedəb çata bilər. Lakin Amerikanın KXDR-ə qarşı yeni addımları Pxençxan Olimpiadasının yaratdığı yaxınlaşmaya zərbə vura bilər. Pxenyan hələ ötən ilin sonunda bildirirdi ki, ABŞ yaxın müttəfiqləri tərəfindən dəniz blokadası KXDR tərəfindən açıq müharibə elanı kimi qiymətləndiriləcək. Şimali Koreya bu halda cavab tədbirləri görəcəyini də gizlətmirdi. Demək, ABŞ-ın KXDR-i dəniz blokadasına salması regionda onsuz da son dərəcə gərgin olan vəziyyətin «partlaması» ilə nəticələnə bilər.

Beləliklə, Amerikanın sanksiyaları sərtləşdirdiyi indiki şəraitdə Vaşinqton-Pxenyan münasibətlərində gərginliyin daha da artacağı istisna deyil. Hər halda, KXDR-in Xarici İşlər Nazirliyi məsələyə dair xüsusi bəyanatla çıxış edib: «İki Koreya əməkdaşlıq edir və Olimpiada kifayət qədər uğurlu alınıb. Lakin ABŞ Olimpiadanın bağlanış mərasimi ərəfəsində KXDR-ə yeni və miqyaslı sanksiyaların tətbiqi ilə Koreya yarımadasında müharibə təhlükəsi yaradır».

Daha bir təhlükəli amil ABŞ ilə Cənubi Koreyanın birgə hərbi təlimləridir. Seul onun təxirə salınmasına nail olsa da, təlimlərin təşkili Vaşinqton-Seul strateji müttəfiqliyinin gündəmindən çıxarılmayıb. Pxenyanın buna necə reaksiya verəcəyini təsəvvür etmək çətin deyil. Bu isə Pxençxan yaxınlaşmasının uzun çəkəcəyinə şübhə yaradan daha bir ciddi səbəbdir.

Bu arada Şimali Koreya KİV-də də Seulla birgə hərbi təlimlər planlaşdıran ABŞ-ın ünvanına sərt tənqidlər yer almaqdadır. KİV bildirir ki, «bununla Vaşinqton Olimpiya alovu sönər-sönməz, iki Koreya arasında müşahidə olunan yaxınlaşmanı pozmaq niyyətindədir».

Şübhəsiz ki, Şimali Koreya problemi dünya birliyi üçün ciddi problem olaraq qalır. Çünki Pxenyan nüvə proqramından nəinki imtina etmir, üstəlik, onu məqsədli şəkildə təkmilləşdirir.

Pxenyana göstərilən beynəlxalq təzyiqlərdə Yaponiyanın rolu da maraqlıdır. Tokio birmənalı olaraq, Şimali Koreyadan güzəştlər tələb edir. Yaponiyanın baş naziri Sindzo Abe aşkar şəkildə KXDR ilə razılığa gəlmək siyasəti yürüdən Cənubi Koreya prezidenti Mun Çje İnin təşəbbüslərinin əleyhdarı kimi də tanınır. ABŞ prezidentinin Pxenyanla bağlı son sərt bəyanatlarının Sindzo Abe ilə danışıqlardan sonraya təsadüf etməsi də müşahidəçilərin diqqətindən yayınmayıb. Məlum olduğu kimi, Donald Tramp da Şimali Koreyaya qarşı sərt siyasətin tərəfdarıdır.

Ümumilikdə, nəhəng fövqəldövlətlərin məsələ ilə bağlı mövqeyi Koreya yarımadasında hadisələrin inkişafına öz təsirini göstərməkdədir. Rusiya ilə Çin Pxenyanın nüvə proqramı ilə bağlı problemin həllinə daha çevik yanaşılmasını təklif edir. Amerikanın bu ölkəyə sanksiyaları sərtləşdirməsi fonunda Rusiya Birləşmiş Ştatların KXDR üzrə xüsusi nümayəndəsi Cozef Yunu məsləhətləşmək və ümumiyyətlə, bu məsələ ilə bağlı Rusiya-Amerika dialoqunun fəallaşdırılması perspektivini müzakirə etmək üçün Moskvaya dəvət edib.

Çin isə Vaşinqtonun son addımlarından narazılığını gizlətmir. Pekin, xüsusilə ABŞ-ın KXDR-i dəniz blokadasına salmaq qərarından narazıdır. Çində hesab edirlər ki, belə addımlar yalnız BMT-nin müvafiq qərarları əsasında atıla bilər.

Bütün bunlarla yanaşı, şübhəsiz ki, Koreya yarımadasında gərginliyin azalacağına, Şimali və Cənubi Koreyalar arasında münasibətlərin ən azı nisbətən yaxşılaşacağına ümidlər var. Eyni zamanda Pxenyanla Vaşinqton arasında da gərginliyin azalacağını istisna etmək olmaz.

Maraqlıdır ki, Olimpiya Oyunlarının başa çatmasından dərhal sonra Cənubi Koreya prezidenti şimallıların ABŞ ilə danışıqlara hazır olduğunu bəyan edib. Görünən odur ki, rəsmi Seul prezidenti Mun Çje İnin KXDR-in Olimpiadanın bağlanış mərasimində iştirak etmiş təmsilçilərilə danışıqlarından sonra məhz bu qənaətə gəlib. Donald Tramp da KXDR ilə danışıqlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, «danışıqlar üçün uyğun şərtlər olarsa», bu, mümkündür.

Lakin əsas münaqişə tərəfləri arasında ziddiyyətlər (bir tərəfdən Pxenyanla Seul arasında ideoloji və siyasi ziddiyyətlər, digər yandan ABŞ ilə Şimali Koreya arasında strateji maraqların toqquşması) o qədər dərindir ki, hələlik barışıq perspektivi haqda danışmaq tez olardı. Bəlkə, Olimpiya alovu möcüzə yaradacaq? Şübhəsiz ki, istər şimalda, istərsə də cənubda yaşayan koreyalılar məhz bu möcüzəni - sülh, razılaşma və birləşmə - gözləyir. Bu, Pxençxan Olimpiadasının keçirildiyi günlərdə özünü aydın şəkildə göstərib.



MƏSLƏHƏT GÖR:

425