2 May 2024

Cümə axşamı, 02:09

MÜƏLLİM, JURNALİST, XEYRİYYƏÇİ

Şəfiqə Əfəndizadə öz həyatını XX əsrin əvvəlində qadın hüquqları və qızların maarifləndirilməsi üzrə çətin mübarizəyə həsr edib

Müəllif:

01.04.2018

Şəfiqə Əfəndizadə Cənubi Qafqazda ilk qadın Azərbaycan dili müəllim, həm də ilk azərbaycanlı jurnalist qadın və ilk publisist qadın olub. XX əsrin əvvəlində fəaliyyətə başlayan bu maarifçi qadın bir pedaqoq və bir jurnalist kimi qadınların milli şüurunun ​​gücləndirilməsi uğrunda, onların savadsızlığına, cəhalətə və ədalətsizliyə qarşı tam gücü ilə mübarizə aparıb. 

 

Müəllim

Şəfiqə Əfəndizadə 19 mart 1883-cü ildə Gürcüstanın Axısqa regionunda - Axalsixe qəzasının Azqur kəndində məşhur müəllim Məhəmməd Əmin Hafiz Şeyxzadənin ailəsində anadan olub. O, ibtidai təhsilini bacısı Səidə ilə birlikdə atasından alıb. Sonra Nuxa şəhərində atasının açdığı məktəbdə qızlara dərs keçməyə başlayır. Bu fəaliyyəti onun təhsil sahəsində ilk addımı hesab etmək olar. Şəfiqə Əfəndizadə müəllim kimi rəsmi fəaliyyətə isə Hacı Zeynalabdin Tağıyev tərəfindən qızlar üçün təsis edilmiş rus-müsəlman məktəbində 1901-ci ildə başlayıb. 

Məktəbin açılışı şəhər əhalisinin fanatik hissəsi tərəfindən birmənalı qarşılanmadı. Yalnız burada təhsil alan qızlar deyil, həm də müəllimlər də təhlükələr və təhqirlər qarşısında qaldı. Şəfiqə Əfəndizadə öz "Xatirələr"ində aşağıdakı səhnəni təsvir edir: «Fasilə zamanı şagirdlər dəhlizə çıxmışdı, həmin vaxt Kommunist (o zamankı Nikolayevsk) küçəsinin aşağısında böyük bir izdiham peyda oldu. İzdiham yaxınlaşdıqca zəncirvari yayılan səs-küy böyüdü, qulaqları batırmağa başladı. Şagirdləri həmin an saxlamaq mümkün olmadı. Onların hamısı istər-istəməz məktəb zalının pəncərələrinə qaçdı. Küçə insanlarla dolu idi. İzdiham mərkəzlə irəliləyirdi, onları izləyən şəhər sakinləri səki ilə gəlirdi… Qızların onları pəncərədən izləməsi bu fanatiklərin bəzilərinə təsir edirdi… Hansısa bir qızın başı pəncərədən görünən zaman onu daşa tuturdular, söyüşlər yağdırırdılar. Hər şey bir-birinə qarışmışdı - sınan pəncərələrdən düşən şüşə səsləri, qızlara qarşı söyüşlər, «Ya Hüseyn! Ya Hüseyn!» bağırtıları… 

Bununla kifayətlənməyən gənc adamlar məktəbin qapılarına tərəf qaçdılar, ayaq zərbələri ilə qapıları qırmağa çalışırdılar. O dövrdə məktəbimizin qapıçısı 40-50 yaşlı bir tatar idi. Küçədəki hay-küyü görən kimi o, tez bir şəkildə qapıları bağladı... Müəllimlərin qorxudan rəngi saralmışdı, titrəyirdilər, şagirdlər ağlayırdılar, var gücləri ilə qışqırırdılar. Həmin məqam baş verənlər haqqında haradansa eşitmiş Hacı bir mələk kimi yardıma gəlib çıxdı, çətin də olsa, şagirdləri sakitləşdirə bildi…

Bu, bir- iki dəfə yox, dəfələrlə təkrarlandı. Buna görə qızlar aylarla astanadan kənara çıxa bilmədilər, dustaq kimi yaşadılar...» 

1907-ci ildə peşəcə müəllim olan Ələddin Əfəndizadə ilə ailə qurduqdan sonra Şəfiqə xanım ilk övladı Adilin doğulması ilə müvəqqəti olaraq işdən ayrılıb. İkinci oğlu Fuadın doğulmasından sonra o, 1909-cu ildə Bakı Məktəb Komissiyasının sədrinə müraciət edərək tatar (Azərbaycan) dili müəllimi kimi işə götürülməyi xahiş edib. Komissiyanın iclasında onun xahişi müzakirə olunub və Şəfiqə Əfəndizadənin 1-ci rus-tatar qız məktəbinə Azərbaycan dili müəllimi təyin olunması qərara alınıb. 1911-ci ildə Şəfiqə xanımın xahişi ilə onu 2-ci rus-tatar qız məktəbinə keçiriblər və 1918-ci ilə qədər orada işləyib, həmin vaxt məktəbin müdiri Sara xanım Vəzirova olub.

 

Jurnalist 

1918-ci ildə baş vermiş mart hadisələri Bakının sakinlərini sarsıtdı. Bəziləri ailələrini İrana, Türkiyəyə, Rusiyaya apardılar, xaricə gedərək vəziyyətin yaxşılaşacağını gözlədilər. Şəfiqə xanımın ailəsi avqust qədər Bakıdakı çətin vəziyyətə bir təhər dözdü. Amma avqustun sonunda onlar şəhəri tərk etmək qərarına gəldilər və vətənlərinə - Axısqaya getdilər. Lakin orada vəziyyət daha da çətin çıxdı, oradan da İstanbula yola düşdülər. Yalnız 1919-cu ilin aprelində qayıtmağa qərar verdilər.

Bu səfər zamanı Şəfiqə xanım ailəsinin iki üzvünü itirdi. Bu barədə o, Bakı şəhər idarəsinin Məktəb Komissiyasının sədrinə ünvanladığı 22 aprel 1919-cu il tarixli məktubunda yazırdı: ".. Bir həftə sonra, Axalsıq qəzasında yerləşən doğma kəndimiz Azqura çatdıq. Burada adını artıq yuxarıda qeyd etdiyim ərim, Ticarət məktəbinin müəllimi vəbadan vəfat etdi. İki ay Azqurda yaşadıqdan sonra burada başlamış iğtişaşlara görə biz İstanbula yola düşdük, orda mənim kiçik bacım Səidə xanım vəfat etdi, o da bir müəllim idi". 

Bu məktubunda Şəfiqə xanım ona iş verilməsini xahiş edir. Ancaq onun bu xahişinə müsbət və ya mənfi cavab verilməsi ilə bağlı sənəd yoxdur. Ş.Əfəndizadə həm də ilk azərbaycanlı qadın jurnalist sayılır. Onun ilk qələm sınağı 16 aprel 1903-cü ildə "Şərqi-rus" qəzetinin yeddinci sayında dərc olunmuş "Maarifpərvər hörmətli Məhəmməd ağa Şahtaxtinskiyə" başlıqlı məqalə olub. Daha sonra onun məqalələri "Həyat", "İrşad", "Açıq söz", "Azərbaycan ", "Dəbistan", "Dirilik", "Məktəb" kimi qəzet və jurnallarda çap olunub. Bu məqalələrdə Şəfiqə xanım ictimai-siyasi həyatın ən mühüm hadisələrinə - qadınlar arasında savadsızlıq və millətin gələcəyində bununla bağlı yaranan müxtəlif fəlakətlər, qaçqın problemi, uşaqların tərbiyəsi və təhsili və s.-ə toxunub. Bu problemlərin sadəcə təsviri ilə məhdudlaşmayan Şəfiqə xanım onların aradan qaldırılması yollarını axtarıb, dövrün qabaqcıl insanlarını həmrəyliyə və qarşılıqlı yardıma çağırıb. 

Ş.Əfəndizadənin qadınların acınacaqlı vəziyyətinə həsr olunmuş məqalələri müəllifin öz həyatını çətinləşdirirdi. Bir dəfə yazdığı məqalələrdən birində hansısa bir ailənin problemləri barədə yazıbmış. Təsadüfən şərti verilmiş xəyali adlar hansısa real ailənin adları ilə üst-üstə düşübmüş. Ailə başçısı məktəbə gedərək dəhşətli səs-küy qaldırıb. Bir müddətdən sonra kimsə Şəfiqə xanımın həyat yoldaşına bir xəbərdarlıq məktubu yazıb: "Belə görünür, sən yoldaşını idarə edə bilmirsən. Amma bizdə bu, yaxşı alınır. Özünüzü ölmüş bilin". Bu hadisə Ş.Əfəndizadəni bir müddət məqalələri dayandırmağa məcbur edib. Bu barədə "Xatirələr"ində yazıb: "Bundan sonra bir neçə il səssiz qaldım, qəzetlərdə heç bir şey yazmadım".

  

Xeyriyyəçi 

Şəfiqə xanım həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. Məlum olduğu kimi, Birinci Dünya müharibəsi zamanı, daha dəqiqi 1914-cü ilin dekabrında rus və erməni silahlı dəstələri Anadoluda - Qars, Ərzurum və Ərdahanda türk kəndlərinə hücum etməyə başladılar. Onların gerçəkləşdirdiyi soyqırımı nəticəsində yüzlərlə ailə başsız qaldı, minlərlə uşaq yetim oldu və evlərini itirdi. Vəhşiliklərdən və zülmdən qaçanlar Azərbaycana - qan, dil və iman qardaşlarına üz tutdular. 

Azərbaycanda qaçqınlara dəstək olmaq üçün güclü bir hərəkət başladı. Ziyalılar və zəngin insanlar ilə yanaşı, qadınlar da bu hərəkatda fəal iştirak edirdilər. Şəfiqə xanım yazır: "1914-cü ildə müharibə başladı. Şəhərimizdə "Nicat" xeyriyyə cəmiyyəti qaçqınlara kömək üçün şöbə açdı. Qadın qayğısı, qadın hərarəti anlayışına əsaslanaraq "Nicat" cəmiyyətinin şöbəsi kimi "Ünas" xeyriyyə cəmiyyəti açılmışdı. Bu cəmiyyətin sədri Liza xanım Muxtarova, onun müavini Rəhilə xanım Hacıbabayeva idi. Katibi mən idim... Cəmiyyətimiz güclü idi... Biz qəzetlərdə ianə sütunları dərc edirdik, xeyriyyə axşamları təşkil edirdik. "Mövlud" cəmiyyəti təşkil etdik, Novruz bayramı şərəfinə şənliklər keçirdik. Bu və digər tədbirlərlə böyük ianələr topladıq. Bununla, müharibədən əziyyət çəkmiş Sarıqamış ətrafına yardım əli uzatdıq". 

Şəfiqə xanım özü də müxtəlif yerlərdə və müxtəlif tədbirlərdə cəmiyyətin işini təbliğ edib. Onun köməyi ilə qaçqınlara və müharibə qurbanlarına kömək etmək üçün çox vəsait yığılıb. Belə ki, «İqbal» qəzeti "İanələrin təfərrüatları" rubrikasında "Şəfiqə xanım Əfəndizadənin vasitəsilə Qarsdan olan zərərçəkmişlərə təkrar ianələr..."də bu ianələrin tam siyahısı ilə tanış olmaq mümkündür. Bir sıra məqalələrlə mətbuatda çıxan Ş.Əfəndizadə ictimaiyyətin diqqətini çoxsaylı müharibə qurbanlarının və qaçqınların üzərinə çəkməyə çalışmışdı. 

 

İctimai xadim 

Şəfiqə Əfəndizadə müxtəlif qurultaylarda iştirak edib. Bunlar Azərbaycan müəllimlərinin I qurultayı (1906), Bakıda Qafqaz müsəlmanlarının qurultayı (1917), Kazanda Ümumrusiya müsəlman qadınların qurultayı, eləcə də Moskvada müsəlmanların Ümumrusiya qurultayı olub. 1921-ci ildə o, Azərbaycan bitərəf qadınlarının I qurultayının iştirakçısı olub, həmçinin Moskvada Şərq qadınlarının qarşıdan gələn qurultayına nümayəndə seçilib. 

Şübhəsiz ki, onların arasında ən maraqlısı Bakıda «İsmailiyyə» binasında keçirilən Qafqaz müsəlmanları qurultayı olub. Qurultayda Azərbaycan qadınlarının təmsilçisi kimi Şəfiqə xanım Əfəndizadə və Sara xanım Vəzirova seçilmişdi. 

Üst balkonlardan şəhərin mütərəqqi qadınları da qurultayın işini izləyirdi. O gün qadınların çıxışı böyük bir həyəcan yaratdı. Söz keçmiş Bakı qazısı Mir Məhəmməd Kərim ağaya verilən zaman o, kürsüyə qalxdı və kişilərin qarşısında qadınların çıxış etməsinə öz mənfi münasibətini bildirdi. Onun sözləri maarifçilər arasında etirazlara səbəb oldu, onlar qazının çıxışını kəsdilər, bu isə öz növbəsində qazını dəstəkləyən gəncləri hirsləndirdi. Qadınları çətinliklə oradan çıxardılar. 

Bu hadisədən sonra Bakıda qadınlara qarşı böyük bir kampaniya başlandı. Şəfiqə Əfəndizadə öz "Xatirələr"ində qurultay haqqında yazır: "Qadınlara azadlığı dəstəkləyən tələbələr qadın nümayəndələrin köməyinə qaçdılar, onları arxa qapıdan çıxardılar. Biz qadın nümayəndələr yalnız bir dəfə - 1917-ci ildə müsəlmanların həmin Ümumqafqaz qurultayında iştirak etmişik. Bundan sonra bizim iclaslara qatılmağımıza icazə verilmədi. Daha sonra küçələrdə müsəlman qadınların tuflilərini soyundurmağa başladılar. Hadisələr inkişaf etməyə başladı, vəziyyət pisləşdi, şəhərdə qalmaqal başlandı... Vəziyyət gərginləşməkdə davam edirdi... Şəhərin bütün mollaları qurultayın iradəsizliyinə və qazının çıxışının kəsilməsinə əsaslanaraq, Təzəpir məscidində toplandılar. Məscid ehramından çox çıxışlar edildi, çox nitqlər söylənildi. Şəriət, Quran haqqında danışdılar. Söhbət hətta Qafqaz müsəlmanlarının taleyi barədə qərar verməli və bütün problemləri həll etməli olan qurultayın işini iflic edə biləcək addımların atılmasına qədər uzandı. Bu xəbər xalq arasında sürətlə yayıldı. Xeyirxah insanlar bu məsələnin həlli üçün tələsdilər - bəziləri başlayan alovu söndürmək üçün mitinqlərə tələsdilər, bəziləri isə müftiliyi və şeyxülislamı məlumatlandırmağa getdilər, səhv etmirəmsə, yardım üçün Məhəmməd Yusif Cəfərova müraciət etdilər. Onlar məscidə getdilər, insanlara hər şeyi izah etdilər və mitinqi dağıtdılar. Düzdür, qadınlara bu hücumun, onların ayaqqabılarının çıxarılmasının, tufli geyinən qadınların ünvanına söyüşlərin vəziyyəti tədricən əvvəlki təcavüzkarlığını itirməyə başladı, lakin bu, kifayət qədər uzun müddət davam etdi." 

Ş.Əfəndizadənin ölkənin təkcə ictimai deyil, həm də siyasi həyatında fəal iştirakı da Azərbaycan qadını üçün bir yenilik idi. Şamaxı Milli Komitəsinin xahişi ilə Şəfiqə xanım hətta 3 oktyabr 1917-ci ildə Şamaxı şəhərindəki bələdiyyə seçkilərində qadınlara rəhbərlik etmək üçün Bakı Milli Komitəsi tərəfindən bu şəhərə göndərilmişdi. Qadınların bu seçkilərdə iştirakını təşkil etməyin problemləri "Açıq söz" qəzetində onun yazdığı "Şamaxıda qadın seçkiləri" məqaləsində şərh olunmuşdu. 1918-ci ildə Ş.Əfəndizadə yeni təşkil olunmuş parlamentdə dəftərxana rəhbərinin köməkçisi vəzifəsinə təyin edilmişdi. Qeyd edək ki, dəftərxananın 70-dən çox işçisi arasında yalnız 6 qadın olub. 

ADR-in süqutundan sonra Şəfiqə xanım mətbuatda publisist məqalələri ilə çıxış edib. 1923-cü ilin noyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Qadınlar şöbəsinin orqanı olan "Şərq qadını" adlı jurnal dərc olunmağa başladı. Jurnalın redaktoru Ayna Sultanova idi. Şəfiqə xanım jurnalın redaksiya heyətinə daxil edilmişdi və bədii şöbənin müdiri təyin olunmuşdu. 1924-cü ilin 1-ci sayında o, bu sözlərlə təqdim edilmişdi: "Şəfiqə xanım yalnız Azərbaycanda deyil, bütün İslam Şərqində tanınan ilk qadın redaktorlardan və müəllimlərdən biridir". 

1920-ci illərdə Şəfiqə xanım həm də pedaqoji fəaliyyətini davam etdirib. Qızlar üçün ilk pedaqoji məktəbdə, Əli Bayramlı klubunda çalışıb. Partiya məktəbində də dərs keçib. 1930-cu ildə təqaüdə çıxdıqdan sonra məhsuldar tədris fəaliyyətindən ayrılıb. 1959-cu ildə Şəfiqə xanım Əfəndizadə dünyasını dəyişib. Bakı şəhəri Yasamal rayonundakı 13 saylı məktəb onun adını daşıyır.

 

Məqalə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin materialları əsasında hazırlanıb.



MƏSLƏHƏT GÖR:

493