26 Aprel 2024

Cümə, 14:24

SEPARATÇILAR FƏRQLİ OLUR?

Bako Saakyanın Vaşinqtona təxribatçı səfəri tanınmamış «DQR»ə legitimlik qazandırmasa da, ABŞ-ın ikili standartlarını ortaya çıxardı

Müəllif:

01.04.2018

Martın ortalarında özünü heç kəsin tanımadığı «DQR»in, yaxud yalançı «Artsax Respublikası»nın «prezidenti» kimi təqdim edən Bako Saakyan adlı şəxs ABŞ-a səfər edib. Məqsəd Kapitolidəki məkanlardan birində yerli erməni diasporu funksionerləri, bəzi ermənipərəst konqresmenlər, onların köməkçiləri və az sayda jurnalistin iştirakı ilə təşkil olunacaq şouya qatılmaq idi. Bütün bunların ağrılı Qarabağ məsələsinə bilavasitə aidiyyəti olmasaydı, ölkəmizdə və dünyada çətin ki, kimsə fakta diqqət çəkməyi lazım bilərdi. Lakin nəzərə alsaq ki, Ermənistanın dövlət strukturları və KİV-i durmadan bu səfərin əhəmiyyətindən danışır, onu ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyindəki dəyişikliyin müjdəçisi, separatçı rejimin legitimləşdirilməsi istiqamətində vacib addım kimi təqdim edir, Bakının baş verənlərə sərt diplomatik və informasiya reaksiyası gözlənilən idi.

Məhz bu üzdən ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona ABŞ Dövlət Departamentinə ünvanlanmış etiraz notası təqdim olunub. Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, notada ABŞ beynəlxalq hüququn normalarına əməl etməyə, öz ərazisində Azərbaycanın suverenliyinə zidd tədbirlərin keçirilməsinə imkan verməməyə çağırılır. «ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi zərbədir. Bu, regionda gərginliyin artmasına xidmət edir, sülh və təhlükəsizliyin təmini istiqamətində göstərilən davamlı səylərə ziyan vurur. Vaşinqton bu addımı ilə Azərbaycan xalqının ABŞ-a münasibətinə də ciddi zərbə vurub. Azərbaycan Respublikası Birləşmiş Ştatların bu əməlinə cavab olaraq, qarşılıq prinsipinə əsaslanacaq», - deyə H.Hacıyev bildirib.

Qarabağ ermənilərinin liderinin Vaşinqtona səfərinin Azərbaycan ictimaiyyətində son dərəcə mənfi reaksiya yaratdığını anlayan ABŞ-ın Bakıdakı səfirliyi dərhal KİV üçün bəyanat yayıb. Bəyanatda deyilir: «Dağlıq Qarabağdakı faktiki rejimi nə ABŞ, nə hər hansı digər dövlət, nə də Ermənistanın özü tanıyır». Sənəddə daha sonra bildirilir ki, ABŞ ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və münaqişənin sülh danışıqları ilə, Helsinki Yekun Aktının prinsipləri - «bərabər əsaslarla ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipi» - əsasında həllinə nail olunması üçün fəaliyyətini davam etdirəcək.

Bu bəyanatı yumşaq desək, uğursuz saymaq olar. Çünki o, gərginliyi aradan qaldırmaq əvəzinə ortaya yeni suallar çıxarıb. Məsələ ondadır ki, Azərbaycanın etirazı konkret olaraq, Dövlət Departamentinin Bako Saakyanın Ermənistan pasportu ilə Vaşinqtona səfərinə icazə verməsinədir. Halbuki Abxaziya, Cənubi Osetiya, Krım, Donbas kimi analoji separatçı və tanınmamış qurumların nəinki «funksioner»lərinin, hətta adi sakinlərinin belə, ABŞ-a və Avropa ölkələrinə girişi qadağandır. Bu, sözdə hüquqa əsaslanan, hər kəsi, o cümlədən bizi beynəlxalq öhdəliklərə əməl etməyə çağıran ABŞ tərəfindən ikili standartların təzahürü deyilmi?

ABŞ-ın Bakıdakı səfirliyinin Qarabağ erməniləri administrasiyasını «faktiki» kimi təqdim etməsi də tam yersizdir, çünki bunu erməni tərəfi «de-fakto tanıma» kimi qələmə verir. Aydındır ki, bu, boş xülyadır. Lakin ABŞ-ın müəyyən dairələrinin marionet rejimlə hansısa dialoqa, hansısa birgə fəaliyyətə hazır olması faktının özü Ermənistanın Azərbaycana təcavüzünün pərdələnməsi cəhdidir. Bu, münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edən dövlət üçün yolverilməz haldır.

Azərbaycan isə öz növbəsində, Bako Saakyanın ABŞ-a səfərinə etiraz etməklə, bundan sonra ikili standartlar siyasətilə barışmaq niyyətində olmadığını göstərir. Məlum olduğu kimi, Abxaziya, Cənubi Osetiya, Krım və Donbasa sanksiyaların tətbiq olunduğu, onlarla hər hansı maliyyə, iqtisadi və nəqliyyat əlaqələrinin qadağan edildiyi bir şəraitdə Vaşinqton separatçı Dağlıq Qarabağa dəstək üçün vəsaitin toplanması məqsədilə hər il telemarafon təşkil edir. ABŞ Konqresi erməni lobbisinin təzyiqi ilə 1998-ci ildən bu günədək bu qanunsuz quruma maliyyə yardımı ayırır. Maliyyə ərazilərin minalardan təmizlənməsi və Beynəlxalq İnkişaf Agentliyinin (USAD) vasitəsilə humanitar və sosial xarakterli proqramların icrası üçün ayrılır.

Təəssüf ki, ABŞ Qarabağ separatçılarına münasibətdə ikili standartlardan çıxış edən yeganə dövlət deyil. Elə həmin Bako Saakyan 2017-ci ilin oktyabrında Brüsselə, noyabrında isə Parisə səfər etmiş, orada yerli erməni diasporunun təşkil etdiyi şübhəli tədbirlərə qatılmışdı. Özü də bu tədbirlərdə bir sıra ermənipərəst parlamentarilər də aktiv iştirak etmişdilər.

Bako Saakyan və əlaltıları zaman-zaman Rusiyada da peyda olurlar. Doğrudur, Rusiya Azərbaycanla münasibətlərini korlamamaq üçün belə səfərləri mümkün qədər ictimailəşdirməməyə çalışır. Azərbaycan XİN-isə hər belə fakta son dərəcə sərt reaksiya verir, belə ikili standartlardan çıxış etmənin bumeranq kimi, ikitərəfli münasibətlərə zərbə vuracağını bildirir.

Bu arada Almaniya polisi martın 25-də Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonu saxlayıb. Onun haqqında İspaniya Ali Məhkəməsi tərəfindən beynəlxalq axtarış elan olunmuşdu. Bəli, Puçdemon separatçıdır və İspaniya Konstitusiyasının əksinə olaraq, Kataloniyanın müstəqilliyinə dair referendum təşkil edib. Amma Bako Saakyandan fərqli olaraq, onun əlləri qana batmayıb. O, etnik təmizləmənin təşkilatçısı da deyil. Maraqlıdır, durmadan beynəlxalq hüquqdan, humanizmdən, insan hüquqlarının aliliyindən və sairdən dəm vuran Qərb siyasətçiləri bu dərəcədə ikili standartlardan çıxış etmələrini necə əsaslandıra bilər? Yoxsa beynəlxalq hüquq hamıya aid deyil? Elə isə, onun bir qara qəpiklik qiyməti yoxdur. Çünki hüquq yalnız universal olduğu halda dəyərlidir.

 



MƏSLƏHƏT GÖR:

355