26 Aprel 2024

Cümə, 17:07

TARİXİ SƏFƏR

Azərbaycan və İran liderləri region üçün son dərəcə əhəmiyyətli razılaşmalar əldə ediblər

Müəllif:

01.04.2018

Azərbaycan və İran prezidentləri İlham Əliyev ilə Həsən Ruhani ilk dəfə danışıqlar masasının arxasında 2013-cü ilin qışında oturmuşdular. O vaxtdan iki qonşu dövlət başçısı arasında istər ikitərəfli, istərsə də beynəlxalq formatlarda 11 görüş keçirilib. Bununla yanaşı, İlham Əliyev İrana 4, Həsən Ruhani isə ötən ayın sonundakı səfəri də daxil olmaqla, Bakıya 3 səfər edib.

Prezidentlər səviyyəsində əlaqənin bu cür intensivliyi öz-özlüyündə iki dövlət arasındakı münasibətlərin səviyyəsini göstərir. İran prezidentinin Bakıya son səfərisə həm də onun ölkəsindən Azərbaycana Novruz bayramı ilə əlaqədar böyük turist axını ilə eyni vaxta təsadüf etmişdi. Novruz tətillərində Bakıya gəlmiş qonaqlar arasında sayına görə iranlı turistlər əvvəlki illərdə olduğu kimi, yenə ilk sırada idi. Prezidentlərin danışıqlar zamanı İranla Azərbaycan arasındakı mehriban qonşuluq münasibətlərinin tarixi və mədəni köklərə əsaslandığını vurğulamaları da təsadüf deyildi.

Dövlət başçıları istər siyasi, istər də iqtisadi münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib, bununla yanaşı, daha əlverişli qarşılıqlı əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıblar.

Həsən Ruhaninin Bakıya bu səfəri daha çox iqtisadi məsələlərlə yadda qalıb. Tərəflər müxtəlif sahələrə dair 8 ikitərəfli sənəd imzalasa da, onların əsasını İran ərazisində Astara-Rəşt dəmir yolunun inşasının maliyyələşdirilməsi haqda saziş və Xəzər dənizindəki neft bloklarının birgə işlənməsinə dair qarşılıqlı anlaşma memorandumu onların əsasını təşkil edir.

«Bu gün bir çox sənədlər imzalanıb. Onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcək», - deyə Azərbaycan Prezidenti mətbuat üçün bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, Bakı ilə Tehran enerji sahəsində də uğurla əməkdaşlıq edir. Tərəflər arasında «Xudafərin» və «Qız qalası» hidroqovşaqlarının birgə işlənməsilə, həmçinin Ordubad və Marazad su elektrik stansiyalarının tikintisilə bağlı razılaşma var. «Bu gün biz qərara gəldik ki, çoxtərəfli əməkdaşlıq formatını energetika sahəsində də inkişaf etdirək», - deyə o, vurğulayıb.

«Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar», - deyə İran prezidenti öz növbəsində bildirib.

Ekspertlər hesab edir ki, Bakı ilə Tehranın Xəzərdəki blokların birgə işlənməsinə dair razılığa gəlməsi gələcəkdə tərəflərin mübahisəli yataqların hüquqi mənsubiyyətilə bağlı məsələyə diqqəti artırmasına da imkan verəcək. Məlum olduğu kimi, bu, Xəzərin statusu ilə bağlı konvensiyanın qəbuluna da mane olan amillərdəndir.

«Hüquqi problemlər sadəcə, birgə gəlirlərlə örtüləcək», - deyə rusiyalı politoloq Aleksandr Karavayev «Nezavisimaya qazeta»ya bildirib. O, Rusiya ilə Qazaxıstanın sərhədində yerləşən və hazırda birgə müəssisələr tərəfindən istismar olunan «Xvalınsk» yatağı ilə bağlı problemin də bənzər şəkildə həll olunduğunu xatırladıb: «Əgər Ruhani ilə Əliyev bu mövzuda irəliləyişə nail olsalar, onda Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması istiqamətində əhəmiyyətli bir addımın atıldığını söyləmək mümkün olacaq».

Azərbaycanın Astara-Rəşt dəmir yolunun tikintisinə kredit ayırmasını nəzərdə tutan razılaşmanın da böyük regional əhəmiyyəti qeyd edilməlidir. Dəmir yolunun İran ərazisindən keçən bu hissəsi Bakı, Tehran və Moskvanın həyata keçirdikləri «Şimal-Cənub» layihəsinin bir parçasıdır.

«Şimal-Cənub» dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı. Bu, onu göstərir ki, «Şimal-Cənub» nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır», - deyə İran prezidenti bildirib.

Bakının da bu layihənin reallaşdırılmasında maraqlı olduğu aydındır. Çünki o, sadəcə, İran, Azərbaycan və Rusiyanın dəmir yollarını birləşdirməyəcək. Bu layihə ölkəyə Fars körfəzi, Hind okeanı və Cənub-Şərqi Asiyaya çıxış imkanı verəcək.

A.Karavayevin fikrincə, neft qiymətlərinin oynaması və Avropanın xammal bazarında ABŞ tərəfindən rəqabətin güclənməsi şəraitində Bakı ilə Tehran yeni gəlir mənbələrini tranzitdə axtarır. «Hər iki ölkə Avropa ilə Asiya arasında iri yük tədarükçülərinin axtarışına çıxıb və “Alibaba Group” kimi qlobal internet-reteylerlərlə danışıqlar aparır. Çinlə müzakirələrin gündəliyindən də göründüyü kimi, hər iki ölkə Çin mallarının adıçəkilən dəhlizlə daşınmasında maraqlıdır. Görünən odur ki, bu işdə onlar artıq uğur qazanmaqdadırlar. Hər halda, bu yaxınlarda Pekin Tehranı İranın qərbində yerləşən Həmədan və Sanandac şəhərlərilə birləşdirəcək dəmir yolunun çəkilməsinə 845 milyon dollar ayırmağa razılıq verib. Moskva ilə paralel olaraq, Tehranla Bakı bu marşruta Hindistanı da cəlb etmək istəyir», - deyə rusiyalı politoloq bildirib.

Bakı, «Şimal-Cənub» layihəsinin reallaşdırılmasını sürətləndirməklə, həm də yeni, bu dəfə dördtərəfli regional əməkdaşlığı stimullaşdırır. «Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb - Azərbaycan, İran, Gürcüstan və Türkiyə», - deyə İlham Əliyev adıçəkilən 4 ölkənin XİN başçılarının ilk görüşünü nəzərdə tutaraq bildirib.

Bu mövzudan jurnalımızın digər məqaləsində ətraflı bəhs olunur. Yalnız onu qeyd edək ki, dördtərəfli əməkdaşlıq formatında söhbət «Şimal-Cənub» layihəsinin yeni «Cənub-Qərb» tranzit təşəbbüsünə inteqrasiyasından gedir.

«O gün ki, yüklər Bəndər Abbas limanından, ya İmam limanından və ya Çarbahar limanından gəmilərdən vaqonlara yüklənəndə və bu qatar İranın cənub suları bölgəsindən İranın şimalına, yəni Astaraya çatanda və sonra Azərbaycan ərazisindən Gürcüstana, Rusiyaya, Türkiyəyə istiqamətlənəndə, Şimali və Şərqi Avropaya yönələndə və yaxud da ki Çin tərəfə istiqamət alanda, o gün daha aydın olacaqdır ki, Şimal-Cənub nəqliyyat dəhlizinin və Rəşt-Astara dəmir yolunun çəkilişinə dair qəbul etdiyimiz qərar iki ölkə arasındakı əlaqələrə nə qədər təsir edib», - deyə İran prezidenti bununla bağlı bildirib.

Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində daha bir əlamətdar hadisə «Xəzər» birgə avtomobil zavodunun açılışı olub. Zavod «Azərmaş» ASC və «Iran Khodro» şirkəti tərəfindən Neftçalada yaradılmış sənaye məhəlləsində açılıb.

AZƏRTAC xəbər verir ki, dəyəri 15 milyon dollar olan zavodun səhmlərinin 75%-i «Azərmaş» ASC-yə, 25%-i «Iran Khodro»ya məxsusdur. Orada İran və Avropa texnologiyaları ilə müxtəlif avtomobil modelləri istehsal olunacaq.

«Iran Khodro» şirkətinin baş icraçı direktoru Haşem Yekke Zarənin sözlərinə görə, ilkin mərhələdə zavod ildə 10 min avtomobil buraxacaq. «Sonrakı fazada avtomobillərin istehsalının 15 minə çatdırılması planlaşdırılır. Yaxın gələcəkdə isə 50 min avtomobilin istehsalı nəzərdə tutulub. İstehsal olunan avtomobillər yerli və xarici bazarlarda satılacaqdır. Bu avtomobillər qabaqcıl texnologiya və “Avro 5” standartlarına uyğundur», - deyə o, bildirib. Zavodda istehsal olunacaq avtomobillər «Made in Azerbaijan» brendi altında satılacaq. Elə həmin zavodda onların ehtiyat hissələrinin də hazırlanması nəzərdə tutulub.

İki ölkə arasında bunadək əldə edilmiş razılaşmaların həyata keçirilməsi istər dövlət, istərsə də özəl biznes səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün stimuldur. Bakıda hər iki prezidentin və sahibkarların iştirakı ilə keçirilən biznes-forumda Ruhani ölkəsinin Azərbaycanla qarşılıqlı investisiyaları artırmaqda, ticarət mübadiləsini genişləndirməkdə maraqlı olduğunu söyləyib. O, əczaçılıq sahəsində, səhiyyə, maliyyə-bank sektorunda və əlbəttə ki, turizm sahəsində kooperasiyanın inkişafında da maraqlı olduqlarını söyləyib. Yeri gəlmişkən, Prezident İlham Əliyevin dediyi kimi, cəmi 2 həftə əvvəl qəbul olunmuş qərara əsasən, bundan sonra İran vətəndaşları Azərbaycana gəlmək üçün vizanı aeroportdaca əldə edə biləcək. Dövlət başçısının sözlərinə görə, əgər 2016-cı ildə Azərbaycana 240 min İran vətəndaşı gəlmişdisə, ötən il bu rəqəm 360 minə çatıb.

Bakı ilə Tehranın mehriban qonşuluq münasibətlərində, qarşılıqlı səmərəli əməkdaşlıqda maraqlı olmaları bir sıra amillərlə bağlıdır. Buraya tarixi və mədəni yaxınlıq, İranda böyük azərbaycanlı icmasının yaşaması, tərəflərin böyük iqtisadi potensialı və s. daxildir. Beləliklə, tərəflərin istər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlığı dərinləşdirmək üçün arzusu və siyasi iradəsi var. Yaxın gələcəkdə biz əsası İran prezidenti Həsən Ruhaninin Azərbaycana son səfəri zamanı qoyulmuş yeni layihələrin reallaşdırıldığının şahidi olacağıq.



MƏSLƏHƏT GÖR:

362