27 Aprel 2024

Şənbə, 00:00

DÜNYANI TİTRƏDƏN İNSAN

Cazın böyük maestrosu Vaqif Mustafazadənin 78 illiyini bizim müxbirimiz onun İçərişəhərdəki mənzil muzeyində keçirdi

Müəllif:

15.04.2018

İçərişəhərdə gəzən turistlər Vaqif Mustafazadə dalanı, 4 ünvanında yerəşən evin üzərindəki barelyefin qarşısında ayaq saxlayırlar. Xatirə lövhəsində bildirilir ki, burada muğam-cazın yaradıcısı, pianoçu və bəstəkar Vaqif Mustafazadə yaşayıb. Qacetlərin köməyindən istifadə etməyə alışmış olanlar dərhal geolokasiyaya müraciət edirlər və bu dahi musiqiçinin mənzil muzeyi barədə yığcam məlumat əldə edirlər, göstərilən ünvana yollanırlar. Burada onun həyatının böyük hissəsinin keçdiyi üçotaqlı mənzildə, onlar aradıqları hər şeyi tapa bilirlər: onun soy ağacı, professional və bədii inkişafı, muğam-cazın yaradılması üzrə ifaçılıq və bəstəkarlıq yaradıcılığı axtarışları barədə ətraflı məlumat əldə edirlər. Fotoşəkillər, kitablar, portretlər və heykəllər, çoxsaylı afişalar, fərdi əşyalar və məişət əşyaları - bunlar yalnız Vaqifin yaxın qohumu, muzeyin direktoru Afaq xanım Əliyeva tərəfindən qayğı ilə saxlanan böyük siyahının kiçik bir hissəsidir.

 

Həyatın ona bəxş etdikləri  

Vaqif 39 yaşında dünyasını dəyişdi. Ölümü gözlənilməz oldu - Daşkənddə konsert zamanı özünün "Əzizəni gözləyərkən" kompozisiyası ilə çıxış edən zaman öldü. Bu, 1979-cu il dekabrın 16-da baş vermişdi və anası Zivər xanım üçün dəhşətli zərbə olmuşdu. Öz uşağının ölümünü görmək - bu, sadə bir kədər və ya faciəli bir qəza deyil. Bu, göz yaşları ilə silinməyən və sözlərlə ifadə edilə bilməyən bir dəhşətli ədalətsizlikdir. Buna dözmək olmur! Sanki, o, oğlunun həyatını ondan sonra da davam etdirmək, bu anım mənzil-muzeyində onun xatirəsini əbədiləşdirmək üçün sağ qalıb. Məhz burda İçərişəhərdə - oğlunun böyüdüyü, uşaqlıq, yeniyetməlik və gənclik çağlarının keçdiyi, küçələrinin hər daşında ayaq izləri qaldığı bir məkanda. Vaqif burda ilk dəfə üç yaşında anasının fortepiano ifasını dinlədikdən sonra "Bayatı-Şiraz"ı təkrarlamışdı. Birdən-birə o, yox oldu. Sadəcə, yaşamağı dayandırdı! Dəhşətdir. Bu, dözülməzdir. Ana təskinlik tapa bilmirdi və bir məqsədi qalmışdı - oğlunun yaradıcılığı və dünyadakı nailiyyətləri haqqında mümkün olduğu qədər məlumat toplamalıdır. Bu, ananın həyatını uzatdı, yaşamasına haqq qazandırdı.

On il hər cür arayış və sənədləri toplamaq üçün getdi. Yalnız 1989-cu ildə mədəniyyət naziri Polad Bülbüloğlunun əmri ilə bu dahi bəstəkar və musiqiçinin yaşadığı evdə memorial ev muzeyi yaradıldı və o, Musiqi Muzeyinin filialına çevrildi. Öz mənzilini və bütün eksponatları dövlətə vermiş Zivər xanım üçün isə prezident Heydər Əliyevin sərəncamı ilə şəhərin mərkəzində - Nizami küçəsində mənzil verildi. Daha sonra muzeyin direktoru Afaq xanım öz hesabına muzeydə böyük təmir işləri apardı, onun sahəsinə daha üç otaq əlavə etdi (2005-ci ildə). Prezident İlham Əliyev bundan xəbər tutan kimi Afaq xanıma şəhərin mərkəzində mənzil verilməsi ilə bağlı sərəncam verdi. Afaq xanım minnətdarlıqla bu barədə danışır, deyir ki, yalnız bizim prezident belə bir nəcib addım atmağa qadirdir: nəcibdir, səmimidir və ədalətlidir.

 

Həyatdan sonrakı həyat

Vaqif İçərişəhərdəki bütün yaşıdları kimi böyüdü: dostları ilə oturub-durdu, musiqi məktəbində oxudu. On yaşında qala avtoritetləri tərəfindən ən istedadlı "meyxanaçı" kimi tanındı. O, gecələr BBC-dən qadağan olunmuş musiqiyə - caza qulaq asırdı, sonra musiqi məktəbindən dostu Vaqif Səmədoğlu ilə birlikdə musiqi əsərlərini - etüdləri, prelüdləri, etüd-əsərləri (xüsusilə Raxmaninovun əsərlərini) araşdırırdı, klassik əsərlərdə caz əlamətləri: septakkordlar, spesifi ritm-sinkoplar axtarırdı. O, həmişə kişi şərəfi məcəlləsinə əməl edirdi və lazım olanda ədalətin bərpası üçün davaya da girərdi. O, cazibə mərkəzi olub: işıqlı, xeyirxah, ədalətli, sadə və eyni zamanda özəl. İndi o, Rauf Fərhadov tərəfindən yazılmış və Heydər Əliyev Fondunun nəşr etdiyi bioqrafiya kitabında yaşayır. Fotoşəkillərdə, sənədlərdə, haqqında yazılmış məqalələrdə, konsert yazılarında, muzey tərəfindən buraxılmış disklərdə, keçirilən xatirə axşamlarında, musiqi konsertlərində və müsabiqələrdə yaşayır.  

1997-ci ildə muzeyin direktorunun müraciətindən sonra Prezident Heydər Əliyevin sərəncamı ilə Vaqif Mustafazadə Fondu yaradıldı. Fondun məqsəd və vəzifələri sırasına yaradıcı irsin qorunması, caz musiqiçilərinə qayğı və dəstək, musiqi albomlarının nəşri, prodüsserlik fəaliyyəti daxildir. 16 martda -onun doğum günündə və 16 dekabrda - onun anım günündə muzeyə musiqi tədris müəssisələrinin tələbələri gəlir, burada tələbələrin ifasında onun musiqisi səslənir. Muzey bu günlərdə anım gecələrini böyük konsert meydançalarında da təşkil edir. O cümlədən Heydər Əliyev Sarayında da. Həmişə müxtəlif təhsil müəssisələrində (o cümlədən musiqi təmayüllü olmayanlarda da) Vaqif Mustafazadənin musiqi yaradıcılığı axşamları keçirilir.

 

"Musiqi - hisslərin stenoqramıdır" (L. Tolstoy)

Vaqif Mustafazadə. O, əfsanəyə, millətin şöhrətinə, qüruruna və sərvətinə çevrildi. Dost və yaxınlarının xatirələrinə görə - İçərişəhərdən olan ciddi, təvazökar, sadə dahi idi. Praktik, rasional, mənfəətçi olmağı bacarmayan bir dahi. Lakin o, etibarlı dost olmağı, ağılla deyil, ürəklə yaşamağı bacarırmış. Qeyri-adi sadə insan olub. 1300-ə yaxın musiqi əsəri qoyub getmiş təvazökar dahi, məhz onun hesabına "Azərbaycan cazı" termini yaranıb və dünya musiqi kataloqlarına salınıb. Adı bu gün caz konsertlərində kumirləri Bill Evans və Koltreynlə birlikdə səslənən bu içərişəhərli oğlana bütün dünya muğam-caz fenomeninin yaradılmasına görə borcludur. Məhz onun sayəsində muğam dünya musiqi məkanında yeni bir həyat qazanıb. Onun parlaq əsərləri bu gün bütün dünyada ifa olunur. Burası doğrudur ki, onun bütün yaradıcılığı onun hisslərinin - elə də sadə olmayan həyatına, ətraf dünyaya hisslərinin stenoqramıdır. Təəssüf ki, dünya dərhal anlamadı ki, həyata zamanı qabaqlamış, dünyanı başqalarından fərqli görməyi və eşitməyi bacaran bir adam gəlib.  

Muzeyin divarlarında mütəxəssis-peşəkarların sözləri yer alıb:

"Mustafazadə ekstra-klass pianistdir. Cazda onun tayı-bərabərini tapmaq çətindir. Bu, mənim eşitdiyim ən lirik pianistdir "(V. Konover, amerikalı musiqiçi və tənqidçi).

"Onun musiqisi heyrətamiz dərəcədə müasirdir və eyni zamanda onda nəsillərcə şairlər tərəfindən tərənnüm edilən qədim Qafqaz melodiyalarının sirləri axır. Bu, Şəhrizad tərəfindən 1001 gecədə söylənilən nağıldır"( B. Yuhansson, İsveçdən caz pianoçusu).

"Vaqif Mustafazadə dünyanın ən yaxşı pianoçularından biridir" (D.Bekker, Vaşinqton Caz Klubunun prezidenti).

Vaqif çox sayda öz caz kompozisiyalarının və ifalarının müəllifidir, həm də simfonik və kamera musiqiləri yazıb. O, "Tallin-66", "Tallin-67", Bakıda keçirilən "Caz 69" caz festivallarının, Donetskdə keçirilən (Ukrayna, 1977-ci il) ümumittifaq caz festivalının və "Tbilisi-78" caz festivalının laureatıdır, sonuncu ona yaxşı pianoçu adını qazandırıb. 1979-cu ildə o, Monako beynəlxalq caz kompozisiyaları müsabiqəsində birinci mükafata və prizə (ağ royala) layiq görülüb.

 

"Musiqi dinləmirəm -

ruhumu dinləyirəm!"

(M.Svetayeva)

Bu, mütləq bir həqiqətdir. Vaqif Mustafazadənin musiqisi ilə tək qaldıqda siz gerçəkliyi unudub, ona qərq olursunuz. Sizə elə gəlir ki, başqa bir ölçüyə qapı açılır, elə bir ölçüyə ki, nə zaman, nə bir problem, nə də bir xəstəlik yoxdur. Amma azadlıq, iradə və sevgi var. Onlar sizin qəfil rastlaşdığınız xoşbəxtlik kimi qərq olduğunuz harmoniyanı yaradır...

 

"Salam, Vaqif!"

Salam - yaşa deməkdir: dünən, bu gün, sabah və həmişə. Sadəcə yaşa! Musiqidə, fotolarda, məktublarda, xatirələrdə, yaddaşlarda, şəxsən tanış olduqlarının və ya onu şəxsən tanımayan, lakin musiqisindən xəbərdar olanların sevgilərində.  

Burada, muzeydə o, bizə Nikas Safronov, Asəf Cəfərov, mərhum Asim Quliyev tərəfindən çəkilmiş portretlərdən baxır. Azad Zeynalovun yaratdığı heykəltəraşlıq abidəsi də buradadır. O və musiqisi. Musiqi və məkan. Nəhəngdir. Onun öz musiqisində yaşamağa davam edən ruhu kimi ölçüsüzdür. Bu musiqi bizdə də yaşayır və onu - İçərişəhərdən olan bu oğlanı ölümsüz edir. Bu, dəqiq həmişəlikdir. Adam demək istəmir ki, yaşasaydı olacaqdı, ona görə, olub deyək. Mart ayında böyük maestro artıq 78 ildir ki, öz musiqisi ilə dünyanı heyran qoyur, Yaradan qısa müddətə olsa da, onun ruhunu yerə göndərdi. Sonra... geri aldı.



MƏSLƏHƏT GÖR:

363