26 Aprel 2024

Cümə, 23:33

SƏRFƏLİ NEYTRALLIQ

Azərbaycan Qoşulmama Hərəkatının «sükanı arxasına» keçməyə hazırlaşır

Müəllif:

15.04.2018

Aprelin 5-6-da Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilib. «Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi» mövzusunda keçirilən toplantı miqyaslı beynəlxalq tədbir idi. Toplantıda hərəkata üzv olan ölkələrin, həmçinin müşahidəçi üzvlərin 800-dən artıq nümayəndəsi iştirak edirdi. Onlarla yanaşı, tədbirə BMT də daxil olmaqla, nüfuzlu beynəlxalq qurumlar da dəvət almışdı. Konfransın gedişini dünyanın bir çox ölkəsindən 150-dək KİV işıqlandırırdı.

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub. Bəyanatları və qətnamələri əsasən deklarativ xarakter daşıyan, üzvləri arasında ziddiyyətlər və düşmənçiliyin belə olduğu bu amorf təşkilat, eyni zamanda üzvlərinin sayına görə BMT-dən sonra ikinci dövlətlərarası dialoq meydanıdır. Hərəkata üzvlük Azərbaycanın da onu narahat edən məsələləri beynəlxalq gündəmə gətirmək imkanını artırıb, həmçinin daha geniş beynəlxalq dəstək almasına yol açıb. Bakı Qoşulmama Hərəkatına üzv olmaqla hər kəsə bir şeyi də nümayiş etdirib: ölkə Konstitusiyasında daimi neytrallıq nəzərdə tutulmasa da, ölkə ərazisində xarici hərbi bazanın yerləşdirilməsi qadağan olunmasa da, təhlükəsizlik siyasətinin uzunmüddətli xətti kimi məhz bloklara qoşulmamaq qərarı qəbul edilib. Bununla yanaşı, Azərbaycan NATO və ya KTMT-yə qoşulmaq niyyətinin olmadığını da bəyan edib.

Azərbaycan qısa müddət ərzində Qoşulmama Hərəkatında böyük nüfuz qazanıb. Bu, özünü 2012-2013-cü illərdə Bakının BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi zamanı da iştirakçı ölkələrin böyük dəstəyilə təsdiqləyib. İndi isə Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi məsələsi gündəmdədir və üzv ölkələr Bakının namizədliyinə tam dəstək verir. Təşkilatın aralıq nazirlər konfransının Bakıda keçirilməsi də bununla bağlı idi.

Plenar iclası hazırda təşkilata sədrlik edən Venesuelanın xarici işlər naziri Xorxe Arreas açıb. Konfrans iştirakçıları qarşısında Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib. Toplantıda Türkiyə, İran, Şimali Koreya, Əfqanıstan, Hindistan, Fələstin, Ekvadorun XİN başçıları, onlarla digər ölkənin nümayəndələri, həmçinin BMT Baş Assambleyasının sədri Miroslav Layçak da iştirak ediblər. Konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunub.

Sənəddə Qoşulmama Hərəkatı adından beynəlxalq münasibətlərdə dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqi hədəsindən çəkinməyə çağırış yer alıb. Hərəkat, bununla da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Bakının mövqeyinə birmənalı dəstək ifadə edib. Qəbul olunmuş bəyannamədə deyilir: «Ərazi bütövlüyü və milli suverenliyin pozulması cəhdləri hər zaman tərəfimizdən BMT-nin qətnamələrinə uyğun olaraq, etirazla qarşılanacaq. Beləliklə, biz ölkələrin suverenliyinə, daxili işlərinə qarışmamağa davam edəcək, hədələrə qarşı dayanacaq və münaqişələrin sülh yolu ilə həllini dəstəkləyəcəyik».

Bəyannamədə hərəkata üzv ölkələr arasında əməkdaşlığın gələcək inkişafı naminə sülh və təhlükəsizliyin təmininə dəstək də ifadə olunub. Bundan başqa, sənəddə iştirakçı ölkələrin Bakının «World Expo 2025»ə ev sahibliyi etməyə namizədliyi dəstəklənib. Konfransın yekununda Fələstinlə bağlı ayrıca bəyannamə də qəbul edilib.

Bu tədbirə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qatılması xüsusi diqqət çəkib. Türkiyə NATO üzvü kimi, Qoşulmama Hərəkatında iştirak etmir və hərəkatın müşahidəçi üzvü belə, deyil. Lakin Azərbaycan tədbirə ev sahibliyi edən ölkə kimi, ənənəsinə sadiq qalaraq, Türkiyəni bu tədbirə xüsusi qonaq kimi dəvət edib. Türkiyə də ərazisində keçirilən vacib beynəlxalq tədbirlər zamanı belə edir. Məsələn, bu yaxınlarda G-20 üzvlərinin İstanbulda keçirilən sammitinə Ankara yeganə xüsusi dəvəti Azərbaycan Prezidenti İlham Əliyevə göndərmişdi.

Çavuşoğlu Bakıdakı çıxışında diqqəti ölkəsinin nüvə silahına qarşı olduğuna, lakin atom enerjisinin inkişafını dəstəklədiyinə çəkib. «Türkiyənin iqtisadiyyatı inkişaf edir. Sadəcə «Akkuyu» AES bizə kifayət etməyəcək. Biz yaponlarla Siponda daha bir atom stansiyasının inşası ilə bağlı danışıqlar aparırıq», - deyə o, qeyd edib.

2019-cu ildə Qoşulmama Hərəkatının XVIII sammiti Azərbaycanda keçiriləcək. 2019-2022-ci illərdə isə hərəkata sədrlik Venesueladan Azərbaycana keçəcək. Azərbaycan təmsilçilərinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərliyində işləmə təcrübəsi, Bakıda bir sıra miqyaslı beynəlxalq tədbirlərin təşkili, həmçinin Qoşulmama Hərəkatının aralıq nazirlər konfransının Bakıda yüksək səviyyədə təşkili bizim bu hərəkata sədrliyimizin uğurlu olacağını söyləməyə əsas verir. Bu, hərəkatın qlobal və regional problemlərin həllinə təsirini artıracaq, həmçinin Azərbaycanın nüfuzunun daha da artmasına yardım edəcək.

 

QEYD:

Qoşulmama Hərəkatı rəsmən 1961-ci ilin sentyabrında Belqrad konfransı ilə yaradılıb. Hazırda o, özündə 120 ölkəni birləşdirir. 10 dövlət və 10 beynəlxalq təşkilat hərəkatda müşahidəçi statusunda çıxış edir.

Hərəkatda daimi rəhbərlik yoxdur. 3 illik müddət ərzində onun fəaliyyətini rotasiya əsasında sədr ölkələr koordinasiya edir. Hazırda bu rol Venesueladadır.

Qoşulmama Hərəkatının baza prinsipi hərbi bloklara qoşulmamağı nəzərdə tutur.



MƏSLƏHƏT GÖR:

302