26 Aprel 2024

Cümə, 07:11

MƏNTİQİ NƏTİCƏ

Azərbaycanlıların 86%-i sosioloqların da proqnozlaşdırdığı kimi İlham Əliyevə səs verib

Müəllif:

15.04.2018

Hələ Azərbaycanda keçirilmiş prezident seçkisindən əvvəl əksər analitik mərkəzlər və sosioloji xidmətlər səsvermədə hazırkı dövlət başçısının inamlı qələbə qazanacağını proqnozlaşdırırdı. Bunun üçün əsas çox idi - siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, ölkənin regiondakı nüfuzu, dünya siyasətindəki əhəmiyyəti və bir çox digər amillər. İlham Əliyevin yüksək reytinqinin səbəbi məhz bunlardır.

«Hazırkı Prezident İlham Əliyev əhəmiyyətli dəstəyə malikdir və ona real müxalifət yoxdur», - deyə Rusiyanın «Sberbank Investment Research» təşkilatının analitikləri «Azərbaycan: Bakıya qayıdış» icmalında bildirirdilər.

Yerli «RƏY» Monitorinq Mərkəzinin apardığı ictimai rəy sorğusu isə İlham Əliyevin seçkidə ən azı, 83,5% səs yığacağını göstərirdi.

Azərbaycan prezidenti kürsüsü uğrunda aprelin 11-də keçirilmiş seçkidə dövlət başçısı İlham Əliyev də daxil olmaqla, 8 namizəd mübarizə aparırdı. Namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş İlham Əliyevin rəqibləri Sosial-Demokrat Partiyasından Araz Əlizadə, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Demokrat Partiyasından Sərdar Cəlaloğlu, «Cəbhəçilərin təşəbbüs qrupu»ndan Razi Nurullayev və müstəqil namizəd Zahid Oruc idi.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermə günü seçici fəallığı 74,30% təşkil edib. Bunu Azərbaycanda keçirilən prezident seçkiləri üçün ənənəvi göstərici saymaq olar. Prezident seçkilərində seçici fəallığının yüksək olması prezident respublikası üçün təbii haldır. Çünki dövlətin yaxın gələcəkdə inkişaf perspektivlərini məhz prezident müəyyənləşdirir. Üstəlik, Azərbaycan Konstitusiyasına 2016-cı ilin payızında edilmiş dəyişikliklərə əsasən, bu dəfə dövlət başçısı 5 deyil, 7 il müddətinə seçilirdi.

MSK-nın açıqladığı ilkin məlumata görə, seçicilərin 86,03%-nin səsini hazırkı dövlət başçısı İlham Əliyev qazanıb.

Qalan namizədlər arasında səslər 1-3% arası bölünüb.

Rəsmi nəticələri seçki vaxtı aparılmış «exit-poll»lar da təsdiqləyib. «Rəy» Monitorinq Mərkəzi İlham Əliyevin 84,49%, «Els» Araşdırmalar Mərkəzisə 82,71% səs yığdığını bəyan edib. Öz növbəsində, Fransanın «Opinion Way» təşkilatının «Vətəndaş cəmiyyəti uğrunda» Müstəqil Məsləhət və Yardım Mərkəzilə birlikdə keçirdiyi «exit-poll» seçicilərin 86,53%-nin hakim partiyanın namizədinə səs verdiyini açıqlayıb.

Beynəlxalq müşahidəçilərin ilkin qiymətləndirməsi də özünü çox gözlətməyib. Qeyd edək ki, səsvermənin gedişini 60 təşkilatın təmsilçiləri, 58 mindən artıq yerli və 59 ölkədən 900-dək beynəlxalq müşahidəçi izləyib.

«Məni təəccübləndirən 3 əsas məqamı qeyd etmək istərdim. Birincisi, seçkinin gedişində son dərəcə xoş, dinc atmosfer hökm sürürdü. Bu, Avropa ölkələrində keçirilən seçkilər zamanı müşahidə olunan vəziyyətdən çox fərqlənir. İkincisi, seçici fəallığı kifayət qədər yüksək idi. İnsanlar növbələrdə dayanırdı və bu, Avropa ölkələrindən fərqli olaraq, burada seçicilərin fəallığını nümayiş etdirir. Nəhayət, qadınların seçki prosesində istər komissiyaların tərkibində, istərsə də müşahidəçi kimi son dərəcə fəal iştirakını qeyd etmək lazımdır», - deyə polşalı senator Yeji Vçisla «R+»a müsahibəsində bildirib.

Onun fikrincə, Azərbaycan əhalisi iqtisadi inkişafı, sabitliyi və ən başlıcası, ölkənin sosial təhlükəsizliyini görür: «Burada mənzillər ucuzdur, iş yerlərilə bağlı ciddi problemlər yoxdur. Kommunal xidmətlər də ucuzdur və bütün bunlar əhaliyə gələcəyindən narahat olmamaq üçün əsas verir».

«Mən sizi seçkinin şəffaf, yaxşı təşkil olunmuş, demokratik keçməsi münasibətilə təbrik edirəm. Təkrar səsvermənin qarşısını almaq üçün tətbiq edilmiş sistemi də vurğulamaq istərdim. Səs vermiş vətəndaş məntəqəni tərk edən zaman onun barmağına xüsusi maye vurulurdu. Bu, onun təkrar səs verməsinə imkan vermir. Bu, mənim əvvəllər görmədiyim yenilikdir və çox effektiv üsuldur. Bir neçə seçki məntəqəsində oldum, insanlara bir çox suallar verdim. Hər şeyin əla təşkil edildiyini öz gözlərimlə gördüm. Seçki qutuları düzgün möhürlənmişdi. Yəni detallara böyük diqqət göstərildiyinə şahid oldum. Hər şeyin demokratik standartlara uyğun olduğunu söyləyə bilərəm», - deyə italiyalı senator Antonio Ratsi bildirib.

Avropa Parlamentinin Fransadan olan parlament attaşesi Qiyom Pradura (Pradoura Guillaume Andre Gilbert) isə gördüklərini belə ifadə edib: «Biz Azərbaycana prezident seçkisini müşahidə etmək üçün gəlmişik. Seçki zamanı hər hansı təzyiq, qanun pozuntusu halları ilə rastlaşmamışıq. Fransada və bir sıra digər ölkələrdə səsverməni məktəblərdə təşkil edirlər. Burada məntəqələrə kifayət qədər çox adamın getdiyini gördüm. Hər şey yaxşı keçir».

Bütün bəyanatları ümumiləşdirsək, müşahidəçilərin mütləq əksəriyyəti istər seçkinin gedişini, istərsə də nəticəsini hüquqi və demokratik normaların, ən başlıcası isə Azərbaycan xalqının iradəsinin əksi kimi dəyərləndirib.

Prosesə yalnız ATƏT, ATƏT PA və AŞPA missiyaları tənqidi yanaşıb ki, bu onların «tərbiyəçi» tonu üçün xarakterikdir. Üstəlik, onların birgə bəyanatının ruhu söhbətin əvvəldən razılaşdırılmış və hazırlanmış qərəzli sənəddən getdiyini aydın şəkildə göstərirdi. Odur ki, missiya təmsilçilərinin Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılması və onlara sərt etirazın bildirilməsi əbəs deyildi.

İstənilən halda, artıq seçki gününün sonunda Azərbaycan küçələri və meydanları İlham Əliyevin tərəfdarları ilə dolu idi. Onlar öz namizədlərinin qələbəsini bayram edirdilər. İlham Əliyevin özü də seçicilərinə müraciət ünvanlayıb. Xalqa ona göstərdiyi dəstəyə görə təşəkkür edən İlham Əliyev yeni prezidentlik dönəmi üçün siyasətinin ümumi konturlarını da cızıb.

«Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq bir ölkədir», - deyə yeni seçilmiş prezident bildirib. O, deyib ki, heç bir kənar qüvvə Azərbaycanı müstəqillik yolundan döndərə bilməz.

İlham Əliyevin bu bəyanatını həm də Bakı ilə təzyiq, ikili standartlar dililə danışmağa çalışan beynəlxalq güclərə mesaj kimi qiymətləndirmək olar.

İlham Əliyevin onu qələbə münasibətilə təbrik etməyə toplaşmış gənclərə müraciəti xüsusi diqqətə layiqdir: «Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq».

Bununla, prezident faktiki olaraq, dövlət işlərində gənclərə üstünlük verilməsi siyasətini davam etdirəcəyini təsdiqləyib.

Ümumilikdə, İlham Əliyevin növbəti müddətə prezident seçilməsi Bakının daxili sabitliyə, iqtisadi inkişafa, mehriban qonşuluğa və regional inkişafa əsaslanan siyasətinin bundan sonra da davam edəcəyi anlamına gəlir. Azərbaycan seçicisi də öz səsini bu amillərə əsaslanaraq verib. Bu, bütün region ölkələrini də qane edir. Qələbə münasibətilə İlham Əliyevə ilk təbriklərin Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğandan, həmçinin Gürcüstan, Ukrayna, Belarus və Özbəkistan liderlərindən gəlməsi də təsadüf deyil. Jurnalımız çapa hazırlanan zaman İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edirdi.

Bütün sadalananlardan çıxış edərək demək olar ki, Azərbaycan dünyanın siyasi xəritəsində kiçik yer tutsa da, regional və beynəlxalq siyasətdə ona böyük rol həvalə edilib.

Seçkidən İlham Əliyevin qalib çıxması yalnız Ermənistanı qane etmir. Rəsmi İrəvan yaxşı anlayır ki, Azərbaycan lideri Ermənistanın regional təcridinə, iqtisadi cəhətdən boğulmasına yönəlmiş siyasətini davam etdirəcək. Bu, onun Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasınadək davam edəcək. İrəvan Azərbaycan Ordusunun qüdrətindən də xəbərdardır. Onun dünyanın ən təchizatlı və döyüş qabiliyyətli 50 ordusu sırasında yer aldığını ermənilər də bilir. Buna isə məhz İlham Əliyevin prezidentliyi dönəmində nail olunub. Odur ki, İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi təcavüzkar ölkəni narahat etməyə bilməz.

Beləliklə, seçim edildi. Müsəlman Şərqində ilk demokratiyanın banisi olan Azərbaycan seçicisinin budəfəki seçimini Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümündə etməsi özü də rəmzi məna daşıyır. Bu, İlham Əliyevin də dediyi kimi, «Azərbaycanın hər zaman müstəqil dövlət olması, bunun özünü yalnız formaca yox, məzmunca da göstərməsi üçün» hər şeyi etməli olan hakimiyyətin üzərinə ikiqat məsuliyyət qoyur.

 

 

«Seçki demokratik, şəffaf keçib. Hər şey qaydasında idi. Seçki məntəqələri lazımi səviyyədə qurulmuşdu. Beynəlxalq müşahidəçilər vətəndaşlarla sərbəst şəkildə ünsiyyətə girə bilirdi. Odur ki, ümumilikdə mənim heç bir iradım yoxdur. Əlbəttə ki, seçki prosesində hər zaman daha yaxşı təşkil edilə biləcək hallar da olur. Lakin mənim gördüyüm nöqsanlar kritik deyildi və demokratik seçki prosesinə heç bir təsir göstərmirdi. Hətta onu da deyim ki, burada gördüklərim bəzi məqamları Bolqarıstanda da görmək istərdim. Bu, səslərin sayılmasına da aiddir - hər şey tam şəffaf idi».

Aleksandr SİMOV, Bolqarıstan parlamentinin deputatı

 

«Dərin demokratik seçki ənənələrinə malik ölkə olan İtaliyanın vətəndaşı kimi, demək istərdim ki, Azərbaycanda keçirilən prezident seçkisində müşahidəçi kimi iştirakım mənim üçün xoş təcrübə oldu. Seçki bütün milli və beynəlxalq qanunlara, qaydalara uyğun keçdi. Hər hansı qanun pozuntusuna rast gəlmədik. Ümumilikdə, seçki çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu zaman təhlükəsizliyin təmini də yüksək səviyyədə idi. Seçicilər dövlət başçısı seçiminə öz töhfələrini layiqincə verməyə çalışırdılar».

Luici NEVOLA, Cənubi Tirol (İtaliya) parlamentinin deputatı

 

«Azərbaycanda seçki yüksək peşəkarlıqla təşkil olunmuşdu. Sizdə şəffaflığı təmin etmək üçün müxtəlif xüsusi üsullardan istifadə olunur. Məsələn, seçicilərin barmağına xüsusi maye vurulur. Bu, çox yaxşı üsuldur. Burada hər bir detal nəzərə alınıb. Prosesdə çox sayda yerli müşahidəçi də iştirak edir. Bütün namizədlərin müşahidəçiləri prosesi ciddi nəzarətdə saxlayır. Rəqabət üçün bərabər şərait yaradılıb. Biz həm Bakıda, həm də ətraf qəsəbələrdəki seçki məntəqələrində olduq. Məndə çox xoş təəssürat yarandı. Bu seçki beynəlxalq standartlara tam cavab verir və irad üçün heç bir əsas görmürəm».

Ştefan KEYTER, Bundestaqın deputatı, «Almaniya üçün alternativ»



MƏSLƏHƏT GÖR:

324