26 Aprel 2024

Cümə, 04:46

“QIZIL” TULLANIŞ

Azərбaycan idmançısı gimnastikamızın tarixində ilk dəfə Avropa çempionu oldu

Müəllif:

01.05.2018

Apreldə Azərbaycan Gimnastika Federasiyası daha bir ilkə imza atdı. Bu dəfə federasiya ilk dəfə olaraq batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatına ev sahibliyi etdi. Milli Gimnastika Arenasında baş tutan sayca 26-cı olan qitə birinciliyində həm böyüklər, həm də gənclər proqramında 25 ölkə təmsil olundu. Hər 3 növ üzrə mötəbər yarışda, ümumilikdə, 400-dən çox idmançı mübarizə apardı.

Avropa Çempionatının əsas özəlliyi odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə etdilər. İdmançılarımız azarkeşləri qızıl və gümüş medallarla sevindirdi. Ən böyük nəticəni Mixail Malkin əldə etdi. Azərbaycan gimnastı batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında tamblinq yarışlarında qızıl medala layiq görüldü. Finalda 77,400 toplayan Malkin fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Danimarkalı gimnast Rasmus Steffensen 77,000 bal toplayaraq ikinci yer, Rusiyalı Vadim Afanasyev isə 76,300 bal toplayaraq üçüncü yerlə kifayətləndi.

Avropa çempionatında Azərbaycana tarixi ilk qızıl medalı qazandıran Mixail Malkin “R+”a açıqlamasında xoşbəxt olduğunu söyləyib: “İnanılmaz hisslərdir, mən belə hisslər hələ yaşamamışam. Çox xoşbəxtəm. Əlbəttə, mənə doğma divarlar və yanımda olan dostlarım kömək etdi. Amma doğma divarlarda çıxış etmək çətindir, çünki məsuliyyət artır. Azarkeşləri qeyd etmək istəyirəm, onlar çox güclü dəstəklə kömək oldu. Avropa çempionatında qızıl medaldan sonra istirahətə vaxtım az olacaq. Qitə birinciliyində uğurlu çıxış növbəti yarışlarda məsuliyyətimi artırır. İndi noyabrda Sankt-Peterburqda keçiriləcək dünya çempionatında Azərbaycana medal qazandırmaq istəyirəm”.

Mixail Malkindən sonra qadın atletlərimiz mükafatçılar sırasında yer aldı. Azərbaycan gimnastları Svetlana Makştaryova və Veronika Zemlyanya Avropa çempionatında batut üzərində sinxron tullanma yarışlarında gümüş medal qazandı. 47,000 xal toplayan təmsilçilərimiz ikinci yerlə kifayətləndilər. Bu növdə Avropa çempionu adını Belarus gimnastları Anna Qonçarova və Marina Makarinskaya, bürünc medalları ukraynalı cütlük Svetlana Malkova və Nataliya Moskvina əldə etdi.

Qitə birinciliyinin gümüş mükafatçısı Svetlana Makştaryova “R+” açıqlamasında ona dəstək olan Azərbaycan Gimnastika Federasiyasına və məşqçilərinə təşəkkür etdi: “Avropa çempionatında gümüş medal qazandığımızı hələ tam dərk etməmişik. Hələ də buna inana bilmirik, bəlkə də, bir həftə sonra başa düşəcəyik. Bu, artıq dördüncü yarışdır ki, biz ikinci yer tuturuq. Ümid edirik ki, gələcəkdə daha da yaxşı olacaq".

Qazanılan uğurlar barədə danışan Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov ölkəmizdə idmanın bu növünün inkişafda olduğunu dedi: “Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Azərbaycanın idman həyatında növbəti mühüm səhifədir. Bakıda 25 ölkədən 400-dən çox gimnastın iştirak etdiyi Avropa çempionatı kimi mühüm turnir keçirildi. Bilirsiniz ki, biz bu səviyyədə turnirlər keçirmək təcrübəsinə malikik. İdmançıların və nümayəndə heyəti üzvlərinin mətbuatda oxuduğumuz müsahibələrinə əsasən, demək olar ki, onlar hazırlıq səviyyəsindən və yarışların təşkilindən çox razıdırlar. İkincisi, nəticələrə gəldikdə, biz komandanın qarşısına qoyulan əsas vəzifələrdən birini həyata keçirmişik. Gimnastlarımız 2019-cu il Avropa Oyunlarına bütün lisenziyaları qazandılar. Ona görə də minimum hədəf yerinə yetirilib. Eyni zamanda biz hazırlığın bütün mərhələlərini Bakıda keçmiş Mixail Malkinin zirvəyə yüksəldiyini, qızıl medal qazandığının şahidi olduq. Bu, Azərbaycan üçün, onun özü üçün və məşqçisi üçün, bütün federasiya üçün mühüm hadisədir. Biz, həmçinin sinxron tullanmalarda gümüş medal qazanmışıq. Qızlarımız uğurla çıxış ediblər. Hesab edirəm ki, Avropa Çempionatı uğurlu alındı. Biz öz vəzifəmizi yerinə yetirdik.

Çox xoşdur ki, təşkilatçılıqda bəzi yeniliklər ilk dəfə bizdə tətbiq olunur. Məsələn, xaricdən dəvət olunmuş bu maskot uğurla çıxış edir, hər kəsi ruhlandırır və əhvali-ruhiyyəni qaldırır. Məhz bu, ilk dəfə bizdə tətbiq olunub. Bu, Federasiya əməkdaşlarının və rəhbərlərinin əməyi və yaradıcılığıdır. Bunlar olmadan, əlbəttə ki, darıxdırıcı olardı. Nəticə isə odur ki, idmana və tribunalara təkcə gimnastlar və onların valideynləri yox, həm də adi adamlar cəlb olundu. Bu il həm də turistlər məhz bu turnirə baxmağa gəldilər. Biz öyrəşmişik ki, adətən, özümüz harasa gedib yarışlara baxırıq, amma artıq Bakı da Avropanın idman mərkəzinə çevrilir. Bu bizi sevindirir, lakin sakitləşdirmir, çünki bizi daha çox işləməyə və gələcək haqqında düşünməyə vadar edir".

Altay Həsənov vurğulayıb ki, Azərbaycan Gimnastika Federasiyası gələcəyə nikbinliklə baxır: "Azərbaycanın gimnastikanın bizim üçün qeyri-ənənəvi növlərində medalları var. Batut indiyədək Azərbaycanda çox da inkişaf etməmişdi. Bu idmana böyük təkanı 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları verdi. Gimnastikaya maraq daha da artdı, nəticələr yaxşılaşdı".

Federasiyanın vitse-prezidenti qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasında nəsil dəyişməsi gedir, daim yeni insanlar gəlir: "Azərbaycan Gimnastika Federasiyası nəhəng iş gördü və bu, ona görə mümkün oldu ki, Federasiyanın yaxşı prezidenti var. Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil. Həm də Federasiyamızda UEG-in indiki prezidenti Fərid Qayıbovun topladığı çox yaxşı komanda var. O, indi yeni vəzifəsində çox fəal işləyir. Onun müsahibəsində oxudum ki, Avropada gimnastikanı inkişaf etdirmək istəyir. Fikrimcə, Fərid həm onlar üçün, həm də bizim üçün çalışacaq. Bu, bizim ictimaiyyətimizin idman həyatı üçün böyük hadisədir - azərbaycanlı federasiyanın adi menecerindən başlayan yol qət edərək Avropada İdman Federasiyasının prezidenti olub".

Qeyd edək ki, Avropa çempionatından sonra Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışı keçirildi. Bakıda məhz gənclər arasında baş tutan ilk beynəlxalq turnirin ikinci günü gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda mübarizə apardı. Mümkün 4 finalın hər birinə vəsiqə qazanan millimizin üzvləri turniri 3 medalla yekunlaşdırıblar. Fərdi finallarda Dərya Farşbafşəhriyarinin halqa ilə çıxışının 15.600 xalla dəyərləndirilməsi gimnastımıza bürünc medal qazandırdı. Komandamızın hesabına yazılmış növbəti medalın sahibəsi isə Nərminə Səmədova olub. Gənc gimnastımız top ilə hərəkətlərə görə 16.050 xal alıb və fəxri kürsüdə yalnız Rusiya idmançısından geri qalaraq, ikinci pillədə qərar tutub. Günün sonuncu medalı isə Arzu Cəlilovadan gəlib. Gimnastımız lent ilə çıxışına görə bütün rəqiblərini üstələyərək, 15.850 xalla  turnirin qızıl medalına sahiblənib.Millimiz isə komanda hesabında fərqlənərək bürünc medal qazanıb. Dərya Farşbafşəhriyari və Arzu Cəlilova bütün alətlər üzrə çıxışlarının nəticəsinə əsasən ümumilikdə 89.250 xal toplayıblar. Komanda yarışlarında qızıl medala Rusiya, gümüş medala isə Belarus komandası layiq görülüb.



MƏSLƏHƏT GÖR:

305