27 Aprel 2024

Şənbə, 08:34

HƏR ŞEY HƏLƏ İNDİ BAŞLAYIR

Təməl qoyuldu, lakin iki Koreya arasında möhkəm sülhə hələ çox var

Müəllif:

01.05.2018

Bunu pafossuz-filansız tarixi addım adlandıra bilərik. Bütün Koreya xalqı bu addımı düz 65 il idi gözləyirdi. Vahid, amma mövcud durum üzündən ikiyə bölünmüş xalq. Bəzən insana elə gəlirdi ki, onların arasında uçurum aşılmayacaq qədər dərindir. Lakin aprelin 27-də iki Koreya - Şimali və Cənubi Koreyanın prezidentləri uzun illərdən sonra ilk dəfə bir araya gəldilər. İki ölkənin birləşdirilməsi istiqamətində addımların davam edib-etməyəcəyinisə zaman göstərəcək.

Hər şey KXDR lideri Kim Çen Inın aprelin 21-də nüvə silahı və qitələrarası ballistik raket sınaqlarının dayandırıldığını, nüvə sınaqları üçün nəzərdə tutulmuş poliqonun bağlandığını bəyan etməsilə başlayıb. Bununla yanaşı, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsi Pxenyanın «qonşu dövlətlər və beynəlxalq ictimaiyyətlə sıx əlaqələrə və dialoqa başladığını» bəyan edib.

Əksəriyyət bu qərarı Kim Çen Inın ABŞ prezidenti Donald Trampla görüş ərəfəsində Pxenyanın siyasi reveransı kimi qiymətləndirib. Lakin bu, həm də məcburi addım təsiri bağışlayır. Çünki geoloqlar Şimali Koreyanın nüvə sınaqları zamanı istifadə etdiyi dağın partlayışlar nəticəsində dağıldığını müəyyənləşdirib. Bu, qonşu Çinin ərazisinə də keçə biləcək radioaktiv çöküntülərin yaranmasına səbəb ola bilər.

Şimali Koreya liderini qonşusu ilə barışığa yönləndirən daha bir səbəb ABŞ və müttəfiqlərinin sanksiyaları üzündən ölkədə iqtisadi vəziyyətin ağırlaşması ola bilər. Şimali Koreyanın xarici investisiyalara ehtiyac duyduğu heç kəs üçün sirr deyil. Cənublu qonşu və ABŞ ilə münasibətlərin normallaşması isə bu investisiyaların ölkəyə yolunu aça bilər.

Baş verənlərdə Pxenyanın müttəfiqlərinin rolu da az deyil. Kim Çen Inın əsas qəyyumu olan Çin Şimali Koreya üzündən Vaşinqtonla açıq qarşıdurmaya getməkdən çəkinir. Vəziyyətin daha da gərginləşməsi isə şübhəsiz ki, məhz bununla nəticələnəcək. Rəsmi Pekinin başqa əsaslı və strateji motivi də var. Əksər mütəxəssislər düşünür ki, Koreya yarımadasında gərginliyin artması Amerika isteblişmentində Cənubi Koreyaya TNAAD HHM sistemi yerləşdirmək istəyən qüvvələrin xeyrinədir. Bu, şübhəsiz ki, ABŞ-a KXDR-in nüvə proqramı bəhanəsilə regionda mövcudluğunu daha da artırmaq imkanı verəcək. Pekində hesab edirlər ki, sözügedən sistem, əslində, Pxenyana yox, Çin və Rusiyaya qarşı nəzərdə tutulur.

Cənubi Koreyaya gəlincə, onun barışıq istəyi tam başadüşüləndir. Çünki tammiqyaslı müharibənin yenidən başlayacağı təqdirdə, ilk zərbə məhz ona dəyəcək. Ümumiyyətlə, yarımadanın həddindən artıq hərbiləşməsi Cənubi Koreyaya mənfi təsir göstərir. Onu da nəzərə alsaq ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqton «müttəfiqlərini onların özlərinin hesabına və iradələrinin əksinə olaraq» qorumaq yolunu seçib, Seulun motivləri daha aydın görünür. Cənubi Koreya prezidenti Mun Çje İn, yəqin ki, Şimali Koreya liderinin razılığa gəlməyə nə qədər hazır olduğunu onun Trampla görüşündən əvvəl müəyyənləşdirmək qərarına gəlib.

Hər bir halda, Mun ilə Kim arasında «tarixi görüş» baş tutub. Onlar sərhəddə yerləşən Pxanmuncom məntəqəsində görüşüblər. Mun Kimin dəvətilə demarkasiya xəttini keçib və bununla da, KXDR-ə bir neçə dəqiqəlik «səfər»ini gerçəkləşdirib. Kim Çen In isə sərhədi keçməklə 1953-cü ildən sonra Cənubi Koreyaya ayaq basan ilk KXDR liderinə çevrilib.

Görüş gözlənilməz dərəcədə aşkar məqamlarla, həmçinin hər iki liderin saysız-hesabsız vədlərilə yadda qalıb. Məsələn, Kim etiraf edib ki, «buraya qarşıdurmaya son qoymaq üçün» gəlib. Dövlət başçılarının danışıq tonu və üslubu da şən olub. Cənubi Koreya televiziyasının canlı yayımladığı görüşdə prezidentlər zaman-zaman zarafat da ediblər. İki ölkə arasında münasibətlərin vəziyyətini nəzərə alsaq, Kim təəccüblü sayılacaq dərəcədə səmimi təsir bağışlayıb.

Cənubi Koreya hökumətinin mətbuat katibi Yun Yen Çanın sözlərinə görə, Kim Çen In görüş zamanı ölkəsində yol infrastrukturunun pis olduğunu etiraf edib. KXDR lideri fevralda keçirilmiş Qış Olimpiya Oyunlarını izləmək üçün cənuba getmiş Şimali Koreya vətəndaşlarının sürət qatarlarına valeh olduqlarını da söyləyib.

Prezident Muenun Şimali Koreyaya səfər etmək arzusunu dilə gətirməsindən sonra isə Kim Çen In bir daha yolların keyfiyyətinə eyham vuraraq, «bunun çox çətin olacağını» deyib. Söhbəti zarafat tonunda davam etdirən KXDR lideri raket sınaqları ilə qonşusunun yuxusunu pozaraq onu səhərlər Təhlükəsizlik üzrə Milli Şuranın iclaslarında iştiraka məcbur etdiyi üçün üzr istəyib. «Eşitdim ki, səhər yuxunuzu dəfələrlə pozmuşuq və siz bizə görə Təhlükəsizlik Şurasına baş çəkməli olmusunuz. Səhər tezdən oyanmaq, yəqin ki, sizin üçün ənənəyə çevrilib. Bundan sonra elə edəcəyəm ki, səhər yuxunuz pozulmasın», - deyə Kim Çen In bildirib. Mun da ona zarafatla cavab verib: «İndi, rahat yata bilərəm».

Görüşün rəsmi hissəsinə gəlincə, danışıqların sonunda tərəflər «Sülh, Koreya yarımadasının birləşməsi və çiçəklənməsi haqqında Pxanmuncom Bəyannaməsi»ni imzalayıblar. Siyasi liderlər qarşılıqlı olaraq düşmənçilik hərəkətlərinin tam dayandırılacağına söz verib, bundan sonra yarımadada heç zaman müharibə olmayacağını bildiriblər. Birgə bəyannamədə deyilir ki, «yeni sülh erası başlayır». Kim Çen In ilə Mun Çje İn mayın 1-dən demilitarizasiya zonası ətrafında bütün təbliğat vasitələrinin də tam aradan qaldırılmasına dair razılıq əldə ediblər. Söhbət, məsələn, hər iki tərəfin indiyədək təbliğat məqsədilə fəal istifadə etdiyi ötürücülərin tamamilə ləğvindən gedə bilər.

Bəyannamədə o da deyilir ki, tərəflər artıq bu yay sülh müqaviləsi imzalamaq fikrindədir. Onlar demilitarizasiya zonasını tamamilə sülh bölgəsinə çevirməyi düşünür. Bundan başqa, bəyannamədə bildirilir ki, münaqişə nəticəsində bir-birindən ayrı düşmüş ailələr də birləşdiriləcək. Seul ilə Pxenyan təsadüfi toqquşmaların qarşısını almaq üçün də qarşılıqlı addımlar atacaq. Cənubla Şimal «Koreya yarımadasının nüvə silahından imtinası istiqamətində beynəlxalq birliklə fəal əməkdaşlıq etmək» niyyətini də bəyan edib. Razılaşmalar arasında 1 il ərzində ABŞ-ın iştirakı ilə üçtərəfli, yaxud ABŞ və Çinin iştirakı ilə dördtərəfli görüşün təşkili də var.

Son iki məqam, yəqin ki, ikitərəfli görüşün ən önəmli nəticələri sayıla bilər. Bu niyyət əvvəllər də dəfələrlə dilə gətirilsə də, hər dəfə nəticəsiz qalıb. Analitiklər düşünür ki, Şimali Koreya Vaşinqtonla danışıqlara başladıqdan sonra diqqətləri nüvə silahlarının tam deyil, qismən ləğvinə yönəldə bilər. Cənubi Koreya ilə Birləşmiş Ştatlar bunun baş verməməsi üçün Pxenyanı nüvə silahından tam imtina ilə bağlı konkret müddət təyin etməyə razı salmağa çalışır: onlar hesab edir ki, bu, mümkün qədər tez və Trampın prezidentlik müddətinin başa çatmasınadək, yəni 2021-ci ilin əvvəlinədək baş verməlidir. Aydındır ki, bu addım Trampın istər əhali arasında, istərsə də ölkə rəhbərliyində bir siyasətçi kimi zəif olan mövqeyini xeyli gücləndirəcək. Çünki bu halda o, Şimali Koreyanın nüvə problemini birdəfəlik həll etməyi bacarmış siyasətçiyə çevriləcək. Güman ki, ABŞ prezidentinin çoxsaylı ehtiraslı «tvit»ləri də bununla əlaqədardır. O, «tvit»lərində iki liderin görüşündən fərəhlə bəhs edir, Kim Çen Inın ünvanına isə hətta komplimentlər belə deyir. Sanki Tramp cəmi bir müddət əvvəl onu təhqir etdiyini, hətta nüvə düyməsilə hədələdiyini unudub.

Lakin Koreya yarımadasının nüvə silahından tam imtinasının digər tərəfini və çoxdan gözlənilən sülhün, nəhayət, gəlib çıxdığını da unutmaq olmaz. Böhran həll olunar-olunmaz, Çin Amerika hərbi kontingentinin bölgədən çıxarılmasını tələb etmək üçün əsas qazanacaq. Çünki bu halda Cənubi Koreya üçün təhlükə qalmayacaq. Lakin Şimali Koreyanın, üstəlik, kimyəvi silaha da malik olduğunu nəzərə alsaq, bu, amerikalıların bölgədə qalması üçün yaxşı bəhanə ola bilər. Kim Çen Inın özü, yəqin ki, Liviya ilə İraqın kütləvi qırğın silahı istehsalını dayandırmasından sonra Müəmmar Qəddafinin və Səddam Hüseynin başına nələrin gəldiyini xatırlayır. Vaşinqtonun İranla nüvə razılaşmasından imtina edəcəyinə dair hədələri isə Pxenyanda narahatlıq yarada bilər. KXDR öz-özünü zəiflətməsindən sonra Amerikanın özünü necə aparacağını hesablamaqda çətinlik çəkəcək.

Əgər yaxın illərdə hər şey aprelin 27-də müəyyənləşdirilmiş istiqamətdə inkişaf edərsə, güman ki, Kim Çen In, Mun Çje İn və Donald Tramp Nobel Sülh mükafatına əsas namizədlər olacaqlar. Amma problemin tam həllinə hələ çox var. Koreya yarımadasında vəziyyət gözlənilmədən yeni, çox şey vəd edən mərhələyə qədəm qoysa da, Seul ilə Pxenyanın möhkəm sülhə olan səmimi istəyi kifayət etməyə bilər. Regionun digər nəhəng oyunçularının, ən başlıcası isə ABŞ-ın necə davranacağını zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

301