2 May 2024

Cümə axşamı, 01:25

İMKANLAR DƏNİZİ

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub

Müəllif:

15.05.2018

«Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik», - deyə Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında çıxışı zamanı bildirib.

O, qeyd edib ki, bu gün Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir, 260-dan çox gəmisi var. Son bir neçə il ərzində əlavə 18 gəmi də alınıb. «Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq»,- deyə İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, limanın tikintisi də dövlət başçısının təşəbbüsü ilə gerçəkləşdirilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, hazırda limana çəkisi 7-8 min tona qədər olan gəmilər daxil olur. «Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalmasını təmin edəcək»,- deyə Şahin Mustafayev qeyd edib.

İkinci mərhələnin başa çatmasından sonra limanın gücü 17 milyon ton yükə və 150 min konteynerə çatacaq, üçüncü mərhələdən sonra isə bu, uyğun olaraq 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Texniki-iqtisadi əsaslandırma Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. Kompleksin ərazisində tikinti işləri yerli şirkət - “Evrascon” ASC tərəfindən yerinə yetirilib.

Qeyd edək ki, limanın tikintisi üçün ərazi təsadüfən seçilməyib. Ələt qəsəbəsi respublika ərazisindən keçən avtomobil və dəmir yollarının üzərində yerləşir, həm də burada əlavə olaraq dəniz yolu açılır və ərazini geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevirmək üçün əsas yaranır. Beləliklə, yeni limanın zəngin tranzit potensialı ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin ötürülməsində strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək.

Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla, ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək.

Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, «beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək».



MƏSLƏHƏT GÖR:

321