26 Aprel 2024

Cümə, 20:54

PANDORA YEŞiYi ARTIQ AÇIQDIR

Suriya münaqişəsinin İran səhifəsi ən qanlı, hətta ən məşum səhifəyə çevrilə bilər

Müəllif:

15.05.2018

İranın nüvə proqramı ilə yenidən gərginləşən vəziyyət Suriyada yaşananlarla sıx bağlıdır. Məntiqi olaraq hər şey onu göstərir ki, İrana özünəməxsus ultimatum verilib. Burada Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) Tramp administrasiyasına qane etməyən tərəflərilə bağlı deyilənlər, sadəcə, bəhanədir. Suriyanı «tərk etməsi» tələb olunan Tehran, əlbəttə ki, fəal müqavimətə başlaya bilər. Lakin güman ki, o, ABŞ və İsrailin tələblərilə barışmalı olacaq. Çünki onun müqavimət imkanı, demək olar ki, yoxdur.

 

Trampın qərarı

ABŞ prezidenti Donald Tramp mayın 8-də Vaşinqtonun İranın nüvə proqramına dair razılaşmadan çıxdığını bəyan edib. Söhbət beynəlxalq vasitəçilərdən ibarət «altılığın» (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə razılaşdırdığı BHFP-dən gedir. O zaman əldə olunmuş razılaşmaya əsasən, Tehran sentrifuqalarının sayını, zənginləşdirilmiş uranını və ümumiyyətlə, uran ehtiyatını kəskin şəkildə azaldıb, MAQATE nümayəndələrinə isə ölkənin nüvə obyektlərinə xəbərdarlıqsız «təşrif buyurmaq» və araşdırma aparmaq icazəsi verilib. Bunun əvəzində İrana BMT, ABŞ və Aİ tərəfindən tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyaları ləğv edilib.

Lakin ABŞ-ın yeni prezidenti Donald Tramp BHFP-də çox sayda çatışmazlıq tapıb. Amerika lideri razılaşmanın sadəcə İranın nüvə silahı əldə etmək imkanını müəyyən müddətə məhdudlaşdırmasından narazıdır. Tramp hesab edir ki, sənəd qitələrarası ballistik raketlərin hazırlanmasını da qadağan etməlidir.

Bundan başqa, Ağ Ev sahibi razılaşmada Tehran bütünlükdə Yaxın Şərqə təsir imkanlarını artırması imkanlarının, həmçinin onun «terror təşkilatları ilə əməkdaşlığının» nəzərə alınmadığını düşünür. Trampın fikrincə, bu, həm də İrana BHFP-nin gətirdiyi gəlirlər hesabına mümkün olur. Yəni Tehran bu razılaşmadan sonra əldə etdiyi qazancı «silahlanmaya, repressiyaya və terrorçuluğun dəstəklənməsinə» xərcləyir.

Vaşinqtonun bu fikrini İsrail də təsdiqləyir. Yəhudi dövləti bildirir ki, onların əldə etdiyi minlərlə məxfi sənəd («Tehrandakı gizli anbar»dan çıxarılıb) İranın nüvə texnologiyaları ilə bağlı niyyətinin fərqli olduğunu, 2015-ci ildə razılaşmanın imzalanmasından əvvəl, əslində, iranlıların yalan danışdığını ortaya qoyur. İsrailin baş naziri Binyamin Netanyahu dünyanın bir çox ölkəsində ingilis dilində canlı yayımlanmış çıxışında bildirib ki, əldə edilmiş məxfi sənədlər ABŞ-a təqdim olunub və onların saxta olmadığını Vaşinqton da təsdiqləyə bilər. Netanyahu əmindir ki, Tehran nüvə silahı istehsalı istiqamətində fəaliyyətini davam etdirir. ABŞ-ın dövlət katibi Mayk Pompeo isə İsrailin əldə etdiyi sənədlərin həqiqətən real olduğunu, 2015-ci il razılaşmasının yalan üzərində qurulduğunu deyib.

Beləliklə, Vaşinqton qanunla nəzərdə tutulmuş yarımillik müddətin başa çatması ilə nəinki İran «rejim»inə qarşı sanksiyaları bərpa edir, hətta onları daha da sərtləşdirməyi düşünür. Bununla yanaşı, İranla əməkdaşlığı davam etdirəcək dövlətlərə də sanksiyaların tətbiqi nəzərdə tutulur.

Maraqlıdır ki, İranla razılaşmanın digər iştirakçıları ABŞ-ın qərarını dəstəkləmir. Tereza Mey, Angela Merkel və Emmanuel Makronun birgə bəyanatında deyilir ki, bu ölkələr BHFP-yə sadiqdir və bu, «ümumi təhlükəsizliyin təmini baxımından» vacibdir.

Aİ-nin diplomatik missiyasının başçısı Federika Moqerini Avropa İttifaqının da razılaşmaya sadiq qalacağını bəyan edib. Yeri gəlmişkən, KİV-in yazdığına görə, Makronla Merkel Trampla apreldə keçirdikləri görüşdə Ağ Ev sahibini razılaşmada qalmağa razı salmağa çalışıblar. «Biz Pandora yeşiyini aça bilərik. Müharibə başlaya bilər», - deyə Makron Almaniyanın «Spiegel» jurnalına müsahibəsində bildirib. Rusiya ilə Çin də, təbii ki, buna bənzər mövqedədir.

İranın özünün mövqeyinə gəlincə, Tehran gözlənildiyi kimi, buna əvvəlcə sərt reaksiya verib. Ölkə başçısı Həsən Ruhani ABŞ-ın razılaşmadan çıxdığına peşman olacağını belə deyib. Onun fikrincə, Vaşinqtonun bu addımı tarixi miqyasda səhv ola bilər. Ruhani ölkəsinin Trampın istənilən qərarına uyğun fəaliyyət planının olduğunu da söyləyib.

Bu bəyanatdan sonra bəzi Qərb KİV-i belə vəziyyətdə İranda «qırğılar»ın üstünlük əldə edəcəyindən, nəticədə, Tehranı da razılaşmadan çıxara biləcəklərindən ehtiyatlanmağa başlamışdı. Onlar İranın nüvə silahlarının yayılmaması razılaşmasını belə, tərk edə biləcəyini yazırdılar. Lakin bir müddət sonra İran rəhbərliyinin bəyanatlarında sərtlik kəskin şəkildə azalıb. Ruhani iranlı diplomatlara Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Çinlə danışıqlara başlanılmasını tapşırdığını açıqlayıb. Onun fikrincə, nüvə razılaşmasının qorunub saxlanması imkanlarının qiymətləndirilməsi üçün belə danışıqlar vacibdir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Çin, Rusiya və Brüsselə səfərə hazırlaşdığını bəyan edib.

 

Netanyahunun əməlləri

BHFP ətrafında hadisələr İsrailin Suriya ərazisinə getdikcə artan raket zərbələri fonunda cərəyan edir. SAXAL-ın hədəfi birmənalı olaraq, Suriya ərazisindəki İran obyektləridir. Buraya Suriyanın Tiyas (T-4, Homs əyaləti, Dəməşqin şimal-şərqi) aviabazası da daxildir. Bəzi məlumatlara görə, İran orada öz hərbi bazasını yaradıb. Müxtəlif mənbələr bu zərbələr nəticəsində onlarla iranlı hərbçinin öldüyünü, zenit HHM komplekslərinin və s. məhv edildiyini xəbər verir. Təl-Əvivi isə bütün bunların müdafiə xarakterli gedişlər olduğunu bildirir və əməllərini İranın Suriyada hərbi mövcudluğunu artırması ilə əsaslandır. Yəhudi dövləti bildirir ki, Tehranın bu addımları İsrailin milli maraqlarına və təhlükəsizliyinə təhdiddir. Təl-Əvividə düşünürlər ki, İran «şiə xətti»ni Tehrandan İran və Suriya vasitəsilə Livanadək uzatmaqla, Livanın «Hizbullah» qruplaşmasına birbaşa silah tədarük edə, özü üçün isə Aralıq dənizinə çıxış qazana bilər.

Bütün bunların fonunda ABŞ-ın BHFP-dən çıxmasının, güman ki, nüvə silahı ilə heç bir əlaqəsi yoxdur. Bu, birbaşa Suriyadakı müharibəyə bağlıdır. Bir sözlə, Birləşmiş Ştatlarla İsrail İranı Suriyadan çıxmağa məcbur etmək istəyir.

Məhz bu üzdən, Amerikanın razılaşmaya etirazlarının texniki hissəsi dağınıq, anlaşılmazdır. «Tehranın Yaxın Şərqdə artan nüfuzu və terrorun dəstəklənməsi» haqda danışıqlar hissədə isə əksinə, fikirlər kifayət qədər konkretdir.

Avropalı müttəfiqlərinin ABŞ-ı dəstəkləməməsi, Tehranı isə tələsik addımlar atmamağa, sərt cavablardan çəkinməyə çağırması da bununla bağlıdır. Makron isə daim hansısa korrektələrdən, əlavə razılaşmalardan danışsa da, onların məğzi açıqlanmır. Bəlkə də, səbəb onların nüvə razılaşmasına deyil, İranın Suriyada mövcudluğuna aid olmasıdır.

İranın Suriyada nüfuzunu artırması məlum səbəblərdən, ilk növbədə, İsrailə sərf etmir. ABŞ və müttəfiqləri bu siyahıda ikinci yerdədir və onları bu halda Əsədin mövqeyinin və Rusiyanın güclənəcəyi narahat edir. Baş verənləri eyni zamanda, Moskvanın ünvanına ciddi xəbərdarlıq da saymaq olar. Söhbət Rusiyanın Livanla bağlı planlarından gedir. Son zamanlar ruslar bu ölkəyə külli miqdarda dəyəri olan silah tədarük etməyə çalışır və bu, durmadan reklam olunur. Milyardlarla dəyəri olan sövdələşmənin əldə edilməsi üçün Livana faizsiz ödəmə imkanının yaradıla biləcəyi deyilir.

KİV-də Kremlin Livan limanlarının Rusiya gəmilərinin üzünə açılmasına çalışdığı da yazılır. Yeri gəlmişkən, bir tərəfdən İranın, digər yandan isə Səudiyyə Ərəbistanının təsiri altında olan Livanın Suriya, İraq və ya Yəmənin taleyini yaşayacağı istisna deyil.

Nəhayət, «şiə şəbəkəsi»lə mübarizəyə Körfəz monarxiyaları da hər zaman dəstək verməyə hazırdır. İrana nifrəti bitib-tükənməyən bu monarxiyaların silah-sursatı da kifayət qədərdir.

Beləliklə, görünən odur ki, Tehranın qarşısına şərt qoyulub - bundan sonra da sanksiyasız yaşamaq, neft və digər məhsullarını satmaq istəyirsənsə, əhalinin istənilən an yeni inqilaba çevrilə biləcək sosial etirazları ilə qarşılaşmağı arzulamırsansa, güzəştə getməlisən. Bu vəziyyətdə İran üçün ultimatuma sinə gərmək çox çətindir. Hansısa Rusiya-İran, xüsusilə Rusiya-İran-Türkiyə xəttindən danışmaq qeyri-ciddilik olardı. Bu dövlətlər ən azı Suriya münaqişəsində bir-birinə müttəfiq yox, sadəcə, tərəfdaşdırlar. Hər halda, Səudiyyə Ərəbistanı kralı Salmanın Moskvaya ötən il etdiyi səfəri və milyardlarla dollar dəyərində müqavilələri, o cümlədən silah tədarükü haqda razılaşmaları xatırlamaq kifayətdir. Qərb dövlətləri tərəfindən sanksiyalara məruz qalmış, geosiyasi həssas bölgələrdə müxtəlif təzyiqlərlə üzləşən Rusiya da Suriyada öz oyununu oynayır və dostların yox, sadəcə maraqların olduğunu yaxşı anlayır. Rusiya üçün Yaxın Şərqdə qalmaq çox vacibdir. O, bunun üçün istər savaşa, istər razılaşmaya getməyə hazırdır. Benyamin Netanyahunun Moskvaya mayın 9-da etdiyi səfər bunu bir daha təsdiqləyib.

Suriyanın sonda hansı nüfuz dairələrinə bölünəcəyi prosesdə iştirak edən bütün tərəflərin bacarığından, potensialından və riskə getmək bacarığından asılıdır. Lakin əvvəlki münaqişələri və istər yəhudi dövlətinin, istərsə də Tehranın ideologiyasını nəzərə alsaq, Suriya münaqişəsinin İran səhifəsi ən qanlı və hətta ən məşum səhifəyə çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

290