26 Aprel 2024

Cümə, 12:31

MƏXMƏRİ XÜLYALAR

Ermənistanın yeni hakimiyyəti köhnə problemləri həll edəcəkmi?

Müəllif:

15.05.2018

Ermənistanda hakimiyyət dəyişikliyi oldu. 20 ildir iqtidarda olan, məşhur «Qarabağ klanı»nın əsas qüvvəsi sayılan Ermənistan Respublika Partiyası (ERP), hakimiyyəti etirazçı hərəkatın fonunda Ermənistan siyasətinin zirvəsinə qalxmış «xalqın namizədi» Nikol Paşinyana təhvil vermək məcburiyyətində qaldı.

Bəs, bu hakimiyyət dəyişikliyi Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində müstəqillik qazandıqdan bu yana böhran içərisində olan ölkədə real dəyişikliklərə də yol açacaqmı? Əslində, Ermənistanın xarici hərbi dəstəkdən və kreditlərdən tam asılılığını nəzərə alsaq, bu müstəqilliyin özü də kifayət qədər şərtidir.

 

«Qarabağ klanı» oyundankənar vəziyyətdə

ERP Paşinyanın hakimiyyətə gəlişinə mane olmaq üçün əlindən gələni etdi. Əslində, Paşinyanın təşəbbüsü ilə yaradılmış və «Serji rədd et!» şüarı ilə fəaliyyətə keçmiş «Addım at» hərəkatı ilkin mərhələdə ERP-nin total idarəçiliyi üçün o qədər də ciddi təhlükə sayılmırdı. Üstəlik, Paşinyanın parlamentin azsaylı «Yelk» fraksiyasının üzvü olduğunu nəzərə alsaq, o özü də əhəmiyyətli, nüfuzlu siyasətçi hesab olunmurdu. Lakin getdikcə artan etiraz dalğası sonda eks-prezident və baş nazir Serj Sarqsyanı seçim qarşısında qoydu: ya istefa, ya da onun siyasətindən narazı olan xalq kütləsinin qanını tökmək.

Həyatı boyu insanların məhvi təcrübəsi toplamış (Qarabağda azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliamlara və 2008-ci il martın 1-də hakimiyyətinə etiraz edən insanların qanının tökülməsinə görə məsuliyyət onun üzərindədir) Sarqsyanın növbəti dəfə qan tökməkdən vicdanının səsilə imtina etdiyini düşünmək sadəlövhlük olardı. Güman ki, S.Sarqsyan həmvətənlərinə qarşı növbəti qəddarlığın onun hakimiyyətdə qalmasına kömək etməyəcəyini anladı. Sarqsyan məhz bu üzdən istefa vermək qərarına gəldi. Üstəlik, o zaman Sarqsyan küçədən gələn Paşinyanın sonda hakimiyyət başına keçə bilməyəcəyinə də ümidli idi.

Paşinyana gəlincə, o, həqiqətən də, «Sarqsyançı» fraksiyanın timsalında ciddi müqavimətlə üzləşmişdi: ERP parlamentdəki ilk səsvermədə onun baş nazir seçilməsinə imkan vermədi. Qeyd edək ki, bunun üçün namizədin 53 deputatın səsini qazanması lazımdır. Lakin elə həmin gün hakimiyyət vakuumunun yaranması təhlükəsi (bu, perspektivdə ERP-yə «xalqın qisası»nı vəd edirdi) «Sarqsyançılar»ı güzəştə getməyə məcbur edib. Onlar növbəti səsvermədən Paşinyanın baş nazir seçilməsini dəstəkləyəcəklərini bildiriblər. ERP-nin mövqeyinin yumşalmasında «Daşnaksutyun» partiyasının hakim koalisiyan tərk etməsi də öz rolunu oynayıb. Nəticədə, Ermənistan KİV-nin haqlı olaraq yazdığı kimi, ERP xalq qarşısında tək qalıb.

1 həftə sonra - mayın 8-də Paşinyan 58 deputatın səsini qazanaraq, baş nazir seçilib. Bununla da, Ermənistanda hakimiyyət dəyişikliyi rəsmiləşib. Üstəlik, ölkənin yeni Konstitusiyasına əsasən, baş nazir Paşinyan sadəcə icraedici hakimiyyətin yox, həm də dövlətin başçısıdır. Beləliklə, Sarqsyanın öz liderliyini qorumaq planı iflasa uğrayıb.

Bir sözlə, hakimiyyətini uzatmaq arzusunda olan sabiq prezident, əslində, siyasi rəqibləri üçün hazırladığı tələyə özü düşüb. Sarqsyan Ermənistanın prezident respublikasından parlament respublikasına çevrilməsini nəzərdə tutan Konstitusiya islahatlarını yalnız bir niyyətlə həyata keçirmişdi: o, lazımi anda asanlıqla prezident kürsüsünü baş nazir kürsüsü ilə əvəzləmək niyyətində idi. Lakin onun bütün planları puç oldu.

Bu işdə Sarqsyana keçmiş rəhbəri, uzun illər «Qarabağ klanı»nın rəhbəri sayılmış sabiq prezident Robert Koçaryanın kölgəsi də kömək etməyib. Nəticədə, Qarabağ müharibəsi zamanı adlarını yaddaşlara mənfi mənada yazdırmış, hədəflərinə nail olmaq üçün bir an düşünmədən istənilən cinayətə getməyə hazır sərt siyasətçilər kimi tanınmış cütlük oyundankənar vəziyyətdə qalıb. Lakin onların «məxməri inqilab»a bürünmüş Ermənistanda gedən siyasi prosesləri diqqətlə izləyəcəklərini, Paşinyanın hər hansı yanlışından dərhal yararlanmaq üçün fürsət gözləyəcəklərini istisna etmək olmaz. Üstəlik, sonuncunun hakimiyyətə gəlişi ölkənin qarşısına cavabdan çox sual çıxarıb.

 

«Xalqın başçısı» xalqı necə xilas etmək fikrindədir?

Ermənistanda baş vermiş «məxməri inqilab»la əlaqədar ortaya çıxmış əsas suallardan biri proseslərə hansı xarici qüvvələrin aşkar və gizli dəstək verməsilə bağldır. Etiraz dalğasınn başlamasınadək Paşinyan aşkar antirusiya əhvallı siyasətçi kimi tanınıb. O, dəfələrlə İrəvanı Avrasiya İqtisadi İttifaqından (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa çağrıb, Gümrüdəki Rusiya hərbi bazasının ölkədən «rədd edilməsinin» vacibliyini bildirib. Lakin inqilabın gedişində onun antirusiya ritorikası əhəmiyyətli dərəcədə yumşalıb: Paşinyan Rusiya hərbi bazasının Ermənistanda qalmasının lazım olduğunu vurğulayıb, bunun ölkəsinin təhlükəsizliyinin təmini baxımından vacib olduğunu söyləyib. İndi o, Ermənistanın Aİİ üzvlüyünə də etiraz etmir və İrəvanın Moskva ilə münasibətlərinə yeni keyfiyyət qazandırmalı olduğunu düşünür.

Lakin Ermənistanı rus biznesi və Rusiyanın hərbi-sənaye kompleksi idarə edirsə, bu «yeni keyfiyyət» nədən ibarət ola bilər? Paşinyan bu haqda susur. Əvəzində, rusiyalı ekspertlər susmur. Onlar hesab edir ki, Paşinyanın «məxməri inqilab» zamanı antirusiya ritorikasından imtinası, sadəcə, Moskvanın Ermənistandakı hakimiyyət dəyişikliyi prosesinə müdaxiləsini önləmək məqsədi daşıyır. Ekspertlərin fikrincə, Paşinyan bununla sadəcə, əsas hədəflərini pərdələməyə çalışır. Moskvada düşünürlər ki, onun əsas hədəfi məhz Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaqdır.

Bu mənada Ermənistandakı hakimiyyət dəyişikliyinin Qərbdə necə ruh yüksəkliyilə, təriflə qarşılandığı diqqət çəkir. ABŞ ilə Avropa İttifaqı Cənubi Qafqazın ən yoxsul ölkəsində hakimiyyətə «xalq işi uğrunda savaşan» qüvvənin gəlişindən sevincini gizlətmir. Lakin nəzərə alsaq ki, Qərb mərkəzləri başqa xalqların «işinə» öz avratlantik «işləri» prizmasından baxır, ortaya istər-istəməz sual çıxır: ABŞ və Aİ Paşinyandan «Ermənistanın demokratiyaya yaxınlaşmasını» gözləyəcəkmi? Söhbət, əlbəttə ki, İrəvanın Rusiyanın nəzarətindən qurtulmasından və Qərbə istiqamət almasından gedir. İndi onlar bu yolda Ermənistanın yeni hakimiyyətinə maddi dəstək verməyə hazırdırlar. Artıq Amerika və Avropanın maraqlı instansiyalarının konkret vədlərindən də danışılır.

Odur ki, ortaya daha bir sual çıxır: Paşinyan ehtimal olunan antirusiya siyasətilə nə qədər uzağa gedə bilər və bu halda Moskva hansı tədbirləri görəcək?

Paşinyan, əlbəttə ki, Rusiyanın maraqlarına zidd kəskin addımlar atacağı təqdirdə, Moskvanın «Ermənistanın təhlükəsizliyinin qarantı» rolunun zəifləyəcəyini bilir. Bu üzdən, o, ən azı yaxın perspektivdə ölkəni KTMT-dən çıxarmağı, Ermənistan ərazisindəki Rusiya hərbi bazasının ləğvini düşünməyəcək. Bununla yanaşı, yeni baş nazir Rusiya biznesinə «badalaq vurmağa» başlaya bilər. Yeri gəlmişkən, bu biznesin ayrı-ayrı nümayəndələri artıq Ermənistanda fəaliyyətlərini dayandıra biləcəklərinə eyham vurur. Amma regional iqtisadi proseslərdən kənarda qalmış Ermənistanda rus biznesinin Avropa və ya Amerika biznesilə əvəzlənməsi nə dərəcədə realdır?

Ümumiyyətlə, Paşinyan Ermənistanda yeni dövrün başlandığını tez-tez dilə gətirir. Lakin o, ölkəsinin iqtisadi vəziyyəti haqda heç nə danışmır. Halbuki Ermənistanın iqtisadi durumu son dərəcə ağırdır. Yalnız kütləvi işsizliyi, əhalinin ən azı üçdə birinin yoxsulluq həddində yaşadığını, dövlət borcunun rekord həddə çatdığını (7 milyard dollardan çox) vurğulamaq kifayətdir. Paşinyan vəziyyəti hansı resurslar hesabına düzəltməyi düşünür? O, ölkədəki iqtisadi böhranı necə aradan qaldıracaq? Əməkhaqlarının, pensiya və müavinətləri nəyin hesabına ödəyəcək? Bəs, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsinin qarşısı necə alınacaq? Axı, bu, ölkədəki iqtisadi böhranın, Ermənistan vətəndaşlarının ölkənin perspektivinə inanmadığının əsas göstəricisidir.

 

Paşinyanın xülyaları

İnqilab eyforiyası, əlbəttə ki, ən yaxın zamanlarda keçib gedəcək. Bu zaman «xalqın namizədi» olan Paşinyanın belə, Ermənistanın heç bir ciddi problemini çözmək imkanında olmadığı üzə çıxacaq. O, nə ağır iqtisadi problemləri aradan qaldıra biləcək, nə demoqrafik böhranı həll edəcək, nə də xüsusilə Qarabağda hərbi əməliyyatların bərpa oluna biləcəyinin yaratdığı qorxuya qalib gələcək.

Bütün bu kompleks problemlər Ermənistanın istənilən hakimiyyətini Azərbaycanla münasibətləri normallaşdırmağa vadar etməlidir. Çünki Ermənistanın problemlərinin həllinə, regional inteqrasiya proseslərinə qoşulmasına, keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidinə yalnız Azərbaycanla əməkdaşlıq kömək edə bilər. Lakin Azərbaycan ərazilərinin işğalının davam etməsi bu perspektivin üzərindən xətt çəkir. Görünən isə odur ki, işğalçılıq siyasətindən Paşinyan da əl çəkmək niyyətində deyil. Onun parlamentdə seçkidən öncə etdiyi çıxış da bunu təsdiqləyir. Paşinyan həmin çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda düşüncələrini dilə gətirərkən bildirib ki, «ermənilərin birliyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək xülyasının üzərindən xətt çəkəcək». Halbuki istər Paşinyan, istərsə də hər hansı digər ağıllı siyasətçi bir şeyi etiraf etməlidir: Ermənistan dövlətinin tam iflasdan xilasının yeganə yolu Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır. Bu, həm də regionda miqyaslı müharibənin başlamasını əngəlləyəcək yeganə vasitədir. Bütün digər söhbətlər hakimiyyətin ələ keçirilməsi və ya qorunub saxlanması naminə öz xalqını aldatmaqdan başqa bir şey deyil. Sarqsyan və ətrafının timsalında bu, bir daha təsdiqini tapıb.

Paşinyan hələ ki, iflası qaçılmaz edəcək bu yolla getmək fikrində olmadığını göstərmir. Üstəlik, baş nazir postuna seçilər-seçilməz Dağlıq Qarabağa yollanan Paşinyan orada Şuşanın işğalının 26-cı ildönümünə həsr olunmuş tədbirə qatılıb. Mərasimdə baş nazir bir sıra destruktiv bəyanatlar da səsləndirib. Məsələn, onun sözlərinə görə, Ermənistan yalnız o zaman kompromisə gedəcək ki, Azərbaycan «Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu tanısın». Başqa sözlə, Paşinyan Azərbaycanı ərazilərinin işğalı, milyonlarla azərbaycanlının Dağlıq Qarabağdan və bitişik rayonlardan qovulması ilə barışmağa çağırır.

Beləliklə, Ermənistanda hakimiyyətə yeni gəlmiş Paşinyan nə ərazilərini istənilən yolla geri qaytarmağa hazır olan Azərbaycana, nə də Bakı ilə normal münasibətlərinin olmaması üzündən gündən-günə uçurumun dibinə yuvarlanmaqda olan Ermənistana başqa yol saxlayır. Yeni baş nazirin düşünmək üçün vaxtı olsa da, bu vaxt çox azdır. Ümid edək ki, Paşinyan sağlam düşünə biləcək. Geri sayım başladı…

 



MƏSLƏHƏT GÖR:

319