26 Aprel 2024

Cümə, 04:08

TEST REJİMİNDƏ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanovun «Region plus»a müsahibəsi

Müəllif:

01.06.2018

İcbari Tibbi Sığorta (İTS), demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində tətbiq olunur. Zaman keçdikcə başqa dövlətlərin hökumətləri də bu qənaətə gəlirlər ki, tibbi xidmətlərin bu cür maliyyələşdirilməsi səhiyyənin dövlət tərəfindən subsidiyalaşdırılmasından daha optimal seçimdir.

Azərbaycan üçün İTS bir təcrübədir və pilot qaydada tətbiqi onun «yaşamaq haqqı» olduğunu göstərdi. Sistemin tətbiqi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həvalə edilib. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə Yevlax rayonu və Mingəçevir şəhəri ilə yanaşı, pilot layihəyə Ağdaş rayonu da qoşulub. Ümumiyyətlə, üç rayon üçün dövlət büdcəsindən 17 milyon manatdan çox vəsait ayrılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanov «Region plus»a müsahibəsində layihənin necə irəliləməsindən danışıb.

- Dövlət Agentliyi pilot bölgələrdə İTS sisteminin tətbiqini məhz hansı tədbirlərdən başlamağı qərara aldı? Bu yolda ən çətini nə oldu?

- Əvvəla qeyd etmək istərdim ki, Azərbaycanda uzun müddətdir ki, səhiyyə sistemində islahatlar aparılır: klinikalar tikilir və yenidən qurulur, yeni texnika və avadanlıqlar alınır, müasir dərman preparatları gətirilir. Əslində, İTS bu sahədə nəyisə dəyişmək üçün yaradılması - dəyişikliklər onun maliyyələşdirilmə mənbələrinə aiddir.

Bəli, yolun əvvəlində müəyyən çətinliklər vardı. Bu, əsasən bölgələrdə əhaliyə göstərilən tibbi xidmətlərin aşağı səviyyədə olması, elektron valyuta mübadiləsi sisteminin olmaması və s. ilə bağlı idi.

Buna görə də, biz, ilk növbədə, pilot layihənin əhatə etdiyi Yevlax və Mingəçevir şəhərlərinin tibb müəssisələrinin idarə edilməsi strukturundan başlamaq qərarına gəldik. Bu məsələdə biz Türkiyənin təcrübəsindən istifadə etdik, orada xəstəxana rəhbərliyi müəssisənin gəlir və xərclərini idarə edən, amma xəstələrin müalicəsinə qarışmayan ayrıca bir qurumdur. Ona görə biz klinikalara direktor-menecerlər təyin etdik və onlara yuxarıda sadalanan bütün vəzifələri, xəstəxanalarda işin təşkilini, xidmət spektrinin genişləndirilməsini, təsərrüfat məsələlərinin həllini və s. həvalə etdik.

Müalicə prosesinə isə daha əvvəl olduğu kimi baş həkimlər tərəfindən nəzarət edilir. Bununla yanaşı, pilot layihə çərçivəsində biz ilkin səhiyyə xidmətlərini də təkmilləşdirdik. Belə deyək, indiyə kimi Azərbaycanda ailə tibbi təcrübəsi kifayət qədər inkişaf etməmişdi.

Qarşımızda qoyduğumuz ilk öhdəlik pilot rayonların bütün sakinləri üçün tibbi xidmətləri mümkün qədər əlçatar etməkdir, yəni uzaq kəndlərin sakinləri tibbi xidmət almaq üçün mərkəzə gəlməməlidirlər. Buna görə də, biz kənd tibb məntəqələrini ailə-sağlamlıq mərkəzlərinə çevrdik və onlarda kiçik poliklinika tibb xidmətləri göstərilməsini təmin etdik. Belə ki, bu gün Yevlaxda 5 belə mərkəz mövcuddur, Mingəçevirdə isə Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji normalarına cavab verən 2 ailə-sağlamlıq mərkəzi fəaliyyət göstərir. Hazırda onlarda 18 növ tibbi xidmət göstərilir. Mərkəzlər baza avadanlıqları ilə təchiz olunub - ürəkdə elektrokardioqram çəkilişi üçün aparat, ultrasəs müayinəsi aparatı və s. ilkin diaqnoz qoymaq və ilk yardım göstərmək imkanı yaradır. Bu xəstələrə ailə həkimləri kömək etməlidir - onların xidməti baza sığorta paketində təqdim olunur.

- Sizin də yuxarıda qeyd etdiyiniz kimi, əvvəllər yetərincə inkişaf etməmiş bir institut sayılan ailə həkimlərini haradan tapdınız?

- Onları rayondakı həkim-terapevtlərin içindən seçdik. Ancaq siz haqlısınız: ailə həkimi terapevtdən daha geniş əhatəli ixtisasdır. Buna görə biz sahə həkimləri üçün təlimlər təşkil etdik, bu təlimləri ailə doktoru institutunun olduqca inkişaf etdiyi Türkiyə mütəxəssisləri aparıblar. Nəticə o qədər uğurlu oldu ki, Azərbaycanın digər bölgələrindən olan terapevtlər bizə müraciət edərək onlara da ailə həkimliyinə ixtisas dəyişməkdə kömək istədilər. Qeyd edim ki, pilot layihənin əhatə etdiyi bölgələrdə ailə həkimləri, aylıq əmək haqqındən əlavə İTS vasitəsilə də gəlirlər əldə etməyə başladılar və bu da bu qurumun inkişafına əlavə təkan verdi.

Bundan əlavə, biz regionların mərkəz klinikalarının işçiləri, ilk növbədə, cərrahlar və ginekoloqlar üçün təlimlər keçirmişik, onları təcrübə üçün Türkiyəyə göndərmişik, laboratoriyaların işini avtomatlaşdırmışıq.

Bundan sonra tibbi xidmət üçün müraciətlərin sayı əhəmiyyətli dərəcədə artdı. Məsələn, 2017-ci ildə stasionar müalicə alanlar pasientlərin sayı 2016-cı ilə nisbətən 28% daha çox oldu, cərrahiyyə əməliyyatlarının sayı isə 50% artaraq 8274-ə çatdı. Qeyd edim ki, bizim əsas paketə yüksək qiymətli xidmətlər də daxildir - bu, ürək əməliyyatları, beyin anevrizmlərinin aradan qaldırılması, angioplastika və s.-dir. Yalnız ötən il 300 belə əməliyyat həyata keçirilib. Digər önəmli bir statistika: keçən il Mingəçevirdə 10-dan çox uşaq ürək çatışmazlığı ilə doğulub və onların hamısı dövlət agentliyinin dəstəyi ilə əməliyyat edilib.

Əslində, ən əhəmiyyətli nailiyyət kimi müalicəyə müraciət üzrə yeni qaydalara əhalinin uyğunlaşdırılmasının olduğunu deyərdim, bu, prosedurların klinikada qeydiyyatdan həkim kabinetinə qədər ardıcıllığıdır.. Bu günə qədər, bizdə olan məlumata görə, pasientlər xidmətlərin keyfiyyətindən razıdırlar, həkimlər isə icbari tibbi sığorta vəsaitlərindən əməkhaqlarına əhəmiyyətli dərəcədə edilən əlavə ödənişlərdən məmnundurlar.

Həm də xatırladıram ki, pilot rayonların əhalisindən sığorta haqları yığılmayıb, Prezident İlham Əliyevin fərmanı ilə bütün lazım olan vəsaitlər dövlət büdcəsindən ayrılıb.

- Lakin əgər İTS bütün ölkə ərazisini əhatə edərsə, əhalidən icbari sığorta haqları yığılmalı olacaq, elə deyilmi?

- Əlbəttə. İndi layihə, necə deyərlər, test rejimindədir, sistemin, mexanizmlərin sınanması lazımdır, çatışmazlıqlar öyrənilməlidir. Lakin onun arealının genişləndirilməsi ilə sığorta haqlarının yığılması başlayacaq. Ümumiyyətlə, bildirmək gərəkdir ki, İTS-nin dövlət büdcəsindən maliyyələşdirildiyi ölkələrdə ciddi problemləri var. Bəli, bu sosial layihədir və əhalinin müəyyən qrupları - uşaqlar, pensiyaçılar, işsizlər və s. üçün xərclər dövlət xəzinəsindən ödənəcək. Amma işləyənlər xərclərin bir hissəsini özləri ödəyəcəklər, digər hissəsi isə işəgötürən tərəfindən ödəniləcək. Bundan əlavə, İTS fondunu artırmaq üçün müəyyən vergilər tətbiq oluna bilər. Biz hamımız tibbi xidmətlərin mütəmadi olaraq təkmilləşdirmə tələb etdiyini bilirik, bu xidmətlər mütəmadi olaraq bahalaşır, buna görə də yaxşı maliyyə dəstəyi lazımdır.

- Yəni, mahiyyətcə, bugünkü sosial sığorta sisteminə bənzər bir sistem olacaq?

- Müəyyən mənada, hə.

- Amma məlumdur ki, dövlət orqanlarının səylərinə baxmayaraq, bütün işləyənlərin tam şəkildə leqallaşmasına nail olmaq mümkün olmayıb. İşəgötürənlərin çiyinlərinə düşən əlavə ödənişlər, real ştatlı iş yerlərinin sayının aşağı düşməsinə səbəb olur. İTS də yeni belə bir amil olmayacaqmı?

- Düşünmürəm, çünki İTS bir qədər fərqli sığorta növüdür. Yəni qlobal olaraq baxdıqda, sosial sığorta gələcək üçün, komfortlu pensiya üçün bir yığımdır. Bu barədə çox vaxt çox insan maraqlanmır, ya da insanlar bunun uzaq bir şey olduğunu düşünürlər. Lakin tibbi sığorta hər yaşda, hər zaman lazım olacaq. Buna görə də, insanlar özləri sığorta haqqı ödəməyə və rəsmi iş sahibi olmağa maraq göstərəcəklər. Bundan əlavə, əlbəttə, ödənişdən yayınanların cəzalandırılması üçün inzibati cəza sistemi yaradılacaq.

Həm də yuxarıda dediyim kimi, İTS sosial layihəsidir. Bu sistem ictimai həmrəylik prinsipinə əsaslanır, bu sistemdə gənclər yaşlılar üçün, sağlamlar xəstələr üçün ödəməli olurlar. İTS ümumi əhatə xüsusiyyətinə, yəni cinsindən, yaşından, sağlamlıq vəziyyətindən, yaşayış yerindən, fərdi gəlir səviyyəsindən asılı olmayaraq bütün vətəndaşların İTS-nin baza xidmətlər paketinə daxil edilmiş pulsuz tibbi xidmət alması hüququna əsaslanır. İTS-nin konsepsiyası bütün bunlardan ibarətdir.

- Bir başqa mübahisəli məqam da var. Dövlət səhiyyə müəssisələrində mənfi hallar barədə kifayət qədər deyilir və yazılır, xüsusilə də yazırlar ki, bəzən tibb işçiləri xəstələrdən gördükləri işlərə görə "təşəkkür" tələb edir. Yəni belə çıxmır ki, İTS onların qazancına sadəcə yeni bir "əlavə" ödəniş olacaq?

- İlk növbədə, qeyd etmək istərdim ki, İTS sistemi tətbiq olunan bütün üç rayonda həkimlər xidmət tariflərindən razıdırlar, çünki biz onları dərman, avadanlıq və s. xərclərlə yanaşı, həkim əməyini də nəzərə alaraq tərtib etmişik. Yəni bir daha vurğulayıram ki, bu, hansısa digər ölkədən götürülmüş tarif kalkası deyil, bizim öz hesablamalarımızdır.

Daha əvvəl qeyd etdiyim kimi, bizim pilot rayonlarda tibbi xidmətlərin göstərilməsi sistemi avtomatlaşdırılıb. Yəni, deyək ki, cərrahiyyə əməliyyatı aparılır. Anbara müəyyən dərman, sarğı və s. üçün elektron sorğu göndərilir və biz artıq xərclərin miqdarını bilirik. Bura xəstəxananın müalicə üçün avadanlıq və tibbi heyət xərcləri əlavə olunur. Məhz buna əsaslanaraq tariflər formalaşdırılıb.

Bundan əlavə, xəstənin qəbulu üzrə müəyyən bir limit var, əgər həkim onu aşarsa, onda ona əlavə bonuslar verilir. Buna görə həkimlər özləri daha çox xəstə qəbul etməkdə maraqlıdırlar. Həkim seçimi də könüllü olduğundan, yaxşı və vicdanlı mütəxəssis kimi tanınmaqda fayda var.

Tibbi heyət ilə müqavilə bağlayan zaman biz hər kəsə xəbərdarlıq edirik ki, xəstələrdən heç bir əlavə ödəniş soyğunçuluğundan söhbət gedə bilməz. Amma gizlətməyəcəm - pasientlərdən buna bənzər şikayətlər bizə daxil olub. Şişirtmədən demək istərdim ki, hər bir belə hal ətraflı araşdırılıb və təsdiq edildikdə, həkim dərhal işdən çıxarılıb, onun işi isə hüquq mühafizə orqanlarına verilib.

- Agentliyin mütəxəssisləri ölkənin üç rayonunda İTS sisteminin təşkili zamanı hansı çətinliklərlə üzləşdi?

- İlk növbədə, regionlarda ixtisaslı kadrların çatışmazlığı var. Ona görə də bəzən Bakıdan həkimlər cəlb etmişdik və onlar rayon xəstəxanalarında həkimlik fəaliyyətini davam etdirməyə razılaşıblar. Bununla yanaşı, regionlarda yeni növ tibbi xidmətləri təşkil etməyə çalışırıq ki, onlara görə indi xəstələr Bakıya gəlirlər.

İTS qlobal layihədir, olduqca mürəkkəbdir, lakin ölkənin bütün vətəndaşları üçün son dərəcə vacibdir. Buna görə də, bu gün bizim əsas məqsədimiz onun ölkəmizdə tətbiqini müfəssəl hazırlamaq və mümkün çətinlikləri aradan qaldırmaqdır. Qısa müddətdə işləri başa çatdırmağı və nəticələri ölkə rəhbərliyinə verməyi planlaşdırırıq. Sonra layihənin bütün ölkə üzrə nə zaman tətbiq olunacağına qərar veriləcək.

Son nəticədə, yalnız həyatımızın sosial tərəfinə təsir etməklə qalmayacaq. Yüksək keyfiyyətli tibbi xidmətlər əldə etmək imkanını yaxşılaşdırmaqla əmək qabiliyyətli insanların sayının artmasına nail olmaq mümkündür ki, bu da ölkənin iqtisadi imkanlarını yüksəldəcək. Yəni icbari tibbi sığorta sisteminin tətbiqi ölkənin bütün əhalisinə fayda gətirəcək.


MƏSLƏHƏT GÖR:

459