26 Aprel 2024

Cümə, 18:13

ERMƏNİLƏRİN QARA GÜNLƏRİ BAŞLAYIR

Son həftələrdə yaşananlar göstərir ki, Ermənistan və erməni xalqı üçün çətin günlər hələ qarşıdadır

Müəllif:

01.06.2018

Ermənistanda bu yaxınlarda baş vermiş hadisələrin emosional dalğası tədricən yatır. Nəhayət, insanlar reallığa qayıdır. Reallıq isə heç də ürəkaçan deyil - ölkədəki hakimiyyət dəyişikliyi, sadəcə, ölkədə illərlə əmələ gəlmiş yaraları yenidən qanatmaqdadır. Son həftələrdə yaşananlar - yüksək vəzifələrə yeni təyinatlardan və yeni kadrların hərəkətləri, yenidən vətəndaş qarşıdurması halları, millət vəkillərinin ümidlərinin puç olması və s. göstərir ki, Ermənistan və erməni xalqı üçün çətin günlər hələ qarşıdadır.

 

Padşahı padşah edən otun ətrafıdır

Əvvəlcə Nikol Paşinyan özünü xalqın yeganə namizədi elan etmişdi. Sonra isə şantaj və hədə yolu ilə ölkədə həyatı iflic vəziyyətinə salmaqla, parlamentin onu baş nazir təyin etməsinə nail oldu. Onun rəhbərliyilə ölkədə yeni hökumət quruldu. Lakin artıq məlum olur ki, yeni nazirlərin və digər vəzifəli şəxslərin əksəriyyəti istər hakimiyyətə, istərsə də xalqa faydadan çox zərər gətirəcək.

Yeni nazirlərin bir neçə məsuliyyətsiz bəyanatı və ehtiyatsız addımı artıq ciddi müzakirələrə yol açıb. Nəticədə, onların üzr istəməkdən, fikirlərinin guya təhrif olunduğunu deməkdən başqa yolu qalmayıb. Bu problem və çətinliklər haqda danışmazdan əvvəl, yəqin ki, «xalq lideri»nin yeni komandası ilə tanış olmaq yerinə düşər.

Qeyd edək ki, Paşinyan istər etirazlar zamanı, istərsə də hakimiyyətə gəlişindən sonra dəfələrlə özünü Rusiyanın ən etibarlı dostu kimi təqdim edib, Kremllə münasibətləri yalnız müsbətə doğru dəyişəcəyini bildirib. Lakin Ermənistanın yeni hökumətində yer almış şəxslərə nəzər saldıqda ortaya tamamilə fərqli mənzərə çıxır.

Ermənistan baş nazirinin birinci müavini, 38 yaşlı Ararat Mirzoyan Beynəlxalq Seçki Sistemlər Fondunun koordinatorudur. Bu Fond isə öz növbəsində, Amerikanın məşhur qeyri-kommersiya təşkilatı olan «Demokratiyaya dəstək fondu» (NED) ilə sıx əlaqələrə malikdir.

Yeri gəlmişkən, «rəngli inqilab»ların araşdırılması ilə məşğul olan amerikalı politoloq və iqtisadçı Uilyam Enqdal deyir ki, NED Reyqanın prezidentliyi dönəmində MKT-nin direktoru olmuş Uilyam Keysinin layihəsi kimi yaranıb.

Bundan başqa, Paşinyanın yaxın partiya silahdaşı olan həmin Mirzoyan 2014-2017-ci illərdə Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun siyasi partiyalar və strateji planlaşdırma üzrə eksperti olub.

Baş nazirin digər müavini bankir və oliqarx Mqer Qriqoryandır. 2002-2006-cı illərdə o, Dünya Bankının İrəvan ofisində konsultant işləyib. Bu qurumun hansı dövlətlərin və qüvvələrin nəzarətində olduğu isə hər kəsə məlumdur.

Paşinyanın daha bir yaxın silahdaşı Tiqran Avinyan da baş nazirin müavini təyin olunub. O, Rusiya-Ermənistan (Slavyan) Universitetini bitirib. Bu isə Ermənistanda ən qatı antirusiya əhvalının hökm sürdüyü ali məktəbdir. Məhz orada «Qolodomor» müzakirə olunub, məhz orada amerikalı sovetoloqlar Rusiya əleyhinə mühazirələr oxuyub. Üstəlik, bütün bunlar Rusiyanın büdcə vəsaiti hesabına baş verib.

Müdafiə naziri David Tonoyan 1998-ci ildən NATO əməliyyatlarının komandanlığı yanında müxtəlif vəzifələr tutub. 2004-cü ildə Ermənistan müdafiə nazirinin əmrilə Ermənistan Silahlı Qüvvələrinin NATO-dakı nümayəndəsi təyin edilib. Gürcü ekspert, «Qruzinform»un baş redaktoru Arno Xidirbeqişvili hələ ötən ilin sonlarında verdiyi müsahibəsində David Tonoyanın 2005-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsilə əməkdaşlıq etdiyini söyləmişdi. Onun sözlərinə görə, ABŞ-ın bioloji laboratoriyalarının Ermənistandakı layihələrinə də məhz Tonoyan rəhbərlik edir.

Təhsil və elm naziri Araik Arutunyan 2005-2006-cı illərdə Helsinki İnsan Haqları Assosiasiyasında proqram rəhbəri işləyib, 2010-2011-ci illərdə radikal qərbpərəst 1in.am saytının beynəlxalq şöbəsinin rəhbəri olub. 2011-ci ildən HIMA Qeyri-Hökumət Təşkilatları Şurasının üzvüdür. O, erməni dililə bağlı problemlərdən narahat olan vətəndaşlar qrupu ilə «Xarici dillilərə qarşıyıq!» (oxu: rusdillilərə - «R+») vətəndaş təşəbbüsünü təsis edib. 2014-cü ildən korrupsiya ilə mübarizə aparan Transparency International beynəlxalq təşkilatının üzvüdür. Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Diaspor naziri 28 yaşlı Mxitar Ayrapetyandır. Ayrapetyan ABŞ-ın mənzil qərargahı Nyu-Yorkda yerləşən «Vətəndaş təhsili və gənclik» QHT-nin Ermənistan filialının prezidentidir. Son illərdə o, qeyri-formal təhsil çərçivəsində onlarla beynəlxalq təhsil proqramlarında iştirak edib.

Maliyyə naziri Atom Cancuqazyan 1996-2000-ci illərdə ABŞ-ın Təhsil Departamenti tərəfindən təşkil olunan müxtəlif proqramlarında təlim keçib.

Xarici işlər naziri Zoqrab Mnatsakyan Viktoriyanın Mançester Universitetinin Politologiya fakültəsində magistr dərəcəsi alıb. Vaxtilə Ermənistanın BMT-dəki daimi nümayəndəsi olub. 2011-2014-cü illərdə o, XİN başçısının müavini kimi, Ermənistanla Avropa İttifaqı arasında assosiasiya razılaşması ilə bağlı danışıqlarda əsas nümayəndə kimi çıxış edib.

Kənd təsərrüfatı naziri Artur Xaçatryan Ermənistan Amerika Universitetinin məzunudur. Sonradan təhsilini Londonda davam etdirib. Bir neçə il Beynəlxalq İnkişaf Agentliyinin (USAID) müxtəlif proqramlarına rəhbərlik edib.

Ədliyyə naziri, «Yelk» blokundan deputat Artak Zeynalyan Ermənistan Səhiyyə Nazirliyi ilə MAKROinternacional təşkilatının (ABŞ) birgə proqramının rəhbəri olub. 2004-cü ildə Dövlət Departamentinin «Beynəlxalq qonaq» proqramının dəvətilə Birləşmiş Ştatlarda prezident seçkisi kampaniyasında iştirak edib.

Əmək və sosial məsələlər naziri Mane Tandilyan da Ermənistan Amerika Universitetini bitirib. «Çiçəklənən Ermənistan» partiyasında sədr müavini olmuş Tandilyan sərt rusofob mövqeyi, Ermənistanın NATO və Aİ-yə üzvlüyünün qəti tərəfdarı kimi tanınır.

Mədəniyyət naziri Lilit Makuns ABŞ-ın Taftsa Universitetinin Fletçer məktəbini bitirməklə yanaşı, Birləşmiş Ştatların Sülh Korpusunda çalışıb.

İqtisadi inkişaf və investisiya naziri Artsvik Minasyan ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun professorudur. Manisyan uzun illər orada yaşayıb.

Daha bir yeni personaj təbiətin mühafizəsi naziri Erik Qriqoryandır. O, ümumiyyətlə, ömrünün böyük hissəsini Ermənistandan kənarda Amerika və Avropanın qrantları hesabına yaşayıb. «Vətəndaş müqaviləsi» QHT-nin inkişafı üçün Amnesty International vasitəsilə 273 min 697 dollar əldə edib.

Onu da qeyd edək ki, Nikol Paşinyan ilk sərəncamı ilə qohumu Eduard Ağacanyanı Nazirlər Kabineti Administrasiyasının rəhbəri təyin edib. Ağacanyan «Vətəndaş müqaviləsi» partiyasının yaradıcılarındandır. Monako Beynəlxalq Universitetini (IUM) bitirib. «B4» klubunun yaradıcısı olan Ağacanyan daha çox DJ Ed Ward kimi tanınır. O, eyni zamanda İrəvanın Ağsaqqallar Şurasının üzvüdür.

Qeyd etdiyimiz kimi, Paşinyan komandasının üzvləri artıq bir sıra ziddiyyətli bəyanat və addımları ilə yadda qalıb. Məsələn, yeni kadrlardan biri olan mədəniyyət naziri Lilit Makuntsun vəzifəyə təyin olunar-olunmaz verdiyi və hər kəsi təəccübləndirən açıqlaması nəyə desən dəyər: «Mədəniyyət mənəm! Çünki o, mənim daxilimdədir!» Lakin cəmi 1 gün sonra nazir fikrinin yanlış anlaşıldığını söyləməli olub.

Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi Armen Qriqoryan isə «Facebook» sosial şəbəkəsi vasitəsilə çıxdığı canlı yayım zamanı məxfi sənətləri təsadüfən insanlara nümayiş etdirməsilə yadda qalıb. Ümumiyyətlə, insanlarla onlayn ünsiyyət Paşinyanın bir çox silahdaşı üçün xas cəhətdir. Bunu elə onun özü haqda da demək olar. Guya fəaliyyətlərinin şəffaflığını nümayiş etdirmək üçün təşkil olunan canlı efirlər o qədər sünidir ki, bəzən arzulanmaz vəziyyətlərə belə, aparıb çıxarır.

28 yaşlı diaspor naziri Mxitar Ayrapetyan bu məsələdə daha irəli gedib. O, artıq rəhbərlik etdiyi qurumda yeni qaydalar tətbiq edib və həmin qaydalara görə, dostları istədikləri vaxt nazirin kabinetinə daxil ola, orada viski içə, rəqslər təşkil edə, daha sonra həmin görüntüləri «Facebook» sosial şəbəkələrindəki səhifələrində paylaşa bilərlər. İslahatlardan danışan bu gənc verdiyi bir qərarla fəxr edir: bundan sonra iclaslarda «su stəkanı yalnız nazirin qarşısında olmayacaq, nazirlik isə heç zaman əvvəlki halına qayıtmayacaq».

Görünən odur ki, bu gənc addımları ilə erməni xalqını hələ çox təəccübləndirəcək. Məsələn, o, artıq Ermənistanda ikipalatalı idarəçilik sisteminin vacibliyini də bəyan edib. Nazir hesab edir ki, bu palatalardan birində diaspor nümayəndələri yer almalıdır. Ayrapetyanın fikrincə, «diasporu təşkil edən həmvətənlər qərarların qəbulu prosesinə cəlb olunmalıdır». Qəribədir ki, daxili siyasi proseslərə ölkə vətəndaşı olmayan şəxslərin cəlbi kimi «ağıllı» fikir indiyədək nədənsə cüzi bir hissəsinin İsraildə yaşadığı yəhudilərin, yaxud yunanların ağlına gəlməyib.

Yeni səhiyyə naziri Arsen Torosyan da absurd bəyanatları ilə «fərqlənir». Vaxtilə Ermənistanı «bivec ölkə» adlandırmış Torosyan nazir təyin olunduqdan sonra valideynlərin peyvəndlə bağlı etirazlarına belə cavab verib: «Kiçik tabutların hazırlanması çox gəlirli işdir».

Lakin «ağzından dürr tökülmək» üzrə yarışın əsas mükafatı yeni təhsil və elm naziri Araik Arutyunyana düşür: «Bütün məktəb direktorları məmurların həyat yoldaşları və ya sevgililəridir!» Ermənistan Şərq ölkəsi olduğundan cənab nazir onun bu iddiasının nələrə yol aça biləcəyini dərk etməli idi. Amma o, xidmət etməli olduğu xalqın mentalitetindən, incəliklərindən xəbərdardırmı? Çətin… Bu snobizm gələcəkdə erməni xalqının faciəsinə çevrilə bilər.

 

Snobizm xalqın faciəsi kimi

Snobizm - hansısa sahədə ən yüksək bilgiyə, böyük zövqə və bacarığa iddia etməkdir. Əslində isə snob içi boş, nəinki xüsusi biliyi, intellekti, zövqü, ağlı, hətta elementar tərbiyəsi belə, olmayan insandır. Onda bütün bunlar, sadəcə, görüntüdür. Belə insanların xarakterinin əsas cəhətlərindən biri fərqli düşüncəni qəti qəbul etməməkdir. Çünki o, yalnız özünü haqlı və ağıllı sayır.

Erməni xalqının taleyində siyasi «elita»da snobizm (yaxud özünü «elita» kimi göstərənlərdə) yenilik deyil.

Hələ 100 il əvvəl erməni snob-elitası Qərb paytaxtlarında və Rusiya imperiyasında məskunlaşaraq, onların əlində Osmanlı İmperiyasına qarşı silaha çevrilmişdi. Onları yüzilliklərlə Anadoluda müsəlman əhali ilə çiyin-çiyinə yaşamış, üstəlik, digər etnik azlıqlardan nəinki pis deyil, hətta daha yaxşı yaşamış         erməni kəndlisinin və ya insanının taleyi qətiyyən narahat etmirdi. Onları ermənilərin əvvəlcə səlcuq türklərinin, daha sonra isə osmanlıların himayəsi altında özlərinə yaxşı karyera qurduğu, qayğısız həyat sürdüyü də düşündürmürdü. Avantüraya əsaslanan ideyalarla məst olmuş erməni elitası öz xalqını məhvə aparırdı. Nəticə hər kəsə məlumdur: iğtişaşlar, terror aktları, dövlətə qarşı qiyamlar və müsəlman xalqlarının ermənilər tərəfindən qətliamı. Osmanlı hakimiyyəti erməniləri məhz bu səbəblərdən deportasiya etmək məcburiyyətində qalmışdı. Yenə də erməni snobları bu gün də həmin hadisələri dünyaya «erməni soyqırımı» kimi sırımağa çalışır.

Tarix təkrarlanır: ilk dəfə faciə, ikinci dəfə fars şəklində.

Ermənistanda hakimiyyət dəyişikliyinin baş verdiyi bu günlərdə yenidən bu ölkədə snobizmin apofeozuna şahid oluruq. Yenə də həmin soyuqluq əlamətləri, bəzən öz xalqına qarşı nifrət, yenə də haqlı olduğuna əminlik.

100 il əvvəlki vəziyyətin tam təkrarlanması üçün çatışmayan yalnız terrorçulardır. Ən azı hələlik. Hər halda, mayın 22-də «Sasna srer» təşkilatından olan terrorçular və hərbi cinayətkarlar, konkret desək, 2016-cı ilin yayında İrəvan polisinin post-patrul xidməti polkunun binasını ələ keçirməkdə, bir neçə insanın ölümündə təqsirli bilinərək həbsə atılmış Şant Arutyunyan, Samvel Babayan və onların mənəvi lideri ASALA üzvü Jirayr Sefilyan dərhal azadlığa buraxılmaları tələbilə çıxış ediblər. Onlar özlərini siyasi məhbus sayırlar. Artıq bir neçə həftədir ki, İrəvanda «Sasna srer» qruplaşması üzvlərinin azadlığa buraxılması tələbilə nümayişlər də keçirilir.

Göründüyü kimi, Paşinyan elə öz populizminin toruna düşüb. Hakimiyyətə gələn zaman o, bütün siyasi məhbusların azad olunacağını bəyan etmişdi. Demək, bu gün sözünə əməl etməzsə, yeni nümayişlər, hətta terror aktları kimi ciddi çətinliklərlə üzləşə bilər. «Sasun qoçaqları» və ya Sefilyanın mübarizə üsullarını bilənlər onların öz xalqını ölümə verməkdən belə, çəkinməyəcəklərinin fərqindədir. Amma baş nazir tələbləri qəbul edib Avropa İttifaqının belə, siyasi məhbus saymadığı şəxsləri azadlığa buraxacaqsa, ən azı ölkədə müstəqil məhkəmə sisteminin olmadığına dair tənqidlərlə qarşılaşacaq. Onu da unutmaq olmaz ki, sözügedən məhbusların siyasi mübarizə təcrübəsi sonda Paşinyanın özünü onların qurbanına çevirə bilər.

İstənilən halda, iyunun əvvəlində Ermənistanın yeni hökuməti parlament qarşısında öz proqramını açıqlayacaq. Paşinyana inansaq, deputatların proqramı qəbul edəcəyi təqdirdə, onun komandasına yeni parlament seçkiləri keçirmək üçün, azı, 1 il vaxt lazımdır.

… Görək, Ermənistan gələn ilə necə çıxacaq?!



MƏSLƏHƏT GÖR:

327