26 Aprel 2024

Cümə, 11:56

AYDINLIQ VƏ AZADLIQ YOLU

100 il əvvəl Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikanı qurub

Müəllif:

01.06.2018

 

100 il əvvəl Azərbaycan tarixində, sözün əsl mənasında, çox böyük hadisə baş verib. Sərt müharibələr və inqilablar şəraitində bütünlükdə müsəlman Şərqi və türk dünyasında ilk respublika - Azərbaycan Demokratik Respublikası (ADR) qurulub. O, Azərbaycanın millət-dövlət statusunu təsdiqləməklə, xalqımızın taleyində ixlasedici rol oynayıb.

AXC-nin mövcud olduğu dövrdə xalqımızın çoxəsrlik milli dövlətçilik təcrübəsinə söykənən dövlətçilik ənənələrinin gələcək inkişafının əsası qoyulub, Azərbaycan xalqının siyasi və mədəni tərəqqisi baş verib, onun zülmətdən işıqlığa və azadlığa çıxarılması təmin edilib.

Zaqafqaziya Federasiyasının dağılması

1918-ci il mayın 11-də Batumidə Zaqafqaziya federasiyası ilə Osmanlı İmperiyası arasında danışıqlar bərpa olunub. Zaqafqaziyadan olan və hökumət başçısı, xarici işlər naziri Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan tərəfdən Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski yer alırdılar. Türklərin nümayəndə heyətinə isə ədliyyə naziri Xəlil Paşa, Qafqaz cəbhəsinin komandanı Vehib Paşa və hərbi nazir Ənvər Paşa başçılıq edirdilər. Bununla yanaşı, Batumi görüşünə müşahidəçi qismində general Otto fon Lossovun rəhbərliyilə almanlar da qatılmışdılar.

Batumi konfransında Zaqafqaziya Seyminin nümayəndələri Türkiyənin Qars, Ardahan və Batumi vilayətləri üzərində protektoratını tanıyıb. Bu, Brest-Litovsk müqaviləsinə əsaslanırdı.

Türk qoşunları uğurlu hücumu davam etdirərək, mayın 17-də Aleksandropolu da tutmuşdu. Bu zaman general fon Kressin başçılıq etdiyi 3 minlik alman ordusu Gürcüstanın Poti limanına yerləşmişdi. Almanlar Gürcüstanı ələ keçirməyi, Azərbaycanı isə Osmanlı Türkiyəsinə verməyi düşünürdü. Amma alman və türk qoşunlarının hərbi əməliyyatları nəticəsində elə vəziyyət yaranmışdı ki, Batumi konfransında gürcülər, azərbaycanlılar və ermənilər Osmanlı İmperiyası ilə müstəqil danışıqlara başlamışdılar.

Lakin Seymin gürcü fraksiyası Almaniya nümayəndələrilə separat danışıqlar və general fon Kressin təzyiqi nəticəsində Gürcüstanın Zaqafqaziya Federativ Respublikasını tərk etdiyi və müstəqil respublika qurduqlarını bəyan etmək qərarına gəldi.

1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası keçirilib və iclasda Seymin gürcü sektorunun Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşdıqları rəsmən bəyan olunub. Müsəlman fraksiyasının axşam toplantısına isə gözlənilmədən, Zaqafqaziya Seyminin sədri Nikolay Çxeidze ilə Seymin üzvləri İrakli Sereteli və Yevgeni Qeqeçkori də qatılıblar. Sereteli gürcü fraksiyası adından çıxış edərək deyib ki, «…Zaqafqaziya xalqlarının müstəqillik şüarı ətrafında birləşdirilməsi alınmayıb və Zaqafqaziyanın parçalandığı artıq faktdır». Gürcü siyasətçi Seymin sabahkı, yəni mayın 26-da keçiriləcək toplantısında «Zaqafqaziya Respublikasının dağıldığını elan edəcəklərini» bildirib.

Bu zaman Azərbaycan milli hərəkatının liderlərindən olan Fətəli xan Xoyski deyib: «…Əgər gürcü xalqının iradəsi budursa, bizim məsələyə qarışmaq haqqımız yoxdur. Azərbaycan türklərininsə yaranmış vəziyyətə uyğun olaraq, müvafiq qərar qəbul etməkdən başqa yolu qalmır».

Müsəlman fraksiyasının gürcü nümayəndələrinin iclası tərk etməsindən sonra qəbul etdiyi qətnamədə deyilirdi: «…Əgər Gürcüstan müstəqilliyini elan edərsə, biz də Azərbaycanın müstəqilliyini elan etməliyik».

1918-ci il mayın 28-də Zaqafqaziya Seyminin son toplantısı keçirilib. Toplantıda Zaqafqaziya Respublikasının dağılmasına görə bütün məsuliyyəti müsəlman fraksiyasının üzərinə atan gürcülər bunu müsəlmanların «türkpərəst mövqe» tutması ilə əsaslandırıb.

Gürcü fraksiyasını isə Şəfi bəy Rüstəmbəyov tənqid edib: «…İndiki çətin və məsuliyyətli dönəmdə ayrılmağa tutarlı, obyektiv əsasların olmadığını nəzərə alsaq, gürcü xalqı nümayəndələrinin burada səsləndirdikləri dəlillər bizə o qədər də inandırıcı gəlmir. Bununla yanaşı, əgər gürcülər Zaqafqaziya xalqlarının birgə fəaliyyətini mümkünsüz sayır, ayrıca siyasi yaşam istəyirsə, düşünürük ki, Seymin mövcudluğunu davam etdirməsi üçün heç bir əsas qalmır».

Beləliklə, müsəlman fraksiyası Seymin özünü buraxması təklifinə etiraz etməyib. Çoxsaylı qarşılıqlı ittihamlardan sonra Zaqafqaziya Seymi Zaqafqaziya Respublikasının dağıldığına dair qətnamə qəbul edib. Bir sözlə, daxili ziddiyyətlərlə dolu olan federasiya parçalanıb.

 

Müstəqilliyin elan olunması

Mayın 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası fövqəladə toplantı keçirərək yaranmış siyasi vəziyyəti müzakirə edib. Uzun müzakirələrdən sonra Milli Şuranın yaradılmasına qərar verilib. Müsavat Partiyasının Mərkəzi Komitəsinin rəhbəri Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, partiya mənsubiyyəti olmayan Fətəli xan Xoyski isə Şuranın İcraiyyə Komitəsinin rəhbəri seçilib.

Bir gün sonra, yəni 1918-ci il mayın 28-də Milli Şuranın ilk toplantısı keçirilib və məhz bu iclasda Azərbaycanın müstəqil dövlət elan edilməsi kimi tarixi qərar qəbul edilib. Azərbaycanın İstiqlal Bəyannaməsi yeni demokratik dövlətin yaradıldığını hüquqi cəhətdən təsdiqləyirdi. Sənəddə deyilir:

1. Bu gündәn etibarәn Azәrbaycan xalqı hakimiyyәtә malik olduğu kimi, Cәnub-Şәrqi Zaqafqaziyanı әhatә edәn Azәrbaycan da tamhüquqlu müstәqil bir dövlәtdir.

2. Müstәqil Azәrbaycan dövlәtinin idarә forması Xalq Cümhuriyyәtidir.

3. Azәrbaycan Xalq Cümhuriyyәti bütün millәtlәrlә, xüsusilә qonşu olduğu millәtlәr vә dövlәtlәrlә mehriban münasibәtlәr yaratmaq әzmindәdir.

4. Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir.

5. Azәrbaycan Xalq Cümhuriyyәti öz әrazisi daxilindә yaşayan bütün millәtlәrin sәrbәst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müәssislәr Mәclisi toplanıncaya qәdәr Azәrbaycanın başında xalqın seçdiyi Milli Şura vә Milli Şura qarşısında mәsuliyyәt daşıyan Müvәqqәti hökumәt durur.

Azərbaycanın ilk hökumətinin qurulması Fətəli xan Xoyskiyə həvalə edilib. Milli Şuranın iclasında 1 saatlıq fasilə elan olunub və fasilədən sonra Xoyski hökumətin tərkibini elan edib: Nazirlər Şurasının sədri və daxili işlər naziri - Fətəli xan Xoyski (müstəqil); hərbi nazir - Xosrov bəy Sultanov («İttihad»); xarici işlər naziri - Məmmədhəsən Hacınski (Müsavat); maliyyə və xalq maarif naziri - Nəsib bəy Yusifbəyov (Müsavat); ədliyyə naziri - Xəlil bəy Xasməmmədov (Müsavat); ticarət və sənaye naziri - Məmməd Yusif Cəfərov (müstəqil); əkinçilik və əmək naziri - Əkbər ağa Şeyxülislamov («Hümmət»); yollar, poçt və teleqraf naziri - Xudadat bəy Məlik-Aslanov (Müsəlman-Sosialist bloku); dövlət nəzarəti naziri - Camo bəy Hacınski (Müsəlman-Sosialist bloku).

Beləliklə, 100 ildən də artıq bir müddətdən sonra Azərbaycanın dövlət müstəqilliyi bərpa olunub. Sadəcə, bu dəfə o, Azərbaycanın gələcək tarixi yoluna işıq salan demokratik parlament respublikası formasında yaradıldı.

Tariximizin həlledici anında Azərbaycanın ən yaxşı oğulları müstəqil dövlət yaradıb, sözün əsl mənasında qəhrəmanlıq tarixi yazıblar. Keçmiş Rusiya İmperiyasının ərazisindəki Dünya müharibəsi və inqilablar təlatümündə o, adını yeni dövrün siyasi xəritəsinə həkk etdirməyi bacarıb. Respublikamızın göy-qırmızı-yaşıl rəngli bayrağındakı (Azərbaycanın islam dininə, türk dünyasına və Avropa sivilizasiyasına aid olmasının simvolları) iman, azadlıq və vətənpərvərliyin sintezini milli ideya kimi irəli sürmək məhz ADR-in payına düşdü.

Demokratik respublikanın qurucularının inanılmaz səylərilə Azərbaycan xalqı Qərb və Şərqin ən yaxşı ənənələrinə - demokratik dövlətçilik ideyası, respublikaçılıq, insan haqları və azadlıqları, milli və dini-mənəvi təməllər - sadiqliyini bütün dünyaya göstərib.

ADR mövcud olduğu 23 ayda dövlət quruculuğunda, milli şüurun təsdiqlənməsində nəhəng nailiyyətlər qazanıb, özündən sonra müxtəlif sahələrdə saysız-hesabsız uğur izləri qoyub - siyasətdə, iqtisadiyyatda, ordu quruculuğunda, mədəniyyətdə, humanitar sahədə və s.

Bu uğurlardan danışarkən respublikada Azərbaycan dilinin dövlət dili elan edilməsini, milliyyətindən, dinindən, cinsindən, sinfi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara seçki hüququ verilməsini, güc institutlarının yaradılmasını, Bakı Dövlət Universitetinin təsis olunmasını, müstəqil maliyyə-bank strukturunun qurulmasını, müstəqil siyasi və iqtisadi kursun əsasının qoyulmasını qeyd etmək kifayətdir…

Bu uğurlar yolu 1918-ci il mayın 28-də, Azərbaycan xalqının olum, ya ölüm məsələsinin ortada olduğu, Azərbaycanın mövcudluğunun sual altında qaldığı bir vaxtda başlayıb. Azərbaycan milli hərəkatının bu suallara müsbət cavab verən liderləri xalqının azadlıq, layiqli gələcək, ərazi bütövlüyü və inkişafı uğrunda mübarizəsini artıq müstəqil respublikanın rəhbərliyi qismində davam etdiriblər. 

 

Azərbaycanın İstiqlal Bəyannaməsi

1. Bu gündәn etibarәn Azәrbaycan xalqı hakimiyyәtә malik olduğu kimi, Cәnub-Şәrqi Zaqafqaziyanı әhatә edәn Azәrbaycan da tamhüquqlu müstәqil bir dövlәtdir.

2. Müstәqil Azәrbaycan dövlәtinin idarә forması Xalq Cümhuriyyәtidir.

3. Azәrbaycan Xalq Cümhuriyyәti bütün millәtlәrlә, xüsusilә qonşu olduğu millәtlәr vә dövlәtlәrlә mehriban münasibәtlәr yaratmaq әzmindәdir.

4. Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir.

5. Azәrbaycan Xalq Cümhuriyyәti öz әrazisi daxilindә yaşayan bütün millәtlәrin sәrbәst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müәssislәr Mәclisi toplanıncaya qәdәr Azәrbaycanın başında xalqın seçdiyi Milli Şura vә Milli Şura qarşısında mәsuliyyәt daşıyan Müvәqqәti hökumәt durur.

 

 

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

(1884-1955) 

Azərbaycanın ötən əsrin əvvəllərinə aid nəhəng dövlət və siyasi xadimi Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakı quberniyasının Novxanı kəndində dünyaya gəlib. Məşhur maarifpərvər Sultan Məcid Qənizadənin direktoru olduğu rus-müsəlman məktəbini bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə təhsilini Bakı Texniki Məktəbində davam etdirib.

Gənc yaşlarından milli maarifçilik və azadlıq ideyaları ilə yaşayan Rəsulzadə 1903-cü ildə Azərbaycan (türk) dilində nəşr olunan «Şərqi-rus» qəzetində ilk məqaləsini yazıb. Məqalə doğma dilin təmizliyi haqda idi.

Rəsulzadə siyasi fəaliyyətinə 1902-ci ildə gənc azərbaycanlı inqilabçıların «Müsəlman gənclər təşkilatı» adlı dərnəyini yaratmaqla başlayıb. 1904-cü ildə Mirhəsən Mövsümov və Məmmədhəsən Hacınski ilə birlikdə «Hümmət» müsəlman sosial-demokrat təşkilatını yaradıb. Rəsulzadə «Hümmət», «Təkamül», «Yoldaş» kimi partiya qəzetlərinin baş redaktoru da olub.

Azərbaycan Demokratik Respublikasının gələcək lideri 1905-1907-ci illərdə rus inqilabında fəal iştirak edib. O, Qafqaz bolşevikləri, xüsusilə Stalinlə əməkdaşlığına görə polis nəzarətində olub. İnqilabın məğlubiyyəti Rəsulzadəni Rusiya imperiyasına mühacirət etmək məcburiyyətində qoyub. 1909-cu ildə İrana keçən Məhəmməd Əmin Rəsulzadə tezliklə yerli inqilabi hərəkatın fəal iştirakçısına çevrilib. Orada jurnalist fəaliyyətini də davam etdirən Rəsulzadə Demokrat Partiyasının orqanı olan «İrani-Nou» («Yeni İran») qəzetində redaktor işləyib. 1911-ci ildə İran inqilabının da yatırılması ilə Türkiyəyə üz tutub.

Məhəmməd Əmin Rəsulzadə Rusiya imperiyasına bir də 1913-cü ildə, Romanovlar sülaləsinin 300 illiyi münasibətilə amnistiyanın verilməsindən sonra qayıdıb. Bakıya dönən Rəsulzadə burada müsəlman həmrəyliyi, türk birliyi, sosial bərabərlik ideyaları ilə fəaliyyət göstərən Müsavat Partiyasına qoşulub. Az sonra partiyanın liderlərindən birinə çevrilib. 1915-ci ildən «Açıq söz» qəzetini nəşr etməyə başlayıb və qəzet faktiki olaraq, Müsavat Partiyasının nəşr orqanına çevrilib.

1917-ci ildə çar quruluşuna son qoyan Fevral inqilabından sonra Rəsulzadənin siyasi fəaliyyətində yeni mərhələ başlayıb. O, Azərbaycan milli hərəkatının liderlərindən birinə çevrilib. Qafqaz müsəlmanlarının Bakıda keçirilmiş qurultayında və Moskvada I Ümumrusiya müsəlmanları qurultayında iştirak etmiş Rəsulzadənin təklifilə yeni, demokratik Rusiyada federativ quruluşun yaradılması haqda qərar çıxarılıb.

Türk federalist partiyası olan Müsavatın 1917-ci ilin oktyabrında keçirilən qurultayında Məhəmməd Əmin Rəsulzadə təşkilatın Mərkəzi Komitəsinin sədri seçilib. Tezliklə o, Zaqafqaziya seçki dairəsindən Müsavat Partiyası və Müsəlman Milli Komitəsinin siyahısı ilə Ümumrusiya Müəssislər Məclisinə də üzv seçilə bilib.

Bakı quberniyasında bolşevik-daşnak rejimi - Bakı Soveti hakimiyyətinin qurulması ilə Rəsulzadə Azərbaycan milli hərəkatının digər görkəmli xadimlərilə regiona muxtariyyət qazandırılması prosesinə qoşulub. O, Zaqafqaziya Seymində müsəlman (azərbaycanlı) fraksiyasına rəhbərliyə başlayıb.

Gürcü fraksiyasının 1918-ci il mayın 26-da Zaqafqaziya Seymini tərk etməsilə, yenicə yaranmış Zaqafqaziya federasiyası parçalanıb. Bir gün sonra keçmiş Seymin azərbaycanlı fraksiyası Azərbaycan Milli Şurasını yaradıb və Məhəmməd Əmin Rəsulzadə qiyabi şəkildə onun rəhbəri seçilib (o vaxt Rəsulzadə Batumidə Osmanlı nümayəndələrilə danışıqlar aparırdı).

1918-ci il mayın 28-də Milli Şura Azərbaycan Demokratik Respublikasının yaradıldığını elan edib. Rəsulzadə dövlətin ilk rəhbəri və Azərbaycanın aparıcı partiyası olan Müsavat Partiyasının sədri kimi, ADR-in əsas simalarından idi. O, demokratik respublika dövründə milli ideologiyanın formalaşmasında həlledici rol oynayıb. Məhəmməd Əmin Rəsulzadənin məşhur «Bir kərə yüksələn bayraq bir daha enməz!» şüarı Azərbaycan milli hərəkatının şüarına çevrilib.

Məhəmməd Əmin 1918-ci ilin dekabrında yaradılmış Azərbaycan parlamentinin ən nüfuzlu deputatlarından idi. Parlamentdə Müsavat fraksiyasına başçılıq edən Rəsulzadə ölkənin inkişafı ilə bağlı vacib məsələlərə dair müzakirələrdə və qərarların qəbulunda ən fəal iştirak edən şəxs olub.

ADR-in Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində 1920-ci ilin aprelində süquta uğramasından sonra Rəsulzadə də devrilmiş respublikanın əksər siyasi xadimləri kimi, qeyri-leqal fəaliyyətə keçib. O, bir müddət dağ kəndi olan Lahıcda gizlənsə də, tezliklə bolşeviklər tərəfindən həbs olunaraq Bakı həbsxanasına salınıb. Lakin Stalinin havadarlığı sayəsində milli məsələlər üzrə Xalq Komissarlığında çalışmaq üçün Moskvaya yollana bilib. Amma müstəqil Azərbaycan ideallarına sadiq qalan Rəsulzadə 1922-ci ildə RSFSR-dən gedib. Əvvəlcə Türkiyədə yaşayan Məhəmməd Əmin 1931-ci ildə Polşaya köçüb. Mühacirət illərində bir sıra digər Avropa ölkələrində də olub. Lakin sonda yenidən Türkiyəyə dönüb və həyatının son illərini orada yaşayıb.

Məhəmməd Əmin Rəsulzadə Vətəninin azadlığı və müstəqilliyi uğrunda usanmadan mübarizə aparıb. O, 1955-ci il martın 6-da Ankarada son olaraq 3 dəfə «Azərbaycan» deyərək, gözlərini əbədi yumub. Rəsulzadənin adı ADR-in və ümumilikdə milli dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazılıb.

 



MƏSLƏHƏT GÖR:

373