26 Aprel 2024

Cümə, 17:45

ADR-100

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Müəllif:

01.06.2018

Ölkəmiz Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 100-cü ildönümünü qeyd edib. Bu münasibətlə həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkəsində bayram tədbirləri təşkil olunub. 28 may 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür.

«İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılıb. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb», - deyə ölkə Prezidenti İlham Əliyev bayram münasibətilə təşkil olunmuş rəsmi qəbulda bildirib.

Bu il Azərbaycan Prezidenti tərəfindən ölkədə «ADR ili» elan olunub. Bu, ilk respublikanın və onun yaradıcılarının Azərbaycan xalqının tarixinə verdikləri əvəzsiz xəzinənin öyrənilməsinə nəzərəçarpacaq dərəcədə təkan olub. Nəticədə, o dövrə aid onlarla kitab çap olunub, sənədli və bədii filmlər çəkilib, müxtəlif maarifləndirici tədbirlər təşkil olunub. Ölkədə, demək olar ki, ADR irsinin öyrənilməsinin yeni mərhələsi başlayıb. Bu, şübhəsiz ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Öyrəniləcək isə çox şey var. «Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərib. Ancaq bu müddət ərzində böyük işlər görə bilib. Azərbaycanın dövlət bayrağı təsis edilib, Azərbaycan vətəndaşlığı təsis edilib, Milli Ordumuz yaradılıb. Gələn ay biz ordumuzun 100 illiyini qeyd edəcəyik. Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad edib və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarıb. Xalq Cümhuriyyəti tərəfindən sərhəd dəstəsi yaradılıb. Gəncənin tarixi adı qaytarılıb. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilib. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur. Bakı Dövlət Universiteti yaradılıb və bu, onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək əzmində idi. Azərbaycan dili - ana dili bütün təhsil müəssisələrində qəbul edilib», - deyə İ.Əliyev ADR-in nailiyyətlərini sadalayarkən bildirib.

Qlobal səbəblərdən ilk respublikanın yaradıcıları başladıqları işi sona çatdıra bilməyib. Lakin ADR-in yaradılmasının tarixi və siyasi əhəmiyyəti inanılmaz dərəcədə böyükdür. ADR-in başladığı iş XX əsrin sonlarında davam etdirilib.

ADR-in üçrəngli bayrağı hələ SSRİ tam dağılmamış, müasir Azərbaycanın müstəqilliyini elan etməsindən 1 il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən dövlət bayrağı elan olunmuşdu. Yalnız bundan sonra yenə də H.Əliyevin təklifilə Azərbaycan parlamenti ADR-in bayrağını və gerbini yeni müstəqil dövlətin atributları kimi təsdiqləyib.

Sonradan məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan yenidən əldə olunmuş müstəqilliyini qoruyub saxlaya bilib. «1993-cü il tariximizdə dönüş nöqtəsi olub. Əslində, bizim müstəqil tariximiz o ildən başlayıb. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir», - deyə İ.Əliyev qeyd edib.

Məhz Heydər Əliyevin təcrübəsi və hədsiz səyləri sayəsində Azərbaycanı siyasi və iqtisadi böhrandan çıxarmaq mümkün olub, qonşu Ermənistanın ölkənin daha böyük ərazisini işğal etməsinin qarşısı alınıb və onunla atəşkəs razılaşması imzalanıb, diqqət dövlət quruculuğuna yönəldilib. Azərbaycan öz Konstitusiyasını qəbul edib (ADR-in qurucuları bunu etməyə macal tapmamışdılar), ordu quruculuğu başa çatdırılıb və nəhayət, ölkə öz təbii resurslarının sahibinə çevrilib, qarşılıqlı səmərəli beynəlxalq münasibətlər qurub.

«Ciddi iqtisadi islahatların nəticəsi olaraq Azərbaycana böyük sərmayə axını müşahidə edilməyə başlayıb. “Əsrin kontraktı” imzalanıb ki, bu, iqtisadi müstəqilliyimizi şərtləndirən əsas amil olub. Hamımız yaxşı bilirik ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Ordu quruculuğunda böyük addımlar atılıb. Azərbaycanda nizami ordu yaradılıb. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan inkişaf yolu ilə inamla gedir və bu gün bu inkişaf davam edir», - deyə Prezident İlham Əliyev ADR-in 100 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda bildirib.

Məhz əldə olunmuş iqtisadi güc və ardıcıl xarici siyasət nəticəsində Azərbaycan bu gün ərazisinin kiçikliyinə və əhalisinin azlığına rəğmən, sözün əsl mənasında müstəqil siyasət yürüdə bilən azsaylı dövlətlərdən birinə çevrilib.

Bir sözlə, müasir Azərbaycan müstəqilliyini qoruyub saxlaya, möhkəmləndirə və ADR-in əsasını qoyduğu demokratik dövlət ideyalarını inkişaf etdirə bilib. O, ADR-in yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin tarixi şüarını təsdiqləyib: «Bir kərə yüksələn bayraq bir daha enməz!»



MƏSLƏHƏT GÖR:

375